YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ölkəmiz multikultralizm və tolerantlığın mərkəzinə çevirilib

Müsahibimiz Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov

- Mehman müəllim,sivilizasiyalararası dialoqa böyük töhfələr verən Azərbaycan eyni zamanda, dünyada tolerant ölkə kimi tanınır.

- Sivilizasiyalararası münasibətlər və dialoq, eləcə də tolerantlıq mühitinin formalaşması üçün müəyyən amillər olmalıdır. Azərbaycanda tarixən həm coğrafi baxımdan, həm də sosial-mədəni cəhətdən həmin amillər mövcud olub. Belə ki, coğrafi baxımdan tarixi İpək Yolunun üstündə və Şərqlə Qərbin kəsişdiyi yerdə yerləşməyimiz, sosial-mədəni cəhətdən isəərazimizdə bir çox dinlərin mövcud olması, mədəniyyətlərin qurulması sivilizasiyalararası dialoq və tolerantlıq mühitin yaranmasına gətirib çıxarmışdır. Ənənə şəklində nəsillərdən nəsillərə ötürülən bu mühit bu gün artıq müstəqil və müasir Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən biridir. Dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində mədəniyyətlər və dinlərarası qarşıdurmaların artdığı dövrümüzdə müxtəlif mədəniyyətlərin qovşağında yerləşən müstəqil ölkəmiz multikultralizm və tolerantlığın mərkəzinə çevirilib. Öz ənənə və dəyərlərini qoruyaraq müasir dünyaya inteqrasiya edən ölkəmiz üçün bu siyasət mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsində biz həm öz tarixi mirasımıza sahib çıxır, həm də dünyada sülh, mədəniyyətlər və dinlərarası dostluq münasibətlərinin inkişafında aktiv rol oynayırıq.

- Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir.  Bu dəyərlərin qorunması və təbliğ edilməsinin əhəmiyyəti nədən ibarətdir?

- Milli-mənəvi dəyərlərimiz bizi biz edən, bizim bir xalq kimi kimliyimizi təsdiqləyən vəsiqəmizdir. Bir xalqın və ya bir ölkənin digər xalqlar və ölkələr arasındakı yeri həm də onun milli-mənəvi dəyərləri ilə ölçülür. Xalqımız zəngin dəyərlərə sahibdir. Bu dəyərlərin qorunması və təbliği əlbəttə ki, çox mühüm məsələdir. Hər şeydən əvvəl bu bizim milli kimliyimiz, varlığımız və mədəniyyətimizlə bağlıdır. Dəyərlərimizi qorumaq kimliyimizi qorumaq, onları təbliğ etmək isə mədəniyyətimizin təbliği deməkdir. Müasir dünyada kimliklərin, mədəniyyətlərin və dəyərlərin təbliği və tanıdılması üçün imkanlar daha genişdir və biz bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik.  

- Bu yaxınlarda Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətə başlamasının 1 ili tamam oldu. Məlumdur ki, Fondun əsas vəzifələrindən biri müxtəlif sosial layihələrin həyata keçirilməsindən ibarətdir. Fond bu istiqamətdə nə kimi işlərə imza atıb və qarşıda hansı vəzifələr dayanır?

- Fond 2018-ci ilin əvvəllərindən başlayaraq fəaliyyət göstərməyə başlayıb. Fondun gördüyü ilk işlərdən biri dini qurumların vətəndaşların dini etiqad azadlığınının təmin olunması sahəsində fəaliyyətlərinin həyata keçirilməsinə dəstək olmuşdur. Belə ki,  Qafqaz Müsəlmanları İdarəsinin rəsmi müraciətinə əsasən QMİ tərəfindən rəsmi təyin olunan bütün imam, imam müavini və mütəvəllilərə aylıq maddi dəstək verilməkdədir. Hazırda Azərbaycanın hər bir bölgəsində fəaliyyəyt göstərən və QMİ tərəfindən rəsmi təyin olunan 1060-dan yuxarı din xadiminə Fond tərəfindən hər ay maddi dəstək göstərilir. Biz mənəvi dəyərlərimizin təbliği, dini  maarifləndirmə işinə geniş yer ayırırıq. Yerlərdə bu mövzularda çoxsaylı seminar və müşavirələr təşkil etmişik və bu tədbirlər hal-hazırda da davam edir. Eyni zamanda Fond tərəfindən dini icmaların dini radikalizm, dini fanatizm və xurafat əleyhinə layihələri də maliyyələşdirilir.

