YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində sosialyönümlülük dayanır

Müsahibimiz Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı

-Məlahət xanım, Azərbaycanda sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilən tədbirlər bütün sahələrdə müsbət göstəricilərin əldə olunmasını şərtləndirib. Eyni zamanda, bu inkişaf sosial siyasət sahəsində də mühüm uğurların qazanılmasını təmin edib. Ümumiyyətlə, ölkəmizdə sosial siyasət sahəsində atılan addımların – görülən işlərin əhəmiyyətinə dair nə deyə bilərsiniz?

-Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində sosialyönümlülük dayanır. Təsadüfi deyil ki,  iqtisadi inkişaf tempi və modelinə görə dünyanın diqqət mərkəzində olan Azərbaycan həm də sosial dövlət kimi xarakterizə olunur. Bu, o deməkdir ki, dövlət  siyasətinin bütün istiqamətlərində və sahələrində mərkəzdə məhz Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bir daha bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Bu il bu məsələlərlə bağlı ciddi addımlar atılmışdır”.

Məhz həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin, sosialyönümlü layihələrin qanunauyğun nəticəsi kimi, Azərbaycanda insanların rifah halı daha da yaxşılaşdırılıb, əhalinin məşğulluq səviyyəsi artıb, işsizlik əhəmiyyətli dərəcədə aşağı düşüb. Son 13 ildə əhalinin yüksək sosial təminatının əsas göstəricilərindən biri kimi qəbul edilən yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində əldə olunan uğurlar da xüsusi qeyd edilməlidir. Dövlət siyasətinin əsas hədəfi respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılmasıdır.  Və bu, özünü çox qısa müddətdə yoxsulluq səviyyesinin  50 faizdən 5 faizədək düsmesində göstərib.

Əvvəlki illərdə olduğu kimi ölkəmizin cari il üçün dövlət büdcəsi də sosialyönümlü olması ilə fərqlənir. Belə ki, Milli Məclisin bir müddət öncə keçirilən növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin qəbul edilməsi ölkəmizdə həyata keçirilən sosial siyasətin davamlı xarakter daşıdığını göstərir. Milli Məclisdə təsdiqlənən yeni qanun layihəsinə əsasən büdcəyə cəlb ediləcək vəsaitlərin böyük qisminin sırf sosial istiqamətlərə xərclənməsi nəzərdə tutulub.

Ümumiyyətlə, Azərbaycanın davamlı olaraq həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir. Bu baxımdan, Azərbaycan dövlətinin məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq və məşğulluğunu artırmaq üçün müntəzəm olaraq ciddi tədbirlər görməsini də xüsusi vurğulamaq lazımdır. Ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi xüsusilə diqqətəlayiqdir. Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində əhəmiyyətli tədbirlər görülür. Son olaraq iyunun 27-də qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi keçirilib. Mərasimdə çıxışı zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva diqqətə çatdırıb ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusən də böyük çətinliklərlə üzləşən qaçqın və məcburi köçkün ailələrinə hər zaman diqqətlə yanaşır, öz qayğısını göstərir.

Azərbaycanın sosial siyasətinin mahiyyətindən və bu istiqamətdə əldə edilən nailiyyətlərdən bəhs edərkən dayanıqlı iqtisadi inkişafın bu prosesə verdiyi töhfələrdən danışmaq lazımdır. Məlumdur ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf  siyasətinin Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara və dövrün tələblərinə  müvafiq şəkildə uğurla davam etdirilməsi bütün sahələrdə davamlı tərəqqinin əldə olunmasını şərtləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardicil islahatlar sayəsində Azərbaycan son 13 ildə özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı ve ugurlu addımlar atıb.Dünyanın bir çox inkişaf etmiş ölkələrinin iqtisadi böhranlar və maliyyə problemləri ilə qarşı-qarşıya qaldığı bir şəraitdə ölkəmizdə sosial-iqtisadi sahədə görülən işlər böyük nikbinlik doğurur.  Son 13 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı bir neçə dəfə artıb ki, bu da mühüm göstəricidir. Digər tərəfdən, Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faiz respublikamızın payına düşür. Təbii ki, bütün bunlar sosial siyasətin uğurlu olmasını da şərtləndirib və qeyd etdiyim kimi, insanların rifah halı daha da yaxşılaşıb, əhalinin məşğulluq səviyyəsi artıb, işsizlik ciddi şəkildə azalıb...

