YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni Azərbaycan Partiyası dünya səviyyəsində tanınan nüfuzlu partiyaya çevrilib

Müsahibimiz Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev

- Asəf müəllim, Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti bugünlərdə Şri-Lankada səfərdə olub. Səfərin nəticələri haqqında məlumat verməyinizi xahiş edirik... 

- Bildiyiniz kimi 18-20 sentyabr tarixlərində Şri-Lankanın paytaxtı Kolombo şəhərində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) 8-ci Baş Assambleyanın iclası keçirilib. Toplantıda Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinə mən, YAP Siyasi Şurasının üzvü, millət vəkili İCAPP qadınların təşkilatının sədr müavini Məlahət İbrahimqızı, YAP MNTK-nın üzvü Mahir Abbasəliyev və YAP Gənclər Birliyinin sədr müavini,  İCAPP gənclər təşkilatının sədr müavini Ramin Məmmədov daxil idi. Ümumiyyətlə, 20 ölkədən 30 siyasi partiyanın nümayəndə heyətinin iştirak etdiyi tədbirdə İCAPP-ın  Daimi Komitəsi tərəfindən “Asiya şəbəkəsinin qurulması” mövzusunda, eləcə də yeni üzv təşkilatların qəbulu barədə müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub. 
Qeyd edim ki, Baş Assambleyanın iclasının açılışında Şri-Lankanın prezidenti də iştirak edib. Bu da təsadüfi deyil. Çünki İCAPP unikal bir təşkilatdır. Quruma Asiya ölkələrindən 350-ə yaxın siyasi partiya daxildir ki, onlar həm iqtidarı, həm də müxalifəti təmsil edir. İCAPP-a Daimi Komitə rəhbərlik edir. Daimi Komitəyə üzv partiyaların sayı 22 idi, amma budəfəki Baş Assambleyada iqtidarda olan Birləşmiş Şri-Lanka Partiyası da komitəyə üzv qəbul edildi. Bununla da, Daimi Komitənin üzvlərinin sayı 23 partiya oldu. Ümumilikdə, İCAPP-ın Baş Assambleyası iki ildən bir keçirilir. Budəfəki toplantıda da Asiyada və müxtəlif regionlarda baş verən proseslər müzakirə olundu, iştirakçılar öz mövqelərini ifadə etdilər. Sonda toplantının yekunu olaraq Bəyannamə qəbul olundu. 

- Bəyannamədə Azərbaycanın maraqlarına uyğun olan müddəalar əks olundumu? YAP-ın nümayəndə heyəti bu haqda hansı təkliflərlə çıxış etdi?  

