YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə münasibətlərin inkişafı prioritetdir

   Milli Məclisin deputatı Elman Nəsirov

- Elman müəllim, bu yaxınlarda Avropa İttifaqı Şurasının nümayəndə heyəti ölkəmizdə səfərdə oldu. Sizcə, bu səfərin əhəmiyyəti nədən ibarətdir?

- Avropa İttifaqı Şurasnının nümayəndə heyətinin ölkəmizə səfəri Avropa İttifaqının  Azərbaycanın regionda yeri və rolunu yüksək qiymətləndirməsinin göstəricisidir. Ümumiyyətlə, Aİ Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun fərqindədir. Təşkilat gözəl anlayır ki, Avropanın enerjiyə olan tələbatı daha da artmaqadır. Ənənəvi enerji mənbələri ilə yanaşı Azərbaycan dövləti yeni alternativ enerji mənbəyi funksiyasını həyata keçirir.

Aİ ilə münasibətlərimiz bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlərdir. Burada hər bir tərəf fərqindədir ki, əlaqələr bu təmələ söykənərək inkişaf edə bilər. Brüssel və rəsmi Bakı arasında münasibətlər qeyd edilən istiqamətdə inkişaf tempinə malikdir. Prezident İlham Əliyevin nümayəndə heyəti idə görüşü zamanı Azərbaycanla Aİ-nin ikitərəfli münasibətlərinin geniş formatına dair məsələlər müzakirə olundu. Bu nöqteyi-nəzərdən bu səfər onu göstərir ki, bu gün Aİ Azərbaycanla əlaqələrə böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin  dövlətimizin xarici siyasətində Aİ ilə münasibətlərin prioritet olduğunu xüsusi olaraq vurğulaması da böyük əhəmiyyət daşıyır.  

- Prezident İlham Əliyevin nümayəndə heyəti ilə görüşü zamanı enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.  Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın perspektivləri haqqında nə deyə bilərsiniz?

- Ümumiyyətlə, Azərbaycanla Aİ arasında enerji təhlükəsizliyi məsələsi ikitərəfli münasibətlərin inkişafı üçün çox mühüm baza rolunu oynayır. Azərbaycan üçün enerji təhlükəsizliyi məsələsi ilk növbədə enerji marşrutlarının şaxələndirilməsində özünü əksini tapır. Aİ üçün isə bu, ilk növbədə enerji mənbələrinin şaxələndirilməsidir. Təbii ki, Avropanın ənənəvi enerji mənbələri var. Bunlardan biri Rusiyadır. İl ərzində Avropanın təxminən 500 milyard kubmetr qaza ehtiyacı var. Elə vaxtlar olub ki, onun 150 milyard kubmetri Rusiyadan alınıb. Amma hazırda Rusiyadan alınan qazın həcmi xeyli aşağı düşüb. Amma bütövlükdə, yenə də  Rusiya Avropanın qaz təchizatında  əsas mənbələrdən biri olaraq qalır.

Azərbaycan isə Avropa üçün yeni alternativ eneri mənbəyidir. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının nümayəndə heyəti ilə görüşündə bu məqamı diqqətdə saxladı ki, Azərbaycan 3 neft, 4 qaz kəməri ilə enerji ehtiyatlarını ixrac edir. Bütövlükdə, tərəflər arasında qaz sahəsində əməkdaşlıqda ciddi nailiyyətlər əldə edilib. 2011-ci ildən imzalanmış enerji sahəsində əməkdaşlıq memorandumu bu baxımdan xüsusi rol oynayır. Ölkəmiz Cənub Qaz Dəhlizi layihəsi həyata keçirir ki, Avropanın ən böyük meqa-layihəsi hesab oluna bilər. Bu layihənin dəyəri  təxminən 40 milyard dollar həcmindədir. Hazırda da bu sahədə əməkdaşlığımız böyük inkişaf tempinə malikdir. Nəzərə alsaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 3 dəfə iclası keçirilib, hər 3 tədbir onu göstərir ki, layihə işlək layihədir. Layihənin başa çatması, yəni onun reallaşması üçün görülən işlər yekunlaşmaqdadır. Burada söhbət ilk növbədə, TANAP və TAP layihəsindən gedir və  «Şahdəniz» yatağı əsas mənbədir. Bu layihələr üzrə işlər 2018-2020-ci illərdə tam yekunlaşmalıdır ki, Azərbaycan qazı İtaliyaya çatacaq. Bununla da, Azərbaycan Avropanın qazla təchizatında çox mühüm rola malik olacaq.

