YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu vardır

Müsahibimiz Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov

- Əhliman müəllim, 12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyəti ilə bağlı fikirlərinizi bizimlə bölüşməyinizi istərdik...

- Müasir müstəqil Azərbaycan dövlətinin hazırki inkişaf mərhələsinə çatmasında bir çox amillər müstəsna rol oynamışdır. Bu sırada şəxsiyyət-lider amili mühüm yer tutur. Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyev olmuşdur. Həm keçmiş SSRİ, həm də müstəqillik dövründə Ümummilli lider Heydər Əliyevin çoxşaxəli  fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət etmişdir. Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə edilib.

Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu haqqında bəhs edərkən Ümummilli liderin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq lazımdır. Əvvəla qeyd etmək lazımdır ki, Ümummilli liderin hakimiyyətinin birinci dövrünü əhatə edən 1969-1982-ci illər illər ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində əldə edilən çoxsaylı nailiyyətlər respublikamız üçün tarixi əhəmiyyətə malikdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olmasından sonra bütün sahələrdə həyata keçirilən islahatlar respublikamızın inkişafını təmin edib. Eyni zamanda, müstəqillik dövründə Ulu öndər Heydər Əliyevin çoxşaxəli və yorulmaz fəaliyyəti, misilsiz xidmətləri sayəsində Azərbaycanın inkişafı təmin olundu, müasir və qüdrətli Azərbaycan inşa edildi. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra sabitlik və təhlükəsizlik təmin edildi, bütün sahələrdə böhran və tənəzzülün qarşısı alındı, ölkə tərəqqi yoluna qədəm qoydu. Bugünkü müasir, müstəqil Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.

- Yeri gəlmişkən, Ümummilli liderin hakimiyyətinin birinci dövrünü əhatə edən 1969-1982-ci illər illər ərzində səhiyyə sahəsində görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində əldə edilən nəticələrlə bağlı nə deyə bilərsiniz?

- Həmin dövrdə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər sayəsində elm, təhsil və səhiyyə sektorlarında çox mühüm inkişaf göstəriciləri qeydə alınıb. Ulu öndər səhiyyə sahəsini, tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxlayırdı. O, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Ümummilli lider Heydər Əliyev ölkəmizin səhiyyə sahəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq müstəviyə çıxması istiqamətində məqsədyönlü işlər görürdü. Həmin dövrdə azərbaycanlı gənc alimlərin keçmiş ittifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə də nail olunmuşdu ki, bu da kadr potensialının formalaşdırılması və inkişafı baxımından böyük əhəmiyyətə malik idi. Müxtəlif ixtisaslar üzrə kadrlar Moskvanın, Sankt Peterburqun, Kiyevin, Minskin, Xarkovun və SSRİ miqyasında fəaliyyət göstərən digər iri şəhərlərin ali tibb müəssisələrində təhsil almalarına, ixtisasartırma kurslarına getmələrinə, aspirantura və doktorantura xətti ilə namizədlik və doktorluq dissertasiyaları müdafiə edərək elmi dərəcələrə yiyələnmələrinə geniş imkanlar yaratdı. Həmin kadrlar mütəxəssis kimi respublikamıza qayıdıb fəaliyyətlərini davam etdirirdilər. Bu tədbirlər ardıcıl olaraq həyata keçirilir, respublikamızda uzaqgörənliklə müxtəlif profilli gənc tibbi kadrlar hazırlanır, səhiyyənin elmi və pedaqoji potensialı gücləndirilirdi. Bununla yanaşı, mövcud ali təhsil müəssisələrinin imkanları genişləndirilir, maddi-texniki bazası yaxşılaşdırılır, yeni səhiyyə ocaqları yaradılırdı. Ümummilli liderin rəhbərliyi altında qısa müddətdə ölkəmizdə yeni uşaq bağçalarının, xəstəxana və poliklinikaların tikintisi geniş vüsət almış, XX əsrin 70-ci illərinin ilk beş ili ərzində 35 belə obyekt tikilib xəstələrin istifadəsinə, tibb personalının ixtiyarına verilmişdi. Tikilib istifadəyə verilmiş yeni klinikalar, tibb mərkəzləri müasir tibb avadanlığı ilə təchiz olunaraq əhaliyə yüksək səviyyədə müvafiq tibbi xidmət göstərməyə başlamışdı.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsindən sonra da bəhs olunan sahələrin inkişafı istiqamətində məqsədyönlü və ardıcıl işlər davam etdirildi, mühüm inkişaf göstəriciləri qeydə alındı.

- Müstəqillik illərində Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə görülmüş işlər sayəsində elm və səhiyyə sahələrində qazanılan nailiyyətləri necə dəyərləndirirsiniz?

