YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Qarşıya qoyulan bütün hədəflərə çatmaq üçün ölkəmizdə böyük potensial mövcuddur

Müsahibimiz Milli Məclisin deputatı Eldəniz Səlimov

- Eldəniz müəllim, yeni iqtisadi şəraitdə Azərbaycanda iqtisadi islahatların yeni mərhələsi başlanılıb. Bu islahatlar inkişaf baxımından ölkəmizə nə kimi perspektivlər vəd edir?

- Azərbaycanda son illərdə qlobal məkanda müşahidə edilən mənfi proseslərin, o cümlədən də dünyada neftin qiymətinin kəskin ucuzlaşmasının milli iqtisadiyyatımıza təsirlərini neytrallaşdırmaq və ölkənin davamlı inkişafını bundan sonra da təmin etmək məqsədilə ötən ildən başlayaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkədə iqtisadi aktivliyin artırılması, o cümlədən də biznes mühitinin optimallaşdırılması, bütün sahələrdə şəffaflığa nail olunması, idarəetmənin təkmilləşdirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi və digər istiqamətlər üzrə genişməzmunlu islahatlar həyata keçirilib, iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiqlənib. Görülən tədbirlər artıq öz nəticəsini verir. Belə ki, milli iqtisadiyyatımızda sabitlik təmin edilib və cari ilin ötən dövründə ayrı-ayrı istiqamətlər üzrə müsbət nəticələr əldə olunub.

Yeni şəraitdə isə qarşıya qoyulan əsas vəzifələrdən biri ixracın şaxələndirilməsi ilə bağlıdır. Azərbaycan xarici istehlak bazarlarına qeyri-neft məhsullarının ixracını artırmağı hədəfləyib. Prezident İlham Əliyevin ötən ilin sonlarında imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib. Bu isə azı üç dəfədən çox artım deməkdir.

Bütövlükdə hesab edirəm ki, qarşıya qoyulan hədəflərə qısa müddətdə nail olunacaq. Bunun üçün həm dövlətimizin siyasi iradəsi, həm də iqtisadi potensialı mövcuddur.

 - Qeyd etdiyiniz kimi Azərbaycanda qeyri-neft sektorunun inkişafı xüsusi diqqət mərkəzindədir. İqtisadiyyatın diversifikasiyası baxımdan bu sektorun əhəmiyyəti nədən ibarətdir?

- Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun inkişafının təmin edilməsi prioritet istiqamət təşkil edir. Bu sahənin inkişaf etdirilməsinə göstərilən davamlı dövlət qayğısının nəticəsidir ki, son illərdə ölkənin iqtisadi inkişaf dinamikasında qeyri-neft sektorunun çəkisi getdikcə artır. Sevindirici haldır ki, artıq ölkəmizdə istehsal olunan ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi neft sektorunu xeyli üstələyir.
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə neft gəlirlərinin uğurla modern, innovasiyalara əsaslanan sənaye quruculuğuna yönəldilməsi siyasəti həyata keçirilir. Son illərdə bu sahənin intensiv inkişafının təmin edilməsi məqsədilə mükəmməl infrastruktur yaradılıb, ayrı-ayrı mövcud müəssisələr müasir texnologiyalar əsasında yenidən qurulub, yerli xammalla işləyən, eyni zamanda, ixrac potensialına malik olan yeni istehsalatlar yaradılması məqsədilə əməli tədbirlər həyata keçirilib.

Bu gün Sumqayıtda müasir, böyük sənaye kompleksi yaradılıb və proses davam etdirilir. Dövlət başçısının qərarları əsasında ölkəmizin müxtəlif bölgələrində, o cümlədən   Mingəçevirdə, Neftçalada sənaye zonaları və məhəllələri yaradılır. Təbii ki, bütün bunlar ölkəmizdə qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayır. Digər tərəfdən isə ölkəmizdə istehsal olunan məhsulların ixracı məsələləri də diqqət mərkəzindədir. Sənayedə və kənd təsərrüfatında mövcud olan geniş potensial, ölkənin coğrafi mövqeyi, tranzit-nəqliyyat imkanlarının genişlənməsi qeyri-neft ixracının həcmini əhəmiyyətli dərəcədə artırmaq üçün fundamental amillər qismində çıxış edir.