Aİ fərqindədir ki, bu layihənin uğurlu olmasını şərtləndirən ən mühüm amillərdən biri  Azərbaycanın enerji siyasətində enerji və siyasətin bir birindən ayrı olması ilə bağlıdır. Yəni enerji siyasətin əlində heç bir halda alət rolunu oynamır. Ölkə Prezidentinin bu siyasəti daim uğurlar gətirir.

Bu gün Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir və bu layihə müxtəlif ölkələr arasında enerji sahəsində əməkdaşlığı özündə ehtiva edir, sülhə, əminamanlığa xidmət edir və böyük siyasi çəkiyə malikdir. Aİ təqdir edir ki, Azərbaycan hasilatçı olaraq həm özünün, həm alıcıların, həm tranzit ölkələrin  mənafeyini nəzərə alır. Burada bir harmoniya  var. Bu sahədə əməkdaşlıq nəticə etibarilə Avropanın meqa-lyihəsinin reallaşmasının şərtlərindən əsas amilə  çevrilib.

- Avropa İttifaqının Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişənin həllinə nə dərəcədə rol oynaya bilər?

- Azərbaycan Prezidenti Aİ Şurasının nümayəndə heyəti ilə görüşü zamanı  bu məsələni də diqqət mərkəzində saxladı və münaqişə ilə bağlı son vəziyyətə geniş qiymət verdi. Dövlət başçısı qeyd etdi ki, Ermənistan ciddi cəhdlə çalışırdı ki, danışıqlar prosesi pozulsun və bundan sonra baş tutmasın. Ermənistanın belə mövqeyi ilk növbədə ağılsızlıqdır. Bu, səmərəsiz fəaliyyət idi. Ermənilər danışıqlara başlamaq üçün şərtlər irəli sürürdü. Amma dərk edirlər ki, bu, yol qəbuledilməz bir yoldur. Hazırda Ermənistanın danışıqlar prosesinə qayıtması tendensiyasını müşahidə edirik. Görüş zamanı cənab  Prezident ikili standartlardan da bəhs etdi.

Xüsusilə bu məsələ ilə bağlı Aİ-yə gəldikdə güman edirik ki, Aİ münaqişənin həlli prosesində birbaşa iştirakçı olmasa belə, dünyanın ən mühüm güc mərkəzlərindən biri olaraq prosesə siyasi təsir etmək imkanı böyükdür. Eyni zamanda, Aİ bunu edə bilər ki, münaqişə ilə bağlı proseslərə obyektiv qiymət verilsin. Xüsusilə Avropa Şurası rəhbərliyinin, o cümlədən təşkilatın baş katibi Yaqlandın timsalına ölkəmizə qarşı davranışlar şübhəsiz ki, Azərbaycan cəmiyyətində mənfi qarşılanır. Münaqişə ilə bağlı düzgün olmayan yanaşmaya görə, yalana və böhtanlara  görə cəmiyyətimiz onlara etiraz edir. Aİ proseslərdə obyektiv olmalı, AŞ ilə bu məsələ ilə bağlı məsləhətləşmələr aparıb Azərbaycanın haqq işini müdafiə etməlidir.

- Elman müəllim, Azərbaycanın Avropa İttifaqı, o cümlədən digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı fonunda müəyyən xarici qüvvələr ölkəmizə qarşı qərəzli  kampaniya aparır. Buna münasibətiniz necədir?

