YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Respublikamızda həyata keçirilən siyasət Azərbaycan xalqına və dövlətinə xidmət edir

   YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov

- Eldar müəllim, bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biri kimi tanınır. Sizcə, bu inkişafın əsasında hansı amillər dayanır?

- Hər bir ölkənin iqtisadiyyatında və cəmiyyətındə daim dəyişikliklər baş verir. Bu dəyişikliklər cəmiyyətlərə  müxtəlif formalarda təsir edir. Azərbaycan Respublikasında  da bu formada dəyişikliklər baş vermişdir. Lakin Ümummilli Lider Heydər Əliyevin istər SSRİ dövründə  Azərbaycan Respublikasına rəhbərlik etdiyi birinci hakimiyyəti (1969-1982-ci illər),   istərsə də    1993-2003-cü illərdə müstəqil respublikamızın  rəhbəri kimi Prezidentliyi dövründə və 2003-cü ildən indiyə kimi Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi dövründə xalqımız həmişə  yalnız Azərbaycan  vətəndaşlarının  rifah halının yaxşılaşmasına, Azərbaycan cəmiyyətinin və dövlətinin nüfuzunun daim yüksəlməsinə yönəlmiş ardıcıl, əhatəli  və köklü dəyişiklərin şahidi olmuşdur.  

Ulu Öndərimiz Heydər Əliyev 1969-1982-ci illərdə SSRİ tərkibində olan Azərbaycana rəhbərlik etdiyi dövrdə keçmiş İttifaq miqyasında əsasən geridə qalmış, sənaye potensialı zəif, kənd təsərrüfatı primitiv xarakterizə olunan respublikanı  İttifaqın qabaqcıl, güclü sənaye (İttifaqda yeganə olan Bakı soyuducular zavodu, Bakı yeni neftayırma zavodu və digər iri sənaye müəssisələri tikilib istifadəyə verildi) və aqrarsənaye kompleksinə malik bir diyarına çevirdi.  Azərbaycan Respublikasına ikinci dəfə rəhbərliyə  başlayanda isə  yenicə suverenlik əldə etmiş ölkəmiz  bir tərəfdən  mənfur qonşumuz Ermənistan tərəfindən Qarabağ  müharibəsinə cəlb edilmiş, digər tərəfdən isə əvvəlki rəhbərliyin səriştəsizliyi ucbatından cəmiyyətdə xaos, hərc-mərclik, iqtisadiyyatda görünməmiş tənəzzül  hökm sürürdü. Belə acınacaqlı vəziyyətin mövcud olmasına baxmayaraq Heydər Əliyevin  Azərbaycan xalqının və dövlətinin mənafe naminə vəziyyəti sabitləşdirməyə və inkişafa nail oldu. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ müharibəsində atəşkəs elan olundu, “Əsrin müqaviləsi” imzalandı, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanıb qəbul edildi və bazar iqtisadiyyatına əsaslanan iqtisadi islahatlara start verildi. Həyata keçirilən bu tədbirlər bir-biri ilə əlaqədar olmaqla yanaşı Azərbaycan Respublikasının inkişafının təməlini qoydu. Belə ki, müharibədə atəşkəs əldə olunmasaydı əsrin müqaviləsi də uğurla həyata keçirilə bilməzdi. Konstitusiyanın qəbulu isə müstəqil və suverən Azərbaycan Respublikasında yeni ictimai-siyasi və iqtisadi münasibətlərin formalaşdırılmasının hüquqi əsasını müəyyən etdi və ölkəmiz bazar iqtisadiyyatının tələblərinə uyğun iqtisadi islahatları uğurla həyata keçirdi.

Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı bu uzaqgörən siyasəti 2003-cü ildən Azərbaycan Respublikasına rəhbərlik edən hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən dünyanın siyasi və iqtisadi həyatında baş verən çağırışlara uyğun daim təkmilləşdirilərək inkişaf etdirilmiş və uğurla həyata keçirilmişdir. Prezident İlham Əliyevin imzaladığı qanunlar, Fərman və sərəncamlar, Onun göstərişi ilə hazırlanan Dövlət proqramları məhz “Əsrin müqaviləsi”nin ölkəmizə gətirdiyi maliyyə vəsaitləri hesabına uğurla həyata keçirildi. Hazırda Azərbaycan Respublikası bölgədə əsas söz sahibinə çevrilmiş, qlobal layihələr yalnız onun iştirakı və razılığı ilə həyata keçirilir, ölkəmiz Avropanın enerji təminatında əsas ölkələrdən birinə çevrilmiş, gündən-günə gözəlləşən Bakı şəhəri müxtəlif sahələr üzrə beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Belə ki, 2018-cu ildə ölkəmizdə 80 milyard   manat və ya əhalinin hər nəfərinə  8 min    manatdan çox  ümumi daxili məhsul istehsalı     edilmişdir ki, bu da 2005-ci ilə nisbətən müvafiq olaraq 6,4 dəfə  və 5,4 dəfə  çoxdur. Keçən il  2005-ci ilə nisbətən sənaye məhsulu istehsalı 5,2  dəfə,  kənd təsərrüfatı məhsulu istehsalı 3,9 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 3,0 dəfə , pərakəndə ticarət dövriyyəsi 8,2 dəfə artmışdır. Dövlət büdcəsi xərclərinin  ümumi daxili məhsulda xüsusi çəkisi 17,1    faizdən    28,4 faizə yüksəlmişdir. 

