YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ölkəmizin daha da inkişafı üçün möhtəşəm layihələr reallaşdırılır

   Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə

- Vüqar müəllim, artıq 2020-ci ilin ilk ayı arxada qalıb. «Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans ötən bir il ilə yanaşı, yanvar ayının da ölkəmizin sosial-iqtisadi,  siyasi, beynəlxalq mənzərəsinin formalaşmasında əhəmiyyətli uğurlarla yadda qaldığına işıq saldı. Bununla bağlı fikirlərinizi bilmək istərdik…

-  Möhtərəm Prezidentimiz  İlham Əliyev ötən ilin ilk ayında bu  fikri böyük inam və qətiyyətlə ifadə etmişdir ki, 2019-cu il ölkəmizin tarixinə   islahatlar ili kimi daxil olacaq. «Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans, eyni zamanda, Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə səsləndirilən rəqəmlər və fikirlər  qeyd olunan proqnozun  reallıqda öz əksini tapdığını bir daha təsdiqlədi.

Öncə bu məqamı xüsusi qeyd etməliyik ki, bütün  inkişafın əsasında ölkəmizdəki sabitlik dayanır. Sabitlik varsa uğurlu sosial-iqtisadi layhələrdən, təkmil islahatlardan danışmaq mümkündür.  Bu sabitliyin təminatçısı isə xalq-iqtidar birliyidir.  Xalqımız hər addımda özünə diqqət və qayğının şahidi olur.   İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi  bu birliyi daha da möhkəmləndirməklə yanaşı, davamlı inkişafa geniş yol açır. Dövlətimizin başçısı İlham Əliyev  qeyd olunan   konfransda  dünyanın bütün yerlərində - Avropada, Afrikada, Asiyada, Latın Amerikasında,  bölgəmizdə, postsovet məkanında yaşanan gərginliklərə diqqəti yönəldərək bildirmişdir ki, Azərbaycan  sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Aparılan  siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Həyata keçirilən  siyasətin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən  göstərilən etimad yüksək səviyyədədir. Sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur.

Ölkədə sabitliyin, qanunun aliliyinin yüksək səviyyədə təmin olunması  iqtisadi  əməkdaşlıqda maraqlı olan  dövlətlərin, şirkətlərin sayının artmasını da şərtləndirir.  Bircə faktı qeyd etmək kifayətdir ki, ötən il ölkə iqtisadiyyatına  13,5 milyard dollar  sərmayə yatırılıb.  Valyuta ehtiyatları  6,4 milyard dollar artaraq 51 milyard dollara çatıb.  2020-ci ilin ilk  ayında  valyuta ehtiyatları  bir milyard dollar artaraq  52 milyard dollar olub.  Bu faktlar dövlətimizin həyata keçirdiyi siyasətin bu gününə və gələcəyinə inamı nümayiş etdirir.   Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki,  2011-ci ildə təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında  2020-ci ilə qədərki dövr  üçün nəzərdə tutulan əsas hədəflər Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli dövlətə çevirmək,  3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Bugünümüzün reallıqları  qeyd olunan hədəflərin gerçəkliyini  nümayiş etdirir. Təkcə 2019-cu ilin  sosial-iqtisadi göstəricilərinə diqqət yetirək.  Ümumi daxili məhsul 2,2 faiz, sənaye istehsalı 1,5 faiz artıb. Əsas prioritet olan qeyri-neft sektoru 14 faizdən çox artıb. Təbii ki, uğurlu statistik göstəricilər   təkmil islahatların nəticəsidir.  «Doing Business» hesabatında Azərbaycan ötən  il 20 ən islahatçı ölkə sırasına daxil edilib. Regionların inkişafı, biznes mühitinin yaxışlaşdırılması yeni iş yerlərinin yaradılması deməkdir. Ötən il  98 min yeni iş yeri yaradılıb.

