YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanda ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilir

Müsahibimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

-Hicran xanım, bu gün Azərbaycan dünya miqyasında dinamik inkişaf edən ölkələrdən biridir. Bütün sahələr üzrə böyük uğurlar əldə olunub. Bu baxımdan, rəhbərlik etdiyiniz Dövlət Komitəsinin fəaliyyəti və əldə etdiyi nəticələr haqqlnda fikrilərinizi bilmək istərdik... 

-Müasir Demokratik Azərbaycan dövlətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyev  tərəfindən qoyulmuş  prinsiplərə sadiq qalaraq bu gün hörmətli cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır. Və artıq  ölkəmiz nəinki  regionun, dünyanın lider ölkələri sırasında olmaqla bərabər, əksər regional və ya beynəlxalq layihələrin əsas tərəfdaşına çevrilib. Möhtərəm Prezidentimizin uğurlu dövlət idarəçiliyi, onun başçılığı ilə aparılan sistemli islahatlar, göstərdiyi siyasi iradə hər bir vətəndaşın rifahının yüksədilməsinə yönəlmişdir. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrdə davamlı və dinamik sürətlə inkişaf edir. İnfrastrukturun, o cümlədən, sosial infrasturkturun yaradılması, yeni müəssisələrin, texno və sənaye parklarının açılması ümumi iqtisadi inkişafla yanaşı, regionların, ən ucqar kəndlərin inkişafına təkan verir, insanların rifahını yaxşılaşdırır. Xüsusi ilə “Azərbaycan Respublikası regionlarının  sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi öz müsbət nəticələrini verməkdədir. 14 il əvvəl (2004-cü ilin əvvəllərində) qəbul edilmiş birinci proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Keçən müddət ərzində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artmış, aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün mötəbər beynəlxalq qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir.Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə 35-ci yerdədir. Azərbaycan sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi dəyərləndirilib. Dünya İqtisadi Forumu ölkəmizlə bağlı daha bir hesabatını açıqlayıb. Belə ki, Azərbaycan Dünya İqtisadi Forumunun illik "İnklüziv inkişaf indeksi - 2018" hesabatında inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutub. Bu hesabatda Azərbaycan 7 mümkün baldan dörd tam yüzdə altmış doqquz (4,69) bal toplayıb. 2018-ci ildə Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur.Yeni hesabatda 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşan Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir.  Bütün bunlar onu göstərir ki, müasir inkişaf dövrünü yaşayan Azərbaycanın imkanları genişlənir və bu, dövlətimizin dünyada nüfuzunun ildən-ilə artmasına səbəb olur.Bu gün artıq Azərbaycan özünü dünya miqyasında müstəqil siyasət aparan ölkə kimi təqdim edir. Bunun təməlində Cənab Prezidentin  və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ümummilli Lider Heydər Əliyevin ideyalarına, irsinə olan sadiqlik, güclü siyasi iradə, gərgin əmək,  yüksək şəxsi keyfiyyətlər, xalqla sıx təmas dayanır. Qeyd etmək lazımdır ki, bu uğurlarda digər dövlət qurumları ilə yanaşı, Komitəmizin də mühüm töhfələri olub. Və bu da bizim   həm iş yükümüzü,  həm də məsuliyyətimizi artırır. Demək olar ki, qəbul olunan bütün qanunvericilik aktlarda, dövlət proqramlarında  Komitənin üzərinə düşən öhdəliklər var.  Və bu o deməkdir ki, Komitənin fəaliyyətinə xüsusi önəm verilir. Əlbəttə ki, biz də öz işimizlə bunu bir daha təsdiqləməliyik.

Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqların müdafiəsi istiqamətində bir sıra mühüm qanunlar qəbul edilmiş və bu sahədə davamlı islahatlar aparılmışdır. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan vermişdir.Qeyd edim ki, ölkə başçısının Sərəncamları ilə təsdiq edilən Gələcəyə Baxış İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən, eləcə də Strateji Yol Xəritəsindən irəli gələrək, ailə institutunun daha da gücləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların, uşaqların   hüquqlarının müdafiəsi üçün  geniş imkanlar yaranmışdır.

Ölkə rəhbərliyinin böyük dəstəyi ilə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq ailə, qadın və uşaqlarla bağlı bir çox məsələlər öz real həllini tapıb.Dünyada risklərin, təhlükələrin artdığı, qanlı münaqişələrin, hərbi qarşıdurmaların geniş vüsət aldığı bir şəraitdə Azərbaycanda insanlar üçün sabitlik, təhlükəsizlik şəraiti təmin edilmişdir. Bu gün təhlükəsizlik və ictimai asayiş baxımından Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Ölkə başçısının yürütdüyü siyasət Azərbaycan xalqının maraqları üzərində qurulub və  bu maraqları təmin etmək üçün  bütün imkanlar səfərbər olunur. Çox önəmli faktdır ki, hər il ölkəbaşçısının imzaladığı fərman və sərəncamların 65 faizi məhz sosialyönümlüdür. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial  problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Bu isə insanların bütövlükdəcənab prezident İlham Əliyevin siyasətinə və sözünə olan inam və etimadını daha da gücləndirir. Nəticədə xalqla hökumətin sıx birliyi yaranmışdır.   

