YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə daim çalışmaq, Mehriban xanım Əliyevanın həyat amalı, yaşam tərzinin düsturudur

Müsahibimiz Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

- Hicran xanım, bildiyimiz kimi bu gün Azərbaycan qadınlarının cəmiyyətimizdə mövqeyi çox yüksəkdir.  Qadınlar ölkənin ictimai-siyasi həyatında, dövlət idarəçiliyində və bir çox sahələrdə aktiv təmsil olunurlar. Bu baxımdan, ölkəmizin birinci xanımı,  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır.

-  Azərbaycan özünün dövlətçilik təcrübəsi, ulu məskənlərimizin memarlıq abidələri, mədəniyyəti, milli-mənəvi dəyərlərilə qədim tarixə malik bir ölkə olduğundan hər zaman, xüsusən də son illər dünya miqyasında özünə böyük maraq oyada bilmişdir. Bu marağa bir səbəb də onun güclü və nüfüzlu bir dövlət kimi tanınması, böyük bir yaşam tariximizin multikultural ənənələrini, tolerantlığı dünyaya inteqrasiya edə bilməsi ilə əlaqədardır. Bunlar ölkəmizin ictimai-siyasi həyatının aparıcı xətti olduğundan dövlətçilik ənənələrimizin yeni məzmunda və anlamda inkişafının ən ümdə təzahürüdür. Son illərin mənzərəsi onu göstərir ki, belə bir imicin qazanılması heç də asanlıqla başa gəlməmiş, bunlar    Azərbaycançılıq məfkurəsinin yeni anlamda təşəkkülü və inkişafına bütün ömrünü həsr etmiş milli düşüncəyə malik vətənpərvər insanların sayəsində qazanılmışdır.

Bu fikirləri qeyd edərkən ötən əsrin səksəninci illərinin sonunda ölkədə başlanan milli- azadlıq mübarizəsinin ön sıralarında olan, yeni Azərbaycanın yaradıcısı və qurucusu, Ümummilli Lider Heydər Əliyev, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev və bu yolda Ona özünün genişmiqyaslı fəaliyyəti ilə dəstək olan Birinci vitse-prezident Mehriban Əliyevanın nəcib  əməlləri yada düşür.  Bəllidir ki, onun çoxşaxəli  və səmərəli  fəaliyyətini  bir məqalədə işıqlandırmaq mümkün deyil.  Ölkəmizin tərəqqisi  və xalqımızın rifahı naminə daim  çalışmaq,  Mehriban xanım Əliyevanın həyat amalı, yaşam tərzinin düsturudur.

Xalqın taleyini öz taleyində yaşayan Mehriban  xanım Əliyevanın həyatı uzun illərdir ki, bütün aydınlığı, genişliyi ilə gözümüzün qarşısındadır. Bu ictimai və mənəvi vəzifəni, məqsədi böyük bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi ilk vaxtlardan görünməyə başladı. Mehriban xanım hələ gəncliyindən öz çalışqanlığı ilə hər yerdə və hər zaman birincilik statusunu qazanması, müvəffəqiyyətlərə nail olması ilə fərqlənib. O, 1982-ci ildə Bakıda 23 nömrəli orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsinə daxil olub. 1988-ci idə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. Və bu illərdə özünün fəallığı, biliyi, işə münasibətilə seçilib.

Onun ictimai fəaliyyətə qoşulduğu illər Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu öndərin yaratdığı və özünün də müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən Mehriban xanım partiyanın üzvü olaraq, vətənin çiçəklənməsi, xalq təfəkkürünün, milli düşüncənin yenilənməsi, müasir cəmiyyətin qurulması prosesinin fəal iştirakçısına çevrildi. O, yaxşı dərk edirdi ki, bütün zamanlarda milləti qədim, köklü xalq kimi tanıdan və dünya cəmiyyətində qəbul etdirən onun dili, mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləridir. Məhz buna görə də o, özünün hərtərəfli fəaliyyətini bu amillər, prinsiplər üzərində qurdu. Bütün ictimai şüuru ilə Azərbaycançılıq ideologiyasına  bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə fəaliyyət göstərməsi qısa bir zamanda Ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı.