Azərbaycanın bu gün yeni iqtisadi və sosial  çağırışların müzakirəsi üçün ideal məkan seçilməsi, özünü dünyaya sosial dövlət kimi təqdim etməsi də  bu yeniləşmənin, təkmil islahatların, biri-birindən  əhəmiyyətli sosial layihələrin icrasına nail olmasının nəticəsidir. Ötən il  iki sosial paketin uğurlu icrası 4 milyondan artıq insana sevinc bəxş etdi, onların sosial müdafiəsini gücləndirdi. İki DOST mərkəzinin açılışı sosial xidmət sahəsində şəffaflığın  təminatında, vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynadı. Azərbycan bu mühüm layihələrlə  yeniliklərə imza atan ölkə kimi beynəlxalq aləmdə  yerini möhkəmləndirdi. Ölkəmizdə idarəçilik sistemində təkmilləşmənin yol açdığı uğurlar sırasında yoxsulluqla mübarizə sahəsində əldə olunan nailiyyətlər təqdir edildi.  2003-cü ildə  yoxsulluq səviyyəsi 49 faiz idisə, bu gün həmin rəqəm 5 faizdir. Cənab  İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı gündən  yoxsulluq  kimi sosial bəlanın aradan qaldırılmasının prioritetliyini önə çəkdi və bu istiqamətdə əhəmiyyətli Dövlət proqramları təsdiqləndi,  uğurla icra edildi.

Dövlətimizin başçısı İlham Əliyevin ötən ilin ilk aylarında  idarəçilik sistemində təkmilləşməyə xidmət edən  Fərman və sərəncamları qarşıya qoyulan hədəflərə  yüksək səviyyədə nail olmağa yol açdı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkədə islahatlar ardıcıl şəkildə aparılır. Kadr islahatları, ölkəmizdə  təcrübə ilə gənclərin dinamizmi arasında vəhdətin  yaradılması davamlı uğurlara yol açan əsas amillər sırasındadır.

- 2019-cu il  Azərbaycanın imzalar arasında görünən  imzasına hansı yenilkləri əlavə etdi. Bu  uğurlar fonunda 2020-ci ilin ilk ayını necə xarakterizə edərdiniz?

- 2019-cü ildə  Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurların miqyası  genişdir. İstər iki, istərsə də çoxtərəfli çərçivədə əlaqələrin  genişləndirilməsi istiqamətində  mühüm addımlar atıldı və nəticə bəllidir.  Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş imicini daha da möhkəmləndirdi. Dövlətimizin başçısı İlham Əliyev 2019-cu ilin  yekunlarına həsr olunmuş müşavirədə bu statistikanı açıqlamışdır  ki, il ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər edib. Bu səfərlər  həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərdə iştirak məqsədilə edilib.  Ölkəmiz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII,  120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII , həmçinin Dünya Dini Liderlərinin II Zirvə Görüşünə ev sahibliyi etdi. Qoşulmama Hərəkatının  Zirvə Görüşü çərçivəsində 120 üzv ölkənin yekdil qərarı ilə Azərbaycan BMT-dən sonra  ikinci böyük beynəlxalq təsisata sədrliyi öz üzərinə götürüb. Cənab İlham Əliyev  Rusiyanın Soçi şəhərində  «Valday» Beynəlxalq Diskussiya  Klubunun  XVI illik iclasında,  MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində iştirak etdi. Dövlətimizin başçısının «Qarabağ Azərbaycandır və nida işarəsi» bəyanatı işğalçı  dövlətə ciddi mesaj oldu.   

Azərbaycanda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi.  Bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edildi.  Bu uğurumuzu da xüsusi qeyd edək ki, ötən il Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhəri 2022-ci ildə  Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmışdır.  Qeyd etdiklərimiz Azərbaycanın  beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə işıq salmaqla yanaşı, yeganə prolemimiz  olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdi. Uğurlarımız 2020-ci ilin ilk ayında  da davamlılığı ilə diqqət çəkir.  Ənənəvi  keçirilən Davos Dünya İqtisadi Forumunda dövlətimizin başçısı İlham Əliyevin iştirakı, ayrı-ayrı panel iclaslarında  çıxışı, həmçinin bir sıra ölkələrin dövlət və hökumət başçıları, tanınmış şirkətlərin rəhbərləri ilə  görüşləri Azərbaycanın etibarlı tərəfdaş  kimi möhkəmlənən mövqeyini nümayiş etdirdi.  Dövlətimizin başçısı İlham Əliyev   bu günlərdə  Türkiyənin Xarici İşlər naziri Mövlud  Çavuşoğlunun,   NATO Müttəfiq  Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin,  Rusiya Silahlı  Qüvvələrinin Baş Qərargah rəisi- Müdafiə nazirinin birinci müavini  Valeri  Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətlərini qəbul edərkən bu kimi məqamlara xüsusi diqqət yönəltmişdir.   NATO və  Rusiya hərbi  komandanları arasında görüşlərin Bakıda keçirilməsinin ənənəvi hal alması təbii ki, böyük uğurdur. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun, ən əsası dünyada sabit, təhlükəsiz ölkə kimi qazandığı imicin   təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyev  qeyd olunan görüşlərdə də vurğulamışdır ki, bu, çox doğru seçimdir.  Bunu  bizə olan etimadın, hörmətin əlaməti  hesab edirik: “Çünki  istənilən başqa ölkə seçilə  bilərdi.  Lakin Bakının seçilməsi o deməkdir ki, bizim həqiqətən də  çox güclü tərəfdaşlarımız var.””