Əhalinin yarısını, bəzi ölkələrdə isə hətta yarıdan çoxunu qadınlar təşkil etdiyindən yeni inkişaf gündəliyi, məhz  qadın hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə əsaslanıb.  Azərbaycanda hər zaman qadının ailədə, işdə, həm də cəmiyyətdəki layiqli yer tutması dövlətimizin prioritet sahəsidir.Qadınlarımız, gənc qızlarımız dövlətin yaratdığı bütün imkanlardan yararlanır, sərbəst təhsil alır, peşə səviyyəsini  artırır, ictimai-siyasi proseslərdə iştirak edir, siyasət, sahibkarlıq kimi sahələrdə də geniş təmsil olunurlar. Səhiyyədə, təhsildə, elmdə, orduda, idmanda, milli təhlükəsizlik və hüquq mühafizə orqanlarında çalışırlar. Bu isə Azərbaycan Hökuməti və Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən aparılan güclü dövlət qadın  siyasətinin  məntiqi nəticəsidir.

-Hazırda qadın sahibkarlığının inkişafı da diqqət mərkəzindədir. Bu barədə nə deyə bilərsiniz?

- Bu gün qarşımızda dayanan əsas məqsədlərdən biri qadın sahibkarlığının inkişafıdır.Bununla əlaqədar olaraq bir sıra mühüm tədbirlər keçirilib, memorandumlar imzalanıb. 2018-ci ilin iyul ayında  Bakıda  “İşgüzar Qadınlar” Assosiasiyası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində “Qadın Sahibkarlığı: inkişaf perspektivləri və əməkdaşlıq "mövzusunda dəyirmi masa ətrafında müzakirələr aparılıb. Daha sonra əməkdaşlıq memorandumu imzalanıb. Həmin ilin sentyabrında Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində “Qadın sahibkarlığının inkişafında ikitərəfli əməkdaşlığın perspektivləri” mövzusunda xüsusi sessiya  keçirilib. Bu tədbirin sonunda da əməkdaşlıq memorandumu imzalanıb. Bu sənədin əsas məqsədi regionlararası qadın sahibkarlığının inkişafı, ikitərəfli işbirliyinin qurulması idi. Oktyabr ayında isə Rusiya Federasiyasının Həştərxan vilayətində “Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” biznes forum keçirildi.

