YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Dünyanın siyasi səhnəsində söz sahibi olan təşkilatlarla əməkdaşlıq Azərbaycan üçün çox faydalıdır

Müsahibimiz Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev

- Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 12 ili tamam oldu. Sizcə, Dövlət Komitəsi  bu illər ərzində qarşıya qoyulmuş əsas məqsədlərinə nə dərəcədə nail ola bilib?

- Diasporla İş üzrə Dövlət Komitəsi dünyaya səpələnmiş azərbaycanlıların təşkilatlanması zərurətindən meydana gəldi. 1993-cü ildə ümummillli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılması, diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi bu sahədə xüsusi dövlət qurumunun yaradılması ilə nəticələndi. Hesab edirəm ki, bu illər ərzində əsas məqsədlərdən birinə - azərbaycanlıların təşkilatlanmasına nail olundu. Dünya Azərbaycanlılarının qurultayları keçirildi, onların əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirən Həmrəylik Xartiyası qəbul olundu, türkdilli ölkələrin diaspor təşkilatları ilə də əlaqələrin qurulmasına və birgə fəaliyyət strategiyasının qəbul olunmasına müvəffəq olduq. Bütün bunları nəzərə alsaq, görərik ki, cəmi bir neçə illik tarixi olan diasporumuz bundan qat-qat artıq yaşı olan bəzi xalqların diasporundan sürətlə inkişaf edib, irəliləyib. Az bir vaxtda biz dünyadakı azərbaycanlıların birliyini təmin edə bilmişik və qarşımıza qoyulan ilkin məqsədlərə çatmışıq. Azərbaycan diasporunun təşkilatlanması işini başa vurmaqla bərabər türk xalqlarının diasporu ilə birgə fəaliyyətə nail ola bilmişik.

  Artıq Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində yeni mərhələ keçib. Təşkilatlanma mərhələsini arxada qoymuş diasporumuz daha yüksək, akademik  fəaliyyət dönəminə qədəm qoyur. Ötən bu illər ərzində diasporun keyfiyyət tərkibi də dəyişib. Əvvəllər Avropada yenicə köçüb getmiş, hələ özlərinin yaşayış problemlərini həll etməyə cəhd göstərən azərbaycanlıların yeni nəsli artıq həmin ölkələrin tamhüquqlu vətəndaşlarıdır ki, onlar da öz fəaliyyətlərində Azərbaycanın tanıdılması üçün böyük rol oynayır.

  Dövlət Komitəsinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və nüfuzlu Madrid Klubu ilə birgə ötən il və bu il  təşkil etdiyi iki böyük beynəlxalq forumu xüsusi qeyd etmək istərdim. Bilirsiniz ki, Madrid Klubu dünyanın çox nüfuzlu siyasi liderlərini birləşdirən bir təşkilatdır. Hesab edirəm ki, belə nüfuzlu və dünyanın siyasi səhnəsində söz sahibi olan təşkilatlarla əməkdaşlıq Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi və dostlar qazanması baxımından çox faydalıdır.

  - Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü işləri necə qiymətləndirərdiniz?

Azərbaycan diasporunun məqsəd və vəzifələrinin əsas hədəfi əlbəttə ki, ilk növbədə Qarabağ münaqişəsinə və azərbaycanlıların tarix boyunca erməni təcavüzünə uğramasına ədalətli beynəlxalq qiymətin verilməsinə hesablanıb. Hədəflərimizə çatmaq üçün isə ardıcıl olaraq ermənilərin Qarabağ müharibəsində törətdiyi vəhşiliklərin, xüsusən Xocalı soyqırımının və əsrlərdir erməni millətçilərinin apardığı etnik təmizləmə siyasətinin mahiyyətini dünya ictimaiyyətinə çatdırmağa çalışırıq. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də digər dövlət qurumlarının dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız ildən-ilə təbliğat işini daha da gücləndirir. Bunun nəticəsi olaraq Xocalı soyqırımını tanıyan ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların sayı da artır. Artıq ABŞ-ın 12 ştatı Xocalıda baş verənləri soyqırım kimi qəbul edir. Ötən il Ağ Evin rəsmi saytında petisiyanın yerləşdirilməsi, qısa müddətdə 125 mindən çox imza toplanması Azərbaycan diasporunun fəaliyyətinin nəticəsi idi.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” kampaniyası bu sahədə görülən işləri daha da sürətləndirib, səmərəsini artırıb. Bundan başqa, diaspor təşkilatlarımız hər il dünyanın bir çox ölkəsində Xocalı soyqrımı ilə bağlı müxtəlif aksiya və tədbirlərlə yerli ictimaiyyətin diqqətini bu hadisəyə yönəltməyə çalışırlar.

