YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanın ərzaq təhlükəsizliiynin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir

Müsahibimiz Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər komissiyasının sədri Eldar İbrahimov

- Eldar müəllim, bir neçə gün sonra Milli Məclisin payız sessiysı öz işinə başlayacaq. Rəhbərlik etdiyiniz Aqrar siyasət komitəsinin bu sessiya üçün iş planına hansı məsələlər daxildir? 

- Milli Məclisin payız sessiyasına ciddi şəkildə hazırlaşırıq. Komitəmizin bu sessiya ərzində iş planına bir neçə məsələ daxildir. Onlardan biri «Kooperasiya haqqında» qanun layihəsidir. Bilirsiniz ki, biz kənd təsərrüfatında koperativlərin yaradılmasını dəfələrlə vurğulamışıq. Ona görə də, bu məsələnin hüquqi bazasının yaradılması da zəruridir. Bir neçə il öncə qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olundu. Amma sonradan araşdırmalar, təhlillər layihənin daha da təkmilləşdirilməsi  zərurətini ortaya çıxardı. Hazırda Prezident Administrasiyasının müvafiq şöbəsində bu layihə işlənilir. Yəqin ki, parlamentin payız sessiyası ərzində sənəd bizə təqdim olunacaq. 
Payız sessiyasının iş planına daxil olan digər sənəd isə «İnformasiya məsləhət xidməti haqqında» qanun layihəsidir. Bu layihə də vacib məsələləri özündə ehtiva edir.  Qanun kənd təsərrüfatı istehsalçılarına, sahibkarlara elektron xidmət göstərməyi nəzərdə tutur. Məsələn, fermer internet vasiləsilə istehsal etdiyi məhsullar haqqda məlumat verəcək, eyni zamanda özünə bazar axtaracaq və s. Yəni o,  bu xidmət vasitəsilə bazara çıxa biləcək. Çalışacağıq ki, layihə payız sessiyasında müzakirəyə çıxarılsın. Bilirsiniz ki, həmişə payız sessiyasında büdcə zərfinin müzakirəsinə geniş yer ayrılır. Əgər vaxt məhdudluğu imkan verməsə, biz layihəni gələn ilin yaz sessiyasında parlamentin müzakirəsinə təqdim edəcəyik. 
Bunlardan əlavə, dövlət başçısının imzası ilə parlamentə daxil olan bir sıra qanun layihələrinə əlavə və dəyişikliklər məsələsi də komitəmizdə müzakirə ediləcək. Ümumiyyətlə, hesab edirəm ki, sessiya ərzində məhsuldar işləyəcəyik.

- Milli Məclisdə strateji məhsullarla əlaqədar qanunlar qəbul edilib. Bu qanunlar həmin sahələrin inkişafına necə təsir göstərir? 

