YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

İnanırıq ki, seçicilər ölkəmizdə islahatların davamlı olması üçün parlament seçkilərində YAP-ın namizədlərinə səs verəcəklər

   23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Elnur Rəhimov

-Elnur müəllim, Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərində namizədlər irəli sürərkən gənclərə də böyük önəm verib. Bu faktı necə şərh edərdiniz?

-İlk öncə qeyd etmək istəyirəm ki, ölkəmizdə fevralın 9-da keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyimin irəli sürülməsi mənim üçün böyük etimaddır. Bu etimada görə partiyamızın  Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə, partiyanın rəhbərliyinə minnətdarlığımı bildirirəm. Bir gənc namizəd kimi bu mənim üçün böyük qürür və məsuliyyətdir. Bu etimadı doğrultmaq və cənab Prezidentin gənclər siyasətini dəstəkləmək üçün bundan sonra da əlimdən gələni etməyə çalışacağam.

    YAP-ın namizədlərinə baxdığımız zaman siyahıda bir çox gənc dostlarımızı görürük və bu partiyamızın Sədrinin gənclərimizə nə qədər böyük inam və etimad göstərdiyinin təzahürüdür. Bu gün Azərbaycanda gənclərin inkişafı, yüksək bilik və bacarıq qazanması üçün bütün imkanlar yaradılıb. Minlərlə gəncimiz xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alaraq, Vətənə qayıdır, qazandığı bilikləri ölkəmizin inkişafına sərf edirlər. Mən özüm də Türkiyənin İzmir şəhərindəki Dokuz Eylül Universitetinin maliyyə fakultəsini 2012-ci ildə bitirmişəm. 2012-2013-cü illər ərzində İsveçrənin Cenevrə şəhərində MBA (Master of Business Adminstration with major in Global Banking and Finance) dərəcəsini bitirmişəm. 2014-2019-cu illərdə YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri olmuşam. Hazırda isə YAP Nəsimi rayon təşkilatının Şura üzvüyəm. Yəni demək istədiyim odur ki, bu gün ölkəmizdə intellektual gənclər ordusu formalaşıb və bu, Prezidentimiz İlham Əliyevin siyasətinin nəticəsidir.

Ümumiyyətlə, ölkəmizdə son illərdə aparılan bir çox islahatlarda görə bilərik ki gənclər siyasəti ölkəmizin ictimai və siyasi həyatında nə qədər ciddi rol oynayır. Bir çox dövlət sturkturlarında, hüquq mühafizə orqanlarında, icra hakimiyyəti orqanlarında, yerli idarəetmə orqanlarında gəncləşməyə gedilib.  Bildiyimiz kimi 2020-ci il ölkəmizdə cənab Prezident tərəfindən “Könüllülər ili” elan edilib. “Avroviziya” mahnı musabiqəsindən bu yana başlayan könüllülər dalğası ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və Formula 1 kimi dünya miqyaslı tədbirlərdə davam edib. Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin ölkəmizdə “Konüllülər ili” elan olunması könüllü gənclərimizin fəaliyyətinin cənab Prezident tərəfindən nə qədər yüksək qiymətləndirildiyini göstərir.

Xatırladım ki, bir neçə il öncə ölkəmizdə “Gənclər ili” elan olunmuşdu, gənclərin inkişafı ilə bağlı bir sıra dövlət proqramları həyata keçirilib və bu gün də davam etməkdədir. Bir sözlə, hər zaman gənclərə olan diqqət və qayğı ön planda olub.

-Yeni Azərbaycan Partiyasının gəncləri  həmişə seçki kampaniyalarında da fəal iştirak edirlər. Bu barədə nə deyə bilərsiniz?

- Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Ulu Öndərimiz Heydər Əliyevin ideyalarına sadiq qalan Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Beləliklə, partiyamız gənclərin inkişafı üçün bütün imkanları yaradıb və gənclərlə sıx işləməyi başlıca hədəflərindən biri hesab edir. Məhz bu səbəbdəndir ki, ölkəmizin intellektual gəncliyi öz siyasi talelərini YAP-la bağlayır. Partiyamız gənclərimizə qayğı göstərməklə yanaşı, gənclərdən gələn təklifləri, layihələri diqqətlə qarşılayır və lazımi dəstəyini verir.

