YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ümummilli Lider Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında tarixi xidmətləri əvəzsizdir

Müsahibimiz YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

- Mübariz müəllim, mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü tamam olur. Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın zəngin dövlətçilik tarixində yeri və rolu, Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətləri barədə nə deyə bilərsiniz?

- Xalqların və dövlətlərin tarixi inkişaf yoluna müxtəlif hadisələr və proseslərin fonunda nəzər saldıqda lider amilinin həlledici rola malik olduğu aydın görünür. Daha dəqiq desək, ölkəsinin sahib olduğu resurslar və mexanizmləri milli məqsədlərə yönəldən, xalqı arxasınca aparan, dövlətinin tarixin siyasi səhnəsində özünəməxsus yer tutmasını təmin edən liderlər həm tarixi şəxsiyyətlər, həm də tarix yaradan şəxsiyyətlər kimi yaddaşlara əbədi həkk olunurlar. Şübhəsiz ki, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə bütün dövlərdə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman tarixi şəxsiyyətləri ilə fəxr etmişdir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. Ulu Öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz işlər görmüşdür. Əminliklə söyləmək olar ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu Öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı bundan sonra da bu böyük məktəbdən, Ümummilli Liderin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq, Azərbaycan Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda əmin addımlarla irəliləyərək yeni zirvələr fəth edəcək. Yəni əminliklə söyləmək olar ki, Heydər Əliyev irsi gələcək nəsillər üçün də zəngin xəzinə olacaq.

Ulu Öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, O, özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin öz xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil dövlət qurmaq idi. Ümummilli Liderimiz Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. Xalq Onu sevir, parlaq zəkasını qiymətləndirir və öz liderinə, Onun yeritdiyi siyasi kursa inanaraq ardınca gedirdi. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən proseslərdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azərbaycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atdı. 1993-cü ilin yayında Azərbaycan olduqca mürəkkəb şəraitdə olduğu zaman xalqın təkidlə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etməsi heç də təsadüfi deyildi.

Həmin il iyunun 15-də müdrik siyasətçinin, təcrübəli dövlət xadiminin hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan tarixinin yeni, əzəmətli mərhələsinə qədəm qoydu. Bu qayıdış ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Ulu Öndər Heydər Əliyev tarixə müasir müstəqil Azərbaycanın memarı olaraq düşdü. Ümummilli Liderin hakimiyyətə gəlişi ölkəmizi yalnız iqtisadi cəhətdən irəli aparmadı, eyni zamanda, Azərbaycan xalqının mənəvi aləmində, psixoloji durumunda, milli şüurunda böyük təkamülün, dəyişikliyin yaranmasına gətirib çıxardı. Yəni Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin iqtisadi, siyasi, sosial, mənəvi, psixoloji, ideoloji əhəmiyyəti var idi. Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamız hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoydu. Heydər Əliyev özünün gərgin əməyi, uğurlu daxili və xarici siyasət strategiyası ilə ölkəmizin iqtisadi inkişafının, daxili siyasi sabitliyin və əmin-amanlığın, milli-mənəvi dəyərlərə qayıdışın, bu dəyərlərin qorunması və təbliğ edilməsinin rəhninə çevrildi. Biz Ümummilli Liderin müstəqillik dövründə, yəni 1993-2003-cü illərdə Azərbaycana rəhbərliyi dönəmində ölkəmizin keçdiyi inkişaf yoluna, qazanılan nailiyyətlərə nəzər saldıqda görürük ki, Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi çox mühüm zirvələr fəth edib, beynəlxalq münasibətlər sistemində söz və nüfuz sahibinə çevrilib. Bütün bunların nəticəsidir ki, müstəqil Azərbaycan 1993-cü ildən bu günə qədər inkişaf yolunda inamla irəliləyir, qazanılan möhtəşəm uğurlar ölkəmizin qüdrətinin daha da artmasını təmin edir.

