YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

İslahatların hakimiyyətin bütün qanadlarına qədər şaxələnməsi onu dönməz və effektiv edəcək

Müsahibimiz 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Emin Hacıyev

- Emin müəllim, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial iqtisadi, eləcə də, digər sahələrdə mühüm islahatlar həyata keçirilir. Bu baxımdan, qanunvericilik sferasında da islahatların aparılması ölkəmizin inkişafına hansı töhfələr verəcək?

- Bəli, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Bu inkişafın əsasında cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən, elmi-konseptual əsasları olan, düşünülmüş, məqsədyönlü siyasət dayanır.

2019-cu il ölkəmizin inkişafı baxımından xüsusilə əhəmiyyətli il oldu. Ötən il inqilabi islahatlar ili kimi yadda qalacaq. İlin əvvəlindən etibarən dövlət başçısı çoxspektrli islahatlara start vermişdi və bu islahatlar kursuna qanunverici orqanın da öz funksiyaları çərçivəsində dəstək verməsi labüd görünürdü. Əlbəttə ki, parlamentin buraxılması təşəbbüsü ümumi islahatlar dalğasının məntiqi davamı kimi xarakterizə edilə bilər. Bu baxımdan hesab edirəm ki, islahatların hakimiyyətin bütün qanadlarına qədər şaxələnməsi islahatları dönməz və effektiv edəcək. İstər dövlətin, istərsə də cəmiyyətin ali qanunverici orqandan gözləntiləri dəyişib. Möhtərəm Prezident İlham Əliyev də Davosdakı çıxışında parlament seçkilərinin islahatların vacib hissəsi olduğunu vurğulayıb: “Yaxın aylarda əhaliyə etimad etdikləri şəxsləri seçmək üçün növbədənkənar parlament seçkiləri keçirəcəyik. Seçkilərdən sonra isə parlament islahatların vacib hissəsi olacaq”.

Əlbəttə ki, bu proseslərdə partiyamızın Sədr müavini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini də xüsusilə qeyd etmək lazımdır. Ölkədə idarəetmə sahəsində aparılan islahatlar həm əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, həm də dövlətimizin daha da gücləndirilməsinə hədəflənib. Bu gün dövlət strukturlarında, təhsil, səhiyyə və ölkə həyatının bir çox sahələrində gənc kadrlar aparıcı mövqe tuturlar. Gözümüzün önündə olan bütün bu proseslər – gənclərin  məşğulluğunun təmin olunması, hərbi-vətənpərvərlik, asudə vaxtlarının səmərəli təmin edilməsi və digər addımlar - Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin davamıdır və bu, Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata keçirilir.

- Emin müəllim, fevralın 9-da ölkəmizdə keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi iştirak edirsiniz. Milli Məclisin deputatı statusu sizin üçün hansı məna daşıyır?

- Namizədliyimin irəli sürülməsi artıq partiyamızın, onun rəhbərliyinin mənə göstərdiyi böyük etimaddır. İndi bizim üzərimizə düşən bu etimadı doğrultmaqdır. Əgər seçicilərimiz səs verərək məni Milli Məclisdə görmək istəsələr, o zaman bu, qarşımda yeni tələblər müəyyən edəcək. “Millət vəkili” – sözün özü kifayət qədər ciddi məsuliyyət yaradır. Bu status xalqın səsini çatdırmaqdır, xalqın içində olmaqdır, hökumətlə xalq arasında etibarlı körpü rolunda çıxış etməkdir, dövlətinin maraqlarını bütün müstəvilərdə qorumaqdır, Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır və s.

- Milli Məclisin deputatı seçildiyi ərazini parlamentdə təmsil edir və qanunvericilik məsələləri ilə məşğul olur. Eyni zamanda, deputatlar dövlətimizi beynəlxalq miqyasda da təmsil etməyi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını da başlıca vəzifələrdən biri hesab edir. Bu istiqamətdə nə kimi planlarınız var?

- Çox vacib məsələyə toxunursunuz. Bəli, bu gün Azərbaycanın üzləşdiyi reallıqlar fonunda gerçəklərimizin dünya ictimaiyyətinə çatdırılması olduqca taleyüklü məsələdir. Bir tərəfdən Azərbaycan beynəlxalq siyasi münasibətlər müstəvisində mühüm aktora çevrilir, ölkəmizin reputasiyası, siyasi və iqtisadi təsir imkanları genişlənir, digər bir tərəfdən isə erməni yalanları erməni lobbisinin gücü ilə dünyaya yayılır, hələ də ikili standartlar həqiqətləri əzir, beynəlxalq hüquq normaları tapdalanır. Belə halda, bizim üzərimizə düşən daha səylə çalışmaq, dövlətimizin apardığı siyasətə öz imkanlarımız, kommunikasiya kanallarımız vasitəsilə maksimum dəstək verməkdir.