- Həyata keçirilən siyasət əhalinin rifah halının yüksəlməsində özünü necə ifadə edir?

- Bu illər ərzində iqtisadiyyatın davamlı və yüksək sürətlə artması əhalinin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına da öz müsbət təsirini göstərmişdir. 2005-ci ilə nisbətən 2018-ci ildə muzdla işləyənlərin  orta aylıq  nominal əmək haqqı 4,4 dəfə,  təyin olunmuş aylıq pensiyaların orta məbləği 7,8  dəfə, əhalinin gəlirləri 6,6   dəfə artmışdır. Keçən il dövlət tərəfindən      420799 nəfər işləməyən əhaliyə hər ay ödənilməklə  sosial müavinətlər təyin edilmiş, 93043 nəfər   əhaliyə isə birdəfəlik müavinətlər verilmişdir. Bundan başqa 62476   nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə əhatə olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, göstərilən müavinət və yardımların bir nəfərə düşən məbləği də ildən ilə artır. 

Möhtərəm Prezidentimiz İlham Əliyev dəfələrlə elan edib ki, dövlət siyasətinin mərkəzində Azərbaycan Respublikasının vətəndaşı dayanır. Bu həqiqətən də belədir və biz bunun daim şahidi oluruq. Belə ki, Prezidentin imzaladığı rəsmi sənədlərə əsasən  keçən il və bu il dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqları, ölkədə sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlər əhəmiyyətli dərəcədə  artırılmışdır. Belə ardıcıl və yüksək həcmdə  artım dünyanın heç bir ölkəsində müşahidə olunmur. Minimum əmək haqqının 250 manata, minimum pensiyanın isə 200 manata çatdırılması da ölkə vətəndaşlarına göstərilən dövlət qayğısının bariz nümunəsidir. İlkin məlumatlara görə 2020-ci ilin dövlət büdcəsində əmək haqlarının və pensiyaların  gələn ildə də əhəmiyyətli dərəcədə artırılması gözlənilir. Ümumilikdə isə gələn ilin büdcəsində respublikamızda ilk dəfə olaraq sosial sektora ayrılan vəsait büdcə xərclərinin 40 faizini təşkil edəcəkdir ki, bu da müstəqil və suveren bir dövlət kimi  cəmi 28 il addımlayan istənilən ölkə üçün əlçatmaz bir zirvədir. Lakin, 1993-cü ildən respublikamızda həyata keçirilən siyasət sayəsində  Azərbaycan Respublikası bu zirvəni fəth edir. Belə bir yüksək göstəriciyə yalnız   çox az sayda ölkələr yüz illər sərf etməklə nail olurlar.  Bu da ölkəmizdə bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən daim təkmilləşdirilərək modernləşdirilən və uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində mümkün olmuşdur.  Ölkəmizə daim yeni-yeni nailiyyətlər gətirən bu siyasət dərin islahatlar strategiyasının əsasını təşkil edən, elmi-texniki tərəqqi, yeni texnologiya  və məhsulda öz əksini tapan innovasiyaların tətbiqində dövlət dəstəyinə  geniş yer verilməsi ilə fərqlənir.

Bu məqsədlə son 15 ildə  ölkə iqtisadiyyatına 231 milyard manat sərmayə qoyulmuş,  Sahibkarlığa Kömək Milli Fondu tərəfindən  indiyə kimi sahibkarlara 2,2 milyard manat güzəştli kreditlər verilmişdir. Bu sərmayələr nəticəsində ölkəmizdə dünya standartları səviyyəsində rəqabətə davamlı müxtəlif çeşiddə sənaye və kənd təsərrüfatı  məhsullar istehsal edən sənaye  və  kənd təsərrüfatı obyektləri tikilib istifadəyə verilib.