Nəzərinizə çatdırım ki, iki dövlət arasında biznes və işgüzar əlaqələrin qurulmasına yönəldilmiş və 30 - a qədər  azərbaycanlı sahibkar qadın bu Forumda iştirak etmişdir. Bizim məqsədimiz odur ki, sahibkar qadınlarımız daha da inkişaf etsinlər,  yeni bazarlara çıxış imkanlarına malik olsunlar,öz işlərini daha da genişləndirsinlər. Buna görə də çox vacibdir ki, həm yerli, həm də beynəlxaq səviyyədə  əlaqələr qurulsun, şəbəkələr yaradılsın. Bu məsələləri biz bütün səviyyələrdə qaldırırıq. Azərbaycan 2012-ci ildən BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupuna sədrlik edir.2018-ci ildə Qazaxıstanda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun iclası və BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə SPECA İqtisadi Forumunda da bu məsələlər müzakirə olunmuşdur. Qeyd edim ki, bir sıra layihələrimiz Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNICEF),  Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Miqrasiya Təşkilatı (İOM), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) dəstəyi ilə reallaşır. Nə üçün qadın sahibkarlığının inkişafı və xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı bu qədər önəmlidir. İlk növbədə qadınlar əhalinin yarısını təşkil edir və onların arasında məşğulluğun artırılması çox vacibdir.Bunun üçün isə qadın “iş axtaran” statusdan “iş yerləri yaradan” statusa keçməlidir. İkincisi, qadının  iqtisadi cəhətdən güclü olması onun zorakılığa məruz qalma riskini azaldır. Üçüncüsü isə, ölkədə ömür uzunluğunun artması əmək qabiliyyətli yaşda olan insanlar üçün müəyyən çətinliklər yarada bilər. Bunlardan ən başlıcası əhalinin ömür boyu təhsil almaq və yeni  peşəyə sahib olmasıdır. Strateji Yol Xəritəsi də insanların özünü reallaşdırması üçün imkanların genişləndirilməsini nəzərdə tutur.  Buna görə də əhalinin, əsasən də qadınların peşə təhsilinin gücləndirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması aktualdır. Qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Artıq bizdə belə bir təcrübə var ki,  sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar üçün imkanlar yaradıldıqda və onlara stimul verdikdə çox müsbət nəticələrə nail olmaq mümkündür. Və bu gün fəaliyyət göstərən Qadın Resurs Mərkəzləri eyni zamanda, 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri  buna əyani misaldır. Qeyd etmək lazımdır ki, 2018-ci ildə  biz Qadın Resurs Mərkəzlərinin sayını 8 - ə çatdırmışıq. Bu Mərkəzlər Qusar, Zaqatala rayonları və Bakının Xəzər rayonlarında yaradılıb. Ümumiyyətlə, 2011-2018-ci illər ərzində təlim və tədbirlərdə iştirak edən qadınların və gənclərin sayı 5 500 nəfər olub. Keçən dövrdə 102 qadın sahibkarlıq fəaliyyətinə başlayıb, 50-ə yaxın qadın əlavə işlə təmin edilib.Regional Uşaq və Ailələrə Dəstək Mərkəzlərin fəaliyyəti gündən-günə genişlənir və yerli əhali real nəticələri görür. İl ərzində Mərkəzlərin fəaliy­yətindən iyirmi mindən çox (20 748) vətəndaş  bəhrələnmişdir. Ümumilikdə 6 il ərzində Mərkəz fəaliyyətindən 110385 nəfər faydalanmışdır. Buna görə də Mərkəzlərin fəaliyyətini təkmilləş­dir­mək məqsədilə əməkdaşların peşəkarlığının artırılması ilə yanaşı, maddi-texniki bazası da intensiv şəkildə möhkəmləndirilir. 2018-ci ildə  daha bir Mərkəzin Zaqataladakı yeni binasının açlışı olmuşdur. Bu il investisiya layihəsi çərçivəsində Goranboydakı Mərkəzin  yenidən inşası nəzərdə tutulur.Mərkəzlərin maddi-texniki bazasının gücləndirilməsi göstərilən xidmətlərin keyfiyyətini daha da artırır. Bu şərait yaratdıqlarına görə  ölkə rəhbərliyinə və İqtisadiyyat Nazirliyinə xüsusi olaraq təşəkkür edirik.

 Bu gün qızlar üçün  qapalı heç bir peşə yoxdur. Texniki, innovativ, neft sənayesi və digər sahələrdə qızlarımızın sayı artmaqdadır.  Tədqiqatların analizi də onu göstərir ki, qızlarımız dövlət sektorunda işləmək arzusundadır. Statistik rəqəmlər də onu təsdiq edir ki,qadınların 30%-i dövlət, 70%-ə qədəri isə özəl sektorda işləyir. Baxmayaraq ki, qadınlar bilik və bacarıqlarına görə kişilərdən geri qalmırlar. Lakin onlar dövlət sektorunda istənilən səviyyədə təmsil olunmayıblar. Bizdə belə bir praktika var. Dövlət qurumları yalnız qadınlar üçün işə qəbul imtahanları keçirirlər və beləliklə də, qadınların bu və ya digər sahələrdə təmsilçiliyinin artmasına nail olunur. Məsələn, Gömrük Komitəsində  2-ci dəfədir ki, belə bir imtahan keçirilir. Artıq qadınların gömrük xidmətlərində iştirak səviyyəsi 20%-ə qədər yüksəlmişdir. Bundan  həm qadınlar və onların ailələri, həm də dövlət orqanları müsbət yararlanırlar. Doğrudur, bu pozitiv diskriminasiya sayılsa da, biz çalışırıq ki, fərqi aradan qaldıraq.

-Bu gün aktual mövzulardan biri də məişət zorakılığının qarşısının alınmasıdır. Məişət zorakılğı hallarının qarşısının alınması istiqamətində nə kimi nəticələr əldə olunub?

-Bəli, aktual məsələlərdən biri də məişət zorakılığıvə gender əsaslı zorakılıq hallarının qarşısının alınmasıdır. Artıq  hamı tərəfindən qəbul edilib ki, qadın və qızlara qarşı zorakılıq qlobal sülh və təhlükəsizliyə zərbə vurur. Zorakılıq ailələri və cəmiyyətləri bir araya gətirən ictimai əlaqələri zəiflədir. Bütövlükdə ölkələrin sosial sabitliyə və iqtisadi inkişafa nail olmasına mane olur. Hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün  ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir. Bildiyiniz kimi, problemin dərindən öyrənilməsini, dərk olunmasını və onunla mübarizəni  təmin etmək üçün bütün rayonların İcra Hakimiyyətləri yanında monitorinq qrupları yaradılmışdır. Qrup üzvləri  ilə mütəmadi olaraq aparılan təlimlər, görüşlər nəticəsində qrup üzvlərinin aktivliyi müşahidə olunur. Və onlar daha  operativ şəkildə zorakılığa məruz qalan insanlara yardım edir,  zorakılığı törədən insana qarşı müvafiq tədbirlər görürlər.

Məişət zorakılığının qurbanlarının, eləcə də zorakılığı törətmiş insanların  şəxsiyyətlərinin öyrənilməsi problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artırır. Bu baxımdan zorakılığa məruz qalanların sosial-demoqrafik vəziyyətinin, zorakılıq qurbanı ilə zorakılığı törətmiş şəxs arasında qarşılıqlı əlaqənin (qohumluq, qonşuluq, dostluq və s.) eyni zamanda, viktim şəraitin səciyyəvi xüsusiyyətlərinin (yəni zorakılığın situativ və ya uzunmüddətli olması, regional xüsusiyyətləri və s.)  öyrənilməsi zəruridir.  Təhlillər göstərir ki, gender bərabərliyini daha az dəstəkləyən və xüsusilə də qadınlara qarşı zorakılıq barədə bəzi fikirlərin (məsələn, “qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir” və “bəzi hallarda qadın döyülməyə layiqdir”) tərəfdarı olan kişilər rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxslərə qarşı daha çox zorakılıq törədən şəxslərdir. Təəssüflər olsun ki, hazırda bütün dünyada hər 3 qadından 1-i öz həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. Hər il dünyada zorakılıq səbəbindən öz partnyorları və qohumları tərəfindən 1200-ə yaxın qadın ölür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir.  750 milyon qız  18 yaşına çatmamış erkən nikaha girir. Qadın və qızların yetmiş bir faizi insan alverinin qurbanına çevrilir.

Ölkəmizdəqadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılması sahəsində  qanunvericilik bazası mövcuddur və daim təkmilləşir, qadınların hüquqların müdafiəsi üçün sosial proqramlar həyata keçirilir, davamlı olaraq maarifləndirmə kampaniyaları aparılır. Lakin bütün bunlara baxmayaraq, hələ də bütövlükdə qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb. Bəzən nikaha məcbur etmə, qız qaçırma,hansısa milli adət, ənənəni, qıcqanclıq zəminində baş verən qətlləri zorakılıq kimi qəbul etmirlər. Ümumiyyətlə, biz mübarizə aparmalıyıq ki, insanların bu anlayışa münasibəti dəyişsin. 

Son onillik ərzində mütəxəssislər, tədqiqatçılar və ictimai fəallar arasında genderbərabərliyinin təşviqində kişilərin rolunun əhəmiyyəti daha çox vurğulanır. Digər tərəfdən,kişilərin gender bərabərliyinin təşviqində  tərəf-müqabili və müttəfiq kimi cəlb olunmaması qadınların və qızların bununla əlaqədar olan yükünü  daha da artır.  Bunu nəzərə alaraq, 2017-ci ildə BMT-nin Əhali Fondunun dəstəyi ilə ölkədə “Kişilərin gender bərabərliyinə münasibətinə dair”  Tədqiqat (IMAGES) aparıldı.  Bu tədqiqat kişi və qadınların gender normaları ilə bağlı təcrübəsi və bu məsələlərə dair yanaşma tərzi, gender bərabərliyi siyasətinə münasibət, qayğı göstərmə və kişilərin ata qismində iştirakı da daxil olmaqla ev təsərrüfatındakı dinamika, ailə daxili zorakılıq, sağlamlıq və iqtisadi təzyiq kimi məsələləri əhatə edən ən müfəssəl araşdırma hesab olunur. Bu tədqiqatın nəticələri adiyyatıdövlət qurumlarının məsul şəxslərinin, milliət vəkillərinin, qeyri-hökumət təşkilatlarının, tanınmış mütəxəssislərin iştirakı ilə ictimaiyyətə təqdim edilib və müzakirələr aparılıb. Bu sahədə həyata keçirilən layihələrdən biri də  “Məcburi köçkün icmalarında cinsi və gender zorakılığının qarşısının alınması və cavab tədbirləri”dir.  Layihə çərçivəsində Bakı şəhəri Binəqədi və Sabunçu, Goranboy, Bərdə, Ağdam rayon icra hakimiyyətləri yanındakı gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları nəzdində  operativ işçi qrupları (şəbəkələr) yaradılmışdır.