- Əlbəttə ki,  elm və səhiyyə sahəsinin inkişafı baxımından yüksək nəticələr əldə olunub. Azərbaycan səhiyyəsi qarşısında yeni perspektivlərin açılması ilə bu sahədə mühüm islahatlar həyata keçirildi, istər kadr hazırlığı, istər infrasruktur quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə olundu, yeni səhiyyə müəssisələri istifadəyə verildi. Eyni zamanda, səhiyyə sahəsində ölkənin tədris müəssisələrinin, o cümlədən Azərbaycan Tibb Universitetinin normal fəaliyyəti üçün əlverişli şərait yarandı. 1996-cı ildə Azərbaycan Tibb Universiteti Amerika və Avropa Təhsil Birliyinin beynəlxalq reyestrinə daxil edildi və bundan sonra ölkəmizin dövlət xətti üzrə yeganə ali tibb təhsili ilə məşğul olan tədris ocağının beynəlxalq əlaqələri daha da genişləndirildi, xarici ölkələrin ali tibb müəssisələri ilə tələbə mübadiləsi aparılması, alimlərimizin xarici əlaqələrinin genişləndirilməsi lazımi səviyyəyə çatdırıldı. Tibb alimlərinə, həkimlərə, bütün səhiyyə işçilərinə xüsusi qayğı ilə yanaşan Ulu öndər Heydər Əliyev 1998-ci və 2000-ci illərdə Azərbaycan Tibb Universitetində olmuş, Öz dəyərli tövsiyələrini vermişdir. 1998-ci il 28 sentyabr tarixində ATU-da yeni tədris binasının açılışında olan Ümummilli lider Heydər Əliyev 2000-ci ildə yenidən Azərbaycan Tibb Universitetinə gələrkən burada 500 yerlik akt zalının açılışında, eləcə də bu ali təhsil müəssisəsinin 70  illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə iştirak edib. Tibb Universitetinə göstərilən yüksək diqqət və qayğının nəticəsi kimi, ATU Qaradəniz hövzəsi ətrafı ölkələrin Ali Məktəblər Birliyinin, Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçildi. 2002-ci ildə Azərbaycan Tibb Universiteti nəzdində onun tarixində ilk klinika olan Stomatoloji Klinika təşkil edildi və bununla da ATU-nun öz klinikalarının yaradılmasının əsası qoyulmuş oldu.

Bütövlükdə, müstəqillik dövründə Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar səhiyyə sahəsində inkişafın əsasını qoydu, maddi-texniki bazanın yaxşılaşdırılması və kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər yeni perspektivlər müəyyənləşdirdi.

- Bu gün müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və çağırışlarına müvafiq surətdə uğurla davam etdirilir, bütün sahələrdə parlaq inkişaf göstəriciləri qeydə alınır. Hazırda Azərbaycanda səhiyyə sahəsinin  inkişafı istiqamətində görülən işlər və həyata keçirilən islahatların əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Ümummilli liderimiz Heydər Əliyevin siyasəti Onun layiqli davamçısı, siyasi varisi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də, səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb. Tibb elmi və tibb təhsili sistemimizi əhatə edən çoxşaxəli fəaliyyət və əldə olunan uğurlar məhz Ulu öndərin ideyalarının reallığa çevrilməsinin məntiqi nəticəsidir.

Son illər ölkədə yüzlərlə tibb ocağının tikilib istifadəyə verilməsi səhiyyə sahəsində həyata keçirilən uğurlu siyasətin, bu sahəyə yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu tibb müəssisələri müasir avadanlıqlarla təhciz olunur. Bizim klinikaları görən xarici qonaqlar şəraitimizin Avropa klinikalarından heç də geri qalmadığını dəfələrlə vurğulayıblar. Təbii ki, belə bir şəraitdə yüksək kadrların da hazırlanması aktual məsələdir. Sevindiricidir ki, bu baxımdan Tibb Universiteti yüksək nəticələr əldə edir. Qeyd edim ki, 2006-cı ildə Prezident İlham Əliyevin göstərişi ilə ATU-nun Onkoloji Klinikasının təşkilinə başlanıldı və bu proses 2007-ci ilin iyun ayında başa çatdırıldı. Dövlətimizin başçısı 2007-ci il sentyabr ayının 11-də ATU-nun terapevtik klinikasının yaradılması və tikintisinə başlanılması haqqında Sərəncam imzaladı, 2007-ci il sentyabr ayının 18-də isə tikintinin təməlqoyma mərasimi keçirildi. 2010-cu il oktyabrın 1-də Azərbaycan Tibb Universitetinin yaradılmasının 80 illik yubileyi ərəfəsində cənab Prezidentin və xanımı Mehriban Əliyevanın iştirakı ilə ATU-nun Tədris-Terapevtik Klinikasının açılış mərasimi keçirildi. Eyni zamanda, Prezidentin 2008-ci il mart ayının 13-də imzaladığı Sərəncama əsasən ATU-nun Tədris-Cərrahiyyə Klinikasının yaradılmasına və tikintisinə başlanıldı, 2013-cü il sentyabrın 12-də bu klinika istifadəyə verildi.

Bütövlükdə, Azərbaycanda əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir. İqtisadiyyatın dinamik inkişafı səhiyyə sahəsinə də öz təsirini göstərib və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində mühüm işlər görülüb. Bununla yanaşı, ölkəmizdə elmin inkişafı, elmi araşdırmaların aparılması üçün hər cür şərait yaradılıb. Bu sahəyə Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərilir. Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyev çıxış edərək elmin inkişafı ilə əlaqədar dəyərli tövsiyələrini verdi. Bu gün dövlət tərəfindən göstərilən qayğı nəticəsində elm sahəsi inkişaf edir. Bu inkişaf elmin bütün sahələrində özünü göstərir. Bu baxımdan, tibb elmində də ciddi nailiyyətlər əldə olunur.

Nəticə etibarilə, Ümummilli liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam və inkişaf etdirilir. Bunun nəticəsidir ki, bütün istiqamətlərdə əldə edilən inkişaf göstəriciləri elm və səhiyyə sahəsini də əhatə edir.