-Yeri gəlmişkən, işsizliyin aradan qaldırılması və əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticələri nədən ibarətdir?

-Dayanıqlı iqtisadi inkişaf və uğurlu sosial siyasət nəticəsində respublika üzrə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub. Bu, özlüyündə dünya miqyasında ən yaxşı göstəricilərdən biridir. Onu da diqqətə çatdırmaq istəyirəm ki, son illərdə qeyri-neft sənayesinin inkişafı da bu baxımdan böyük əhəmiyyətə malikdir. Son illərdə respublikanın butun resurslarindan ve potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olunub. Ümumiyyətlə, son 13 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin reallıqlarını xarakterizə edir. Bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 70 mindən çox müəssisə fəaliyyətə başlayıb.

Qeyd etmek lazimdir ki, 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsi də işsizliyin aradan qaldırılmasına mühüm töhfələr verib. Belə ki, Dövlət proqramlarının icrasına başlanandan indiyədək ölkə üzrə təxminən 1,6 milyon yeni iş yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir və bölgələrin payına düşür. 2014-2018-ci illəri əhatə edən müvafiq Dövlət Proqramının icrasının üçüncü ili ərzində ölkə üzrə ümumilikdə 190 minə yaxın yeni iş yeri açılıb ki, onun da 148 mini daimidir. Onu da qeyd edim ki, 2017-ci ilin birinci yarısında ölkədə 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimidir. Bu fakt bir daha təsdiqləyir ki, respublikamızda yeni iş yerlərinin açılması prosesi uğurla davam etdirilir.

Sadalananlarla yanaşı, ölkəmizdə iqtisadi fəallığın artırılması, geniş özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsi, həm xarici, həm yerli investorların bu işə cəlb edilməsi və bu kimi qarşıda duran digər vəzifələrin uğurla yerinə yetirilməsi də əhalinin məşğulluğunun artırılması və işsizliyin aradan qaldırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.

-Məlahət xanım, ölkəmizdə sosial infrastruktur məsələlərinin həlli də daim diqqət mərkəzindədir. Bu baxımdan əminliklə söyləmək olar ki, Olimpiya İdman komplekslərinin və qurğularının tikintisi, onların ətrafında yaradılan infrastruktur da çoxsaylı sosial məsələlərin həllinə kömək edir. Bu barədə fikirləriniz nədir?

-Bəli, paytaxt Bakıda və bölgələrdə müasir idman qurğularının yaradılmasına və müvafiq infrastrukturun inkişaf etdirilməsinə dair görülən işlər böyük əhəmiyyətə malikdir. Əlavə olaraq onu deyim ki, ümumiyyətlə, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək üçün, ilk növbədə, müasir infrastrukturun yaradılması vacibdir. Son illərdə ölkəmizdə bu istiqamətdə mühüm işlər görülüb. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib, gənclərin öz asudə vaxtlarından səmərəli istifadə etməsinə əlverişli şərait yaradılıb.

Ümumiyyətlə, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin birinci Avropa Oyunları kimi qitənin bir nömrəli idman yarışına, eləcə də IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır. Ölkəmizdə davamlı dövlət qayğısı sayəsində idmanın kütləvi hal alması, paytaxt Bakıda və bölgələrdə güclü idman infrastrukturu qurulması beynəlxalq idman ictimaiyyətinin də diqqətindən kənarda qalmır. Müxtəlif beynəlxalq idman təşkilatlarının rəhbərləri Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısının, eləcə də Milli Olimpiya Komitəsinin fəaliyyətinin bütün dünyaya nümunə olduğunu bildiriblər. Beynəlxalq idman ictimaiyyətinin Azərbaycandakı idman mühitini yüksək qiymətləndirməsi, əsas etibarilə, müxtəlif mötəbər yarışların respublikamızda keçirilməsi ilə bağlı çıxardıqları qərarlarda ifadə olunur. Təsadüfi deyil ki, son illərdə ölkəmiz bir neçə beynəlxalq turnirə uğurla ev sahibliyi edib.

Onu da diqqətə çatdırmaq istəyirəm ki, dövlət tərəfindən idmana göstərilən xüsusi diqqət və qayğının məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq idman yarışlarında əldə etdiyi göstəricilər ildən-ilə daha da yaxşılaşır. Məhz “Bakı-2015” ilk Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının nəticələri bu qəbildən olan nümunələr sırasındadır. Bütün bunlar həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verir...