Yeni Azərbaycan Partiyası gənclərin ictimai-siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələrin əsas məqsədi ümumilikdə bölgə gənclərinin də ictimai-siyasi fəallığını artırmaq, onlar arasında sıx birlik yaratmaqdır. 
Şübhəsiz ki, Azərbaycan gənclərinin YAP sıralarına qoşulmaları, öz siyasi talelərini bu partiya ilə bağlamalarının ciddi əsasları var. Partiyamızın sıralarına, xüsusilə, intellektli, bilik və bacarıqlı, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərin qoşulduğunu nəzərə alsaq, bu əsasların hansı amillərlə bağlı olduğunu əminliklə söyləmək olar. Bu, o deməkdir ki, YAP gənclərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şəraiti yaradıb və gənclərimiz bu partiyanın vasitəsilə özlərini cəmiyyətə təqdim edə bilirlər. 
Məlum olduğu kimi, hazırda YAP üzvlərinin 40 faizə qədəri gənclərdən ibarətdir. Əlbəttə ki, gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan gəncliyi də Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətini dəstəkləyir. Onu da bilirsiniz ki, YAP-ın fəaliyyətində başlıca olaraq xalqa xidmət amili dayanır. Sadaladığım bu amillər ölkə gənclərinin partiyamıza qoşulmasının, öz siyasi talelərini YAP-a bağlamasının əsasını təşkil edir. 

Bu mənada qeyd edə bilərəm ki, gənclərimiz ölkəmizdə keçirilən bütün seçkilərdə də aktiv iştirak edirlər. Partyamızın rəhbərliyi fəal gəncləri parlament və bələdiyyə seçkilərində namizəd kimi irəli sürməklə yanaşı, seçki kampaniyalarının uğurla həyata keçirilməsində gənclərin potensialından səmərəli istifadə olunur. Belə ki, həm prezident, həm parlament, həm də bələdiyyə seçkiləri kampaniyalarında partiyanın gəncləri müxtəlif layihələrə çıxış edirlər. Və bu layihələr cəmiyyətimiz, seçicilərimiz tərəfindən böyük maraqla qarşılanır.  Sevindirici haldır ki, gənclərin bu fəaliyyəti YAP rəhbərliyi tərəfindən də yüksək dəyərləndirilir.

-Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirirsiniz. Bu görüşlərlə bağlı təəssüratlarınız necədir?

-Görüşlərlə bağlı təəssüratlarım çox yüksəkdir. Bu görüşlər zamanı bir daha müşahidə edirik ki, vətəndaşlarımız Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyirlər. Əlbəttə ki, bunun üçün ciddi əsaslar var. Çünki dövlətimizin siyasətində hər zaman milli maraqlar əsas götürülür.

Dövlətimizin həm xarici, həm də daxili siyasəti ölkəmizdəki stabilliyin maksimum qorunduğunu göstərir. Mən xaricdə təhsil almış və illərlə xaricdə yaşamış biri olaraq dünyanın heç bir ölkəsində Azərbaycanda olduğum qədər özümü təhlükəsiz hiss etməmişəm. Xəbərlərə baxdığımız zaman dünyanın bir çox bölgələrində ziddiyyətli, gərgin  hadisələrin yaşandığını görürük. Azərbaycan isə sabitlik məkanıdır. Bundan əlavə, insanlara qarşı münasibət, multikultural cəmiyyət, tolerantlıq Azərbaycanda ən yüksək səviyyədədir.

Ölkəmizdə sosial rifahın və ictimai xidmətin artırılması istiqamətində də çox effektiv işlər görülür. Bunlardan başlıca ASAN xidmət mərkəzi, DOST agentliyi, ABAD mərkəzini göstərmək olar.

Səhiyyə sahəsində də islahatlar davam edir. Bildiyiniz kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bu yöndə işlər davam edir və 2020-ci ildə icbari tibbi sığorta bütün ölkə ərazisində tətbiq olunacaq. Bütün bu sadaladığım islahatları, görülən işləri nəzərə aldıqda cənab Prezidentimizin başçılığı ilə dövlətimizin sırf xalqın sosial rifahının daha da yaxşılaşdırılması üçün praktiki işlər apardığını açıq-aydın görə bilirik.

Əlbəttə, vətəndaşlar bu siyasətin uğurlarını öz həyatlarında hiss edir və onun davamlı olması üçün qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədlərinə səs verəcəklər. Bunu görüşlər zamanı seçicilər də qeyd edirlər.

Mən bir daha secicilərimizə səslənərək hər kəsi 9 fevral günü seçkilərdə aktiv iştirak etməyə, partiyamızı və onun namizədlərini dəstəkləməyə çağırıram. Çünki Yeni Azərbaycan Partiyası inkişafın və yeniliyin partiyasıdır.