Hal-hazırda dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri  də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır.  Əfsuslar olsun ki,  Azərbaycan da bu problemdən kənarda qalmayıb. Son 20  ildə kişilərin sayı sürətlə artmış və əhali arasında cins nisbəti demək olar ki bərabərləşmişdir.  Belə ki, hazırda əhalinin qırx doqquz tam onda doqquz  faizini (49.9%) kişilər,  əlli tam onda bir faizini isə (50.1%) qadınlar təşkil edir.Problemin aradan qaldırılması istiqamətində   maarifləndirmə işlərinin geniş şəkildə  aparılması və səhiyyə xidmətlərinin  inkişaf etdirilməsi vacibdir. Xüsusilə kənd yerlərində qadınlar arasında bir çox məsələlərlə (ailə planlaması, hamiləlikdən qorunma, süni mayalanma, reproduktiv sağlamlığın qorunması, doğulan uşaqların cinsə görə nisbətinin pozulması və s.) bağlı maarifləndirmə kampaniyalarının aparılması zəruridir.BMT-nin Əhali Fondu, Niderland Krallığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə ölkəmizdə  uşağın cinsinə görə selektiv abortların qarşısının alınması,ailədə və cəmiyyətdə qız uşaqlarına dəyər verilməsi, gender əsaslı zorakılıqla mübarizə məqsədilə  3 illik yeni  layihənin icrasına başlanılıb. Layihədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər və İdman Nazirliyi əsas hökumət tərəfdaşlarıdır. Artıq layihə çərçivəsində KİV nümayəndələri, gənc oğlanlar, gənc atalar, kişilər üçün ailədə və cəmiyyətdə qız uşaqlarına dəyər verilməsi ilə bağlı bir neçə təlimlər keçirilmiş, sosial çarxlar hazırlanmışdır. 11 oktyabr “Beynəlxalq Qızları Müdafiə günü” ilə bağlı “ Atalar və Qızlar” adlı foto sərgi, festival keçirilib, “Qız yükü” tamaşasının ictimai baxışı olmuşdur. Nəzərdə tutulan tədbirlərdən biri də Azərbaycan Hökumətinin və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının hazırlanmasıdır. Bununla əlaqədar olaraq,  2017-ci ilin dekabr ayında BMT Əhali Fondu tərəfindən ABŞ-ın Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Qupta dəvət edilib. O bir sıra dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib. 2018-ci ilin birinci yarısında ilkin sənəd hazırlanaraq dövlət qurumlarına göndərilmişdir. 2018-ci ilin oktyabr ayında isə həmin sənəd müəllifin  iştirakı ilə adiyyatı dövlət qurumlarının məsul şəxslərinin, millət vəkillərinin, qeyri-hökumət təşkilatlarının, tanınmış mütəxəssislərin iştirakı ilə ictimaiyyətə təqdim edilib və müzakirələr aparılıb.Hazırda sənəd üzrə son işlər görülür və bu il Milli Fəaliyyət Planının qəbulu nəzərdə tutulur.

Yeni qanun layihələri ilə yanaşı, mövcud qanunların ekspertizası aparılır, yeni təkliflər hazırlanır. Məsələn, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Qərar layihəsi 11 nəfərdən ibarət yeni tərkibdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 308 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 may 2011-ci il tarixli, 81 saylı Qərarı ilə təsdiq edilmiş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın Tədbirlər Planının 4.1.5-ci bəndində nəzərdə tutulan “Övladlığa götürmə prosedurunun təkmilləşdirilməsi” ilə bağlı Komitə tərəfindən “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanmışdır. Qanun layihəsini “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada Nazirlər Kabinetinə göndərilmişdir. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunundadəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi aidiyyəti dövlət qurumlarla razılaşdırılaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

-Hicran xanım, ailə institunun qorunması da vacib məsələlərdən biridir. Bu baxımdan, Azərbaycanda mövcud vəziyyəti necə səciyyələndirərdiniz? 

