YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Dövlətin gənclərə dəstək və diqqəti Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini daha da artırıb

Müsahibimiz YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov

-  Seymur  müəllim, hər il 2 fevral tarixi ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasəti mütərəqqiliyi ilə fərqlənir.  Gənclərin yüksək diqqət və qayğı ilə əhatə olunması, eləcə də onların potensialından səmərəli istifadə olunması dövlət gənclər siyasətinin əsasını təşkil edir.  Bu barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinə hər zaman qayğı ilə yanaşırdı. Öz növbəsində, Azərbaycan gəncliyi də Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirir.

Bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.

Bilirsiniz ki, Azərbaycanda gəncliyin inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir.

Dövlət başçısının Sərəncamı ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramı təsdiq edilərək həyata keçirildi. Eləcə də, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu bir daha təsdiqlədi.

Bununla yanaşı, ölkə Prezidenti tərəfindən Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də əhəmiyyətli addımlardandır. Xüsusilə qeyd etmək istəyirəm ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da gənclər üçün böyük perspektivlər açır. Təbii ki, bütün bunlarda məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Hesab edirəm ki, gənclər öz fəaliyyəti ilə dövlətin göstərdiyi etimadı doğrultmalıdırlar.

- Yeni Azərbaycan Partiyasının gənclər siyasəti haqqında fikirlərinizi bilmək istərdik. Partiyamız  gənclərin inkişafı üçün nə kimi addımlar atır?

- Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası ölkəmizin və regionun  ən güclü siyasi qüvvəsidir. Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən dövrdə şərəfli bir yol keçib, ümumxalq partiyasına çevrilib.  Bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyamız daha da inkişaf edir, güclənir. Təsadüfi deyil ki, hazırda YAP Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir. 

Xüsusilə qeyd etməliyəm ki,  Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına yüksək diqqət yetirir. Həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstək verilməsi, onlar üçün geniş imkanların yaradılması buna əyani sübutdur. Təbii ki , partiyamızda gənclərin öz bilik və bacarıqlarının üzə çıxarılması üçün geniş imkanlar yaradılıb. Partiya rəhbərliyi intellektual, fəal gənclərin bir çox təşəbbüslərini dəstəkləyir və onların cəmiyyət həyatında daha aktiv iştirak etməsi hərtərəfli dəstək göstərir. Bütün bunlara görə, Azərbaycan gəncliyinin mütləq əksəriyyəti öz siyasi talelərini YAP-la bağlayırlar. Hazırda partiyada gənclərin təmsilçiliyi 40 faizə qədərdir. Bu gün partiyamızın üzvlərinin sayı 700 min nəfərdən çoxdur və yeni qoşulanların əksəriyyəti də məhz gənclərdir.

- YAP Gənclər Birliyi daim ən müxtəlif mövzularla bağlı layihələr həyata keçirir. Bu baxımdan, ötən il təşkilatın fəaliyyətində əsas istiqamətlər nədən ibarət oldu?

- Hər il olduğu kimi 2017-ci ildə də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi əsas fəaliyyət istiqamətini ölkə Prezidentinin siyasi xəttinə dəstək, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması, ölkə gənclərinin sosial mühitə adaptasiyası, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində quraraq, il ərzində onlarla tədbir keçirib.

Belə ki, hər zaman olduğu  kimi ötən il də partiyamızın Gənclər Birliyi Azərbaycan xalqı üçün həssas günlərdə olduqca tədbirli davranmış, xalqımızın başına gətirilən faciələri istər ölkə gənclərinə, istərsə də dünya ictimaiyyətinə çatdırıb. 20 yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar olaraq, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin minlərlə üzvü  Şəhidlər Xiyabanını ziyarət edərək, şəhid məzarları üzərinə tər qərənfillər  qoyublar. Eyni zamanda Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “20 Yanvar - Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilib.

Eyni zamanda, Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar YAP Gənclər Birliyi Zirə Mədəniyyət  Mərkəzində tədbir keçirib. Belə ki, tədbirdə YAP Gənclər Birliyinin təşkilatçılığı ilə ərsəyə gətirilən "Xocalı" müsiqili-kompozisiyasının təqdimatı olub. Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinin bərpa prosesində YAP Gənclər Birliyinin üzvləri inşaat dəstələri yaradaraq, həmin kəndə səfər etmiş və bu prosesə də öz töhfələrini vermişlər.