- Bəyannamədə dünyada baş verən proseslərə münasaibət ifadə olundu. Əlbəttə ki, biz çalışırdıq ki, bu yekun sənədində ölkəmizin maraqlarını ifadə edən mövqelər əksini tapsın. Ona görə də, nümayəndə heyəti olaraq dövlətlərin ərazi bütövlüyünün tanınmasını, münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllini özündə ifadə edən müddəaların yekun Bəyannaməyə daxil edilməsini təklif etdik. 
Bu təklif Daimi Komitədə geniş müzakirə edildi. Müzakirələrdə Daimi Komitənin həmsədrləri, baş katibi, eləcə də, Rusiya, Vyetnam, Çin, Malaziya və başqa ölkələrin təmsilçiləri fəal iştirak etdilər. Nəticədə isə bizim təkliflərimiz Bəyannaməyə daxil edildi. Bu təkliflər sənədin 4-cü və 5-ci maddəsində əksini tapır. Onların diqqətinizə çatdırıram. Maddə 4: «Biz Manilada (2000), Bankokda (2002), Pekində (2004), Seulda (2006), Astanada (2009), Pnom Penhdə (2010) və Bakıda (2012) Baş Assambleyanın iki ildən bir keçirilən yığıncaqlarında qəbul olunan bəyannamələrin və İCAPP Nizamnaməsinin prinsiplərinə və ruhuna sadiqliyimizi bir daha təsdiqlədik. Biz, həmçinin, təsdiqlədik ki, onların içərisində ərazi bütövlüyü və suverenliyin qarşılıqlı surətdə tanınması, münaqişələrin dinc yollarla nizamlanmasına riayət olunması, bir-birinin daxili işlərinə hörmət, bərabərlik, qarşılıqlı faydalılıq və uzlaşmaya meyllilik bundan sonra da İCAPP prinsiplərinin sütunlarını təşkil edəcək. 
5-ci maddədə isə deyilir: «Biz qeyd etdik ki, artmaqda olan qarşılıqlı asılılıq və bağlılıq regiondakı ölkələrin bir-birindən fərqli milli maraqlarının və təhlükəsizlik meyarlarının daha yaxşı anlaşılması üçün müvafiq mühitin stimulaşdırılmasındakı uğursuzluq səbəbindən regional təhlükəsizliyə gözlənilməz təhdidlər yarada bilər. Bu baxımdan, regionumuzdakı həlli uzanan münaqişələrlə bağlı dərin narahatlığımızı ifadə etdik və vurğuladıq ki, Əfqanıstan, Ermənistan-Azərbaycan, İraq, İsrail-Fələstin, Koreya yarımadası, Pakistan və Suriya da daxil olmaqla bütün mümkün təhlükəli münaqişə ocaqları dialoq, beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının qətnamələri əsasında sülh yolu ilə aradan qaldırılmalıdır. Biz həmçinin, qeyd etdik ki, regionumuzun bəzi yerlərindəki mövcud ərazi münaqişələri bölgədəki ümumi təhlükəsizliyə təhdidlər törədə bilər».
Qeyd edim ki, yuxarıda sadalanan Baş Assambleyalarda ölkələrin ərazi bütövlükləri  və münaqişələrin (həmçinin Dağlıq Qarabağ münaqişəsinin) həllində BMT qətnamələrinin vacibliyi  qeyd edilib. Gördüyünüz kimi İCAPP Baş Assambleyası dövlətlərin ərazi bütövlüyünü və suverenliyini tanıdığını və münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının tərəfdarı kimi çıxış edir. Bu isə Azərbaycan dövlətinin maraqlarına uyğun olan bir mövqedir. Xüsusilə vurğulanmalıdır ki, bu mövqe İCAPP-ın əsas prinsiplərini əks etdirir. 

- Səfər çərçivəsində nümayəndə heyəti ikitərəfli görüşlər keçirdimi? 

- Bəli, YAP-ın nümayəndə heyəti toplantı çərçivəsində Asiyanın bir sıra nüfuzlu partiyalarının təmsilçiləri ilə görüşlər keçirərək qarşılıqlı əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparıb. Bilirsiniz ki, YAP Asiyanın bəzi partiyaları ilə əməkdaşlıq haqqında sənəd imzalayıb. Bu çərçivədə mütəmadi olaraq qarşılıqlı səfərlər baş tutur, eləcə də, müxtəlif tədbirlərdə iştirak edirik.  
Oktyabrın əvvəlində Azərbaycanda növbəti Beynəlxalq Humanitar Forumun keçirilməsi nəzərdə tutulur. Bu mötəbər tədbirəVyetnamdan, Cənubi Koreyadan nüfuzlu nümayəndə heyətləri gələcək. Onlar səfər çərçivəsində YAP-da görüş keçirmək istəklərini ifadə ediblər. Çünki partiyalarımız arasında yaxşı əlaqələr mövcuddur. Bütövlükdə, Asiyanın nüfuzlu siyasi partiyaları ilə əlaqələrimiz inkişaf edir.   

- İCAPP çərçivəsində Yeni Azərbaycan Partiyasının fəaliyyəti necə dəyərləndirilir?