-Son illər ailə institutunun qorunması ilə bağlı keçirilən beynəlxalq konfranslar bu məsələlərin dünya ölkələri üçün  nə qədər aktual olduğunu bir daha göstərir. Əfsuslar olsun ki, bu gün biz dünyada ailələrin sayının azaldığını müşahidə edirik.   Bir çox ölkələrdə isə ailə anlayışı sosial institut kimi öz əhəmiyyətini itirmək üzrədir.  Belə ki, dünyada son 53 ildə boşanmaların sayı 2 dəfə artmış, nikahların sayı da bir o qədər azalmışdır. Və biz bu gün ətrafda nə görürük? Ekstremizm, zorakılıq, hərbi münaqişələr, iqtisadi böhranlar, sosial ədalətsizlik bəşəriyyətin gələcəyinə təhlükə yaradır.  Nəticədə ailələr dağılır, milli-mənəvi dəyərlər deformasiyaya məruz qalır.  Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir. Bu gün ölkədə ailə institutunun  möhkəmləndirilməsi  üçün hansı imkanlar var? İlk növbədə qeyd etmək lazımdır ki, güclü qanunvericilik bazası mövcuddur. Yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir.  Bütövlükdə ailələrin  sosial rifahını yüksəltmək üçün Hökumət mütəmadi  zəruri tədbirlər həyata keçirir. İldən-ilə ailələrimizin sosial müdafiəsi güclənir, müxtəlif layihələr reallaşdırılır. Və bunun nəticəsində son 20 il ərzində əhalimizin sayı artaraq  doqquz milyon  doqquz yüz mini (9 milyon 900 min) ötmüşdür. Bu gün Azərbaycanda 2 milyon yüz mindən çox ailə vardır. Yüzlərlə ömrünün 25, 50, 60 və daha çox müddətini bir yerdə yaşayan uzunömürlü ailələrimiz var.

 Lakin qeyd etməliyik ki, bir çox problemlər hələ də öz aktuallığını saxlamaqdadır.Biz araşdırırıq ki,  ailələrdə hansı risklər var? Bu neqativ tendensiyaları aradan qaldırmaq üçün nə edə bilərik? İlk növbədə  ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir. Ailədaxili münasibətlərin pozulması zamanı erkən müdaxilə  etmək və  problemin vaxtında həll olunması  üçün “Ailə Psixoloqu” İnstitutunun yaradılması  da qarşıda dayanan məsələlərdəndir.  Ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Əfsuslar olsun ki, bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsi nümayiş olunur. Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır,  lakin balans pozulmamalıdır. Ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin gürünmədən, lakin çox sürətlə ailələrə daxil olmasıdır. Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə  insanları bir-birindən uzaqlaşdırır, övlad - valideyn ünsiyyətində soyuqluq yaradır. 

 Xüsusən də bu böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Ona görə də  biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq. Bunun üçün biz, valideynlər və uşaqlarla görüşlər keçirir, texologiyanın  müsbət və mənfi tərəfləri barədə məlumatlar veririk. Eyni zamanda, ailə üzvləri arasında ünsiyyətin güclənməsi üçün “Ailəlikcə kitabxanaya” layihəsi keçirilir. Bu, həm uşaqlarımızın kitaba, mütailəyə marağını artırır, həm də ailə üzvlərini bir-birinə daha da mehriban edir.Baxmayaraq ki, ailə institutunun möhkəmləndirilməsi məqsədi ilə qanunvericilik bazası yaradılmışdır. Lakin bununla yanaşı, mövcud qanunların düzgün dərk edilməsi sahəsində ardıcıl və sistemli maarifləndirici işlərin aparılması  çox vacibdir. Buna görə də rayon və kənd əhalisi arasında, məktəblərdə, ali təhsil müəssisələrində,  hərbi hissələrdə  ailə münasibətlərinin formalaşması, yeni keyfiyyətlərin müsbət və mənfi təsiri haqqında seminarlar keçirir, yaşlı nəsllə gənc nəslin dialoqunu təşkil edirik. Bizim maraqlı və uzunömürlü  layihələrimizdən biri də “Ailə bayramı”, və “Azərbaycan ailəsi” adlı filmlər festivalıdır. Bu il layihələrin 10 ili tamam olur.  Festivalın əsas məqsədi kinomatoqrafiyanın geniş imkanlarından istifadə edərək ailə dəyərlərinin, milli-mənəvi dəyərləri gənclər arasında təbliğ etməkdir. Eyni zamanda, cəmiyyətdə bu istiqamətdə mövcud olan problemləri işıqlandırmaqla onların həlli yollarının axtarılması və ailə institutunun inkişafına töhfə verməkdir. Bu filmlərdən maarifləndirici tədbirlərdə əyani vəsait kimi istifadə edilir. Bəzən məruzə ilə, təlimlə  izah olunmayan məqamlar, ekran dili ilə daha effektiv və emosional formada çatdırılır ki, bu da insanda dərin psixoloji iz qoyur.

-Bəs uşaq hüquqlarının müdafiəsi sahəsində hansı işlər görülür?

-Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan hökuməti  tərəfindən mühüm işlər görülmüşdür. Ölkədə vahid dövlət  uşaq siyasətini həyata keçirən dövlət qurumu kimi, Komitəmiz mütəmadi olaraq,  müxtəlif  layihələr həyata keçirir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı güclü qanunvericilik bazası mövcuddur.Keçən il “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi qəbul olunub. Bu da bizim bir uğurumuzdur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “2018-2028-ci illər üçün Azərbaycan Respublikasının Milli Uşaq Strategiyası”nın layihəsi hazırlanmış və Hökumətə təqdim edilmişdir.