1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun prezidenti, 2002-ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi üzərinə böyük  məsuliyyət götürərək, problemlərin dərinlyini dərk edərək, diqqətdən kənar sahələri inkişaf etdirərək  onlara kütləvilik elementləri ilə zəngin olan ictimai məzmun verdi. Mehriban xanım Azərbaycan mədəniyyətini beynəlxalq aləmdə tanınması, təbliği  üçün ilk olaraq  “İrs” jurnalını təsis etməklə başladı. Təbii ki, görülən işlərin mahiyyətində nüfuzlu ictimai xadim olan Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə yeni nəfəs gətirməsi, onun tarixi keçmişindən bəhrələnməklə bugünkü inkişafına təkan vermək amalı dayanırdı.

- Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu gün nəinki Azərbaycan, eləcə də bir çox ölkələrin ictimai həyatında fəal iştirak edir. Müxtəlif xeyriyyəçi layihə və proqramlarını həyata keçirməklə yanaşı, Fond aktiv şəkildə Azərbaycanı bütün dünyada təbliğ edir. Bu baxımdan, Fondun fəaliyyətinin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...

- Mehriban xanım Əliyeva  2004-cü il mayın 10-da, Heydər Əliyev Fondunu yaratmaqla, Ulu Öndər Heydər Əliyevin vətənimiz və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir.  Fondun çoxşaxəli fəaliyyətini göz önündə canlandırarkən görürük ki,  qarşıya qoyulan məqsədlər  həyatımızın mühüm sahələrinin inkişafına yönəlmiş çalışmalar milli-mənəvi dəyərlər üzərində qurulmuşdur.  Bu məqsəd Fondun fəaliyyət proqramında daha dəqiq ifadə olunduğu kimi, “milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir”.  Görülən işlərin, irimiqyaslı layihələrin həcmini təsəvvürə gətirəndə aydın olur ki, bütün bunlar  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın vətən və xalq naminə qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəldiyinin bariz nümunəsidir.

Heydər Əliyev Fondu nəinki genişmiqyaslı layihələri həyata keçirib, hətta fəaliyyət göstərdiyi bu 13 ildə ölkəmizdə və onun hüdudlarından kənarda  böyük nüfuz qazanmasına, yeni dünya cəmiyyətinin öndə olan ölkələrindən birinə çevrilməsinə öz fəaliyyəti ilə güclü dəstək olmuşdur.  Elə, ölkə başçısı, cənab Prezident İlham Əliyev, Fondun fəaliyyətini yüksək qiymətləndirərək qeyd etmişdir ki, “Mehriban Əliyevanın rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir”.

Yaşı 18-ə çatmış qızların uşaq evindən sonrakı  taleyi bu gün cəmiyyəti narahat  edən məsələlərdəndir. Bunu nəzərə alan Heydər Əliyev Fondu internat həyatı başa çatan qızlar üçün yaşayış  binası tikmişdir. Bu layihə  müstəqil həyata qədəm qoyan qızların  həyatını izləməklə bərabər,  eyni zamanda onlara mənəvi dəstəyin ifadəsidir. Mehriban xanımın bu layihələri böyük həssaslıqla, ən kiçik detallarına, incəliklərinə qədər izləməsi, proseslərin içərisində olması da Onun özünəməxsus iş üslubuna, xarakterə malik olduğunun aydın göstəricisidir. Bütün bunları göz önünə alanda görürük ki, O, tarixdə yaşamış vətənpərvər, maarifpərvər qadınlarımızın örnək olan həyatını öz fəaliyyətində yeni anlamda, həm də ləyaqətlə davam etdirir.

