YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni Azərbaycan Partiyası parlament seçkilərinə böyük inamla gedir

Müsahibimiz Yeni Azərbaycan Partiyasının 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev

- Elnur müəllim, sizcə, Yeni Azərbaycan Partiyası parlament  seçkilərinə hansı uğurlarla gedir?

- Bu gün biz ölkəmizin həyatı üçün çox məsuliyyətli bir dövrə qədəm qoymuşuq. Milli Məclisə növbədənkənar seçkilər Azərbaycanın hər bir vətəndaşı üçün yeni, gələcəyə olan ümidlərin daha da artdığı bir mərhələdir. Bu mərhələdə bizim ən böyük məqsədimiz indiyədək əldə olunan nəticələri düzgün qiymətləndirmək, uğurlarımızı daha da möhkəmləndirmək üçün əzmlə çalışmaq və yeni-yeni üfüqləri fəth etməkdir.

Fəxr edirəm ki, seçkilərdə namizədliyim Ulu Öndər Heydər Əliyevin ideyalarını yaşadan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Cənab Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü və ən mütəşəkkil siyasi qüvvəsidir. Biz bu gücü xalqımızdan alırıq. Azərbaycanda bizim partiyamız ilə rəqabət apara biləcək siyasi qüvvə yoxdur. Odur ki, bu parlament seçkilərində də xalqımızın etimadına, üzvlərimizin sədaqətinə, fədakarlığına güvənir, parlaq qələbə qazanacağımıza inanırıq.

Partiyamızın yürütdüyü siyasət ölkəmizin daha da inkişafına yönəlib ki, bu da hər bir namizədin üzərinə böyük və əlavə bir məsuliyyət qoyur. Həmişə olduğu kimi, bu dəfə də Yeni Azərbaycan Partiyası parlament seçkilərinə böyük inamla gedir. Bu inam üçün isə bizim kifayət qədər əsaslarımız var. Partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın sürətli inkişafı, qazanılan uğurlar seçkilərdə qələbəmizi şərtləndirən əsas amillərdir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün uğurla həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasəti layiqincə davam etdirməsi nailiyyətlərimizi ildən-ilə artırır.

Bu gün elə bir sahə yoxdur ki, orada inkişaf baş verməsin. Azərbaycan inkişaf baxımından region dövlətləri arasında ön sıralardadır. Əhalinin rifahı yüksəlib, Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib, regionlarımız sürətlə inkişaf edir, sosial məsələlər həll olunur. 2019-cu il bu baxımdan xüsusilə fərqlənib. Ötən il ərzində təqdim edilən iki sosial paket nəticəsində minimum əməkhaqqı 2 dəfəyə yaxın artırılaraq 130 manatdan 250 manata, minimum pensiya 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılıb. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə MDB-də 1-ci yeri tutur.

Əməkhaqqı artımı ilə bağlı xüsusi şərtlərlə təyin olunmuş pensiyalar ciddi artırılıb. Sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb, həmçinin şəhid ailələri üçün təqaüdlər 242 manatdan 300 manata çatdırılıb. Dövlət sektorunda işləyənlərin əməkhaqları 50 faizədək, məcburi köçkünlərin müavinətləri 50 faiz artırılıb. Tələbələrin təqaüdləri əhəmiyyətli şəkildə artırılıb; 800 min insanın problemli kredit narahatlığına son qoyulub. 2019-cu ildəki iki sosial paketin əhatə dairəsi 4,2 milyon nəfər, illik maliyyə yükü 3 milyard manatdan çox olub.

Ötən il ölkəmizdə əməkhaqqı fondunun 43 faiz, median (orta) əməkhaqqının 52 faiz artması çox böyük göstəricidir. Orta əməkhaqqının 52 faiz artması 800 min insanın əməkhaqlarının 50 faizdən çox artması deməkdir. Bu, ölkədə qeyri-leqal əmək münasibətlərinin azalmasının, bu sahədə leqallaşmanın göstəricisidir.

Təbii ki, bütün bunlar son deyil və qarşıda Azərbaycan vətəndaşının sosial rifahını daha da yaxşılaşdıracaq çox mühüm işlər var.  Bu il də əmək haqları, təqaüdlər və sosial müavinətlərin artırılması, o cümlədən, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə mühüm addımlar atılacaq, ilk dəfə olaraq bütün ölkə ərazisində icbari tibbi sığorta tətbiq ediləcək.

- Yeni Azərbaycan Partiyası tərəfindən 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədliyiniz irəli sürülüb. Bu gün Bakının digər rayonları kimi Yasamalda da böyük quruculuq işləri həyata keçirilir...

