YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Koronavirusla mübarizədə həlledici mərhələ başlayıb. #EvdəQal, #BizBirlikdəGüclüyük

Müsahibimiz Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Musa Quliyev

-Musa müəllim, ölkəmizdə koronovirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

-Koronavirusla mübarizədə həlledici mərhələ başlayıb. İki həftəlik sərt karantin rejimi bəşəriyyətin ümumi bəlasına çevrilmiş bu pandemiyanın ölkəmizdə sabitləşməsinə və idarə olunan həddə enməsinə təminatlar yaratmaqla yanaşı, həm də bizim milli birliyimizin, xarakterimizin indikatoru kimi də əhəmiyyətli olacaqdır. Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə kompleks şəkildə bütün parametrlər nəzərə alınmaqla aparılır. Prezidentimiz cənab İlham Əliyevin  müəyyən etdiyi qabaqlayıcı tədbirlər ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısını almağa yönəlib və öz müsbət nəticələrini göstərməkdədir.

Dünya təcrübəsi də göstərir ki, yoluxma sürəti olduqca yüksək olan bu virus pandemiyası ilə mübarizənin effektli nəticəsi önləyici, profilaktik tədbirlərin vaxtında və geniş həcmdə aparılmasından çox asılıdır. Cənab Prezidentin tapşırığı ilə ölkəmizin bütün resursları səfərbər olunub və koronavirus epidemiyası ilə ardıcıl, sistemli, çox şaxəli mübarizə aparılır.
Sərhədlərin bağlanması, xaricdə olan 15 mindən çox vətəndaşımızın ölkəyə gətirilməsinin və karantin rejiminə keçirilməsinin təmin edilməsi, müayinə test və laboratoriya ləvazimatlarının, eləcə də müalicə vasitələrinin alınıb gətirilməsi, Nazirlər Kabineti yanında Operativ Qərargah təşkil olunması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, koronavirus infeksiyasının mənfi təsirlərinin azaldılması məqsədi ilə dövlət büdcəsindən başlanğıc olaraq 1 milyard manat vəsaitin Hökumətə ayrılması , iki həftəlik sərt karantin rejiminə keçilməsi və s. kimi tədbirlər Azərbaycan dövlətinin bu ümumbəşəri bəla ilə mübarizədə nə qədər güclü və əzmkar olmasının, dövlət başçısının siyasi müdrikliyinin və qətiyyətinin göstəricisidir.

-Sumqayıt Kimya Sənaye Parkında Bakı Tekstil Kombinatının tibbi maska istehsalı müəssisəsinin açılışı oldu. Sizcə, bu müəssisənin istifadəyə verilməsi bu sahədə ehtiyacları qarşılamaq baxımından nə dərəcədə əhəmiyyətlidir?

-Bu günlər bütün dünyada koronavirusla mübarizədə tibbi vasitələrin, xüsusi ilə qoruyucu maskaların qıtlığı hökm sürür, hər kəs bu problemi öz imkanları daxilində həll etməyə çalışır. SSRİ kimi superdövlətin hüquqi və siyasi varisi olan, bu gün də dünyanın supergüclərindən sayılan nəhəng Rusiyada maska qıtlığını aradan qaldırmaq üçün evlərdə, sexlərdə, dərzi emalatxanalarında kustar üsulla maska tikməyə başlamışlar. Əlbəttə bu da bir yoldur və heç olmamaqdansa, belə maskalara da qoruyucu vasitə kimi etibar etmək olar.
Azərbaycanda indiyə qədər maska istehsalı olmayıb və bu tibbi vasitəyə olan ehtiyac idxal hesabına ödənilib. Lakin koronavirus pandemiyası başlanandan hətta maska istehsal edən ölkələr də bu qoruyucu vasitənin defisiti ilə üzləşməli oldular. Problemin əsaslı həlli isə yerli istehsalı təşkil etməkdən keçirdi. Cənab Prezident bu məsələni də öz nəzarətinə görürdü və olduqca qısa müddətə- cəmi iki həftəyə ölkəmizdə tibbi maska istehsalı müəssiəsi yaradıldı və fəaliyyət başladı!
Cənab Prezident İlham Əliyevin və Birinci Vitse- Prezident Mehriban xanım Əliyevanın açılışını etdikləri Sumqayıt Kimya Sənaye Parkında Bakı Tekstil Kombinatının tibbi maska istehsalı müəssisəsi qısa müddət ərzində yaradılmış ən müasir texnologiya və tibbi standartlara cavab verən bir istehsal müəssisəsidir.
Ayrı bir vaxtda və şəraitdə bu müəssisənin açılışına bəlkə o qədər də diqqət cəlb etməyəcək sıradan bir hadisə kimi baxmaq olardı. Çünki biz bir vətəndaş olaraq, on beş ildən çoxdur ki, hər gün ölkəmizdə bir, yaxud bir neçə müəssisənin, yeni iş yerlərinin, sosial obyektlərin, parkların, yolların, körpülərin açılışını müşahidə edirik və bəlkə də bunları görmək bizim üçün adiləşmişdir. Hərçənd ki, bizə adi, gündəlik hadisə kimi gələn bu açılışlar, əslində, Azərbaycanın yeniləşmə, inkişaf və rifah göstəricisidir!
Amma koronavirusla mübarizədə dünyanın İran, İtaliya, Ispaniya, Fransa, Amerika və s. kimi qos-qoca dövlətləri az qala çaşqınlıq, ümidsizlik və depressiya içərisində çabaladığı bir dövrdə Azərbaycan dövləti özəl sektorla birlikdə ən qısa müddətdə öz daxili tələbatını ödəyə biləcək gücdə tibbi maska istehsal edən yeni bir müəssisə qura bilirsə, bu dövlətin gücünün, nüfuzunun, dövlət rəhbərinin siyasi əzminin, iradəsinin, prosesləri qabaqlayaraq idarə etmək və zamanında düzgün qərar qəbul etmək kimi müdrikliyinin göstəricisidir!
Yeni müəssisə ilk vaxtlarda gündə 130 min, daha sonra isə 250 min tibbi maska, eləcə də dezinfeksiya vasitələri istehsal edəcəkdir.
 

-Müəssisənin açılışı zamanı Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət etdi. Bu barədə də fikirlərinizi bilmək istərdik...

 

-Cənab Prezidentin müəssisənin açılışında dediyi bu fikirlər olduqca qiymətli və ibrətamizdir: "Mən son illər ərzində yüzlərlə, bəlkə də mindən çox sənaye müəssisəsinin açılışında iştirak etmişəm, ancaq bu istehsalat sahəsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün Azərbaycanda istehsal olunan tibbi maskalar və dezinfeksiya vasitələri insanlarımızı qoruyacaq. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür".
Mindən çox sənaye müəssisəsinin açılışını edən Rəhbər üçün tibbi maska istehsal edən, o qədər də böyük olmayan, iqtisadi səmərə verməyə hesablanmayan bu müəssisənin açılışı ona görə xüsusi əhəmiyyət daşıyır ki, bu müəssisənin məhsulları insanlarımızın sağlamlığını qoruyacaq! Cənab Prezident dəfələrlə vurğulayıb ki, bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sağlamlığı və sosial rifahı dayanır!
Cənab Prezidentin çıxışında xüsusi əhəmiyyət daşıyan mesajlardan biri də dövlət və özəl sektor partnyorluğudur, dövlətin sahibkarı qoruması, çətin dövrdə belə, iş adamına, işçiyə dəstəyini göstərməsi təşəbbüslərinin vacibliyidir.
Məhz bu müəssisə də dövlətin özəl sektora siyasi, hüquqi və güzəştli kredit dəstəyi sayəsində cəmi iki həftəyə qurulub fəaliyyətə başlamışdır. Eyni zamanda bu müəssisənin fəaliyyətə başlaması bizim daha bir sahədə- qoruyucu və dezinfeksiya edici vasitələrlə təminat sahəsində idxaldan asılılığımızı aradan qaldıracaqdır.
Cənab Prezidentin çıxışındakı başqa bir mühüm məqam defisitlə əlaqədar yaranmış möhtəkirlik hallarına qarşı ciddi mübarizə aparılmasımı vacibliyinin vurğulanmasıdır: "İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək".
Bəli, belə çətin bir zamanda xalqın ehtiyacından və defisitdən yararlanaraq möhtəkirlik etmək Vətənə və Millətə qarşı xəyanətdir! Günahını heç bir cəza yumayacaq, hər iki dünyada insanın üzünü qara edəcək bir xəyanətdir!
Eyni zamanda sosial şəbəkələrdə insanları çaşdıran, sərvaxtdan salan, dövlətin gördüyü böyük işlərə qara yaxan, vətəndaşlarımızda inamsızlıq yaradan informasiyalar və çağırışlar da xəyanətdir!
Ümumi evimiz olan bu gözəl Vətənimizə bəla gəlib, bu bəla ilə əl- ələ verb birgə mübarizə aparmaq əvəzinə kimsə özünün cılız siyasi və iqtisadi maraqlarını təmin etmək naminə xəyanət yolu tutubsa, onlar bizlərdən deyillər və koronavirusla bir cəbhədədirlər! Onlara qarşı da lazımi dezinfeksiya tədbirləri görülməlidir!
Epidemiyalarla mübarizədə karantin dövrünün davranış şərtləri hərbi və fövqəladə rejim dövrünün şərtlərinə bərabər tutulur və o şərtlər daxilində intizam tədbirlərinin görülməsi zəruridir. Belə zamanda gərəkirsə, müəyyən hüquq və azadlıqların məhdudlaşdırılmasını da qanunvericilikdə nəzərdə tutmaq olar. Koronavirusla bağlı bütün mülahizə və davranışlarda Operativ Qərargahın tövsiyyələri nəzərə alınmdlıdır. İstənilən qanun pozuntusu sərt şəkildə cəza mexanizmi ilə aradan qaldırılmalıdır!

Azərbaycan koronavirusla mübarizədə önləyici addımlar atmaqda davam edir. Son günlərin məlumatları heç kimdə təşviş yaratmasın ki, xəstələrin sayı artır. Əslində belə düşünmək daha doğru olardı ki, xəstələrin deyil, aşkar olunanların sayı artır. Biz bu günə kimi 45 mindən çox insanımızı testdən keçirmişik. Ən kiçik şübhə olan hər kəsi!
45 min yoxlananın içərisindən 600-ə yaxın xəstənin aşkar edilməsi cəmi 1,4% təşkil edir, ölüm halları isə, şükürlər olsun ki, daha da azdır! Bu faiz nisbəti ilə götürüldükdə ən qabaqcıl ölkələrin göstəricisi səviyyəsindədir.

-Koronavirusun ölkəmizin iqtisadi və sosial həyatına vura biləcəyi zərərin qarşısının alınması ilə bağlı hökumət tərəfindən müvafiq tədbirlər planı təsdiq edilib. Sizcə, bu kimi tədbirlər hansı nəticələri verəcək?


-Koronovirusla və onun fəsadları ilə mübarizə sahəsində dövlətimizin gördüyü tədbirlər qənaətbəxşdir. Prezidentin sərəncamının icrası olaraq Nazirlər Kabineti ilk mərhələdə görüləcək tədbirlər paketini təsdiq edib. Əsas 3 istiqməti- iqtisadi artıma və sahibkarlığa dəstək , məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətlərini nəzərdə tutan tədbirlər planı bir milyard manatdan çox vəsaiti əhatə edəcəkdir. Bu planın artıq icrasına başlanılıb və təxminən iki milyona yaxın vətəndaşımızın sosial müdafiəsini nəzərdə tutur.
Görüləcək tədbirlər dövlət sektorunda 910 min, özəl sektorda 664 min muzdlu işçinin, habelə iş axtaran vətəndaşların, sosial müdafəyə ehtiyacı olan şəxslərin, tənha ahılların, ödənişli əsaslarla təhsil alan tələbələrin və s. kateqoriyadan olan vətəndaşlarımızın sosial müdafiəsini təmin edəcəkdir.
Cənab Prezident xalqa müraciətində yeni, daha əhatəli, və böyük maliyyə tutumlu dəstək proqramının hazırlanması barədə məlumatı da bir xoş müjdə kimi verdi:
"Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun".
Heç şübhəsiz ki, ikinci tədbirlər planı daha geniş, daha əhatəli olacaq, bütün kateqoriyadan olan vətəndaşlarımızın, o cümlədən, əmək müqaviləsi olmadan, günəmuzd çalışan, hazırda isə işsiz qalmış insanların sosial müdafiəsini təmin etməyə imkanlar tanıyacaqdır.
Dost dar gündə sınanır. Bu çətin gündə dövlətimiz xalqımızın yanında, onun xidmətində olduğunu hər anda göstərir. Dövlət, hökumət, alimlərimiz, tibb işçilərimiz, polisimiz, mətbuat nümayəndələrimiz karantin şəraitində də yorulmadan çalışır, titanik zəhmət çəkir. Bütün bu işlər cənab Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti altında aparılır.
Azərbaycan koronavirusla mübarizənin həlledici mərhələsinə hazırlaşdığı ərəfədə ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva da xalqa növbəti müraciətini etdi. "Sizin Mehriban" imzası ilə edilən bu son dərəcə sadə və səmimi, eyni zamanda həyəcanlı və səfərbər edici müraciətin hər sətirində öz doğma xalqına hədsiz sevgi, qayğı, xidmət etmək istəyi və xoşbəxt gələcəyimizə inam hissi əks olunmuşdur:
"Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin - NÖVBƏTİ 20 GÜN ƏRZİNDƏ HAMI EVDƏ QALMALIDIR. AİLƏLƏRİNİZLƏ BİRLİKDƏ. XAHİŞ EDİRƏM, VACİB ZƏRURƏT OLMADAN EVLƏRİNİZİ TƏRK ETMƏYİN!"
Koronavirus dövlət sərhədlərini tanımır, sosial sədləri tanımır, alim-nadan, varlı-kasıb, qoca-cavan tanımır. Bu bəladan heç kəs sığortalamayıb. Bu bəladan hamımız birlikdə qoruna bilərik, bir- birimizi qorumqla!
Sosial təcrid tədbirlərinə ciddi əməl etməklə! Hamımız anlamalıyıq və bir- birimizi anlatmalıyıq ki karantin qaydalarını pozmaqla təkcə özümüzü və yaxınlarımızı xəstələnmək riski ilə üz-üzə qoymuruq, həm də cəmiyyətə qarşı sayğısızlıq göstərir, onun dəyərlərinə qəsd etmiş oluruq!
Xalqın mədəniyyəti və xarakteri ekstremal vəziyyətlərdə özünü daha qabarıq şəkildə büruzə verir. Mədəniyyətin ən mühüm göstəricilərindən biri də intizamlı olmaq və özünü təşkil etmək keyfiyyətidir. Xalqımızın bir məqsəd naminə səfərbər olunması keyfiyyəti olduqca yüksəkdir və biz bunun dəfələrlə şahidi olmuşuq. Böyük təhlükələri böyük mütəşəkillklə, böyük birliklə, böyük intizamla önləmək mümkündür.
Çəkicimizi bir zindan vurmaq zamanıdır! Biz birlikdə güclüyük!