- Bildiyimiz kimi qeyri-neft sektorunda aqrar sahə xüsusi yer tutur. Ölkəmizdə aqrar sahənin inkişafı hər zaman dövlətin diqqətindədir. Bu mənada Azərbaycanda qəbul olunan dövlət proqramları xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, son illər kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımları və bu istiqamətdə həyata keçirilən islahatları necə qiymətləndirirsiniz?

- Əlbəttə ki, yeni iqtisadi şəraitdə Azərbaycanın üstün inkişafını hədəflədiyi sahələrdən biri də aqrar sektordur. Ölkəmizin malik olduğu əlverişli coğrafi-iqlim xüsusiyyətləri, fəal məşğul əhalinin 40 faizdən çoxunun bölgələrdə yaşaması bütün respublikaboyu kənd təsərrüfatının qarşısında geniş inkişaf perspektivləri açır. Dövlət tərəfindən göstərilən davamlı siyasi və maddi-texniki dəstək hesabına aqrar sektorun geniş potensialından maksimum səmərə ilə istifadə etməklə yeni şəraitdə ölkənin qeyri-neft məhsulları üzrə ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırmaq mümkündür. 

Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün hörmətli Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi aqrar siyasət kursunun nəticəsi olaraq bu sahədəki boşluqlar aradan qaldırılıb, kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm sənədlər, o cümlədən, ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı haqqında dövlət proqramları təsdiq olunub. Bu proqramlar Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlardır. Bu gün ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsi ölkə əhalisini təmin edəcək həcmdə məhsulun istehsalı və emalı potensialının mövcudluğu, ölkə əhalisi tərəfindən istehlak edilən ərzağın keyfiyyəti, dövlət əhəmiyyətli strateji ərzaq məhsullarının ölkədaxili istehsalı kimi komponentləri özündə birləşdirir. 

Bilirsiniz ki, Milli Məclisdə aqrar sahə ilə bağlı, o cümlədən strateji məhsullar haqqında qanunlar qəbul edilib. Eləcə də, son illər dövlət başçısı tərəfindən bu sahənin inkişafı ilə əlaqədar mühüm fərman və sərəncamlar verilib. Bu sənədlər bəhs olunan sahənin davamlı inkişafının hüquqi bazasını təşkil edir.

Yeni iqtisadi şəraitdə dövlət başçısı tərəfindən bir sıra kənd təsərrüfatı məhsullarının istehsalını əhəmiyyətli dərəcədə artırmaq vəzifəsi qarşıya qoyulub və bu yöndə fermerlərə, iş adamlarına güzəştlər edilir. Xüsusilə, pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq və digər məhsulların istehsalını artırmaq və ixrac etmək yönündə ciddi addımlar atılır. Artıq bu istiqamətdə müsbət nəticələr əldə olunmaqdadır. Belə ki, adıçəkilən sahələrdə istehsalın artırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı məhsullarının xaricə ixracı prosesində də artım müşahidə edilir. Şübhə yoxdur ki, bu yöndə vəziyyət ildən-ilə daha da yaxşılaşacaq.

- Eldəniz müəllim, bildiyimiz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilməkdədir. Bu proqramların uğurlu nəticələri haqqında fikirlərinizi bilmək istərdik...

- Regionlarda kənd təsərrüfatının inkişafının təmin olunmasında həyata keçirilən Dövlət proqramlarının mühüm rolu var. Belə ki, 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. Belə ki, məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramında qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Bunun ardınca isə 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. 
Hazırda isə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Sözsüz ki, bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə sıçrayışlı inkişafa da təkan verib. Digər tərəfdən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, kənd təsərrüfatının inkişafına zəmin yaradıb.  

