YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Seçicilərimiz qarşıdan gələn parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyirlər

   111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Kamilə Əliyeva

- Kamilə xanım, məlum olduğu kimi fevralın 9-da ölkəmizdə parlament seçkiləri keçiriləcək. Seçkiqabağı mühiti necə qiymətləndirirsiniz?

- Əvvəlcə, mənə göstərilən yüksək etimada görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmaq üçün üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə  çalışacağam.

Ölkəmizdə seçkiqabağı mühit icə tam normaldır. İnsanlarda seçki əhval-ruhiyyəsi yüksəkdir. Azərbaycan hüquqi-demokratik dövlətdir, ölkəmizdə mükəmməl seçki qanunvericiliyi mövcuddur. Seçki marafonunda kifayət qədər namizədin iştirak etməsi də parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğuna bir daha dəlalət edir.

Bütövlükdə, seçkilər ərəfəsində cəmiyyətimizdə siyasi fəallıq yüksəkdir. İnsanlar yenilikləri, islahatları dəstəkləyirlər. Ona görə də, budəfəki seçki aktivliyi, mən deyərdim ki, daha yüksəkdir. Azərbaycanda azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün dövlətimizin siyasi iradəsi ortadadır. Seçkilərin beynəlxalq standartlara uyğun qaydada keçirilməsi üçün bütün tədbirlər həyata keçirilib. Namizədlər üçün bərabər imkanlar yaradılıb. Düşünürəm ki, fevralın 9-da keçiriləcək seçki ölkəmizdə növbəti dəfə demokratiyanın təntənəsi olacaq.

- Budəfəki seçki kampaniyasının favoriti də Yeni Azərbaycan Partiyasıdır. Sizcə, Yeni Azərbaycan Partiyası  seçkilərə hansı nailiyyətlərlə gedir?

- Hazırda  ölkəmiz yeni inkişaf mərhələsindədir. 28 illik müstəqillik tarixində respublikamız güclü bir dövlətə çevrilib. Azərbaycan dövləti Prezident İlham Əliyevin müdrikliyi, siyasi iradəsi sayəsində xalqımızın milli maraqlarını yüksək səviyyədə təmin edən məqsədyönlü siyasət həyata keçirir, dünyada elə bir güc yoxdur ki, respublikamızla diktə ilə danışa bilsin.

Bu gün müstəqil Azərbaycanın bütün dünya üzrə ən dinamik iqtisadi inkişafa nail olması qürurverici haldır. Son 16 ildə Azərbaycanın zəngin potensialından bəhrələnməklə müstəqil respublikamızın dinamik iqtisadi inkişafını təmin etmək həmişə Prezident İlham Əliyevin fəaliyyətində mühüm yer tutur. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev dövlət siyasətində iqtisadi inkişafın prioritetliyini müəyyənləşdirərkən Özünün dəfələrlə bəyan etdiyi belə bir fundamental tezisə əsaslanır ki, ölkənin bütün sahələrdə uğurlar qazanması məhz güclü iqtisadiyyat amili ilə şərtlənir.

Başa vurduğumuz 2019-cu il də ölkəmiz üçün yaddaqalan illərdən biri oldu. Yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı söylədi ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olub. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Müşavirədə qeyd olunduğu kimi, ötən il ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru 3,5 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz, kənd təsərrüfatı təxminən 7 faiz artıb. Keçən il  inflyasiya 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olub. Bütün bunlar ölkəmizin dayanıqlı inkişafının ifadəsidir. 

- Azərbaycanda həyata keçirilən sosial islahatlar və onun nəticələri haqqında fikirlərinizi bilmək istərdik. Bu amil də seçki kampaniyasında diqqət mərkəzindədir...

- Ölkəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasət kursu Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını şərtləndirib. Xüsusilə də, dövlət başçısının rəhbərliyi ilə sosial sahədə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilməsi vətəndaşların rifah halının gündən-günə daha da yaxşılaşmasına yol açır. 2019-cu il, demək olar ki, sosial islahatlar ili kimi yadda qaldı. Bu dövrdə atılan addımlara nəzər salsaq görərik ki, sosial islahatlar, verilən qərarlar, demək olar ki, bütün sosial sferanı əhatə etdi. Hələ ötən ilin əvvəlində problemli kreditlərin həlli ilə bağlı Prezident Fərmanı həm də ölkəmizdə makroiqtisadi sabitliyin təmin olunduğunun, iqtisadi inkişaf templərinin bərpa edilərək artdığının göstəricisi idi.