Vətəndaşların rahatlığını hər şeydən üstün tutan ölkə Prezidenti bu sahəyə də xüsusi diqqət və qayğı göstərir. Bunun nəticəsidir ki, respublikamızda “Azərenerji” ASC tərəfindən  elektrik enerjisi ilə təminat tam ödənilir, qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb, içməli su ilə təminat 38 şəhərdə tam həllini tapıb, 12 şəhərdə davam edir, Bakıda əhali fasiləsiz  su ilə təminatı həll olunub. 2004-cü ildən  indiyə kimi ümumilikdə 15 min km-dən çox  asfalt yol salınıb, 2,2 milyon əhali yaşayan 1000-ə  yaxın  kəndin yol infrastrukturu yaxşılaşıb, yeni yollar salınıb, 5800 ailəyə yeni mənzillər verilib.  Bu günə qədər 300 min məcburi köçkün yeni mənzillə təmin edilmişdir. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 626 mənzil, hərbiçilərə 400-ə yaxın mənzil verilib.

Əhalinin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi üçün hazırda ölkəmizdə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Bakı-Gəncə, Bakı-Sumqayıt şəhərlərinə işləyən sürət qatarlarına   yeni rahat və yüksək standartlara cavab verən vaqonların qoşulması, Bakı metropolitenində və  Bakı Nəqliyyat Agentliyinin xidmət etdiyi marşrutlarda xəttə kondisenerlə  təmin edilmiş yeni qatarların və avtobusların buraxılması əhali tərəfindən böyük razılıqla qarşılanmışdır. Bu günlərdə Bakı şəhərində açılışı olmuş “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində (HUB) yaradılan müasir nəqliyyat infrastrukturu insanların xidmətinə verilmişdir. Bu mərkəzlərin yaradılması davam edir və yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyinin avtobus parkı daha rahat və müasir tələblərə cavab verən yeni avtobuslarla tam təmin ediləcəkdir.

Azərbaycan Respublikası  vətəndaşlarının rahatlığının təmin edilməsi, onların bir çox qayğılarının şəffaf və  çox az vaxt sərf etməklə həllinə nail olmaları üçün Azərbaycan brendi olan “ASAN” və digər formada sosial xidmətlər sistemi yaradılmışdır.  Bu  xidmətlərin yaradılması əhali tərəfindən  böyük məmnunluqla qarşılanır və dövlətin öz ətəndaşına göstərdiyi yüksək diqqət və qayğı kimi  dəyərləndirilir.     

- Hazırda ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi prosesi də uğurla həyata keçirilir. Belə ki, qeyri-neft sektorunun inkişafı istiqamətində böyük işlər görülür, yeni-yeni sənaye müəssisələri yaradılır…

- Müasir dövrdə iqtisadiyyatın qeyri-neft sənaye sektorunun inkişafında sənaye və texnologiyalar parklarının yaradılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq dəyəri 3,6 milyard dollar olan   Sumqayıt,  Balaxanı,  Qaradağ, Gəncə,  Mingəçevir,  Pirallahı və digər Sənaye Parklarının və Neftçala, Masallı, Sabirabad  və digər rayonlarda sənaye  məhəllələrinin     yaradılması qərara alınmış və onlardan bir çoxu artıq fəaliyyət göstərir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, “Cənub Qaz dəhlizi”nin və Sumqayıt polipropilen zavodunun açılışı olmuş, Mingəçevirdə 750 nəfərin işlədiyi 2 böyük iplik fabriki artıq  məhsul verməyə başlamışdır. Sumqayıtda karbamid  zavodunun   istifadəyə verilməsi respublikamızı azot gübrəsi idxalından azad edərək istehsal olunan məhsulun   bir hissəsini xaricə satmaq imkanı yaratmışdır. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların ən mühüm hədəflərindən biri idxal olunan əsas məhsulların yerli istehsalını təmin etməklə  daxili tələbatı tam ödəmək və respublikamızı həmin məhsulları idxal edən ölkədən ixrac edən ölkəyə çevirməkdir. Bu da imkan verəcəkdir ki, on minlərlə insan daimi və yüksək maaşlı işlə təmin olunsun,  daxili və xarici bazara yüksək keyfiyyətli,  Azərbaycan brendi olan məhsullar çıxarılsın. Bu istiqamətdə işlər davam edir və hər il ölkəmizdə respublikamız üçün yeni olan məhsullar istehsalı üzrə fəaliyyət göstərən sənaye müəssisələrinin işə salınmasının şahidi oluruq. Ölkəmizin ixrac potensialını artırmaq, “Azərbaycanda istehsal edilib” markası ilə məhsullarımızın xarici ölkələrdə satışını təşkil etməyə dəstək vermək və xarici vətəndaşları respublikamızda istehsal olunan məhsullarla daha ətraflı tanış etmək üçün   hazırda Belarusda, Çində, Ukraynada, Latviyada, Polşada Azərbaycan Ticarət evləri açılıb və onların əhatə dairəsi genişləndirilir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkə iqtisadiyyatının  neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən biri olan aqrar sektorun  inkişafı  prioritet istiqaməti kimi önə çəkildi. Dövlətin maliyyə dəstəyi ilə hazırda 30 rayonda 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan çox olan 45 aqroparkın yaradılması  üzrə də böyük işlər görülür. Hazırda ölkəmizin 20 rayonunda 32 iri fermer təsərrüfatı fəaliyyət göstərir ki, bunlarda da  məhsuldarlıq ölkə üzrə müvafiq göstəricilərdən bitkiçilikdə 2- 3 dəfə, heyvandarlıqda isə 4-5 dəfə çoxdur.