Son illərdə ölkənin regionlarında aqrar sektorun davamlı inkişafına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması bu kimi tədbirlər sırasındadır. Bütün bunlarla yanaşı, yeni təsərrüfatçılıq metodlarının tətbiqi, müasir aqrar-sənaye müəssisələrinin yaradılması sayəsində regionlarda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir.

- Siz Milli Məclisdə Xaçmaz rayonunu təmsil edirsiniz. Regionların sosial-iqtisadi inkişafından danışarkən,  Xaçmazın da inkişafı haqqında məlumat verməyinizi xahiş edirik...

- Danılmaz  həqiqətdir ki, respublikamızda, o cümlədən regionlarımızda həyata keçirilən geniş miqyaslı tikinti-quruculuq, abadlıq işləri möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi naminə yorulmaz fəaliyyətinin, həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsində mümkün olmuşdur. Məhz buna görə də Azərbaycan xalqı, eləcə də xaçmazlılar Heydər Əliyev siyasətinə və bu siyasi xətti çox böyük uğurla davam və inkişaf etdirən Prezidentimiz İlham Əliyevə minnətdardırlar.

Məlumat üçün bildirim ki, bu ilin birinci rübü rayonumuz üçün də bir sıra hadisələrlə əlamətdar olmuş, kifayət qədər böyük həcmli tikinti-quruculuq, abadlıq işlərinə başlanılmışdır. Bu dövrdə görülmüş işlər nəticəsində rayonumuzda 1801 yeni iş yeri açılmışdır ki, bunlardan 1408-i daimi iş yerləridir. Ümumən 2003-cü ildən rayon üzrə 27032 yeni iş yeri açılmış, bunların 17792-i daimi iş yerləridir.

Rayon üzrə Ümumdaxili məhsulun həcmi 51,8 milyon manat, sənaye məhsulunun həcmi 7,6 milyon manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 12,7 milyon manat təşkil etmişdir. Məlumdur ki, Xaçmaz rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cari ilin məhsulu üçün bütün təsərrüfat qurumları daxil olmaqla 32642 ha sahədə taxıl əkilib. Hazırda rayonda 19212 ha meyvə bağları vardır ki, bunların 530 hektarı bu ilin birinci rübündə  salınmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəyə daha çox valyuta gətirən məhsulların əkilməsinə üstünlük verilməsi ilə bağlı göstərişlərinə əsasən bu istiqamətdə bir sıra işlər həyata keçirilməyə başlamışdır. Bu baxımdan respublikamızda fındıq bağlarının artırılması üçün əməli tədbirlər görülür və rayonumuz fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biri kimi qəbul olunmuşdur. Ölkə üzrə 40 min ha yeni fındıq bağlarının salınması nəzərdə tutlur ki, bunun da 5016 hektarı Xaçmaz rayonunun payına düşür.

Bu məsələ ilə əlaqədar RİH Başçısının sədrliyi ilə xüsusi qərərgah yaradılmış, yeni fındıq bağlarının əkilməsi nəzərdə tutulan ərazilər müəyyən edilmişdir. Rayonun demək olar ki, bütün ərazilərinə düşən bu sahələrin 2070 hektarı dövlət, 2946 hektarı bələdiyyə mülkiyyətinə aiddir. Mövcud 4249 ha bar verən fındıq bağlarından yeni bağların salınması üçün kifayət qədər fındıq pöhrələrinin tədarük edilməsi imkanı vardır. Bu günədək 2037 ha ərazidə yeni fındıq bağları salınmışdır ki, bunun 511 hektarı birinci rübün payına düşür. Bu iş payız aylarında davam etdiriləcəkdir.

Ümumiyyətlə, rayonumuzda abadlıq və quruculuq işləri böyük vüsət alıb. Rayonun turizm imkanları genişdir və ildən – ilə istirahət mərkəzlərinə gələn turistlərin sayı artır.

Eyni zamanda, rayonun kəndlərinin qazlaşdırılması, yolların çəkilməsi, təhsil və digər sosial yönlü müəssisələrin tikintisi davam edir. Bütövlükdə, regionların sosial-iqtisadi inkişafı Xaçmaz rayonunda da özünü əyani şəkildə göstərir.