Heydər Əliyev Fondu məhz milli-bəşəri ideyaların tərənnümçüsü, daşıyıcısı olması ilə qüdrətlidir. Mehriban xanım  Əliyevanın Fondun rəhbəri kimi, ən böyük məqsədi də Heydər Əliyev irsinin bir məktəb kimi yeni nəslə öyrədilməsi, təbliğ olunmasıdır.

Mehriban Əliyeva onun ideallarına sadiq qalaraq, milli-mənəvi dəyərlərimizi özünün həyat tərzində, əxlaqında və düşüncəsində yaşadaraq ulu öndərin yolunu ləyaqətlə davam etdirir. Bu, xalqın gələcəyinin  möhkəm təməllər üzərində qurulmasına, onun inkişaf etdirilməsinə aparan ən işıqlı yoldur.

- Mehriban xanım Əliyevanın fəaliyyəti genişmiqyaslıdır və bir çox sahələri əhatə edir. Məhz bu fəaliyyət Azərbaycanın hərtərəfli inkişafına nə kimi töhvələr verməkdədir?

- Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. Bir daha xatırladaq ki, bütün bunlar güclü, aydın təfəkkürə, incə ruhlu, zərif təbiətli bir qadının - ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə təşəbbüsü sayəsində həyata keçirilir. Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək – bütün bunlar Mehriban xanım  Əliyevanın daim diqqət mərkəzində olmuşdur.

Mehriban Əliyeva 2013-cü ildən Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi də (2005-2017-ci illər)  Mehriban xanım sözün əsl mənasında xalqın elçisi olub. O, Birinci xanım statusunda da bənzərsizdi, həm də özünəməxsusdur. Bütün fəaliyyətində işgüzarlığı, böyük səyi və bacarığı ilə seçilən Mehriban xanım müsahibələrinin birində birinci xanım missiyasının məsuliyyətini şərh edərək demişdir: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli,  sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür...”

Ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğı, böyük dəstək vaxtaşırı olaraq idmançılarımızın dünyada keçirilən yarışlarda vətənə uğurlar qazandırmasına səbəb olmuşdur. Mehriban  xanım Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının  Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.  Onun bu sahədə böyük uğurlara nail olması, 2004-cü ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcrayə Komitəsinə üzv seçilməsi ölkəmizdə idmanın inkişafında məqsədyönlü fəaliyyətinin aparılmasına öz təsirini göstərdi. Azərbaycanda bir-birinin ardınca baş tutmuş beynəlxalq konfrans və festivallar, yüksək səviyyədə təşkil olunmuş idman oyunları dünyanın nüfuzlu dövlətlərinin böyük marağına səbəb olmuşdur. Mehriban xanımın “Bakı-2015” Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri olaraq əlahiddə bir bacarıq nümayiş etdirməsi ölkəmizə başqa dövlətlərin  böyük marağının yaranmasına səbəb olmuşdur. Bu il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsində də bu oyunların Təşkilat Komutəsinin sədri kimi onun zəhməti təqdirəlayiqdir.

Bütün bu çalışmalar, yeni axtarışlar bacarıqlı, işgüzar birinci xanımı vəzifə pillələrində yüksəlməsini zəruri etdi. Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il  Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Həmin gün Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edən Prezident İlham Əliyev onun ictimai-siyasi fəaliyyətindən bəhs edərkən bildirmişdir: “2004-cü ildən bu günə qədər Mehriban Əliyeva Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir... Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri bizim mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev Fondunun və Mehriban  xanım Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bu, sadəcə olaraq sənət növü deyil, bu, bizim mənəvi sərvətimizdir... Mehribanın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. Eyni zamanda on ildən artıqdır ki, Mehriban  xanım Əliyeva UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə bir şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür...”  .     Prezidentin təqdimatından etdiyimiz bu istinadlar Mehriban xanım Əliyevanın böyük ictimai əhəmiyyət kəsb edən fəaliyyətinin, həm də mənəvi keyfiyyətlərilə zəngin obrazının xalqımıza nə qədər doğma, əziz olduğunu bir daha bizə xatırladır. Prezident bu təqdimatında Mehriban xanımın həyatımızın bütün sahələrində gördüyü işlər, qazandığı uğurlar sırasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını, Fondun dəstəyi ilə minlərlə insanların tibbi müalicə ilə təmin olunması, ehtiyacı olan insanlara yardım edilməsi kimi məsələləri önə çəkməklə, daim dövlətə və millətə ləyaqətlə xidmət etdiyini xatırlatmaqla həm də xalqın Ona olan inamını, etimadını ifadə etmişdir”.   “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır... Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam” – bu fikirlər  yeni vəzifənin məsuliyyətini anlayan Mehriban xanımın fəaliyyətinin əsas təməlidir. 

- Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ölkəmizdə öz aktuallığı ilə  mühüm əhəmiyyət  kəsb edən  beynəlxalq tərdbirlər keçirilib. Sizin bu tədbirlərdə müzakirə olunan mövzuların önəmi barədə fikirlərinizi bilmək istərdik.

- Azərbaycan ailəsinin  problemlərini həmişə diqqət mərkəzində saxlayan Mehriban xanım ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Mehriban xanımın təşəbbüsü ilə ailələrin rifahına yönəlmiş maraqlı layihələr reallaşır. Məsələn, “XXI əsrdə  qadınlara qarşı zorakılıq  əleyhinə” layihəsi ölkədə böyük əks-səda doğurmuşdur. Qadın və uşaqların məişət zorakılığından müdafiəsinə yönəlmiş  “Məişət  zorakılığı haqqında   Qanun” 2010-cu  il iyunun 22-də qəbul olunmuşdur. Həmin Qanunun qəbul edilməsində, Ailə Məcəlləsində qızlar üçün nikah yaşının 18-ə qaldırılması  ilə bağlı  dəyişiklik edilməsində də  Mehriban xanımın yaxından dəstəyi olmuşdur.

Heydər Əliyev Fondunun  təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq Forumun Bakıda keçirilməsi qadınların cəmiyyətin həyatındakı fəal mövqeyini bir daha təsdiq edir. Bakı Forumunda mədəniyyətlərarası dialoqun idarəçilik, siyasi və praktiki aspektləri  müzakirə  olundu, təcrübə mübadiləsi  aparıldı, eləcə də yeni təşəbbüslər irəli sürüldü. Bu cür beynəlxalq tədbirlərin Bakıda keçirilməsi  Azərbaycanın nüfuzunun getdikcə gücləndiyini bir daha  sübut edir.  Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərin “Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması” mövzusunda VII Konfransında Mehriban xanım Əliyevanın proqram çıxışı cəmiyyətimizdə yüksək əks-sədaya və müzakirələrə səbəb olmuşdur. 2012-ci ildə Bakıda keçirilən beynəlxalq Krans-Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur mövzusunda Konfransda qaldırılan məsələlər, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qadın hüquqlar ilə bağlı geniş və əhatəli çıxışı beynəlxalq diqqətin ölkəmizə yönəldilməsinə  imkan yaratmışdır.   Bu ilin may ayında IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa”nın təşkil olunması, onun təşəbbüsü ilə ayrıca sessiyanın keçirilməsi, bu mövzu ətrafında fəal müzakirələrin aparılması və tövsiyələrin qəbul edilməsi  dünyada qadınların, əsasən də qızların hüquqlarının müdafiəsi istiqamətində xüsusi əhəmiyyət kəsb edir. 

- Dövlət cəmiyyətimizin xüsusi qayğıya ehtiyacı olan təbəqələrindən olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayır. Bu siyasət respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də mühüm yer tutur...