- Yeri gəlmişkən, Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması və təbliği, eyni zamanda, ölkəmizdə din-dövlət münasibətlərinin tənizimlənməsi istiqamətində həyata keçirdiyi işlərin əhəmiyyəti nədən ibarətdir?

- Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında xidmətləri əvəzsizdir. Daha dəqiq desək, Ulu Öndər Heydər Əliyev milli və dini dəyərlərimizin qorunmasında, İslam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində, eləcə də ölkədə vicdan azadlığının bərqərar edilməsində, tolerant və multikultural ənənələrimizin təbliğində və təşviqində əməli fəaliyyəti ilə misilsiz rol oynayıb. “Biz azərbaycanlılar öz tariximizlə, milli-mənəvi dəyərlərimizlə fəxr edirik, öz doğma ana dilimizlə fəxr edirik. Bunlar hamısı bizim milli mənəviyyatımız, milli-mənəvi dəyərlərimizdir. Bunlara görə də biz islam dininə, islam mədəniyyətinə mənsub olmağımızla da fəxr edirik”,-deyən Ulu Öndər xalqda milli heysiyyəti gücləndirmək, habelə zəngin irsimizi, mədəniyyətimizi, incəsənətimizi, adət-ənənələrimizi yaşatmaq, ana dilimizi inkişaf etdirmək üçün çox mühüm tədbirlər həyata keçirib. Qeyd etdiyimiz kimi, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc dövlətin siyasi və iqtisadi əsasları yaradıldı, eyni zamanda, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideya – azərbaycançılıq ideologiyası təşəkkül tapdı. Məhz Ulu Öndərin həyata keçirdiyi milli siyasətin fonunda sayəsində xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanıldı, milli-mənəvi dəyərlərə münasibət əsaslı dərəcədə dəyişdi, bu dəyişikliyin fonunda ölkədə etiqad, inanc azadlığı bərqərar oldu. Vətəndaşların vicdan azadlığı Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızın 48-ci maddəsində öz əksini tapdı.

Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, beynəlxalq standartlara cavab verən dövlət-din münasibətləri, tolerantlıq prinsipləri ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində bərqərar olub. Ulu Öndərin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikasında insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktlara riayət edilməsinə nəzarət gücləndirilib, konfessiyalar arasında dözumlülük mühiti yaxşılaşdırılıb, eləcə də dini-tarixi abidələrimizin tikintisi, bərpası və qorunması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlanılıb. Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ölkədə iqtisadi çətinliklərin mövcud olmasına baxmayaraq, Bibi Heybət, Təzə Pir məscidlərinin təmir və bərpasına xüsusi diqqət göstərdi. Bununla yanaşı, Ulu Öndər 2001-ci il iyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə Fərman imzaladı və Dövlət Komitəsinin qarşısına Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların dövlət qeydiyyatına alınması, zərərli təriqətlərin fəaliyyətinə son qoyulması və digər vəzifələr qoydu. Bu, dövlət-din münasibətlərinin tənzimlənməsi baxımından olduqca mühüm əhəmiyyətə malik idi. Bir sözlə, Azərbaycanda dövlət-din münasibətlərinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.

- Mübariz müəllim, Siz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasına toxundunuz. Milli həmrəylik və bütövlüyü təmin edən universel ideoloji formul olan azərbaycançılığın tolerant və multikultural dəyərlərin qorunub saxlanmasında rolunu necə xarakterizə etmək olar?