- YAP artıq dünya səviyyəsində tanınan nüfuzlu partiyaya çevrilib. İCAPP-ın timsalında 350 partiyanın daxil olduğu təşkilata cəmi 23 siyasi partiya rəhbərlik edir. YAP da həmin partiyaların sırasındadır. Onu da qeyd edim ki,  Daimi komitədə partiyaların təmsil olunduqları dövlətlər əhali və ərazi baxımdan çox böyükdür. Azərbaycanın əhalisinin sayı isə 9,5 milyon nəfərdir. Sadəcə, Azərbaycanın, YAP-ın nüfuzu sayəsində həmin təşkilatın rəhbər orqanında təmsil olunuruq. 
Həqiqətən də, partiyamızın geniş beynəlxalq əlaqələri var, İCAPP çərçivəsində də aktiv fəaliyyət göstərir. Təsadüfi deyil ki, təşkilatın Daimi Komitəsinin iki iclası, 2012-ci ildə isə Baş Assambleyanın toplantısı  yüksək səviyyədə keçirilib. Hətta Şri-Lankada da Baş Assambleyanın toplantısının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu vurğulandı. Çünki bu toplantının açılışında BMT Baş katibinin və Avropa Xalqları Partiyasının prezidentinin təbrik məktubu səsləndirildi. Buna qədər heç bir Baş Assambleyada belə hadisə olmamışdı. Bu baxımdan, Bakı şəhərində keçirilən Baş Assmableyanın toplantısı təşkilatın həyatında tarixi hadisə idi. Bu fakt göstərdi ki, Azərbaycan həm BMT səviyyəsində dəstəklənir, həm də AXP sədri ölkəmizdəki demokratik prosesləri yüksək qiymətləndirir. Bu mənada partiyamızın İCAPP çərçivəsində fəaliyyəti yüksək qiymətləndirilir. 

- İCAPP-ın Baş Assambleyasının növbəti toplantısı hansı ölkədə keçiriləcək? 

- Növbəti toplantının 2016-cı ildə Hindistanda keçirilməsi qərara alınıb. Bundan başqa təşkilatın Daimi Komitəsinin iclasları, konfransları olacaq. Böyük ehtimalla həmin tədbirlərdən bəzilərinin  Bakı şəhərində keçirilməsi gözlənilir. İCAPP-ın tədbirlərinin ölkəmizdə keçirilməsi Asiyanın Azərbaycana olan marağının göstəricisidir. Bu region ölkəmizin sosial-iqtisadi inkişafını maraqla qarşılayır, yoxsulluğun 49 faizdən 5 faizə endirilməsini yüksək qiymətləndirir. Bütün bunlara görə Azərbaycan Asiya üçün cəlbedicidir. Bölgənin bir sıra ölkələri inkişafın Azərbaycan modelini öyrənmək istəyirlər.   

- Asəf müəllim, qeyd etdiniz ki, Asiya Azərbaycandakı prosesləri yüksək qiymətləndirir. Amma bunun fonunda Avropa Parlamenti ölkəmiz haqqında qərəzli qətnamə qəbul edib. Buna münasibətiniz necədir?

