YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunması milli-mənəvi dəyərlərimizə və tariximizə olan münasibətdir

   Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli

- Fəzail müəllim, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. 1918-ci ildə yaradılmış Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə əhəmiyyəti nədən ibarətdir?

- Ümumiyyətlə, Xalq Cümhuriyyətinin yaradılması bütövlükdə Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsidir. Çünki bu tarix Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixdir, Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür. Yəni bu, adi tarixlərdən deyil. 

Həmin dövrdə zaman məsələni kəskin qoymuşdu. Məsələnin mahiyyəti ondan ibarət idi ki, Rusiya imperiyası dağılmış, onun tərkibində olan xalqların müstəqilliyi üçün münbit şərait yaranmışdı. Həmin xalqlar öz talelərini həll etməli idilər. Baxmayaraq ki, o vaxtlar Zaqafqaziya Seymi olsa da, dağılmaq üzrə idi. Məsələn, gürcülər Almaniyanın vədlərinə arxalanıb seymdən çıxdılar. Ermənilər də həmişəki kimi xaricdən dəstəyi olduğu üçün həmin addımı atmağa hazırlaşırdılar. Amma Azərbaycan xalqı özü öz taleyini həll etməli idi. Çünki gürcü və ermənilərdən fərqli olaraq Azərbaycanın bölünmə ehtimalı var idi, bəzi güclər Azərbaycanın ərazisini qəsb etmək istəyirdilər. Həmçinin, Bakı şəhərinin Rusiyanın tərkibinə verilməsi təhlükəsi var idi. Yəni, 1918-ci ildə reallıq belə idi. Xalqımız ya ayağa qalxıb öz dövlətini qurmalı idi, ya da torpağımız parçalanıb bölünməli idi. 

Məhz o dövrdə Azərbaycanın tarixi taleyini həll etmək iqtidarında olan ziyalılar, ictimai-siyasi xadimlərimiz bu reallığı dərk edərək müstəqilliyimizin elan olunması üçün mücadilə etdilər. Onların bir qrupu Avropada təhsil almışdılar, digərləri isə yüksək demokratik düşüncəyə sahib idilər. Həmin insanlar Azərbaycanın tarix qarşısında bu çətin məsuliyyətini kifayət qədər dərk edib ayağa qalxaraq istiqlaliyyətimizi elan etdilər. Hansı ki, o dövrdə ermənilərin ərazi iddiaları var idi və bu məsələdə kənardan dəstək alırdılar. Həmçinin, Rusiya imperiya iddialarından əl çəkməmişdi. Bütün çətinliklərə baxmayaraq, həmin şəxslər müstəqil dövlət qurdular. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. Bu gün Azərbaycan dövləti həmin tarixlə qürur duyur. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib. 

- Bəs Azərbaycan parlamentinin fəaliyyəti haqqında nə deyə bilərsiniz? Fəaliyyət göstərdiyi müddət ərzində qanunverici orqan respublikanın həyatı üçün vacib olan hansı sənədləri qəbul etdi?

- Parlamentin açılışı 1918-ci il dekabrın 3-ə təyin olunsa da, Bakıda fəaliyyət göstərən rus və erməni Milli Şuraları Azərbaycan Parlamentinin açılmasına hərtərəfli mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş Müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə çalışırdılar. General Tomsonla aparılan danışıqlarla əlaqədar olaraq və qəzalardan bütün deputatların Bakıya gələ bilməsini nəzərə alaraq Parlamentin ilk iclasının açılışı dekabrın 7-ə keçirilir. 1918-ci il dekabrın 7-i H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında müsəlman Şərqində ilk parlamentin birinci iclasının açılışı olur. Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər. Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacınski baş katib seçilir.
Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Bütün partiya fraksiyaları və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirlər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi - gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə, qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq. Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti özünün həyatiliyini və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı, həqiqətən, parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman Şərqində yeganə parlamentli respublika idi.
Bu dövr ərzində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilib. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olub. Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb ki, onlardan da 230-a yaxını təsdiq edilib. Bilirsiniz ki, Milli Məclisdə Azərbaycan parlamentinin 90 illiyi təntənəli şəkildə qeyd olundu. Bu il isə Azərbaycan Parlamentin 100 illiyi də yüksək səviyyədə qeyd olunacaq.

- Fəzail müəllim, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edib. Bu qərarın əhəmiyyəti nədən ibarətdir?

- Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilməsi bir sıra səciyyəvi cəhətləri özündə birləşdirir. Əvvəla, hər yeni ilin müəyyən bir sahə, amil üzərində köklənməsi, onun adı ilə bağlı elan olunması artıq ənənə halını alıb. 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilməsi də bu  ənənənin davamıdır. Xatırladım ki, 2016-cı ilin ölkəmizdə  «Multikulturalizm ili» elan edilməsi xalqımızın və dövlətimizin  dünyəvi dəyərlərə sadiqliyinin, eləcə də dünyada sivilizasiyalararası dialoqun güclənməsinə bir çağırış idi. Həmçinin, 2017-ci  ilin «İslam həmrəyliyi ili» elan olunması da böyük əhəmiyyət kəsb edirdi. Bu qərar Azərbaycanın bütün dünyada İslam həmrəyliyinə, müsəlman dövlətləri  arasında əməkdaşlığın güclənməsinə xidmət etdi. Ötən ilin sonunda bununla bağlı möhtəşəm bir tədbir keçirildi ki, bu da «İslam həmrəyliyi ili»nin  həm dini, həm dünyəvi xarakter daşışıdığını nümayiş etdirdi.

Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunması isə milli-mənəvi dəyərlərimizə, tariximizə, keçmişimizə və bu günümüzə olan münasibətdir. Ötən əsrin əvvəlində dəyərli ziyalılarımız yaranmış  tarixi şansdan istifadə edərək Azərbaycanın müstəqilliyini  elan etdilər və dövlətin atributları, sərhədləri, paytaxtı və vacib amillər  müəyyənləşdirildi. Bu fakt millətimizin varlığını sübut edən amil idi. Xalq Cümhuriyyəti 23 ay ərzində böyük tarixə imza atdı. Əgər o zaman cümhuriyyət yaradılmasaydı,  bu gün vəziyyət başqa cür ola bilərdi. AXC sovet-bolşevik imperiyası tərəfindən işğal olundu. İşğal 70 il sürsə də, bu, xalqımızın qəlbində müstəqillik ruhunun yaşamasına mane ola bilmədi. Bunun nəticəsi olaraq ötən əsrin sonunda dövlət müstəqilliyimiz  bərpa olundu. Bu gün Azərbaycan güclü, dünyada söz sahibi olan dövlətdir. Müstəqil dövlətimiz elə qlobal layihələrin müəllifidir ki, bütün dünya Azərbaycanın önəmini etirfa etməyə məcburdur. Bütün bunların bünövrəsi isə  Azərbaycan Xalq Cümhuriyyəti dövründə qurulub. Prezident İlham Əliyevin bu qərarı  Xalq Cümhuriyyətinə və onun qurucularına verilən yüksək dəyərdir. Cümhuriyyətin qurucuları olan insanların mütləq əksəriyyəti vətən, millət  yolunda şəhid oldular.  Bu qərar həm,  cümhuriyyət uğrunda şəhid olanların, həm də müasir müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş  şəhidlərimizin ruhuna böyük ehtiramdır. Ona görə də, bu gün ölkəmizdə siyasi mövqeyindən, əqidəsindən  asılı olmayaraq hər kəs bu qərarı yüksək qiymətləndirir.

- Xalq Cümhuriyyətinin tarixinin araşdırlması hansı səviyyədədir? Bu qərar tarixçilərin üzərinə hansı vəzifələr qoyur?

- Azərbaycan tarixinin ən çox araşdırılan dövrlərindən biri məhz Xalq Cümhuriyyəti ilə bağlıdır. AMEA-nın Tarix İnstitutu bununla əlaqədar bir neçə cildlik əsərlər nəşr edib. Eyni zamanda bu dövrlə bağlı xeyli sayda doktorluq, namizədlik işi müdafiə olunub, həmçinin sanballı monoqrafiyalar yazılıb. O dövr o qədər mürrəkəb, gərgin idi ki, onun hər günü üçün böyük elmi araşdırmalar aparıla bilər. O cümlədən  Xalq Cümhuriyyəti parlamentinin fəaliyyəti, qəbul etdiyi qanunlar da ciddi elmi araşdırmalar mövzusudur.

Sovetlər hakimiyyəti dövründə Xalq Cümhuriyyətinin tarixi qapanmış səhifə idi. Tarix kitablarında cümhuriyyətin adı çəkilmirdi, yalnız bəzi mənbələrdə «Müsavat hökuməti»nin adı çəkilib. Amma 1990-cı ildən sonra bu səhifələr açılmağa başladı. Cümhuriyyət dövründə Xasməmmədovun rəhbərlik etdiyi komissiyanın azərbaycanlıların soyqırımı ilə bağlı apardığı təhqiqat sənədləri bugünümüz üçün çox aktualdır. Biz ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı ilə bağlı bu sənəddən ən böyük mənbə kimi istifadə edirik.

Xalq Cümhuriyyəti cəmi 23 il yaşasa da, onun tarixi tükənzədir, bundan sonra da uzun illər öyrəniləsi bir tarixdir. Hesab edirəm ki, Prezident İlham Əliyevin məlum qərarı isə bu baxımdan tarixçilərimizə əlavə stimul verəcək.