- Vüqar müəllim, möhtərəm Prezidentimiz  İlham Əliyev  Türkiyənin Xarici İşlər nazirinin rəhbərlik  etidyi nümayəndə heyəti ilə görüşdə  Avropa Şurasının ölkəmizə qarşı qərəzli mövqeyinə xüsusi diqqət yönəltdi. Bir vətəndaş, mətbuat nümayəndəsi olaraq  bu gün ölkəmizə ikili standartlardan  yanaşmanı necə şərh edərdiniz?

- Azərbaycanın bütün sahələrdə uğurlu inkişafı göz önündədir.  Nəzərə alsaq ki,  ölkəmizdə siyasi və iqtisadi islahatların vəhdətliyinin  qorunması bütün dövrlərdə öz aktuallığını  qoruyur, Azərbaycanın nəinki iqtisadi uğurları, eyni zamanda, demokratiya təcrübəsi dünyanın diqqətindən kənarda qalmır.   Ən əsası  Azərbaycan demokratiya təcrübəsi nümunə olan ölkə kimi təqdir edilir.  Bəzi beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının Azərbaycana qarşı qərəzli mövqeyi təbii ki, uğurlarımızı həzm etməyən qüvvələrin çirkin niyyətlərinin məhsuludur.  Azərbaycanın demokratiya yolunda inamla irəliləməsini gözü götürməyən, ən əsası bütün uğurlarımıza qara eynəkdan baxmağa adətkar olan ermənipərəst dairələr mütəmadi olaraq  qərəzli hesabatları, qətnamələri ilə dünyanın diqqətini Azərbaycana yönəltməyə cəhd göstərirlər. Dövlətimizin başçısı İlham Əliyevin təkçə işğalçı dövlətin timsalında söylədiyi  demokratik dəyərlərin kobud şəkildə pozulmasına biganə yanaşmalar  dünyanın ikili siyasətinin aydın mənzərəsini yaradır. Avropa Şurası  kimi beynəlxalq qurumlar  ədalət meyarını arxa plana keçirib, öz maraqlarını öndə saxlayaraq, ən əsası   beynəlxaq hüququn norma və prinsiplərini, demokratik dəyər anlayışını  müxtəlif dövlətlərə zamana və məkana görə tətbiq edirlərsə, artıq onların  mövqeyinə inamsızlıq qaçılmazdır.  Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdan itirib.

Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın qeyd etdiyimiz istiqamətlərdə əldə etdiyi uğurların miqyası genişdir. Ölkəmizdə  demokratik təsisatların inkişafı üçün bütün zəruri olan şərait yaradılıb. İnsan hüquq və azadlıqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, siyasi partiyaların və ictimai birliklərin fəaliyyətinə normal şəraitin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün qanunvericilik təkmilləşdirilir və beynəlxalq standartlara uyğunlaşdırılır. Daim qeyd edildiyi kimi, atılan addımlar hansısa təşkilata, dövlətə xoş gəlmək deyil, Azərbaycanın tutduğu yoldur, mövqeyidir,  uğurlu gələcəyi üçündür. Azərbaycan müstəqil dövlətdir, heç bir kənar qüvvənin diktəsi ilə oturub durmur. Cənab İlham Əliyevin bəyan etdiyi kimi,  heç bir qüvvə Azərbaycan xalqının iradəsinə təsir etmək imkanında deyil.