- Azərbaycan diasporunun türkdilli diaspor təşkilatları ilə əməkdaşlığı hansı səviyyədədir və bu işbirliyinin gücləndirilməsi üçün daha hansı addımların atılması nəzərdə tutulub?  

- Ümumiyyətlə, türkdilli ölkələrlə münasibətlərin inkişafı hər zaman Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Məhz bu siyasətin nəticəsidir ki, Bakı indiyəcən türkdilli ölkələrin diaspor qurumları və təşkilat rəhbərlərini bir araya gətirən bir neçə toplantıya ev sahibliyi edib. Bakıda ötən il iki böyük tədbir - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor qurumlarının rəhbərlərinin toplantısını və diaspor təşkilatları rəhbərlərinin forumu keçirildi. Bu tədbirlər türkdilli xalqların diasporunun birgə fəaliyyəti, xüsusilə də türkdilli xalqları narahat edən məsələlərin dünya ictimaiyyətinə çatdırılması və müəyyən məsələlərin həlli baxımından əhəmiyyətli olub. Bu istiqamətdə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan diasporunun birgə fəaliyyətini təmin etmək məqsədilə ortaq fəaliyyət strategiyası qəbul olunub. Təbii ki, bizim ən ağrılı məsələmiz olan Qarabağ probleminin həllində, o cümlədən ermənilərin Azərbaycan ərazilərində, xüsusilə də Xocalıda törətdiyi qətllərin, insanlığa sığmayan vəhşiliklərin dünyada qəbul edilməsində bu cür birliyin böyük əhəmiyyəti var. Xocalı soyqırımının tanıdılması məqsədilə Avropa ölkələrində, Amerikada keçirdiyimiz tədbirlərin bir çoxunda türk diasporunun dəstəyini görürük. Artıq azərbaycanlıların demək olar bütün təbliğat xarakterli tədbirlərində, aksiyalarda, türkdilli ölkələrin bayraqları görünür. Hazırda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin diasporunun beynəlxalq arenada mövqeyini daha da  gücləndirmək və yaşadıqları ölkələrdə təsir dairəsini artırmaq üçün koordinasiya mərkəzlərinin qurulması prosesinə başlanılıb. İlk mərkəzlərin Berlin, Paris və Vaşinqtonda açılması planlaşdırılıb, sonra isə daha səkkiz ölkədə belə mərkəzin qurulması gözlənilir. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının ötən ay Bodrumda keçirilmiş 4-cü zirvə toplantısındakı çıxışında da Prezident İlham Əliyev türkdilli ölkələrin diaspor təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində önəmli addımlar atıldığını xüsusi vurğulamışdı.

- Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi diqqət ayırdığı məsələlərdən biri də Gürcüstandakı azərbaycanlılarının problemləri ilə bağlıdır. Bu istiqamətdə Dövlət Komitəsi tərəfindən hansı işlər görülür və nəticələr nədən ibarətdir?

- Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məsələ hər zaman ölkə rəhbərliyinin və komitənin diqqətindədir. Gürcüstan hökuməti də bu problemlərin həlli istiqamətində addımlar atıb. Ancaq təbii ki, bu problemlər uzun illər ərzində yığılıb qalmış, SSRİ-nin süqutundan sonra yaranmış situasiyanın doğuruduğu fəsadlardır. Soydaşlarımızın orada torpaqla təmin olunmasından tutmuş təhsil sahəsinə qədər çox problemləri var və bunlar 1-2 il ərzində həll olunası problemlər deyil. Ağır problemlərdi, inanırıq ki, Gürcüstan hökuməti ilə sıx əməkdaşlıq şəraitində bu problemlər həllini tapacaq.

Dövlət Komitəsi azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasına dəstək vermək məqsədilə 2007-ci ildən başlayaraq çox böyük bir layihə həyata keçirir. Gürcüstanın azərbaycanlılar yaşayan regionlarında məhz bizim soydaşlarımız üçün "Gürcü dili" kursları açılıb və bir neçə ildir ki fəaliyyət göstərir. Hər cür dərs vəsaiti, lüğət və digər zəruri materiallarla təmin olunan bu kursların açılması ilə Gürcüstanın ali məktəblərinə qəbul olunan azərbaycanlıların sayında nəzərə çarpacaq artım müşahidə olunmağa başladı. Təkcə 2010-2011-ci tədris ilində Gürcüstan ali məktəblərinə qəbul olmuş 458 tələbənin 350-dən çoxu “Gürcü dili” kurslarının dinləyiciləri idi. Müqayisə üçün deyim ki,  əvvəlki illərdə bu rəqəm cəmi 20 nəfər olurdu ki, bunun da səbəbi gənclərin böyük əksəriyyətinin dövlət dilini bilməməsi ilə bağlı idi Biz bu problemin xeyli dərəcədə həllinə nail olduq. Hazırda Gürcüstanın ali məktəblərində 1600-dən çox tələbə təhsil alır. Diqqət yetirdiyimiz əsas məsələ Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətinə inteqrasiyasına nail olmaqdır. Çünki, yalnız cəmiyyətə inteqrasiya etmiş, vətəndaşı olduğu dövlətin dilini, qanunlarını bilən bir toplum öz hüquqlarını qoruya, normal yaşam şərtlərini təmin edə bilər.

- Az öncə qeyd etdiyiniz kimi, Diasporla İş üzrə Dövlət Komitəsi artıq yeni mərhələyə qədəm qoyub. Maraqlıdı, yeni mərhələdə qurumun qarşısında duran əsas hədəflər hansılardır?

- Əlbəttə, Azərbaycan diasporu artıq yeni bir mərhələdədir. Amma  2008-ci ildə qəbul olunmuş Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında əsas fəaliyyət istiqamətləri ilə bağlı bir çox müddəa var ki, hələ də bizim üçün aktualdır. Məsələn,  Azərbaycan həqiqətlərinin təbliğində müasir informasiya texnologiyalarının tətbiqi, xaricdəki azərbaycanlıların inteqrasiyasının sürətləndirilməsi, digər xalqların diasporları ilə əməkdaşlığın inkişaf etdirilməsi, türk dünyasının birliyi ideyalarının yayılması və həyata keçirilməsi, lobbi quruculuğu.

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının III qurultayındakı çıxışında xarici ölkələrdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığının yüksəldilməsi, Azərbaycan diaspоrunun iqtisadi və maliyyə gücünün artırılması kimi bir sıra tövsiyələr verib. Bu prioritetlərin reallaşması üçün Dövlət Komitəsi lazımi tədbirləri həyata keçirir, diaspor təşkilatlarının artıq mümkün olduğu qədər akademik fəaliyyət istiqaməti götürməsi, lobbiçiliyin qurulmasında aktiv iştirakı məsələlərinə xüsusi diqqət ayırır. Azərbaycanlı ziyalıların diaspor quruculuğu işinə aktiv cəlb olunması məsələsi də gündəmimizdədir. Elə bu məqsədlə qarşıdakı aylarda Dünya Azərbaycanlı ziyalılarının forumunu keçirməyi planlaşdırırıq.