- Mən yuxarıda qeyd etdiyim böyük işləri həyata keçirən cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi olaraq seçicilərin qarşısına qələbə inamı ilə, daha böyük məqsədlərimizin gerçəkləşməsinə hədəflənmiş konkret proqramla çıxmışam. Çalışacağam ki, partiyamızın hədəfi olan Azərbaycanı daha da inkişaf etdirmək, daha güclü dövlətə çevirmək işinə mən də öz töhfəmi verim. 

Proqramımın ana xətti ilk növbədə sizin  vətəndaş məmnunluğunuzu təmin etmək və rayonun inkişafı üçün səylərimi əsirgəməməkdir. Çünki cənab Prezident İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Yasamal sakinləri də bu siyasətin müsbət nəticələrini daim öz üzərinizdə hiss edir, rayonun həyatındakı ürəkaçan dəyişikliklərin şahidi olurlar.  

Bilirsiniz ki, 1932-ci ildə yaradılmış Yasamal rayonunun adı əvvəllər Oktyabr rayonu olub. Ölkəmiz öz müstəqilliyinə qovuşandan sonra, Azərbaycan Respublikası Ali Sovetinin 29 aprel 1992-ci il tarixli qərarına əsasən, Oktyabr rayonu Yasamal rayonu adlandırılıb. Elə rayonun inkişafında əsas mərhələ də müstəqillik dövründə başlayıb. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonunun tarixində də yeni səhifə açılıb.

Təxminən 300 minədək əhalisi olan, 150-dən çox sənaye müəssisəsinin fəaliyyət göstərdiyi rayonun mənzərəsində bu gün baş verən dəyişikliklər göz qabağındadır. Yasamal öz abadlığı, günü-gündən dəyişən siması ilə göz oxşayır. Təbii ki, bu sürətli inkişaf Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı işlərin nəticəsidir. Cənab Prezident müxtəlif illərdə rayona səfərlər etməklə bu işləri daim diqqət mərkəzində saxladığını sübuta yetirib. Təkcə elə ötən il ərzində cənab Prezident Yasamal rayonunda DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının,Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak edib, Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.

Bütün bunlar nəyi göstərir? Bu o deməkdir ki, bu gün ölkəmizin hər bir şəhəri, rayonu, qəsəbəsi və kəndi inkişaf edir, yenilənir, nümunəyə çevrilir. Bu gün Azərbaycan dünya miqyasında nümunəvi ölkə olmaq yolunu seçib və bu yolda inamla addımlayır. Bu kurs xalqın maraqlarına əsaslanır və onun uğuru da, sözsüz ki, məhz xalqa ləyaqətlə xidmət etməkdən irəli gəlir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev yeni təyin olunan icra başçıları, o cümlədən Yasamal rayon İcra Hakimiyyətinin başçısını qəbul edərkən bu məqamı xüsusi qeyd edib və bildirib ki, xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur. Deputatlığa namizəd olaraq mən də cənab Prezidentin bu sözlərini ürəkdən dəstəkləyirəm.

- Millət vəkili seçilsəniz, sizin Yasamal rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar hansı işlərin həyata keçirilməsini düşünürsünüz? Bu istiqamətdə hansı təklifləriniz olacaq?

- Hesab edirəm ki, xalqa xidmət etmək və öz vəzifəsinin öhdəsindən peşəkarcasına gəlmək bu gün hakimiyyətin müxtəlif qollarında təmsil olunan hər bir şəxsin ən ali borcudur. Elə ona görə də istər sahibkarlıq fəaliyyətimdə, istərsə də çalışdığım digər sahələrdə həmişə əsas qayəm budur ki, xalqımıza ləyaqətlə xidmət göstərim. Həmişə xalqın yanında olmaq, onun problemlərinin həllinə azacıq da olsa öz töhfəmi vermək mənim üçün həyatımın ən əsas vəzifəsidir. Bir faktı diqqətinizə çatdırım. Bu gün təmsil etdiyim şirkətdə 1700-dən çox işçi çalışır. Bu işçilər arasında Yasamal rayonunun sakini olan yüzlərlə gənc də var. Bu məqamı nəyə görə xüsusi qeyd edirəm? Ona görə ki, mənə etimad göstərilərsə, bu rayonun sakini olan gənclərin məşğulluğu məsələsi daim diqqətimdə olacaq.

Özəl sektorda geniş təcrübəsi olan bir şəxs kimi sahibkarların problemlərinin müvafiq qurumlara çatdırılması üçün də səylərimi əsirgəməyəcəm. Bu problemlər barəsində geniş məlumatlı olduğum üçün onların üzləşdiyi neqativ halların qarşısının alınması və aradan qaldırılması məsələlərinin aidiyyəti üzrə qurumlara çatdırılmasını həmişə diqqət mərkəzində saxlayacam.