- Bəli, qeyd etdiyiniz kimi strateji məhsuların hamısı ilə bağlı demək olar ki, qanunlar qəbul olunub. Taxılçılıq, pambıqçılıq, üzümçülük , çayçılıq haqqında qanunlar buna sübutdur. Bu sənədlərin qəbul edilməsindən sonra həmin sahələr üzrə inkişaf qeydə alınmaqdadır. Mən xüsusilə taxılçılığın inkişafı  istiqamətində görülən işləri qeyd etmək istəyirəm.  Bilirsiniz ki, ölkə Prezidentinin sərəncamı ilə Beyləqan və Ağcabədi rayonları ərazisində ümumilikdə 4800 hektar sahədə böyük pilot taxılçılıq təsərrüfatı yaradılıb. Həmin təsərrüfatda suvarma sistemində və digər məsələlərdə  yeni texnologiyalar tətbiq olunur. Bunun nəticəsidir ki, hər hektardan 55 sentner taxıl, 111  sentner isə qarğıdalı götürülür. 
Bu ilin yaz sessiyası ərzində parlamentin Aqrar siyasət komitəsini təmsil edən deputatlar olaraq Ağcabədi rayonuna gedib həmin təsərrüfatla tanış olduq. Qeyd edim ki, həmin pilot təsərrüfatının yaxınlığında iri buynuzlu mal-qara təsərrüfatı da  var. Mən Almaniyanın Saksoniya əyalətində fermer təsərrüfatını necə görmüşdümsə, Ağcabədidə də o cür təsərrüfat yaradılmışdı. Yəni artıq bizdə də belə böyük, müasir texnologiyaların tətbiq olunduğu fermer təsərrüfatları yaradılır. Bu fermer təsərrüfatında sağılan süd isə yaxınlıqda yerləşən «Atena» süd zavoduna verilir və orada süd məhsulları istehsal olunur. Bu müəssisədə də müasir texnologiyalar tətbiq olunur. Nəzərə alsaq ki, belə təsərrüfatların sayı gələcəkdə xeyli aratacaq, onda aqrar sahədə daha böyük inkişaf müşahidə edəcəyik. 
Eləcə də, üzümçülük sahəsi də inkişaf edir. Biz bununla bağlı qanun hazırlayanda bəziləri məsələyə qeyri-ciddi yanaşırdı. Amma bu yöndə qanun qəbul edildikdən bir il sonra Fransa şirkəti gəlib Gəncə ətrafında üzümlüklər əkdi. Çünki bu sahənin inkişafı ilə əlaqədar  hüquqi baza yarandı və fransızlar üzümçülüyə xeyli sərmayə yatırdılar. Çayçılıqla əlaqədar da işlər genişlənir. Hesab edirəm ki, gələcəkdə kooperativlərin, iri təsərrüfatların yaraldması ilə bu sahələr,  o cümlədən pambıqçılıq da xeyli inkişaf edəcək.

- Bütün bunların ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyəti nədən ibarətdir? 

- Azərbaycanın ərzaq təhlükəsizliiynin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bilirsiniz ki, qeyri-neft sektorunun ən prioritet sahələrindən biri aqrar sahədir. Azərbaycanda aqrar sahədə islahatlar hələ 1992-ci ildə Ümummilli lider Heydər Əliyev Naxçıvanda olarkən başladı. Daha sonra sovxoz və kolxozlar ləğv edildi və aqrar islahatlar haqqında qanun qəbul olundu. 1996-cı ildə isə "Torpaq islahatları haqqında" qanunun qəbul edildi. Bu qanun çox uğurla həyata keçirildi və qanunun qəbul edilməsindən sonra Azərbaycanın bütün regionlarında torpaqlar xüsusi mülkiyyətə verildi və bu gün də ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatı məsullarının istehsalının 97-98 faizi məhz xüsusi mülkiyyət hesabına ödənilir. 
Bu gün ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı böyük işlər gedir. Hələ 2001-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən ərzaq təhlükəsizliyi ilə əlaqədar dövlət proqramı təsdiq olundu və bu dövlət proqramı çox uğurla həyata keçirildi. 2008-ci ildə isə cənab Prezident İlham Əliyevin Sərəncamı  ilə ərzaq təhlükəsizliyi ilə əlaqədar ikinci dövlət proqramı təsdiq edildi. 2008-2015-ci illəri əhatə edən bu dövlət proqramında ərzaq təhlükəsizliyi ilə bağlı mühüm məsələr öz əksini tapıb və qarşıya qoyulan vəzifələr uğurla icra edilməkdədir. 
Mən hesab edirəm ki, gələcəkdə iri təsərrüfatların, koperativlərin yaradılması ərzaq təhlükəsizliyinin təmin olunmasına daha böyük töhfələr verəcək. Çünki kiçik pay torpaqlarını əkib becərməklə insanlar yüksək məhsul götürə bilmirlər. Kooperativlər də xüsusi mülkiyyətin bir növüdür. Bu barədə təkliflə çıxış edəndə bəzi şəxslər elə bilirdilər ki, kolxoz yaradırıq. Amma bunlar ayrı-ayrı  şeylərdir. Böyük təsərrüfatlar rentabelli işləyir, qazancları da yüksək olur. Kiçik təsərrüfatlar isə çətinliklərlə üzləşirlər. Bu baxımdan, kooperativlərin yaradılması vacibdir. Bütün dünyada bu praktika tətbiq olunur. 
Biz eyni zamanda, elə etməliyik ki, istehsalçı öz məhsulunu birbaşa istehlakçıya çatdıra bilsin. Bazarlarda kəndlinin məhsulları əldən ələ ötürüldükcə qiymətlər də bahalaşır. Ona görə də, bunun da həlli yollarını düşünməliyik. Kənd Təsərrüfatı Nazirliyinin şənbə və bazar günlərində təşkil etdiyi yarmarkalarda qiymətlər ucuz olur, çünki kəndli burada öz məhsulunu sata bilir. Amma ayrı günlərdə isə bazarlarda kənd təsərrüfatı məhsullarının qiyməti yüksək olur. 
Mən bu məsələdə həmişə Naxçıvan Muxtar Respublikasını nümunə göstərirəm. Çünki Naxçıvanda bazar alverçisi yoxdur. Bazarlar kəndlinindir, onlar öz məhsullarını gətirib bazarda rahat şəkildə satırlar. Ona görə də, orada məhsulların qiyməti heç vaxt bahalaşmır.