- Əvvəla qeyd edim ki, azərbaycançılıq məfkurəsi cəmiyyətdə sabitlik, əmin-amanlığı təmin edərək dövlətçiliyin stabil əsaslar üzərində tərəqqisinə geniş üfüqlər açmaqla yanaşı, öz humanist və bəşəri mahiyyəti ilə fərqlənir. Burada həm də ayrı-ayrı din, dil və mədəniyyət daşıyıcılarına nəinki toxunulmazlıq hüququ verilir, hətta azlıq və çoxluq təşkil etməsindən asılı olmayaraq bərabər miqyasda hörmət, ehtiram göstərilir. Bu gün Ümummili Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsi multikultural münasibətlərin hakim olduğu Azərbaycan cəmiyyətində və ictimai-siyasi münasibətlərin qeyri-müəyyənliyi ilə diqqəti cəlb edən beynəlxalq aləmdə öz orijinallığı ilə seçilir. Hər iki məfhum bir-biri ilə üzvi vəhdət təşkil edən ideologiya və həyat norması kimi ölkədaxili ictimai-siyasi və sosial-mədəni münasibətlərin tənzimləyicisi, hərəkətverici qüvvəsi qismində çıxış edir, Qərblə Şərqin qovşağında qərar tutmuş Azərbaycanın altruist düşüncədən qaynaqlanan, bəşəri dəyərlərə ciddi önəm verən, mənəviyyatı və humanist prinsipləri bütün maraqların fövqündə saxlayan mövqeyində öz aydın ifadəsini tapmışdır.

Günümüzdə etnokonfessional zənginliyi özündə yaşadan və birləşdirən ideoloji baxışlar sistemi kimi azərbaycançılıq məfkurəsi müstəqil Azərbaycan dövlətinin ana xəttini təşkil edir. Təsadüfi deyil ki, Ulu Öndər siyasi hakimiyyətə qayıdışının ilk günündə etdiyi çıxışda azərbaycançılığı dövlət idarəçiliyi fəlsəfəsində əsas tezis kimi irəli sürmüşdür: “Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bu məfhumları rəhbər tuta bilsək və bunu əməli surətdə həyata keçirə bilsək, biz Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik. Bu bizim əsas vəzifələrimizdən biridir”.

Azərbaycançılıq milli ideologiyanın əsası kimi müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi surətdə birliyini təcəssüm edir. O, milli maraqları ifadə edən güclü dövlət hakimiyyətinə və yüksək milli intizama, formalaşan milli özünüdərkə əsaslanır, ən müxtəlif sosial təbəqələrdə anlaşma axtarır, millətin və dövlətin öz potensialından irəli gələn daimi islahatçılığı təbliğ edir. Bu gün azərbaycançılıq milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millət və etnik qrupların qardaşlığının, qarşılıqlı əlaqə və qarşılıqlı təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizələrinin tarixi təcrübəsidir. Beləliklə,  azərbaycançılıq ideologiyası etnik yox, siyasi və vətəndaşlıq xarakteri daşıyır, yalnız müstəqil Azərbaycanın vətəndaşlarına münasibətdə deyil, Azərbaycanın müstəqil dövlətçilik ideyasını üstün tutanlara münasibətdə də birləşdirici funksiyasını yerinə yetirir. Bir sözlə, azərbaycançılıq ideologiyası ilə multukulturalizm ideyası bir-birini tamamlayır.

- Xalqımızın zəngin milli-mənəvi dəyərlərinin qorunması istiqamətində Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri və tolerantlıq nümunəsi kimi tanınır, ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Bu barədə fikirlərinizi bildirməyinizi xahiş edirik.

- Bu gün müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Yəni Heydər Əliyev siyasəti bu gün də Azərbaycanın hərtərəfli inkişafına xidmət etməkdədir. Dövlətimizin hazırkı parlaq və möhtəşəm nailiyyətlərinin əsasını Ümummilli Lider tərəfindən qoyulan ideyalar təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara və müasir qlobal çağırışlara uyğun həyata keçirilən uğurlu siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycan dünyada güclü, nüfuzlu dövlət, sabitlik adası və dinamik inkişafa malik olan ölkə kimi tanınır, qazanılan möhtəşəm nailiyyətlər ölkəmiz qarşısında yeni perspektivlər açır. Yüksək beynəlxalq nüfuza, müsbət reputasiyaya malik olan Azərbaycan təkcə iqtisadi inkişaf modeli ilə deyil, həm də özündə milli və ümumbəşəri dəyərləri ehtiva edən zəngin mədəniyyəti ilə diqqəti cəlb edir, dünyada multikulturalizmin ünvanlarından biri, tolerantlıq örnəyi kimi tanınır. Başqa sözlə, Azərbaycan dünyaya milli inkişaf modeli ilə yanaşı, tolerantlıq və multikulturalizmin təşviqi, təbliği istiqamətində mütərəqqi nümunə təqdim edib.

Son illər bütün dünyada dini-milli, sosial-iqtisadi zəmində baş verən münaqişələrin, vətəndaş müharibələrinin fonunda ölkəmizdə müşahidə olunan sabitlik həm də onun sübutudur ki, Azərbaycan bir çox ölkələrin sahib olmaq istədiyi, ancaq əldə etməkdə çətinliklər çəkdiyi, uğursuzluqlar yaşadığı ali dəyərlərin - tolerant və multikultural ənənələrin beşiyidir, bu sahədə onun öz təcrübəsi, bu təcrübəni qoruyub saxlayan, gələcək nəsillərə ötürən dövlət-din modeli var. O model ki, dünyada tədqiq edilir, öyrənilir və tətbiqinin əhəmiyyəti hər kürsüdə qətiyyətlə vurğulanır. Ümumiyyətlə, əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Biz bu gün də bu reallığın şahidi oluruq. Şamaxı şəhərində yerləşən, 743-cü ildə tikilmiş məscid müsəlman aləminin ən qədim məscidlərindən biridir. Azərbaycanın digər qədim şəhəri olan Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri olan Kiş kilsəsi-Müqəddəs Yelisey kilsəsi yerləşir. Adlarını çəkdiyimiz hər iki məbəd dövlət tərəfindən əsaslı şəkildə təmir, bərpa edilib və qorunur. Bakıda qədim atəşpərəstlik məbədi olan Atəşgahın yerləşməsi isə Azərbaycanda Zərdüştlük dininin ənənələrinin olduğunu göstərir. Bütün bunlar Azərbaycanın qədim dövrdən bu günə qədər multikultural mühitə və dəyərlərə malik olduğunu, tolerantlıq ənənələrini yaşatdığını bir daha ortaya qoyur. Təsadüfi deyil ki, bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş müəyyən dairələr də Azərbaycanda multikultural mühitin mövcudluğunu inkar edə bilmirlər, ölkəmizin tolerantlıq nümunəsi olduğunu diqqətə çatdırırlar.

Bunlarla yanaşı, bu gün Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını, təbliğ və təşviq edilməsini daim diqqət mərkəzində saxlayır. Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edilməsi dövlət başçısının milli-mənəvi dəyərlər sahəsinə göstərdiyi diqqət və qayğının daha bir ifadəsidir. Qloballaşma prosesinin gətirdiyi bir sıra tendensiyaların müasir cəmiyyətlərə intensiv təsir göstərdiyi hazırkı şəraitdə xalqların milli xüsusiyyətlərinin, mədəniyyətinin, milli özünəməxsusluğunun qorunub saxlanılması vacib əhəmiyyətə malikdir. Bu baxımdan, Mənəvi Dəyərlərin Təbliği Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsilə çatdırılması istiqamətində gördüyü işlər, həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər də bu kontekstdə xüsusi önəm kəsb edir.

Dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycan, həmçinin beynəlxalq dialoq və əməkdaşlıq məkanı olaraq qlobal əhəmiyyətli nüfuzlu tədbirlərə uğurla ev sahibliyi edir, sivilizasiyalararası dialoqun intensiv və faydalı xarakter daşımasına fundamental töhfələr verir. 2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib. Son olaraq cari ilin 2-3 may tarixlərində paytaxt Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilib, tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Bütövlükdə, belə tədbirlər bəşəriyyət üçün aktual məsələlərin həlli yollarının müzakirə platforması kimi mühüm əhəmiyyətə malikdir, dünyaya mütərəqqi nümunə təqdim edən Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyini göstərir.