Hesab edirəm ki, bu gün deputatın əsas vəzifələrindən biri məhz yerli sakinlərin problemlərinin əlaqədar qurumlara operativ çatdırılması və bu problemlərin həlli üçün işləmək olmalıdır. Bu mənada deputat həm də vətəndaşlarla məmurlar arasında körpü rolunda çıxış edir. Lakin bu işdə deputatın özünün də köməyə, yerli sakinlərin yardımına ehtiyacı var. Bu məqamda cənab Prezident İlham Əliyevin vətəndaşlara müraciətini yada salmaq istərdim. Cənab Prezident vətəndaşlara müraciət edərək bildirmişdi ki, əgər görsəniz rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik. Mən də seçki marafonuna qoşulmuş namizəd kimi seçiciləri əmin etmək istəyirəm: etimad göstərib səs versəniz, sizin üçün maneə olan hər bir məsələ barədə sözünüzü müvafiq orqanlara çatdırıb həllinə nail olmağa çalışacam. Bu yolda siz bizə güvəndiyiniz kimi, biz də sizə güvənir, etibar edir, sizə arxalanırıq.

Xatırlayırsınızsa, Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra cənab Elşad Həsənovun ilk rəsmi qəbulu rayon İcra Hakimiyyətinin inzibati binasında sakinlərin çoxsaylı müraciətləri ilə müşayiət olundu. Yasamal rayon İcra Hakimiyyəti başçısının rəsmi qəbuluna 110 nəfərədək rayon sakininin qeydiyyata alınmasına baxmayaraq, qəbul keçirildiyi zaman 600 nəfərədək sakin müraciət etdi. Sakinlərin kütləvi müraciəti nəzərə alınaraq onlar rayon İcra Hakimiyyətinin akt zalında qəbul edilərək dinlənildilər. Sakinlərin özlərinin müəyyən etdikləri nümayəndələri onları narahat edən problemləri ümumiləşdirərək rayon rəhbərliyinin diqqətinə çatdırdılar.

Rəsmi qəbul faktını niyə xatırladıram? Ona görə ki, problemləri ümumiləşdirib vaxtında müvafiq qurumlara çatdırdıqda onların həlli də asan olur. Bu, həm də qarşıya qoyulan tələb, islahatların gətirdiyi reallıqdır. Yeni təyin edilən yeni icra başçıları da artıq islahatların mahiyyətini, dövlət başçısının onların qarşısında qoyduğu tələblərin ciddiliyini daha aydın dərk edir. İnanıram ki, yeni seçiləcək Milli Məclis üzvləri də cənab Prezidentin islahatlar kursuna dəstək verəcək, bu prosesdə fəal və yaxından iştirak edəcəklər. Əgər seçicilər etimad göstərib məni də Milli Məclisin işində iştirak etməyə layiq bilsə, mən də onların öz növbəmdə bu islahatların müsbət nəticələrini hiss etməsi üçün əzmlə çalışacağıma söz verirəm.

Fəaliyyətimin mühüm istiqamətlərindən biri də Yasamalın daha da abadlaşdırılması istiqamətində işlərə dəstək vermək olacaq. Məlumdur ki, bu gün Heydər Əliyev Fondu və İDEA İctimai Birliyi tərəfindən ölkəmizin simasını dəyişdirən, hər gün daha da gözəlləşdirən çox əhəmiyyətli işlər həyata keçirilir. Azərbaycan Respubikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın gördüyü işlər Azərbaycanı daha da abad, müasir standartlara uyğun, modern görünüşlü bir ölkəyə çevirməkdədir. Əgər deputat seçilsəm, bu istiqamətdə işlərə mən də öz töhfəmi verməkdən ötrü səylərimi əsirgəməyəcəm. Çalışacam ki, Yasamal sakinləri özlərini mənzillərində necə rahat hiss edirlərsə, evlərinin ətrafı, binalarının həyəti də göz oxşasın, onların rahatlığını təmin edən şəraitə malik olsun. Həyətlərdə abadlıq işləri görülsün, yeni parklar salınsın, istirahət guşələri yaradılsın, gələcəyimiz olan uşaqlar üçün istirahət-əyləncə meydançaları, yeni attraksionlar tikilsin. Bu gün mən Yasamalın hər bir məhəlləsini abad, yaşıllıqlar içində, sakinlərin rahatlığını təmin edən halda görmək istəyirəm. İstəyirəm ki, küçəyə çıxan sakinin üst-başı palçığa bulaşmasın, ayağı çuxurlara düşməsin, gözləri toz-torpaq yox, abadlıq görsün. Yeri gəlmişkən, proqramımın bu hissəsini də nəzərinizə çatdırmaq istərdim.