Müstəqilliyinin ilk dövrlərində iqtisadiyyatın inkişafını təmin etmək üçün xarici investorlara böyük ehtiyacı olan ölkəmiz həyata keçirilən çox uğurlu iqtisadi siyasət  sayəsində indi  xarici ölkələrə investisiya qoyur. Hazırda  Türkiyənin, Gürcüstanın, Ukraynanın, Rumıniyanın və digər ölkələrin bir çox müəssisələri Azərbaycanın sərmayəsi əsasında fəaliyyət göstərirlər. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərində inşa etdiyi ildə 10 milyon ton xam neft  emal gücünə malik “STAR” zavodu 2019-cu ilin yanvar ayından tam gücü ilə fəaliyyət göstərir. 2007-2018-ci illərdə Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstan Respublikasının  iqtisadiyyatına  bir  milyard dollardan çox sərmayə yatırıb.

Davamlı  və dinamik inkişafla dayanaqlı iqtisadiyyatı təmin etmiş  Azərbaycan modeli qloballaşan dünya iqtisadiyyatının çağrışlarına uyğun olaraq daim təkmilləşir və zamanın tələbinə cavab olaraq modernləşir. İqtisadiyyatın Azərbaycan modelinin baslıca xüsusiyyətindən biri də yalnız bu gün üçün yox, həm də gələcək üçün möhkəm təməl yaratmaqdır. Bu məqsədlə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin  2050-ci ilə qədər uzadılması haqqında müqavilə imzalanmışdır. 

- Eldar müəllim, ölkəmizin inkişafı prosesindən danışdınız. Təəssüf ki, müəyyən dairələr, xüsusilə “mühacir müxalifət” ölkəmizə qarşı qarayaxma kampaniyası aparır. Buna münasibətiniz necədir?

- Bu gün abadlaşan bölgələrimiz, inkişaf edən ölkəmiz, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakı şəhəri, tikilən  3 mindən artıq  məktəb, 600-dən çox xəstəxana, 50-dən çox olimpiya mərkəzi, inşa edilmiş  11 min kilometrdən çox yollar,  250 mindən çox köçkün üçün 100-ə yaxın təzə qəsəbələr, yeni yaradılmış enerji infrastrukturu, dinamik inkişaf edən və şaxələndirilən  iqtisadiyyat, - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etməyə yönəlmiş sistemli islahatlarla daim təkmilləşən  iqtisadiyyatın Azərbaycan modeli  dayanır. Bu modelin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və İlham Əliyev cənabları tərfindən 16 illik Prezidentlik dövründə  müasir tələblərə uyğun modernləşdirilərək  inkişaf etdirilmişdir. Lakin bu uğurları görməməzliyə vuran, Azərbaycan Respublikasında ümumi daxili məhsulun   əhəmiyyətli dərəcədə artmasından, ölkə iqtisadiyyatına 231 milyard manat sərmayə qoyulmasından, vayuta ehtiyatlarının 45 milyard manatı  ötməsindən,  ölkənin regionda söz sahibi olmasından, nəqliyyat dəhlizinə və loqistik mərkəzinə çevrilməsindən, vətəndaşların rifah halının gündən-günə yaxşılaşmasından, ictimai-siyasi sabitliyin bərqərar olmasından, Ermənistanın işğal etdiyi torpaqların bir hissəsinin geri alınmasından, vətəndaşlarla hakimiyyətin monolit birliyindən təşvişə düşən antiazərbaycan qüvvələrin, “mühacir müxalifət”in  respublikamızda görülən işlərə kölgə salmaq, vəzifəli şəxslərə  böhtan atıb təhqir etməklə  insana yaraşmayan işlərlə məşğul olması heç bir nəticə verməyəcək. Çünki xalq hər şeyi görür və reallığı düzgün qiymətləndirir. Reallıq isə ondan ibarətdir ki, 1993-cü ildən indiyə kimi Azərbaycan Respublikasında həyata keçirilən siyasət Azərbaycan xalqına və dövlətinə xidmət edir. 

Son 16 ilin yekunları sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  formalaşan və  dövrün müasir tələblərinə uyğun daim təkmilləşən sosial yönümlü iqtisadi siyasət  ölkəmizin əldə etdiyi uğurları daha da möhkəmləndirəcək, uzunmüddətli   gələcək inkişafımızı təmin edəcəkdir.