YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni Azərbaycan Partiyasının fəaliyyəti həmişə qalibiyyətlə müşayiət olunub və parlament seçkilərində də belə olacaq

   107 saylı Qazax seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Səməd Seyidov

- Səməd müəllim, qarşıdan parlament seçkiləri gəlir. Yeni Azərbaycan Partiyası  tərəfindən növbəti dəfə deputatlığa namizədliyiniz irəli sürülüb. Bu barədə nə deyə bilərsiniz?

- Hər bir insan üçün dövlətin ali strukturlarında təmsil olunmaq, xalqın maraqlarını əks etdirmək və  müdafiə etmək həm böyük şərəfdir, həm də məsuliyyətdir. Yeni Azərbaycan Partiyasına məni növbəti dəfə bu məsuliyyətli vəzifəyə  cəlb etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Bilirsiniz ki, mən cənab Prezident İlham Əliyevin, YAP-ın siyasətini həm ölkədə, həm beynəlxalq səviyyədə təbliğ və təmsil  edirəm. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi bu təşkilat çərçivəsində ölkəmizin maraqlarının müdafiə olunması istiqamətində dövlətimizin siyasətini təqdim edirik. Eləcə də, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi də parlament diplomatiyası sahəsində üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışam. Yəqin ki, bu fəaliyyətim nəzərə alınaraq namizədliyim yenidən irəli sürülüb. Mən bir daha fəaliyyətimə verilən yüksək qiymətə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevə təşəkkür edirəm.

Bilirsiniz, cənab Prezidentin siyasətini təqdim etmək həm məsuliyyətlidir, həm də asandır. Məsuliyyətlidir ki, ona görə ki, bu gün mürəkkəb dövrdə yaşayırıq, beynəlxalq aləmdə ziddiyyətlər çoxdur, bir çox regionlarda  gərginlik mövcuddur.  Bu keşməkeşli dünyanın içərisində sabit Azərbaycanın siyasətini təqdim etmək çox məsuliyyətli bir işdir.

Bununla yanaşı, Prezident İlham Əliyevin siyasətini dünyada təqdim etmək həm şərəflidir, həm də asan. Çünki xalqın iradəsini təmsil etmək, onu dünyaya çatdırmaq və dünyanın istəyini Azərbaycana gətirmək həmişə şərəfli və böyük missiyadır. Bu missiyada hər hansı formada bizim bir fərd kimi iştirak etməyimiz öz özlüyündə çox şərəflidir. Məhz bu missiyaya qoşulduğumuza görə, bizə  dövlət üçün ümumi quruculuq işlərində iştirak etmək imkanları yaradıldığına görə dövlətimizin və partiyamızın rəhbərliyinə minnətdaram. Sizi əmin edirəm ki, bu istiqamətdə iradəmiz möhkəmdir. Çünki cənab Prezidentin iradəsi möhkəmdir.

Seçkilərə gəlincə, istəyimiz və niyyətimiz açıqdır, aydındır. Ona görə ki, xalqımızn istəkləri, ümidləri aydındır. Əminəm ki, nəticələr müsbət olacaq. Çünki indiyədək Prezidentimizin  siyasəti, YAP-ın fəaliyyəti həmişə qalibiyyətlə müşayiət olunub. Əminəm ki, parlament seçkilərində də  belə olacaq.

- Parlament seçkilərinə az bir vaxt qalıb. Bütövlükdə, ölkəmizdəki seçki mühitini necə dəyərləndirisiniz?

- Hazırki  seçki mühiti digər seçkilərdən müəyyən qədər fərqlənir. Bu fərq özəl bir fərqdir. Çünki Azərbaycanın özü artıq beynəlxalq münasibətlərdə fərqli bir mövqedə dayanıb. Nə mənada? Azərbaycan bu regionda ən aparıcı ölkədir. Bu gün bütün beynəlxalq təşkilatlarda Azərbaycanın səsi daha gur gəlir. Bu gün Azərbaycanın istədiyi məsələlər dünya ictimaiyyətində qəbul olunur. Ölkəmiz BMT-dən sonra dünyada ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına rəhbərlik edir. Bir neçə il əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdi. Əlbəttə ki, bu uğurların sayını kifayət qədər artırmaq olar. Bütün bunlar ona dəlalət edir ki, bu gün Azərbaycan fərqli bir Azərbaycandır.

- Bir sıra beynəlxaq təşkilatların müşahidə missiyaları Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək. Sizcə, ümumilikdə bu seçkilərə beynəlxalq müstəvidə maraq hansı səviyyədədir? 