Fondun sifarişi ilə mənəvi dəyərlərimizi təbliğ edən sənədli filmlər  və video çarxlar hazırlanır. İlin sonunadək mənəvi və dini dəyərlərimzilə bağlı mütəxəsisslərimiz tərəfindən yazılan müxtəlif kitab və kitabçalarımız nəşr olunacaqdır. ASAN radioda hər həftə Fondun maliyyələşdirdiyi “Mənəvi dəyərlərimiz” adlı veriliş efirə gedir.

Bu il Ramazan ayında respublikamızın müxtəlif bölgələrində şəhid ailələri və Qarabağ əlilləri üçün iftar süfrələri təşkil olunub, Ramazan və Qurban bayramlarında bəzi şəhid ailələrinə ərzaq yardımları göstərilmişdir. Sentyabr ayında Fondumuz tərəfindən Bilik Fondu ilə birgə cəbhəyanı bölgədə (Cocuq Mərcanlı, Fizuli, Ağdam, Tərtər, Laçın, Ağcabədi rayonlarında) məktəbə gedəcək 100 nəfər birinci sinif şagirdinə məktəbli forması və çantalar hədiyyə olunub. Hal-hazırda jurnalistlər arasında mənəvi dəyərlərimizlə bağlı müsabiqə təşkil etmişik və bu müsabiqə noyabr ayının sonunda başa çatacaq. İlin sonunadək müxtəlif istiqamətlərdəki layihə və tədbirlərimiz davam edəcək.

Gələn il fəaliyyətlərimizi daha da genişləndirmək istəyirik. Aidyyatı qurum və təşkilatlarla birgə fəaliyyətdə maraqlıyıq. Ailə, dini, əxlaqi, ictimai və s. dəyərlərimiz, adət-ənənələrimiz, tarixmiz və digər sahələrdə layihələr həyata keçirməyi düşünürük. 

- Bu gün gənc nəsil arasında mənəvi dəyərlərimizin təbliği cəmiyyətimiz düşündürən aktual məsələlərdən biridir. Mənəvi Dəyərlərin Təbliği Fondu bu istiqamətdə nə kimi layihələr həyata keçirməyi nəzərdə tutur?

- Gənclərin milli ruha sahib və müasir düşüncəyə malik olmaları çox vacibdir. Milliliyə bağlı qalaraq müasirləşmək  lazımdır. Fondumuzun fəaliyyətində gənclər arasında dəyərlərimzin təbliği mühüm yer tutur. Biz bu il Azərbaycanın müxtəlif bölgələrindən olan Fondumuzun könüllüləri üçün Yay Məktəbi təşkil etdik. Burada gənclərə milli-mənəvi dəyərlərimizlə bağlı müxtəlif mühazirələr oxundu. Tarixi abidələrimizi ziyarət etdik.  Bakıda, digər şəhər vərayonlarda gənclərimizin iştirakı ilə çoxsaylı seminar və konfranslar keçiririk. Həmin tədbirlərə ekspertlər cəlb olunur və onlar eyni zamanda gənclərin mövzuyla bağlı suallarını cavablandırırlar. Həmçinin Təhsil Nazirliyi ilə birgə Bakı məktəbliləri arasında mənəvi dəyərlərimiz mövzusunda inşa-yazı müsabiqəsi təşkil etdik. Gələcəkdə gənclərlə bağlı daha maraqlı layihələr həyata keçirmək niyyətindəyik.

- Mehman müəllim, bildiyimiz kimi Azərbaycan mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir neçə gün öncə VI Bakı Beynəlxalq Humanitar Forumu da buna sübutdur. Sizcə, bu tipli mötəbər beynəlxalq tədbirlər mənəvi dəyərlərimizin təbliğində nə dərəcədə rol oynayır?

- Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin sayı ildən ilə artmaqdadır. Bir müddət əvvəl təşkil olunan VI Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın bu sahədə getdikcə artan əhəmiyyətini göstərir.Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbyacan beynəlxaq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevirilmişdir. Bu cür beynəlxalq tədbirlərin keçirilməsi bizim ən böyük mənəvi dəyərlərimizdən biri olan müstəqilliyimizin təzahürüdür. Ölkəmizdə beynəlxalq konfranslar, forumlar və digər tədbirlərin keçirilməsi müstəqilliyimizin daha da möhkəmləndiyini və inkişaf etdiyini göstərir. Belə tədbirlər həm də xalqımıza məxsus dəyərlərin dünyada daha çox tanınmasına xidmət edir. Biz bu tədbirlər vasitəsilə öz dəyərlərimizi də dünya ictimaiyyətinə çatdırmaq imkanı əldə edirik. Bu sahədə aparılan uğurlu işlər ölkəmizə olan marağın hər keçən gün artmasına səbəb olur.