- Çox təəccüblüdür ki, Azərbaycanın hərtərəfli inkişafı fonunda Avropa Parlamenti belə bir qətnamə qəbul edib. Asiyanın ən böyük siyasi təşkilatı Azərbaycandakı demokratik prosesləri yüksək qiymətləndirir, amma Avropanın bir təşkilatı isə bunun əksini iddia edir. Avropa Parlamenti qəbul etdiyi son qətnamədə ölkəmizə qarşı şərtlər irəli sürür, kimlərinsə həbsdən azad olunmasını tələb edir. Azərbaycanın müstəqil məhkəmə sistemi var və bu məhkəmələr də qanun çərçivəsində qərarlar verir. Hansısa təşkilatın məhkəmələrin işinə müdaxilə etməyə hüququ yoxdur. 
Bütün bunlar göstərir ki, dünyada baş verən qloballaşma siyasi proseslərə də təsir edir. Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi son qətnamə bunu təsdiq edir. Təşkilatın bu qətnaməsi ağlasığmazdır. Onun ölkəmizə qarşı şərtlər irəli sürməsi qəbuledilməzdir. Azərbaycan hüquqi dövlətdir və həyata keçirdiyi siyasəti də özü müəyyənləşdirir. Avropa Parlamenti ölkəmizin daxili işlərinə qarışa bilməz. Qurumun qəbul etdiyi qətnamədə erməni lobbisinin, Azərbaycanın inkişafını istəməyən qüvvələrin təsiri var. Təşkilatın Azərbaycana qarşı bundan əvvəlki qətnaməsinin müzakirəsində 47, bu dəfə isə ondan da az deputat iştirak edib. Halbuki, Avropa Parlamentinin 750 nəfərdən çox üzvü var. Bu necə olur ki, 30-40 deputat bütövlükdə təşkilatın adından qərarlar qəbul edir? Onlar heç təşkilat üzvlərinin 4 faizini təşkil etmir. Hesab edirəm ki, Avropa Parlamenti öz strukturunda islahatlar aparmalıdır. Biz Avropa Parlamenti ilə əməkdaşlıq etməyə hazırıq və edirik. Amma Avropa Parlamenti adından 30-40 deputatın qərar qəbul etməsi Azərbaycan tərəfindən qəbul olunmazdır. Bu ilk dəfə deyil ki, baş verir və Avropada  bu haqda ciddi düşünməlidirlər. 
Qətnaməyə gəlincə, Azərbaycan heç bir təşkilatdan asılı deyil. Azərbaycanın öz inkişaf yolu var, Azərbaycan Prezidenti müstəqil siyasət həyata keçirir. Ötən 20 il göstərdi ki, Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan müstəqil dövlətdir. Ölkəmiz bütün istiqamətlər üzrə, o cümlədən demokratiya sahəsində inkişaf edir. Mümkün deyil ki, bir istiqamətdə sürətli inkişaf olsun, amma digər sahələr geridə qalsın. Azərbaycanda bütün sahələr paralel inkişaf edir. Sosial-iqtisadi, humanitar, mədəniyyət sahəsində yüksək inkişaf mövcuddur. Təkcə Heydər Əliyev Fondunun humanitar və mədəniyyət sahəsində həm ölkəmizdə, həm də xaricdə reallaşdırdığı layihələri xatırlamaq  kifayətdir ki, ölkəmiz bu sahədə necə uğurla inkişaf edir.  
İqtisadi sahədə də nailiyyətlər göz önündədir. Bugünlərdə «Cənub» qaz dəhlizinin təməlinin qoyulması mərasimində dünyanın bir sıra ölkələrinin rəhbərləri, rəsmi şəxsləri iştirak etdilər. Məlumdur ki, Avropa enerji məsələlərində sıxıntı çəkir, Azərbaycan isə bu regionun enerji təhlükəsizliyinin qarantı kimi çıxış edir.
Eyni zamanda, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. 2012-ci ildə «Evrovision» mahnı müsabiqəsi yüksək səviyyədə təşkil olundu. Sonuncu Beynəlxalq Humanitar Foruma 15-ə yaxın Nobel mükafatı laureatı gəlmişdi. Bu insanlar dünyada unikaldırlar, onları barmaqla saymaq olar. Həmin insanlar da ölkəmizdəki prosesləri yüksək qiymətləndirdilər. Bundan əlavə, ölkəmizdə 2015-ci ildə ilk Avropa Oyunları keçiriləcək, 2017-ci ildə İslam ölkələrinin Olimpiya Oyunlarına ev sahibliyi edəcəyik. Futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatının 4 oyunu Bakıda olacaq. Bütün bunlar ölkəmizin hərtərəfli inkişafının göstəricisidir. 
Əlbəttə ki, demokratik inkişaf da proseslərin önündə gedir. Belə bir şəraitdə Avropa Parlamenti hansı qərar qəbul etsə də, ona əhəmiyyət vermək lazım deyil. Kimlərsə, xüsusilə bəzi xarici qüvvələr  demokratiyanı anarxiya hesab edir. Onlar  Azərbaycana dağıdıcılıq gətirib sonra öz «köməklərini» təklif etmək istəyirlər. Amma ölkəmiz belə addımların qarşısını alır və gələcəkdə də alacaq. Azərbaycan dövləti heç zaman imkan verməyəcək ki, ölkədə anarxiya yaradılsın. Bu Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin əsas prinsiplərindən biridir.