YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

VI çağırış Milli Məclis islahatlar strategiyasının reallaşmasında mühüm rol oynayacaq

   Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov

- Ramin müəllim, VI çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev dərinməzmunlu çıxış etdi. Dövlətimizin başçısı çıxışı zamanı parlamentin deputatlarına müəyyən  tövsiyələr verdi. Sizcə, bu tövsiyələr deputatlar üçün nə kimi məsuliyyət yaradır?

- Altıncı çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti cənab  İlham Əliyev sözün əsl mənasında tarixi çıxış etdi. Bu tarixi çıxışın bir neçə komponenti var. Cənab Prezident həm ölkəmizdə həyata keçirilən siyasət, həm parlamentin işinin necə qurulması, həm də bütövlükdə Azərbayan cəmiyyətinin bundan sonrakı mərhələlərdə inkişafına dair çox mühüm, önəmli fikirlər bildirdi, dəyərli tövsiyələrini səsləndirdi. Ümumilikdə, yeni tərkibdə Milli Məclisin ilk iclasında ölkə rəhbəri tərəfindən irəli sürülən fikirlərə Azərbaycan dövlətinin və cəmiyyətinin inkişafı üçün yol xəritəsi kimi qiymət vermək olar. Bu yol xəritəsinin bir sıra komponentləri var. Cənab Prezident çıxışında parlament seçkilərinə qiymət verərək belə bir fikir səsləndirdi ki, bu seçki Azərbaycan xalqının iradəsini əks etdirir. Dövlətimizin başçısı qeyd edib: “Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir”.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, Onun ideyaları ətrafında birləşən, bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə çox uğurla addımlayan Yeni Azərbaycan Partiyasının namizədləri parlamentdə yenə də çoxluğa nail oldular. Bu öz-özlüyündə Azərbaycan cəmiyyəti, xalqı tərəfindən partiyamıza olan yüksək etimaddır.

Digər komponent ondan ibarətdir ki, yeni formalaşmış Milli Məclis Azərbaycanda növbəti illər üçün həm cəmiyyət, həm də parlament daxilində yeni ünsiyyət, yeni dialoq platforması formalaşmasını ifadə edir. Çoxpartiyalı parlamentin ilk iclasında yeni rəhbərliyin, eləcə də, komitə rəhbərliyinin seçimində bu amil özünü ifadə edir. Bu fakt  siyasi plüralizmin təzahürü olmaqla yanaşı, siyasi dialoq sisteminin yeni mərhələdə formalaşmasının göstəricisidir. Cənab Prezident çıxışında cəmiyyətə səslənərək bundan sonra da siyasi dialoqun daha geniş vüsət alması üçün tərəflərin açıq dialoqa hazır olmasının işarəsini verdi. Bunun üçün münbit şərait yaradılıb.

Başqa bir məqam odur ki, Azərbaycanın ötən illər ərzində böyük nailiyyətlər qazanıb və cənab Prezidentin islahatlar strategiyası uğurla həyata keçirilir. Yeni tərkibli parlament də islahatlar strategiyasının reallaşması prosesində önəmli faktordur. Və bu strategiyasının reallaşmasına mühüm töhfələr verəcək.

Dövlətimizin başçısı  deputatlara onu da tövsiyə etdi ki, qanunvericilik missiyası ilə yanaşı, yerlərdə seçicilərlə ünsiyyət sistemi dəyişməli, deputat-seçici ünsiyyəti dövlət-xalq arasında olan bir körpü rolunu oynamalıdır. Bu ideyadan irəli gələrək deputatların bundan sonra seçicilərlə ünsiyyət formasının məzmun və mahiyyət etibarilə ciddi şəkildə dəyişməsinin şahidi olacağıq.

Cənab Prezident İlham Əliyev eyni zamanda tarixi çıxışında Azərbaycan cəmiyyətinin indiyə qədər keçdiyi yola qiymət verdi və gələcək strategiya ilə bağlı tövsiyələrini irəli sürdü. Bilirsiniz ki, dövlətimiz ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi addımlar atır. Cəmiyyətimiz də bu prosesdə dövlətə  dəstək verir. Cənab Prezident qeyd etdi ki, bu məsələdə parlamentin dəstəyi daha təsirli olmalıdır, deputatlar beynəlxalq təşkilatlarda haqq işimizi daha fəal şəkildə təbliğ etməlidirlər.