Məlumdur ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev hələ 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra sosial islahatların anonsunu vermişdi. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev Öz vədinə sadiq qalaraq 2019-cu ilin əvvəlindən əhatə dairəsi kifayət qədər geniş olan sosial islahatların həyata keçirilməsi ilə bağlı bir sıra hallarda inqilabi səciyyə daşıyan qərarlar qəbul etdi, çoxsaylı Fərman və sərəncamlar imzaladı. Ölkəmizin ardıcıllıqla reallaşdırdığı dərinməzmunlu sosial siyasətində əhalinin həssas qruplarının, aztəminatlı insanların, o cümlədən də müəyyən güzəşt hüquqlarına malik ailələrin və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərilir. 2019-cu ildə respublikamızda minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz artıb. Həyata keçirilən sosial tədbirlər 4.2 milyon insanı əhatə edir. 

Yəni bu məsələ ilə bağlı indiyə qədər çox danışılıb. Ona görə də mən bütün bunları təkrarlamaq istəmirəm. Prezidentimizin siyasətinin əsas məqsədi əhalinin sosial rifahının daha da yüksəldilməsidir. Bütün görülən işlər insanların gözü qarşısında baş verir. Ən əsası odur ki, sosial islahatları hər bir ailə öz həyatında hiss edir. Ona görə də,  təbii ki, insanlar qarşıdan gələn seçkilərdə onların rifahını, gələcəyini  düşünən siyasətə səs verəcəklər.

- Kamilə xanım, hazırda parlament seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsi çərçivəsində seçicilərinizlə görüşlər keçirirsiniz. Seçicilərinizlə keçirdiyiniz görüşlərlə bağlı təəssüratlarınız necədir?

- Bildiyiniz kimi mən əvvəlki seçkilərdə də 111 saylı Zaqatala-Balakən seçki dairəsindən millət vəkili seçilmişəm. Millət vəkili kimi fəaliyyətimdə hər zaman  çalışmışam ki, daim seçicilərlə ünsiyyətdə olum. Bununla əlaqədar  daim seçicilərlə görüşlər keçirmişəm, qaldırdıqları məsələlərin həllinə çalışmışam. Görüşlərimiz həm Milli Məclisdə, həm Zaqatala yerləşən qərargahda, həm də seçildiyim dairə ərazisindəki kəndlərdə olub. Deyə bilərəm ki, insanlar qlobal məsələlərlə bağlı müraciət etmirlər. Çünki regionların sosial-iqtisadi dövlət proqramları nəticəsində problemlər həllini tapıb. Şəxsi məsələlərlə, təhsil, səhiyyə, iş və s. bağlı müraciətlər olub. Müraciətlərin böyük hissəsi həllini tapıb. Problemlərlə bağlı müvafiq dövlət qurumlarına müraciət etmişəm.  Amma elə məsələlər var ki, onlar millət vəkillərinin  səlahiyyətində olmayan məsələlərdir.

 Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində Zaqatala və Balakən rayonlarında da böyük abadlıq-quruculuq işləri görülüb və bu işlər hazırda da davam etməkdədir. Yeni  məktəblər, xəstəxanalar, digər sosial obyektlər, yollar, körpülər və s. tikilib istifadəyə verilir. Rayonlarda elektrik enerjisi problemi yoxdur, kəndlərin böyük əksəriyyəti qazlaşdırılıb və s.

Təbii ki, bütün bunlar cənab Prezidentin gördüyü işlərdir. Mən təbliğat kampaniyasında görüşlərim zamanı bu haqda insanlara  geniş məlumat verirəm. Vətəndaşlar da islahatların nəticələrindən razıdırlar. Bütün görülən işlərə görə, Zaqatala və Balakənin sakinləri dövlətimizin başçısına təşəkkürlərini bildirir, xoş sözlər deyirlər.

Bütövlükdə, sıx qrafikə uyğun görüşlərimiz  olur, hər gün görüşlər keçiririk. Bundan əlavə, fərdi görüşlər, oba-oba, məhəllə-məhəllə,  fərdi evlərdə, şəhid ailələri, müharibə veteranları və əlillərilə, ağsaqqallarla və s.görüşlərimiz keçirilir.  

Ümumiyyətlə, görüşlərimiz  çox yüksək səviyyədə keçir, insanlar Yeni Azərbaycan Partiyasını birmənalı şəkildə dəstəkləyirlər. Seçicilərimiz qarşıdan gələn parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyir və seçki günü onlara  səs verəcəklərini bəyan edirlər.