YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram

   29 saylı Səbail seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aytən Hüseynova

- Aytən xanım, Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərində namizədlər irəli sürərkən gənclərə də böyük önəm verib. Bu faktı hansı amillərlə izah edərdiniz?

- Hər kəsə məlumdur ki,  fevralən 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Bu seçkilərdə iştirak üçün namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdür. Bu bir gənc kimi mənim üçün qürurvericidir və eyni zamanda böyük məsuliyyətdir. Göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm.

Yeni Azərbaycan Partiyası bu gün öz sıralarında 740 mindən çox üzvünü birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, regionda ən güclü və nüfuzlu qüvvəyə çevrilib. Zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası siyasi xadim, müdrik rəhbər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafına, tərəqqisinə mühüm töhfələr verib.

Sevindirici haldır ki, cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərin əksəriyyəti Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunurlar. Ümummilli Lider Heydər Əliyevin “Bizim müstəqil Azərbaycanın gələcəyi gənclərə məxsusdur, gənclərin əlində olmalıdır” sözləri bu gün tam təsdiqini tapıb. Partiyamız yarandığı ilk gündən etibarən daim sıralarında sağlam əqidəli, vətənpərvər, Azərbaycanın parlaq gələcəyi naminə bilik və bacarıqlarını əsirgəməyəcək gəncləri birləşdirib.

Bunun başlıca səbəbi ölkəmizdə həyata keçirilən gənclər siyasəti ilə yanaşı, partiyanın gənclərin düşüncə və ideyalarına xüsusi diqqət yetirməsidir. Bu gün Azərbaycanda savadlı və istedadlı gənclərin nailiyyətlər əldə etməsi üçün hər bir imkanlar yaradılıb.

- Sizcə, Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi həyatında, inkişaf prosesində hansı səviyyədə inkişaf edir?

 - Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur.

Müstəqil ölkəmizin bütün sahələrində - dövlət strukturlarında, təhsildə, səhiyyədə, orduda, sənayenin, kənd təsərrüfatının bütün sahələrində aparıcı qüvvə kimi gənclər öndə dayanırlar. Gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin olunması, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtlarının təmin edilməsi, bu sahədə görülən işlər, həyata keçirilən coxşaxəli tədbirlər Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin məntiqi davamı kimi cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata keçirilir.

Bu günün gəncləri Azərbaycanın ictimai-siyasi həyatında daim fəallıqları ilə seçilir, öz düşüncə və baxışları ilə dünyada, ölkədə baş verən hadisələrə münasibətlərini bildirir, cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Partiyamızın sıraları keyfiyyət etibarı ilə günü-gündən zənginləşir, intellektual, fəal gənclər partiya sıralarına qoşulurlar.

Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin sayının durmadan artması isə Yeni Azərbaycan Partiyasında gənclik enerjisini artırmaqla gələcək inkişafımıza etibarlı təminat yaradır. Heç şübhəsiz, gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti xüsusi əhəmiyyət kəsb edir.

- 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd olaraq seçicilərlə görüşlər keçirirsiniz. Bu görüşlərlə bağlı təəssüratlarınız necədir?

- Əlbəttə ki, təəssüratım çox yüksəkdir. İnsanlar görüşlər zamanı parlament seçkilərində Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə səs verəcəklərini bildirirlər. Yeni Azərbaycan Partiyası da özündə bu amilləri birləşdirir.

Mən səsvermək hüququ olan hər bir şəxsi 9 fevral parlament seçkilərində daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram!