YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək

   Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov

- Aydın müəllim, hazırda dünya ölkələri koronavirus pandemiyasının ağır iqtisadi zərərlərini yaşamaqdadır.  Dünya iqtisadiyyatında baş verən təlatümlər Azərbaycana da təsirlərini göstərməkdədir. Bu zərərləri qarşılamaq üçün hökumət tərəfindən görülən tədbirləri necə qiymətləndirərdiniz?

- Azərbaycan dünyanın bir parçasıdır və  qlobal xarici şoklar bütün ölkələr kimi Azərbaycan iqtisadiyyatına da öz neqativ təsirlərini göstərməkdədir. Pandemiyanın yayıldığı ilk gündən başlayaraq Azərbaycan dövləti bu faciə ilə mübarizədə qabaqlayıcı kompeks tədbirlər görməyə başladı. Prezident İlham Əliyevin birbaşa nəzarətində olan bu məsələ ilə bağlı müxtəlif önləyici addımlar atıldı, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması, təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi istiqamətində səmərəli və təsirli tədbirlər görüldü. Bununla yanaşı, hökumət komandası pandemiya iqtisadi inkişafına vurduğu zərbənin təsirlərini qiymətləndirmək üçün iqtisadiyyatın dərin və əhatəli diaqnostikasını apardı. Nəzərə alsaq ki, yeni qlobal böhranın 2008-2009-cu illərin böhranından daha da ağır olacağı proqnozlaşdırılır, pandemiya beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirlərini daha da artırmaqdadır. Bbelə bir vəziyyətdə Azərbaycan hökumətinin xüsusi qabaqlayıcı antiböhran paketi hazırlayaraq qəbul etməsi labüdləşdi. “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da məhz qlobal resessiyaların ölkəmizin iqtisadiyyatına təsirlərini qarşılamaq kimi strateji məqsədi daşıyır. Dövlət başçısının imzaladığı həmin Sərəncamdan irəli gələn məsələlərin həlli məqsədilə müvafiq dövlət qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradıldı. İşçi qrupunun və özəl sektorun, biznes icmasının birgə apardığı qiymətləndirmələrə əsasən, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı geniş antiböhran paketi- dəstək proqramları hazıranıbdır. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş bütün sahələrin dərin diaqnostikası aparılaraq iqtisadi və sosial sektorlarda ən çox, əhəmiyyətli və minimum ziyan çəkən sahələr müəyyən edilibdir.
 Hökumətin dəstək paketi zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Dəstək proqramlarıının əsas hədəfi biznes sektorunun, istehsal, xidmət müəssisələrinin, rentabelli təşkilatların dayanıqlılığını təmin etməkdir. Biznesin üzləşdiyi sosial-iqtisadi təsirlərin qısa bir zamanda aradan qaldırılması, qabaqlayıcı tədbirlərin görülməsi ümumi iqtisadi sabitliyin, dayanıqlılığın təmin edilməsində daha əhəmiyyətli rol oynayır.  Bu isə birbaşa bu məsələdə dövlətin ədalətliliyini və humanizmini nümayiş etdirir. Bu proqramların maliyyə tutumu 2,5 milyard manatdır və Azərbaycanın ÜDM-nin 3,1%-ni təşkil edir. İqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dəstək paketi nəzərdə tutulmayıb. Müqayisə üçün bildirim ki, bir çox region ölkələri də koronavirusla mübarizəni nəzərdə tutan dəstək proqramları hazırlayıb. Məsələn, Gürcüstanda bu göstərici ÜDM-in 2 faizi, Rusiyada ÜDM-nin 0,3 faizi, Türkiyədə ÜDM-in 2 faizi, Qırğızıstanda ÜDM-in 1 faizi, Özbəkistanda ÜDM-in 1,5 faizi həcmindədir. Azərbaycan hökumətinin pandemiyanın zərələrini qarşılmaq üçün gerçəkləşdirdiyi dəstək proqramı digər ölkələrlə müqayisədə həm maliyyə tutumuna görə, daha böyük, eyni zamanda, sektorların dəstəklənməsinə görə, genişmiqyaslıdır.

- Proqramlarda biznes sektoruna dəyən zərərlərin ödənilməsi üçün hansı dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur?

- Dövlət proqramlarında əsas mühüm prioritetlərdən biri biznes sektoruna və həmin sektorlarda  təmsil olunan əmək resurslarına dəyən zərərlərin qarşılanmasıdır. Birinci və daha əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Bu proqramın fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir. Hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi var ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir. Proqramın tətbiq mexanizmi ondan ibarətdir ki, burada ya işçinin real maaşı və ya respublika üzrə orta aylıq əmək haqqı əsas götürüləcək. Proqram çərçivəsində aylıq əməkhaqqı fondunun 50%-nin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılacaq. Digər böyük proqram 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. Burada söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir. “Bu sektorun qorunub saxlanması üçün dəstəyə ehtiyacı var. Burada baza kimi mikro sahibkarların 2019-cu il ərzində həyata keçirdiyi vergi ödənişlərinə istinad ediləcək, ödənişlərin və birbaşa yardımların edilməsində həmin bazaya əsaslanılacaq.