-Yeri gəlmişkən, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına əhəmiyyətli töhfələr verən amillərdən biri ölkəmizin mötəbər beynəlxalq tədbirlərə, o cümlədən mədəniyyət müsabiqələrinə ev sahibliyi etməsidir. Son olaraq ölkəmizdə “Jara-2017” və IX Qəbələ Beynəlxalq Musiqi Festivallarının bu kontekstdə əhəmiyyətinə dair nə söyləmək olar?

-Əvvəla qeyd edim ki, əslində bu cür tədbirlərxalq diplomatiyasının bir qoludur. Yəni mədəniyyət, idman diplomatiyası kimi bu  cür tədbirlər Azərbaycan reallıqlarının, tarixininin və mədəniyyətinin dünyaya tanıdılması baxımından xüsusi önəm daşıyır. Tekce bu son gunlerde kecirilen “Jara-2017” və IX Qəbələ Beynəlxalq Musiqi Festivalları Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə, eləcə də mədəniyyət festivallarına, müsabiqələrinə ev sahibliyi etməsi ənənəsinin nə qədər güclü olduğunu göstərir.

Ölkəmiz barəsində yetərli informasiyaya, yaxud Azərbaycan mədəniyyəti ilə bağlı dərin biliklərə malik olmayan xarici ölkə vətəndaşları Qəbələdə olduqdan və festivalda iştirak etdikdən sonra Azərbaycan mədəniyyəti barədə tamamilə yeni və zəngin təəssüratlara sahib olurlar. Həmçinin Azərbaycan musiqi mədəniyyəti ilə tanışlıq ölkəmizin qədim, zəngin, özünəməxsus musiqi irsinə, dəyərlərə sahib olduğunu və bu gün dünya musiqisi ilə əlaqəli surətdə inkişaf etdiyini sübuta yetirir. Əlbəttə, bu mədəniyyəti, incəsənəti, bu tarixi Azərbaycan xalqə yaratmışdır. Bele tədbirlər həm də xalqımızın sahib olduğu dəyərləri, zəngin ənənələrimizi dünyada tanıdır.

Yeri gəlmişkən,  Azərbaycanın mədəniyyətinin dünyada təbliği və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın muğam və aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond ayrı-ayrı ölkələrdə mütəmadi olaraq Azərbaycan mədəniyyətini tanıtmağa yönələn tədbirlərdə milli musiqimizin təbliğini də həyata keçirir. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı isə ölkə mədəniyyətinin tanıdılması istiqamətində görülən işlərin zirvəsini təşkil edir. Bütün bunlar isə, qeyd etdiyimiz kimi, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir.

-Məlahət xanım, 2017-ci ilin 17-19 iyul tarixlərində BMT-nin baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə dair ilk Könüllü Milli İcmalı təqdim olundu. Bu barədə fikirlərinizi bilmək istərdik...

İlk növbədə vurğulamaq lazımdır ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 2015-ci ilin sentyabrın 25–27 tarixlərində keçirilmiş Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş və 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Bunun özü beynəlxalq aləmdə çox mühüm uğur kimi qiymətləndirilərək təqdir olunur.

Qeyd olunduğu kimi, 2017-ci ilin 17-19 iyul tarixlərində BMT-nin baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə dair ilk Könüllü Milli İcmalı təqdim olundu.Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın ilk Könüllü Milli İcmalı Azərbaycan Respublikasının Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri cənab Əli Əhmədov tərəfindən təqdim edildi. Təqdimatda Azərbaycanın  bu sahədə, daha doğrusu, Dayanıqli İnkişaf Məqsədləri sahəsində ölkəmiz üçün əsas prioritetler üzrə əldə edilən nailiyyətlər və gələcək perspektivlər haqqənda  geniş məlumat verildi. Hesabat ətrafında çıxış edənlər Azərbaycanda bu istiqamətdə görülən işləri təqdirəlayiq hesab etdilər, görülən işlərin əhəmiyyətinə toxunaraq bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsinin vacibliyini diqqətə çatdırdılar. Bu, ölkəmizdə dayanıqlı inkişaf  sahəsində görülən işlərin və həyata keçirilən siyasətin əhəmiyyətini, konkret nəticələrini ifadə edir.