- Azərbaycanda keçirilən seçkilər beynəlxalq standartlara uyğun olub və və bundan sonra da belə olacaq. Eyni zamanda, həmişə ölkəmizdə keçirilən seçkilərə beynəlxalq maraq yüksək olub.

Bütün beynəlxalq təşkilatların seçkiləri izləmək istəyi də məhz buna dəlalət edir. Bilirsiniz ki, Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in  Demokratik Təsisatlar və İnsan Haqları Bürosu  və digər beynəlxalq qurumlar parlament seçkilərini  müşahidə edəcəklər. Beynəlxalq müşahidə missiyaların işi yalnız seçkilərə qiymət vermək deyil. Bu  missiyalar həmçinin, Azərbaycanda gedən prosesləri öyrənir, bizim uğurlu inkişaf modelimizi qəbul edirlər. Bilirsiniz ki, dünyanın bir çox yerlərində təhlükələr, ziddiyyətlər və tənəzzül baş verir. Belə bir şəraitdə Azərbaycan sabitlik məkanı olaraq dünya üçün nümunə kimi görünür. Sabitliyi qoruyan ölkə kimi dünya üçün çox maraqlıyıq.

- Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyiniz 107 saylı Qazax seçki dairəsindən irəli sürülüb. Sizin üçün millət vəkili kimi Qazax seçicilərini təmsil etməyin özəlliyi nədən ibarətdir?

- Qazax mənim doğma rayonumdur. Əslim, nəslim, həm də bütün ailəmin tarixi bu rayonla bağlıdır. Ulu Öndər Heydər Əliyev Qazaxa səfər edən zaman qazaxlılara müraciətlə demişdi ki, siz bizim dayağımızsınız. Çünki Qazax ön cəbhədədir. Bu, mənim üçün təbiidir. Mən Avropa Şurası Parlament Assambleyasında diplomatik cəbhədəyəm. İndi isə real cəbhədə də iştirak etməyə hazır olduğumu bildirmişəm.

Sosial-iqtisadi inkişaf məsələlərinə gəlincə, Qazax ötən müddət ərzində cənab Prezidentin apardığı siyasət çərçivəsində müvafiq dövlət proqramlarına uyğun olaraq böyük nailiyyətlər əldə edib. İqtisadiyyat, əhalinin sosial rifahı və digər istiqamətlərdə rayon bir çox uğurlar qazanıb. Bilirsiniz ki, Qazax böyük ziyalılar, yaradıcı insanlar yetişdirən rayondur.  Eləcə də, Vətənə bağlı, mərd xüsusiyyətlərə sahib olan qazaxlılar həmişə Azərbaycan dövlətçiliyinə sadiqdir. Doğma rayonumu parlamentdə təmsil etmək mənim üçün böyük şərəf olardı.

Mənim üçün Qazax doğmalığı ilə yanaşı, onun problemlərinin həll olunması da önəmlidir. Qazax bizim qərbə açılan qapıdır. Bütün enerji, nəqliyyat  layihələri buradan keçir. Qazaxın müəyyən sosial-iqtisadi problemlərinin həlli üçün öz qüvvəmi, imkanlarımı ortaya qoyacam və çalışacam ki, həmin məsələlər həll olunsun.

- Səməd müəllim, seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirirsiniz. Bu görüşlərlə bağlı təəssüratlarınız necədir?

- Həmişə mən fəaliyyətim ərzində Azərbaycanı beynəlxalq təşkilatlarda layiqincə təmsil etməyə, Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırmağa çalışmışam. Eləcə də, millət vəkili kimi seçicilərimin müraciətlərini diqqət mərkəzində saxlamağa səy göstərmişəm.

Bu gün də cənab Prezident İlham Əliyev, Yeni Azərbaycan Partiyası tərəfindən bizə tapşırılan vacib məsələlər çərçivəsində işlərimizi davam etdiririk və bundan sonra da etdirəcəyik. Mən əminəm ki, qazaxlılar və onların timsalında bütün Azərbaycan vətəndaşları daha yüksək səviyyədə öz mövqelərini bu seçkilərdə bildirəcəklər. Ona görə ki, sabitlik, inkişaf və tərəqqi içərisində yaşamaq istəyən xaql mütləq Prezidentimizin siyasətini dəstəkləməlidir. Necə ki, həmişə qazaxlılar bunu edib. Əminəm ki, bundan sonra da belə olacaq.