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi gənclərin vətənpərlik ruhunun yüksəldilməsi, döyüş bacarıqlarının artırılması istiqamətində müxtəlif tədbirlər də  həyata keçirib. Belə ki,  Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin  “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” ilə  birgə  təşkil etdiyi və  aprel döyüşlərinə həsr olunmuş “Qələbədən Qələbəyə” adlı atıcılıq turniri,gənclərin vətənpərvərlik ruhunun artırılması istiqamətində atılmış praktiki addım idi. Eləcə də, “Qələbə yürüşü” keçirilib.

Hər il olduğu kimi ötən il də YAP Gənclər Birliyinin əsas fəaliyyət istiqamətlərindən birini Ulu öndər Heydər Əliyevin siyasi və mənəvi irsinin gənclər arasında təbliği tutmuşdur. Bu yöndə YAP Gənclər Birliyinin BSU-da keçirdiyi «Heydər Əliyev və Azərbaycan gəncliyi» mövzusunda elmi konfransı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin   Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə təşkil etdiyi Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Sağlam Gələcək" adlı velosiped turnirini,  YAP GB-nin təşkilatçılığı ilə Milli Məclisdə “Heydər Əliyev milli parlamentimizin banisidir” mövzusunda “dəyirmi masa”nı, partiyamızın bir qrup gənc üzvünün Heydər Əliyev adına neft emalı zavoduna etdiyi ekskursiyanı, Heydər Əliyev Mərkəzinə təşkil olunan ekskursiyanı, 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbirləri və s. qeyd etmək olar.

- Seymur müəllim, müasir dövrdə,  qloballaşma şəraitində hər bir cəmiyyətin qarşısında duran başlıca vəzifələrdən biri milli-mənəvi dəyərlərin qorunub saxlanması və müasir dəyərlərlə sintez olunmasıdır. Bu baxımdan, gənclərin qarşısında nə kimi vəzifələr dayanır?

- Hər bir cəmiyyətin dinamikliyini qiymətləndirirəkən gənclərin potensialının necə səfərbər olunmasına, onların müasir qlobal çağırışlara hansı səviyyədə cavab verməsinə xüsusi diqqət yetirilir. Cəmiyyətin ən dinamik təbəqəsi olan gənclər siyasi, iqtisadi, humanitar, mədəni və digər çağırışlara cavab verməklə həm beynəlxalq inteqrasiya prosesinə mühüm töhfələr verirlər, həm də cəmiyyət daxilində sabitliyin, təhlükəsizliyin, ahəngdarlığın təmin olunmasına xüsusi rol oynayırlar. Gənclərin qlobal çağırışlara adekvat cavab verməsi məsələsindən bəhs edərkən, ilk növbədə, müasir dövrdə qarşıya çıxan çağırışların  xarakteristikasına, mahiyyətinə diqqət yetirmək lazımdır.

Qeyd etdiyiniz kimi, müasir dövrdə,  qloballaşma şəraitində hər bir cəmiyyətin qarşısında duran başlıca vəzifələrdən biri milli-mənəvi dəyərlərin qorunub saxlanması və müasir dəyərlərlə sintez olunmasıdır. Çünki qloballaşma prosesinin geniş vüsət aldığı indiki dövrdə milli-mənəvi dəyərlərin sıradan çıxması və ya “dəyərsizləşmə” sindromunun meydana çıxdığı müşahidə edilir. Belə olan halda, milli dəyərlərin qorunması və bunun əsasında gənclərin inkişafı və tərbiyəsinin təmin edilməsi strateji bir zərurətə çevrilir. Bu məsələnin Azərbaycan təcrübəsinə gəlincə, dövlətin yüksək səviyyəli diqqət və qayğısının fonunda mütəmadi olaraq inkişaf edən Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin mənimsənilməsində, həm də təbliğində aktiv - dinamik təbəqə kimi çıxış edir. Əlbəttə, burada mədəniyyətin, tarixi dəyər və zənginliklərin beynəlxalq miqyasda təbliğ olunması da mühüm istiqamətlərdən biridir. Əsas məsələ isə budur ki, Azərbaycan gəncliyi bu kontekstdə dövrün tələb və reallıqlarına uyğun surətdə çevik və səmərəli fəaliyyət mexanizmi ilə milli inkişafa töhfələr verməlidir.