Azərbaycan Respublikasının Birinci vitse - prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bütün uşaqlar üçün, xüsusilə də, cəmiyyətdəki daha həssas uşaqlar–xüsusi qayğıya ehtiyacı olan, ailələrini itirmiş azyaşlılar, münaqişədən zərər çəkmiş bölgələrdə yaşayan uşaqların müdafiəsi ilə bağlı müxtəlif layihələr keçirilir. Və bu gün ölkədə hər bir uşaq üçün bərabər imkanlar yaradılmışdır. Onlar üçün təhsil, tibb, istirahət və digər xidmətlər  əlçatandır. Ədalətli, inkluziv çıxış imkanları var. Uşaq hüquqlarının müdafiəsi üzrə çox ciddi nəzarət və monitorinq mexanizmi yaradılıb. Mütəmadi olaraq uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılır, tövsiyələr hazırlanır, sənədlər Nazirlər Kabinetində toplanır və cənab Prezidentə hesabat verilir. Və bu, müvafiq dövlət qurumlarının uşaq məsələlərini daha  çox diqqətdə saxlamaqlarına səbəb olur. Ölkəmiz “Uşaq hüquqları haqqında” Konvensiyadan irəli gələrək bir sıra öhdəliklərlə bağlı hər 4 ildən bir Hesabat verir.  BMT-dən  hesabata dair verilən yüksək qiymətlər alırıq, bu onu göstərir ki, dövlətimiz uşaq hüquqlarının həyata keçirilməsi üçün çox böyük uğurlar əldə edib.  Mühüm qanunlar, dövlət proqramları qəbul olunur. Vacib layihələr həyata keçirilir. Bir çox ölkələrdən, hətta inkişaf etmiş ölkələrdən bu sahədə biz öndəyik. 2009-cu il “Uşaq ili” elan olunmuşdur.  Uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının sayı 350-dək artmışdır.Bizim üçün çox vacibdir ki, uşaqlarımızın ictimai fəallığı artsın və dövlət siyasətinin həyata  keçirilməsində aktiv iştirak edə bilsinlər.

Qeyd etmək lazımdır ki, bu sahədə görülən işlər öz müsbət nəticəsini verir. Artıq uşaqlarımız dövlət rəsmilərinə onları maraqlandıran suallarla müraciət edir, həmçinin, sərbəst şəkildə hökumətə öz hüquqları ilə bağlı istək və arzularını çatdırır, mühüm məsələlərə münasibətlərini bildirirlər. Azərbaycanın bütün  regionlarında bizim dəstəyimizə çevrilən uşaqlardan ibarət güclü Liderlər  Komandası  formalaşıb.Cənab Prezident öz çıxışlarında könüllülərin fəaliyyətini xüsusi olaraq vurğulayır: “Əminəm ki, bütün başqa sahələrdə könüllülər institutu Azərbaycanda daha da sürətlə formalaşacaq və ümumiyyətlə, bu, cəmiyyətin niyyətini ifadə edir”. Qeyd etmək istərdik ki, Forumun iştirakçılarından formalaşan çevik və fəal könüllülərimiz var. Onlar bütün layihələrdə çox həvəslə iştirak edirlər. Hər iki ildən bir UNİCEF və Heydər Əliyev Fondu ilə birgə Ümumrespublika Uşaq Forumları keçirilir. BMT Uşaq Fondunun da qeyd etdiyi kimi,  Azərbaycanın bu təcrübəsi uşaq liderliyinin  reallaşması sahəsində digər ölkələr üçün  yaxşı nümunələrdən biridir. BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Komitənin təşəbbüsü ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı (kidsafe) yaradılmışdır.

Müxtəlif dövlət qurumları çox vacib layihələr həyata keçirir. Bunlardan “Uşaq qayğı sistemində islahatlar”, “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi”,  “Azərbaycanda erkən yaşlı uşaqların inkişafının monitorinqi üzrə mütəxəssislərin hazırlanması”, “Ana südü ilə qidalandırma həftəsi”, “Uşaq hüquqlarına dair elektron məlumat bankı”nın yaradılması, Uşaq və Ailələrə Dəstək Mərkəzlərində mövcud elektron məlumat bazasının yenidən qurulması və başqa layihələrin adlarını çəkmək olar.Mərkəzlərdə hesabatlılıq sisteminin təkmilləşdirilməsi məqsədilə UNİCEF-in dəstəyi ilə keys menecment üzrə yeni elektron CES məlumat bazasının qurulması istiqamətində  birgə iş aparılır. Burada həmçinin yeni təqdim olunan SİB-R sistemi 0-90 arası şəxsin davranışı haqqında qrafiklər əsasında ətraflı informasiya əldə etməyə imkan yaradacaq.Qeyd edək ki, bu elektron məlumat bazası MDB ölkələri arasında yalnız Azərbaycanda mövcuddur. Belə önəmli  layihələr maarifləndirmə uşaq hüquqlarının müdafiəsi işini daha da gücləndirir, həm də yaxşı nəticələr verməkdədir.