- Prezident İlham Əliyevin yanında   2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bu əminlik də ifadə edilmişdir ki, 2020-ci ildə də  Azərbaycan uğurla inkişaf edəcək,   daha güclü dövlətə çevriləcək…

- Əvvəldə də qeyd etdiyimiz kimi, möhtərəm Prezdentimiz İlham Əliyevin  təkmil islahatları davamlı inkişafa hədəflənib. Dövlətimizin başçısı islahatların alternativsizliyini  bildirir. Ölkəmizdə  təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılması prioritet məsələlərdəndir.  Cənab İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könülüllər il”i” elan etməsində də  məqsəd  gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməkdir. Azərbaycanda həyata keçirilən gəncləşmə siyasəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Belə ki,   Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında moderatorun dövlətimizin başçısına  ünvanladığı suallar sırasında  “Hökuməti yeniləməyinizi müşahidə etmək mənim üçün maraqlı idi. Siz gənc texnokratları sıralarınıza cəlb etmisiniz» fikri xüsusi yer almışdır. Möhtərəm Prezidentimiz  İlham Əliyev bildirmişdir: “Bəli, tamamilə doğrudur, hökumət dəyişdi.  Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunmuşdur. Çünki dəfələrlə ictimaiyyətə açıqlamalarımda dediyim kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz.»

Təbii ki, zaman dəyişir,  həyat yerində durmur. Qarşıda  yeni çağırışlar,  vəzifələr dayanır. Bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır.
Son 16 ildə  Azərbaycanın hər sahədə qazandığı uğurlara diqqət yetirsək, onların gələcək inkişafımızla bağlı  xoş təsəvvür  yaratdığını  aydın görərik. Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Ölkəmizi qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Son 16 ilin sosial-iqtisadi  göstəricilərinə diqqət yetirmək kifayətdir. Bu baxımdan ki, hər bir ölkənin inkişafında əsas amil sabitlik və iqtisadi tərəqqidir. Dünyada  təhlükəsiz ölkə, sabitlik diyarı kimi nüfuz qazanan Azərbaycan, həmçinin iqtisadi  möcüzələr ölkəsi kimi  tanınır. Malik olduğu enerji resurslarından səmərəli istifadə etməklə əməkdaşlığın coğrafiyasının  genişləndirilməsinə nail olan  Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib.  Azərbaycanın iştirakı olmadan bölgədə hansısa sosial və iqtisadi layihənin həyata keçirilməsi qeyri-mümkündur. Enerji layihələri dostluq, əməkdaşlıq əlaqələrinin inkişafında körpü rolunu oynayır. Uğurlu sonluqla başa çatan hər bir layihə növbəti layihənin gündəmə gətirilməsini şərtləndirir. Elə bu faktın özü  Azərbaycanın dayanıqlı inkişafının  qaçılmaz olduğunun göstəricisidir. Təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin qorunması  fonunda  neft kapitalının  insan kapitalına  çevrilməsi  ölkəmizin bütün iqtisadi çətinliklərdən uğurla çıxmasına  geniş imkanlar yaradır. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasına əsasən hazırlanan  və dövlətimizin başçısı İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiqlənən «Azərbaycan gəncliyi 2017-2021-ci illərdə» Dövlət Proqramının icrasından gözlənilən nəticələr sırasında da gənclərin intellektual inkişafı və elmi fəaliyyətlərinin stimullaşdırılması, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi əsas yer tutur. Müasir dövrün informasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, iqtisadiyyatın inkişafında əsas amil olan yeni texnologiyaların inkişafı və tətbiqi kadr hazırlığını  zərurətə çevirir ki, Azərbaycanın bu sahədə də  uğurları təqdirəlayiqdir.
Azərbaycanın davamlı uğurlarında, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi qeyd etməliyik. Zamanın sınaqlarından çıxmış “Tarixinə sahib çıxan xalq məğlubedilməzdir” tezisinə istinad etsək, Mehriban xanım Əliyevanın tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin inkişafı, həqiqətlərimizin təbliği istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətinin əsas istiqamətlərindən biri   əhalinin, xüsusilə qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsidir.
Bütün bu uğurlarımız dövlətimizin başçısı İlham Əliyevin böyük inamla  söylədiyi “2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək” əminliyinin əsaslarıdır.  Cənab İlham Əliyev  «Azərbaycan Respubilkası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda,   ümumilikdə  son 16 ilin statistikasına diqqəti yönəldərək bildirmişdir ki, uğurlu inkişafımızı, sabitliyi şərtləndirən, cəmiyyətdə xoş əhval-ruhiyyəni formalaşdıran siyasətimiz və addımlarımızdır. Nəyi demişiksə, onu da etmişik: “Bir dənə də icra edilməmiş vəd yoxdur. Heç kim bunu tapa bilməz. 2003-cü ildə və ondan sonrakı illərdə nəyi demişəmsə, onu da etmişəm. Ona görə bizim sözümüzə də, işimizə də xalq tərəfindən böyük inam var. Mən həmişə demişəm ki, bizim sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir.»