- Təəssüf ki, Azərbaycana qarşı müəyyən beynəlxalq siyasi dairələr tərəfindən qərəzli kampaniya aparılır. AŞ-nın baş katibi  Yaqlandın timsalında bu gün bu yanaşmanı görürük. Prezident İlham Əliyev Avropa İtiifaqı Şurasının nümayəndə heyəti ilə görüşündə  bu kampaniyanın mahiyyətindən də danışdı. Qeyd etdi ki, kampaniya ilk növbədə dünyada müəyyən siyasi, iqtisadi, maliyyə rıçaqlarına malik olan erməni lobbisinin və diasporunun fəaliyyəti ilə bağlıdır. Eyni zamanda, beynəlxalq QHT-lər bəzi dairələrin əlinə alət olaraq Azərbaycana qarşı təziyq göstərmək üçün istifadə edilir. Cənab Prezident vurğuladı ki, bütün bu yanaşmalar kökündən səhvdir. Azərbaycanı demokratiyanın olmamasında ittiham etmək, insan haqlarının vəziyyəti lə bağlı yalanlar söyləmək ədalətə söykənmir. Əksinə, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir, insan haqları tam müdaifə olunur, fundamental hüquqlar, söz, mətbuat, sərbəst toplaşmaq, dini azadlıqlar tam təmin edilir. Eyni zamanda, ölkə əhalisinin 70 faizi internet istifadəçisidir. Bu qədər internet istifadəçisi olan ölkədəı mətbuata qarşı hansı hücumlardan  söhbət gedə bilər? Yəni bunlar qeyri-mümkün olan məsələlərdir.

Azərbaycanın inkişaf yolu belə halları istisna edir. Biz demokratik inkişaf yolunu seçmiş dövlətik və bu istiqamətdə ciddi addımlar atırıq. CənabPrezident onu da qeyd etdi ki, bir çox ölkələrdə, o cümlədən  Avropa ölkələrində mitinqlərdə itlərdən, atlardan, dəyənəklərdən istafldə edilməsini görmüşük. Amma bunların heç biri  Azərbaycanda yoxdur.

Çünki Azərbaycanın yolu demokratiya yoludur. Ölkəmizdə insanlar sərbəst toplaşmaq hüququndan da normal istifadə edirlər. Müxalifət son vaxtlar mitinqlər keçirir. Amma mitinqlərə az adamın gəlməsi müxalifətin öz problemidir. Çünki cəmiyyətimiz bu müxalifəti dəstəkləmir. Cənab Prezident vurğuladı ki, Avropa həqiqəti bilməlidir və doğru  mənbələrdən istifadə etməlidir. Bir sıra hallarda isə  biz bunun əksini görürük. Həmin qüvvələr çalışırlar ki, Azərbaycanın  müstəqil daxili və xarici siyasət yürütməsinin qarşısını alsınlar. Çünki bunu həzm edə bilmirlər ki, Azərbaycan dövləti milli maraqlara uyğun siyasət aparır, xalqımız birmənalı olaraq dövlət başçısının siyasətini dəstəkləyir. Eyni zamanda, müsəlman dövləti olaraq Azərbaycanın sürətli inkişafı Avropadakı islamofob qüvvələri narahat edir. Onlar Azərbaycanda xalq-iqtidar birliyini həzm edə bilmirlər. Ölkəmizdəki monolit birlik onların yuxusuna haram qatır. Ona görə də, ölkəmizlə  təzyiq yolu ilə danışmaq istəyirlər. Amma bu cəhdlərin heç bir perspektivi yoxdur. Çünki bugünkü uğurlamızın kökündə xalqın siyasi iradəsi dayanır, xalq-hakimiyyət birliyi dayanır və birlik olan yerdə inkişaf prosesinin qarşısını almaq mümkün deyil.