- Eldar müəllim, sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanmasının 20 ili tamam olur. Bu müqavilənin ölkəmizin inkişafındakı əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik... 

- «Əsrin müqaviləsi»nin  müstəqil dövlətimizin inkişafında yeri və rolu danılmazdır. Bu müqavilə Ümummilli liderimiz Heyədr Əliyevin uzaqgörən, müdrik və qətiyyətli siyasəti nəticəsində imzalanıb. Məhz xarici dövlətlərin Ulu öndərə inamı nəticəsində «Əsrin müqaviləsi» 1994-cü ildə imzalandı. Müqaviləni imzalayan  11 transmilli şirkət ABŞ, İngiltərə, Türkiyə, Rusiya və digər böyük  dövlətləri təmsil edirdi. 
Bu gün məhz «Əsrin müqaviləsi»nin sayəsində iqtisadiyyatımız sürətlə inkişaf edir. Çünki neftdən gələn gəlirlər iqtisadiyyatın digər sahələrinə yönəldilir. Qeyd edim ki, Prezidentimiz  İlham Əliyev «Əsrin mqaviləsi» imzalanarkən ARDNŞ-in birinci vitse-prezident idi. Təbii ki, bu müqavilənin imzalanmasıprosesində cənab İlham Əliyevin də müstəsna xidmətləri var. 
Hazırda Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə öz neft və qazını dünya bazarlarına çıxarır. Bu gün güclənən Azərbaycan təkcə Cənubi Qafqazda yox, Avropada çox böyük nüfuz sahibidir. Avropa dövlətləri çalışırlar ki, boru kəmərləri onların ərazilərindən keçsin və bundan qazanc  əldə etsinlər. Ukrayna hadisələrinə görə, Avropa  Rusiyadan ehtiyat edir ki, onlara qaz problemi yaradılsın. Ona görə də,  qaz məsələsi dünyada  Azərbaycanın əhəmiyyətini  daha da artırır. 
TANAP və TAP layihələri də «Əsrin müqaviləsi»nin davamı hesab oluna bilər. Bu layihələr  vasitəsilə qardaş Türkiyə, Gürcüstan və digər ölkələr mənfəət əldə edir.  Bir vaxtlar Azərbaycan başqa ölkələrdən kredit axtarırdı. Amma indi Şərqi Avropa ölkələrinə, Balkan dövlətlərinə böyük sərmayələr  yatırırıq. Bu Azərbaycanın iqtisadi gücüdür. İqtisadi güc siyasi gücümüzü də əhəmiyyətli dərəcədə artırır. 

- Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər komissiyası ilin sonunadək hansı tədbirləri keçirməyi nəzərdə tutur? 

- Bəli, oktyabr ayında regionların sosial-iqtisadi inkişafına dair iclas keçirməyi nəzərdə tuturuq. Həmin iclasa partiyamızın Siyasi Şurasının üzvü, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevi dəvət edəcəyik ki, bu sahədə qazanılan nailiyyətlər haqqında ictimaiyyətə məlumat versin. 
Bilirsiniz ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası sayəsində bölgələrdə ciddi inkişaf müşahidə olunur. Nəzərə alsaq ki, qarşıdan bələdiyyə seçkiləri gəlir, məhz belə bir ərəfədə bu məlumatın ictimaiyyətə çatdırılması vacibdir. YAP üzvləri seçki kampaniyasının təbliğat prosesində bu inkişaf barədə məlumatları seçicilərilə görüşündə onların diqqətinə çatdırmalıdır. Bunların hamısı bizim işin xeyrinədir. 
Dekabr ayında isə komissiyamız Prezident İlham Əliyevin yeni beşilliyə dair qarşıya qoyduğu hədəflərin geniş şəkildə təbliğ olunması ilə bağlı iclas keçirəcək. 

- Eldar müəllim, siz, Azərbaycanın  ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvüsünüz. Təşkilatın qarşıdan gələn payız sessiyasında nə kimi məsələlər müzakirə ediləcək?

- Oktyabrın 3-dən 5-dək İsveçrənin Cenevrə şəhərində ATƏT Parlament Assambleyasının payız sessiyası keçiriləcək. Sessiya çərçivəsində Assambleyanın konfransı, Aralıq dənizi Forumu və daimi komitənin iclasları olacaq. “Yeni təhlükəsizlik çağırışları: parlamentlərin rolu” devizi altında keçiriləcək konfrans çərçivəsində ATƏT-in təhlükəsizliyin ölçülərini əhatə edən hər üç komitəsinin iclaslarının keçirilməsi nəzərdə tutulur.
ATƏT Parlament Assambleyasının bütün tədbirlərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı məsələləri gündəmə gətiririk. İşğalçı siyasətin ölkəmizə vurduğu  ziyanlar barədə avropalı parlamentarilər müntəzəm olaraq məlumatlandırılır. Ermənistan işğalçılıq siyasətinə baxmayaraq, təşkilat problemə yumşaq münasibət göstərir. Beynəlxalq qurumların bu cür yanaşmaları isə Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə sövq edir.
Biz təşkilatın tədbirlərində bu haqda məlumat veririk və işğalçı dövlətə qarşı  ciddi tədbirlərin görülməsini tələb edirik. Amma çox zaman belə cavab alırıq ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupunun fəaliyyəti isə bizi qane edə bilməz. Həmsədrlər vaxtaşırı olaraq regiona turist səfərləri edirlər. Yəni onların səfərlərinin heç bir nəticəsi yoxdur. Deyirlər ki, məsələni hər iki tərəf razılığa gəlib həll etməlidir. Əgər biz özümüz razılığa gələcəyiksə, onda Minsk qrupu nəyə lazımdır? Ona görə də, həmsədrlərin fəaliyyəti cəmiyyətimiz tərəfindən etirazla qarşılanır. Ümidimiz dövlətimizin başçısının həyata keirdiyi siyasətədir ki, bu siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq. Prezidentimizin siyasəti nəticəsində işğalçı dövlət regional layihələrdən kənarda qalıb, iqtisadiyyatı böhran içərisindədir. Bir sözlə, Ermənistan dalana dirənib. Bütün bunlar isə münaqişənin həlli prosesində bizim üstünlüyümüzü artırır.