- Dövlətin dəstək paketində sosial proqramlar xüsusi yer tutur. Sosial proqramın fəlsəfəsi nədən ibarətdir?

- Dövlət ilk növbədə insanların sosial rifahını prioritet hesab edərək onlara sosial dəstək göstərəcək. Aztəminatlı ailələrə maliyyə yardımının göstərilməsi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək bu proqramın tərkib hissəsidir. Tədbirlərdən biri əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması proqramı da birbaşa sosial xarakterlidir. Karantin rejimi ilə əlaqədar insanların evdə qalması səbəbindən istehlak olunan enerjinin həcmi artıb. Əhalinin həssas qrupları üçün bu xüsusilə nəzərə alınacaq. Mühüm proqramlarlardan biri də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı olacaq.

- Kredit ödənişlərində güzəştləri

- Kredit ödənişlərində yaranan çətinliklərin aradan qaldırılması üçün həm biznesə, həm də ev təsərrüfatlarına güzəştlər edəcək. Hazırda 15,5 milyard manatlıq kredit portfelinin 7 milyard manatı ev təsərrüfatlarına, 6,1 milyard manatı isə özəl sektora məxsusdur.  Bu gün pandemiyadan daha çox zərərçəkmiş sahələr ticarət və xidmət, turizm, nəqliyyat, rabitə sektorlarıdır. Burada iki istiqamət üzrə dəstək mexanizmi nəzərdə tutulubdur. Birincisi, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramıdır. Bu sənəd daha geniş olmaqla 1 milyard manatlıq maliyyə yükünə malikdir. Burada həm qismən dövlət büdcəsinin, həm də ki, Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur. Başlıca hədəf həm biznes subyektlərimizə dəstək verməkdir, eyni zamanda, bizim üçün zəruri, çox vacib və əhəmiyyətli olan maliyyə-bank sektorunun kredit portfelinin sağlamlığının qorunub təmin edilməsidir. Kreditlərlə bağlı ikinci proqram İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramının əsas prioriteti həm tikinti sahəsinin fəallığının davam etdirilməsinə, genişləndirilməsinə, həm də əhali üçün hər zaman vacib olan mənzil probleminin həllinə dəstəyi nəzərdə tutur. Koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişaf tempi üçün aparıcı sektorlarından biri olacaq. Bunun bir neçə səbəbi var. Bu səbəblər sektorun əmək tutumlu olması, tikinti sektoruna zəruri olan böyük həcmdə xammal və materialların ölkəmizdə istehsal olunması, eləcə də, tikinti sektorunun, bir qayda olaraq, «multiplikativ» effektə malik olmasıdır. Eyni zamanda, bu həm də sosial sahədir, çünki, vətəndaşlar yeni mənzillərə sahib olarkən bu onların rifah səviyyəsini qaldırır. Bu baxımdan həmin sahənin canlanması ölkə üçün çox vacibdir və kredit dəstəyi də buna əsaslanır.

- Dövlətin sahibkarlıq sektoruna vergi güzəştləri ilə bağlı hansı imtiyazlar nəzərdə tutulub?

-  Proqramlardan biri biznesə vergi güzəştləri və imtiyazlarıdır. Burada əsasən, pandemiyanın mənfi təsirləri altında olan və həmçinin bir sıra digər sahələrə də müxtəlif güzəştlər nəzərdə tutulur. Burada da əsas məntiq ondan ibarətdir ki, güzəştlər hesabına ən çox mənfi təsir altında olan sahibkarlar və sferalar qorunsun, onların əlavə likvidlik təzyiqi ilə üzləşməsinə imkan verilməsin. Sahibkarlara veriləcək vergi güzəştləri sırasında mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştlər, müvafiq müddətə əmlak və torpaq vergisindən azadolmalar, vergi ödəyicilərinin mənfəət (gəlir) vergisinə müvafiq məbləğdə və müddətə azadolmalar, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət vergisindən azad edilməsi, bəzi vergi ödəyicilərinin müvafiq müddətə ƏDV-dən azad edilməsi yer tutur. Həmçinin, 2019-cu ilin nəticələrinə görə mənfəət vergisinin verilməsi müddətinin,vergi hesabatlarının verilməsi müddətinin, habelə vergilərin ödənilməsi müddətinin uzadılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də bu sıradadır.