Müasir dövrdə ekoloji durumun necə vacib bir məsələ olduğu heç kimə sirr deyil. Bu mənada ölkədə aparılan genişmiqyaslı yaşıllaşdırma kampaniyası son dərəcə vacib və əhəmiyyətlidir. Elə isə niyə Yasamalı yaşıllıqlar rayonuna çevirməyək? Bir halda ki Yasamal öz coğrafi mövqeyi ilə Bakının digər rayonlarından fərqlənir, niyə onu həm də gözəl təbiət guşəsi etmək naminə çalışmayaq? Dediyim kimi, bu istiqamət də hədəflərim sırasına daxildir və seçicilər etimad göstərəcəyi halda çalışacağam ki, Yasamal yaşıllıqlar məkanına çevrilsin.

Bilirəm ki, sakinləri narahat edən problemlərin bir qismi də kommunal xarakterlidir. Bu istiqamət də diqqətimdən kənarda qalmayacaq. Seçiləcəyim təqdirdə, işıq, qaz, su təminatının daha da keyfiyyətli olmasına, kanalizasiya xətləri və yol infrastrukturundakı problemlərin həlli üçün müvafiq qurumlarla intensiv əməkdaşlıq münasibətlərinin qurulmasına çalışacam.

- Elnur müəllim, son olaraq seçicilərə nə deyərdiniz?

- Bəzən seçki kampaniyası dövründə namizədləri dinləyənlər deyilənlərin quru vəd olaraq qalacağını düşünür. İnanın ki, indiki dövrdə, islahatların getdiyi bir şəraitdə daha bu düşüncələrə yer yoxdur. Mən çıxışımın əvvəlində də qeyd etdim ki, artıq ölkədə ciddi islahatlar kursuna başlanılıb və bu kursun mərkəzində dayanan əsas qüvvə Azərbaycan vətəndaşıdır. Məhz Azərbaycan vətəndaşının problemlərinə öz problemi kimi yanaşmaq isə istər deputat, istərsə də məmurların əsas vəzifəsinə çevrilir. Artıq ölkədə həyata keçirilən siyasətdə müasir idarəçilik barədə geniş təsəvvürlərə malik, dünya standartlarına dərindən bələd olan insanların rolu artır. Təbii ki, qarşıya qoyulan tələblərin, mühüm vəzifələrin miqyası da getdikcə böyüyür. Bu mənada indi vətəndaşlarımızı narahat edən ən əsas problemin – bizim Qarabağ dərdimizin dünyaya daha fərqli, haqq işimizə şübhə yeri qoymayacaq səviyyədə çatdırılması da bizim əsas vəzifəmizdir. Məlumdur ki, indiyədək bu istiqamətdə çox mühüm işlər görülüb və bu işlər bu gün də davam edir. Mən də Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılması prosesindən kənarda deyiləm. Bütün fəaliyyətim boyunca çalışmışam ki, qarşılaşdığım hər bir avropalı Qarabağın Azərbaycan demək olduğunu dərk etsin. Bu istiqamətdə dövlətimizin apardığı siyasətin bir əsgəri olaraq Sloveniya parlamentinin yuxarı palatasının Xocalı soyqırımını tanıyan qətnamə qəbul etməsi, bu faciəni 20-ci əsrin ən amansız soyqırımı adlandırması, bu ölkədə Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş xatirə lövhəsinin açılmasına fəal əməli dəstək vermişəm.

Hörmətli seçicilər, məni Milli Məclis üzvü olmağa layiq bilsəniz, bütün resurslardan istifadə edərək haqq səsimizi dünyaya çatdırmaq yönündə fəaliyyətimi artıq yeni bir statusda, daha intensiv davam etdirəcəm. Hesab edirəm ki, bu, Yasamal rayonundan cəbhəyə yollanmış və şəhid olmuş yüzlərlə qəhrəmanımızın xatirəsinə də töhfə olar. Bununla yanaşı, Qarabağ müharibəsi iştirakçıları, qaçqın və məcburi köçkünlərin problemləri də daim diqqətimdədir. Ümumiyyətlə, fəaliyyətimdə mühüm istiqamətlərdən biri də əhalinin həssas qruplarının problemlərinin həlli üçün çalışmaq olacaq. Bütün səylərimi ona yönəldəcəm ki, bu rayonun qayğıya ehtiyacı olan heç bir sakini özünü sosial müdafiəsiz, tənha, diqqətdən kənarda qalmış hiss etməsin. 

Əziz seçicilər, çalişdım ki, qarşıma qoyduğum hədəflərin əsas istiqamətlərini sizlərə təqdim edim. İndi söz sizindir. Hamınızı seçki günü məntəqələrə gəlib Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə, birlikdə problemləri aradan qaldırmağa çağırıram. Qoy sizin səsiniz məmnun vətəndaşın uğur yolunun  başlanğıcı olsun!