Dövlətimizin başçısı, həmçinin iqtisadiyyatın daha da inkişaf etdirilməsi, milli mənəvi dəyərlərin qorunması, bu dəyərlər konteksində yeni gənc nəslin formalaşması, sosial və gənclər siyasətinin daha geniş vüsət alması və dövlətçilik ənənələrin gücləndirilməsi ilə bağlı tövsiyələrini verdi və bu yöndə deputatların üzərinə düşən vəzifələrdən bəhs etdi. Biz millət vəkilləri olaraq cənab Prezidentin tövsiyələrinə yüksək səviyyədə əməl etməyi özümüzün başlıca vəzifəsi hesab etməliyik.

- VI çağırış Milli Məclisin tərkibində gənc deputatların sayı da çoxdur. Bu faktı hansı amillərlə izah edərdiniz?

- Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar strategiyasının vacib tərkib hissələrindən biri yeni müasir biliklərə, müasir baxışlara, dünya standartlara cavab verən gənclərin müxtəlif dövlət strukturlarına, seçkili orqanlara və s. önəmli vəzifələrə irəli çəkilməsi ilə bağlıdır. Yeni tərkibli Milli Məclisdə də bu faktor özünü göstərir. Parlament ümumi islahatlar konsepsiyasından kənarda qala bilməzdi. Növbədənkənar parlament seçkilərinin keçirilməsi də bu islahatlar strategiyasının reallaşması ilə bilavasitə bağlıdır.

Yeni parlamentin üçdə bir hissəsi yeni simalardır. Burada gənclər də üstünlük təşkil edir, müxtəlif sahələrdə fəal olan gənclərə etimad göstərilib. Parlamentin yeniləşməsi, gəncləşməsi ondan xəbər verir ki, bundan sonra da parlament dövlətimizin islahatlar kursuna  öz töhfəsini verəcək.

Gənclərin irəli çəkilməsi onlar üçün yaradılan böyük şəraitdir, onların inkişafına yönəlmiş ciddi addımdır. Gənclər bu addımdan maksimum faydalanıb cəmiyyətin inkişafı üçün səylərini əsirgəməməlidirlər. Bilirsiniz ki, bu il ölkəmizdə “Könüllülər ili”dir. Bu il çərçivəsində dövlətimiz gənclərin müxtəlif sahələrdə inkişafı ilə bağlı addımlar atmaqdadır.

Gəncləşmə müasirlik anlamını ifadə edir və müasirlik də mütləq mənada xalqımıza məxsus olan milli mənəvi dəyərlərin aradan çıxması hesabına olmamalıdır. Tam əksinə, milli mənəvi dəyərlərə yiyələnmiş gənclərimiz paralel olaraq müasir biliklərə, təcrübəyə  sahib olmalıdırlar. Bu konteksdə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi işinə öz töhfələrini verməlidirlər.

- Yeni millət vəkili kimi parlamentin ilk iclasında iştirak etdiniz. Sizin üçün millət vəkili statusu hansı anlamı ifadə edir?

- Millət vəkili olmaq böyük şərəfdir, eyni zamanda böyük məsuliyyətdir. Mənim üçün məsuliyyət hiss daha öndə gəlir. Çünki cənab Prezidentin çıxışından da özüm üçün nəticələr çıxardım. Millət vəkili kimi gələcək fəaliyyətimdə dövlət başçısının tövsiyələri hər zaman öndə olacaq. Bu tövsiyələrə uyğun öz işimi quracağam.

Şəxsən mən Prezidentimiz, partiyamız, seçicilərimiz qarşısında məsuliyyət daşıyıram. Bu etimadı doğrultmaq üçün həm qanunvericilik sahəsində fəal olmağa çalışacağam, həm də seçicilərin problemlərinin həlli ilə məşğul olacağam.

Bütövlükdə, yeni tərkibli parlament  Prezident İlham Əliyevin çoxşaxəli islahatlar strategiyasına cavab verəcək bir tərkibdir və islahatlar prosesində

vacib rol oynayacaq.