-  “Kölgə iqtisadiyyatı”nın iştirakçısı olan bir sıra biznes, ticarət və digər sahələrin nümayəndələrinin dövlət dəstəyindən yararlanması necə olacaq?

- Hazırda biznesə dəstək tədbirlərinin həyata keçirilməsi həm də “kölgə iqtisadiyyatı”nın azaldılması ilə bağlı strategiyanın gerçəkləşməsini daha da gücləndirir. Çünki özəl sektorun müxtəlif sahələrinin indiki dərin qiymətləndirilməsi, dəstək veriləcək sahələrin diaqnostikasının aparılması zamanı  gölgə iqtisadiyyatının yeni təzahürləri də meydana çıxır. Dövlətin son illərdə bir sıra təşkilatlara qara iqtisadiyyatdan uzaqlaşmaq, mühasibatlıq, əmək münasibətləri, vergi, sosial sığorta və s. məsələlərdə şəffaf təmin etmək, düzgün işləmək barədə çağırışlarına, geniş maarifləndirici tədbirlərinə baxmayaraq,  qeyri-qanunu fəaliyyət göstərən, balansını “ağartmayan”  şirkət və müəssisələr hələ də vardır,  belə bir vəziyyətdə həmin sahələr də aşkarlanmış olacaq. Bu onu göstərir ki, dövlət hamıdan daha çox hesabatlılığın, şəffaflığın, ünvanlılığın təmin olunmasında prinsipialdır. Hökumət sağlam, dayanıqlı və rəqabətqabiliyyətli bir iqtisadiyyatın formalaşmasına çalışır. Bu, dövlətin qanunlarına riayət edən, “kölgə”də deyil, “ağ” iqtisadiyyatda fəaliyyət göstərən, vergilərini ödəyən. İşçilərinin sosial müdafiəsini təmin edən, işçiləri əmək müqaviləsi ilə işə cəlb edən sahibkarlıq subyektlərindən ibarət bir iqtisadiyyat olmalıdır. Bu çətin gündə dövlətinə söykənmək üçün mənəvi haqqı olan, başqa sözlə, fəaliyyətində yüksək sosial korporativ məsuliyyət hissini və hərəkətlərini həyata keçirən sahibkarlar dövlətin dəstəyi ilə əhatə olunacaqdır. Şəffaf işləyən bütün sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcək.

- Aydın müəllim, bu proqramların qəbul edilməsi 2020-ci ilin dövlət büdcəsinin icrasına hansı təsirləri göstərə bilər?

- Təbii, iqtisadi vvə sosial dəstək proqramları  maliyyə tutumuna görə, böyük maliyyə paketi olduğundan  büdcədə xərclərin strukturuna dəyişiklik edilməsi zərurətini də meydana çıxarır. Büdcədə qeyri-neft gəlirlərinin həcmi hər il artır, xüsusilə də, iqtisadiyyatın şəffaflaşdırılması sayəsində vergi və gömrük daxilolmalarının məbləği yüksəlir. Ancaq onu da nəzərə almalıyıq ki, büdcədə neft sektorundan transfertlərin də həcmi kifayət qədər paya malikdir, pandemiya səbəbindən neftin qiymətinin 2 dəfədən çox aşağı düşməsi büdcə daxilolmalarında ciddi problemlər yaratmasa da, büdcədə yeni xərclərin olması 2020-ci ilin büdcə zərfinin strukturuna yenidən baxılmasına zərurət yaradır. Ancaq buna baxmayaraq, cari ilin dövlət büdcəsinin icrası ilə bağlı heç bir problemin olması gözlənilmir. Büdcədə bütün sosial öhdəliklər tam yerinə yetiriləcək, sosial infrastruktur layihələrinin icrası təmin ediləcək. Büdcə xərclərində bəzi dəyişikliklərin edilməsi də istisna deyil və təcili olmayan layihələrin təxirə salınması mümkündür.  Bununla yanaşı, Azərbaycan dövləti sosial dövlət olduğundan icrası təxirə salınan layihələrdə əmək tutumlu sahələrə xüsusi diqqət yetiriləcək, məşğulluq məsələləri ön planda olacaq. Cənab Prezidentin də vur ğuladığı kimi bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur.  Bu siyasət insanların təhlükəsizliyidir, sağlamlığıdır və onların rifahıdır. Onu da qeyd etmək istərdim ki, Azərbaycan ötən illərdə bir çox problemlərlə üzləşib, ancaq dövlətin uzaqgörən siyasəti nəticəsində bu sınaqlardan hər zaman üzüağ çıxıbdır. İnanıram ki, ölkəmiz Prezident İlham Əliyevin düşünülmüş uzaqgörən siyasəti sayəsində ölkəmiz bu çətin sınaqdan da çıxacaqdır.