-Mövcud məsələlərin həlli üçün maarifləndirmə işləri də böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Dövlət Komitəsi tərəfindən hansı tədbirlər həyata keçirilir və bu yöndə KİV-lə əməkdaşlıq hansı səviyyədədir?

- KİV-lə əməkdaşlıq çox vacib məsələdir. Biz  ildə 4 dəfə monitorinq keçiririk.Həmin monitorinqlər zamanı jurnalistlərin bu sahədə bilik və bacarıqlarının kifayət qədər olmadığı üçün bir neçə maarifləndirici təlimlər keçirmişik. Komitə jurnalistlər üçün  yerli ekspertlərin iştirakı ilə 2014-cü ildə “Azərbaycan ailə modelinin KİV-də düzgün tanıdılmasının  əhəmiyyəti”, 2015- ci ildə “Məişət zorakılığı KİV-də necə işıqlandırılmalıdır”,2016-cı ildə “Gender  məsələləri və selektiv abort problemi KİV-də”, həmçinin Komitə və Avropa İttifaqının TAİEX proqramının birgə əməkdaşlığı çərçivəsində  2017-ci ildə “Gender problemləri və Media” mövzusunda 2 günlük beynəlxalq seminar keçirib. Seminar çərçivəsində “Avropa Birliyində gender bərabərliyinin media vasitəsilə təbliği”, “Azərbaycan və Avropa Birliyi ölkələri mediasında qadınların balanslı və stereotiplərdən uzaq təsvirinin ən uğurlu nümunələri”, “Məişət və gender əsaslı zorakılıqlar zamanı qadınların kütləvi mətbuatda balanslı və stereotiplərdən uzaq təsvirinin yaradılmasının təbliği”, “Azərbaycanda kütləvi mətbuatda və kütləvi mətbuat vasitəsilə gender bərabərliyinin təbliği sahəsində atıla biləcək növbəti addımlar” adlı 4 sessiya keçirilib. 2019-cu ilin yanvar ayında Avropa Şurasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Mediada gender bərabərliyi” mövzusunda 3 günlük təlim keçirilib. Eyni zamanda, gender stereotiplərin aradan qaldırılması üzrə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində aktiv fəaliyyət göstərən jurnalistlərin stimullaşdırılması üçün ildə bir dəfə müsabiqə keçirir və fərqlənən jurnalistləri mükafatlandırırıq.

Bizim əsas istiqamətimiz əhalini maarifləndirməkdir. Bu çox vacib məsələdir. Xüsusilə indiki şəraitdə ki, dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, həmçinin bu prosesin neqativ tendensiyaları  insanların düşüncəsinə təsir edir,  yad elementlər yaranır,  kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar yaradılır. Və imkan vermək olmaz ki, bu boşluqlar ailələrimizə, gənclərimizə mənfi təsir göstərsin. Bu baxımdan  maarifləndirmə layihələri  müxtəlif mövzulara həsr edilir, cəmiyyətdə gənclərin və qadınların rolu qabardılır. Qadın ailənin möhkəmliyini, onun bütövlüyünü qoruyan, yeni nəsli böyüdən, tərbiyə edəndir. O, cəmiyyətin inkişafında, dövlət quruculuğunda xüsusi rol oynayan xanımdır, vətəndaşdır. Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Uşaqlar və gəncləri isə bizim gələcəyimizdir. Onlar sosial həyatda daha fəal iştirak etməli,  ölkəmizin inkişafına, gələcəyinə öz töhfələrini verməlidirlər. 

Cənab Prezident İlham Əliyev öz çıxışlarında vurğulayıb ki, “Qara qızılı insan kapitalına çevirmək, sadəcə, şüar deyil. Bu, reallıqdır.”   İnsan Kapitalının inkişafı hər bir ölkənin, o cümlədən də Azərbaycanın qarşısında dayanan əsas məqsəddir. Çünki, insan kapitalına qoyulan investisiya  bütövlükdə insanların rifahı, dövlətin inkişafı deməkdir. Məhz bu baxımdan Azərbaycan Respublikasında dövlət tərəfindən ailə institutunun möhkəmləndirilməsi, qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə mühüm tədbirlər görülməkdədir və bu gələcəkdə də davam etdiriləcəkdir.