 Platformamızda da bu istiqamət öz əksini tapır. Uzun illər təhsil aldığım və çalışdığım Rusiyada bu dövr ərzində əlimizdən gələni etməyə çalışmışıq. Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması daim fəaliyyətimizin prioritetləri sırasında olub. Bundan sonrakı fəaliyyətimizdə də istər Azərbaycan həqiqətlərinin, istərsə də bunun bir hissəsi olan Sumqayıt hadisələrinin əsl mahiyyətinin – bildiyiniz kimi, bu, əslində ermənilərin özlərinin təşkil etdiyi bir təxribat idi - bütün bunların əsl gerçəkliklərinin nədən ibarət olduğunu dünya ictimaiyyətinə çatdırmaq üçün səylə işləyəcəyik.

- Emin müəllim, Yeni Azərbaycan Partiyası tərəfindən 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizədliyiniz irəli sürülüb. Seçicilərlə görüşlərdən təəssüratlarınız necədir? İnsanlar partiyamızın seçki proqramını necə qarşılayırlar?

- Mən Sumqayıtda doğulmuşam, burada təhsil almışam, valideynlərim həkimdirlər,  burada yaşayıb və uzun illər şəhərin tibb müəssisələrində çalışıblar. Sumqayıtın hər yeri mənim üçün əzizdir, hər bir sumqayıtlı mənim üçün doğmadır. Görüşlərdə seçicilərimdən aldığım enerji odur ki, onlar da məni öz övladları, qardaşları, dostları kimi qəbul edirlər. Bu, mənə və komandamıza ruh verir, bizi daha artıq entuziazmla təşviqat aparmağa, daha həvəslə görüşlərdə iştiraka aparır.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının namizədi olmaq isə, obrazlı ifadə etsək, “1-0” öndə başlamaq deməkdir. Məlumdur ki, YAP-ın cəmiyyətdə yüksək nüfuzu, xalq dəstəyi var. Bu dəstəyin arxasında isə şübhəsiz ki, partiya rəhbərinin, cənab İlham Əliyevin Azərbaycanın inkişafı üçün həyata keçirdiyi siyasət və onun nəticələri dayanır. Beləliklə, bu iki amil – doğma sumqayıtlıların dəstəyi, doğma şəhərimdən namizdəliyimin irəli sürülməsi və nüfuzlu partiya tərəfindən bu namizdəliyin dəstəklənməsi, hesab edirəm ki, şanslarımızı böyük miqyasda artırır.

- Ölkəmizin sosial-iqtisadi inkişaf meyilləri fonunda Sumqayıtın inkişaf göstəricilərini necə qiymətləndirmək olar?

- Bəli, Azərbaycan bu gün dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında ilk yerlərdə dayanır. Son 16 ilin iqtisadi göstəriciləri Azərbaycan iqtisadiyyatının hansı miqyasda, hansı templərlə inkişaf etdiyini aydın ifadə edir. İqtisadiyyata yönəldilmiş investisiyaların adambaşına düşən miqdarı və artım sürətinə görə Azərbaycan MDB məkanında ilk yerdədir. Son 16 ildə Azərbaycan iqtisadiyyatına 260 milyard dollar investisiya qoyulub. Bunun təqribən yarısı xarici sərmayələrdir. Bu, nəyin göstəricisidir? Ölkədəki sabitliyin, yaxşı investisiya mühitinin, ölkəmizin imicinin və rentabelli biznes üçün potensialın mövcudluğunun.

Təkcə 2003-2018-ci illər ərzində Sumqayıtda 67000-i daimi olmaqla, 84000 yeni iş yeri yaradılıb; orta aylıq əmək haqqı 2003-ci illə müqayisədə 2018-ci ildə 6,1 dəfə artıb.

Son illər ərzində yeni istehsal sahəsinin yaradılması nəticəsində ümumi daxili məhsul istehsalının həcmi 2,5 dəfə, sənaye məhsulu istehsalı isə 3 dəfə artıb.

İqtisadiyyatın diversifikasiyası özünü regionların sosial-iqtisadi inkişafında da göstərir. Bu mənada Sumqayıt parlaq nümunədir.