- Müharibə şəraitində yaşayan bir ölkədə bu qədər genişmiqyaslı layihələrin həyata keçirilməsi, insana qayğının, humanizmin, xeyirxahlığın xalqın taleyindəki rolu olduqca diqqətəlayiqdir. Bütün bunlara  xarici siyasətdə qazanılan uğurları da əlavə etsək, ölkəmizin inkişafı bir çox dövlətləri yaxşı mənada təəccübləndirir.   Bu gün xalqımızın yaşadığı ağrılar heç şübhəsiz, torpaqlarımızın 20 faizindən çoxunun işğal altında olması, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın torpaq itkisi ilə bağlıdır. Bu mənada Mehriban xanımın gördüyü işlər sırasında qaçqın və məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması fəaliyyət proqramının ən ümdə vəzifələri sırasındadır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə bu qayğının bariz nümunəsidir.  Birinci vitse-prezident son 13 ildə 400 min qaçqın və məcburi köçkünün işlə təmin edildiyini, ölkə ərazisindəki çadır düşərgələrinin tamamilə ləğv edidiyini, onlar üçün yeni qəsəbələr salındığını nəzərə çatdırmaqla yanaşı, bundan sonra da görüləcək işləri açıqladı. O qeyd etdi ki, “görülən işlərlə yanaşı hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır. Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Bu il də bu məqsədlərə vəsait ayrılıb. Lakin bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılmalıdır. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşasına başlanılmalıdır”.

Elə bunun  sayəsində məcburi köçkünlərin rahat şəraitli yeni binalarda mənzillə təmin olunması və bu işlərin davam etdirilməsi ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezidentin yaxından köməkliyi, qayğısı sayəsində həyata keçirilmişdir. Mehriban xanım həmin görüşlərin birində belə bir fikri də vurğulamışdır ki, dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğını çox yüksək qiymətləndirir və bir çox hallarda ölkəmizi bu sahədə nümunəvi ölkə adlandırırlar.

- Azərbaycanın  inkişafı naminə Mehriban xanım Əliyevanın fəaliyyəti xalqımız tərəfindən daim yüksək dəyərləndirilir. Eləcə də, bu genişmiqyaslı fəaliyyətə görə Mehriban xanım Azərbaycan dövləti, o cümlədən bir sira ölkələr tərəfindən yüksək mükafatlara layiq görülüb...

-  Mehriban xanım Əliyeva bu illərdə çox titullara, təltiflərə, mükafatlara layiq görülüb. Birinci xanımın beynəlxalq aləmdəki nüfuzu, aldığı mükafatlar təbii ki, ölkəmizin, xalqımızın adına başucalığı gətirir. Amma onların içərisində bir mükafatın yeri xüsusi olduğundan burda onu xatırlatmağı vacib sayıram. Bu, Azərbaycanda keçirilmiş I Avropa Oyunlarının uğurla, böyük qələbə ilə başa çatmasında əsl fədakarlıq nümayiş etdirən “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın 29 iyun 2015-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif olunması idi. Zənnimcə, bu mükafat ona daha çox sevinc hissi yaşatdı, onu çox duyğulandırdı. Mükafatın təqdimolunma mərasimindəki çıxışı iki il ərzində  çəkdiyi əziyyətləri, keçirdiyi narahatlığı, duyduğu məsuliyyətdən doğan fərəh hissini bütünlükdə ifadə edirdi...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin sürətli və davamlı inkişafına yeni  töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil Onun hər zaman dövlətçiliyimizə, xalqımıza  xidmət etmək istəyi, arzusudur. Və sonda qeyd etmək istəyirəm ki, qarşıdan Mehriban xanım Əliyevanın doğum günü gəlir. Fürsətdən istifadə edərək, bu əlamətdar gün münasibətilə Onu –humanist qəlbli, mərhəmətli, şəfqətli Birinci xanımı təbrik edir, Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar axtarışında olan Mehriban xanım Əliyevaya can sağlığı, uzun ömür, səmərəli fəaliyyətində müvəffəqiyyətlər arzulayıram.