YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Həyata keçirilən mühüm tədbirlər nəticəsində koronavirus pandemiyasının ölkəmizdə geniş yayılması və təhlükəli həddə çatması mümkünsüzləşdirilib

   Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva

- Jalə xanım, məlum olduğu kimi, bütün dünya ölkələri, o cümlədən Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizəyə səfərbər olunub. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər haqqında fikirlərinizi bilmək istərdik…

- İki aydan çoxdur ki, yenə dünyamızın başı üzərini qara buludlar alıb, yenə dünyamıza bəla gəlib-"koronavirus" adında. Dünyamız bu "çağırılmamış qonağ"ın zəhərli, ölüm saçan caynaqlarını, onun əzabını, acısını hər gün, hər saat, hər an, hər saniyə öz ruhunda, öz bədənində yaşamaqdadır. 2 milyona yaxın insanı, bəşər övladını öz cənginə, "qoynuna" alıb, on minlərlə, yüz minlərlə günahsız insanın-yaşlının, qocanın, qadının, kişinin, hətta, körpələrin ölümünə bais olub, günahına batıb...Hələ də dünyanın, bəşəriyyətin "yaxasından" qanlı caynaqlarını, əllərini çəkmir, çəkmək istəmir. Çünki bəladır, ölüm mənbəyidir, Əzrayılın "elçisi"dir, prototipidir, əvəzləyicisidir. Gözünü qan örtüb, qan bürüyüb.  İqtisadiyyatları çökdürüb, həyatları alt-üst edib. Vurduğu və sağalması mümkün olmayacaq psixoloji zərbələr də öz yerində...

Bu bəla, bu "çağırılmamış və üzlü qonaq" bizim də ölkəmizin qapısını döyüb. Bir aydan çoxdur ki, getmək, əl çəkmək bilmir. Amma bir əhəmiyyətli məqama diqqət yetirmənizi istərdim. Digər, əksər ölkələrdən fərqli olaraq, ölkəmiz, dövlətimiz bu bəlaya asanca və heç bir halda təslim olmaq istəmir, belə bir istəkdə də deyil. Azərbaycan dövlətinin, dövlət və hökumət rəhbərliyinin, xüsusilə, hər birimizin güman, güvənc yeri olan ölkə Prezidenti cənab İlham Əliyevin apardığı, həyata keçirdiyi siyasət, gördüyü işlər, atdığı addımlar sayəsində - ABŞ-ın, Böyük Britaniyanın, İtaliyanın, İspaniyanın, Çinin, İranın, digər fövqəl və supergüclərin əlində girinc qaldıqları bu bəlanın, koronavirus pandemiyasının ölkəmizdə geniş yayılması və təhlükəli həddə çatması mümkünsüzləşdirilib. Bəli, bizdə də bu bəlanın, bu virusun aldığı canlar var, təəssüflər olsun ki, bütün cəhdlərə-çabalara rəğmən 9 insanımız koronavirus pandemiyasından dünyasını dəyişib, 900-dan çox insanımız bu virusun daşıyıcısına çevrilib, karantin altına alınıb, amma bununla belə, müsbət nəticələr, irəliləyişlər də var, 100-dən artıq insanımız da sağalaraq, sağaldılaraq yenidən ailəsinə qovuşub, normal həyatına dönüb.

Koronavirus pandemiyası dünyanı cənginə alandan və ölkəmizə "gəlməyə" başlayandan böyük iradə ortaya qoyulub, qətiyyyət nümayiş etdirilib. Ölkə Prezidentinin Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, büdcədən həmin Fonda 20 milyon vəsait ayrılıb. Bunun davamı olaraq, daim humanistlikləri, insanpərvərlikləri ilə seçilən dövlət başçımız və ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz bir illik məvaciblərini Fonda ianə ediblər və bununla da növbəti- gözəl bir ənənənin əsasını qoyublar. Artıq millət vəkilləri, Milli Məclis də daxil olmaqla, bütün strukturlar, imkanlı şəxslər, sahibkarlar, iş adamları, ziyalılar, ünlülər, sadə vətəndaşlar belə bu Fonda vəsait köçürməkdə, xeyirxah, savab işə töhfələrini verməkdədirlər. Bunun ardınca ölkə Prezidenti tərəfindən iqtisadiyyatda dalğalanmaların baş verməməsi, insanların, sahibkarların ziyan çəkməməsi üçün dövlət büdcəsindən bir milyard vəsaitin ayrılması barədə Sərəncam imzalayıb. Bunun üstündən heç bir neçə gün keçməmiş Azərbaycanda, doğma Bakımızda son dərəcədə müasir, ən yüksək standartlara cavab verən "Yeni klinika"nın açılışı olub, ölkə Prezidenti və Birinci xanım həmin açılışda iştirak ediblər. Açılışda çıxışı zamanı bir daha Azərbaycan xalqına müraciət edən dövlət başçısı klinikanın pandemiyaya qarşı mübarizənin daha da səmərəli təşkil olunması üçün məhz bu istiqamətə yönləndirilməsi barədə tapşırıq verib.

- Görülən işlərin davamı olaraq Sumqayıtda tibbi maska istehsal edən müəssisənin açılışı oldu…

- Bildiyiniz kimi, bütün dünyada olduğu kimi, Azərbaycanda da ilk vaxtlar tibbi maskalar, əlcəklər və spirtlərlə bağlı müəyyən gərginliklər, xoşagəlməzliklər, narahatlıqlar yaşanıb.  Hətta, bəzi ölkələr tibbi maskalar məsələsində dünyanın gözü önündə, aşkar şəkildə oğurluğa, mənimsəməyə belə əl atıblar, başqa ölkələr üçün göndərilən tibbi ləvazimatları, tibbi maskaları göz görə-görə mənimsəyiblər. Bunlar hər birimizin gözləri önündə yaşananlardır. Bu problemi də həll etmək üçün ilk addım atan ölkə məhz Azərbaycan olub, bu məsələdə də Azərbaycan modeli yaşanıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub. Verilən məlumatlara görə, müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.

Eyni zamanda, çox sevindirici və məmnunverici haldır ki, artıq bölgələrimizdə də tibbi maska istehsalına başlanlıb. Bir nümunə kimi İsmayıllı rayonunu qeyd eləmək istərdik. Orada gündə 15 min tibbi maska istehsal olunur ki, bunun özü də məhz Azərbaycan dövlətinin vaxtında və zamanında həyata keçirdiyi, reallaşdırdığı işlərin nəticəsidir.

- Azərbaycan hökumətinin bu yaxınlarda təsdiqlədiyi Tədbirlər Planını necə dəyərləndirirsiniz?

- Ölkə Prezidenti bugünlərdə İqtisadiyyat nazirini iki dəfə qəbul edib, bu məsələ ətrafındakı vəziyyəti bir daha yerində öyrənib, öz göstəriş və tapşırıqlarını verib, hökumətin görəcəyi işlərin "yol xəritəsi"ni müəyyənləşdirib. Bəli, çox keçmədən bu tapşırıq və göstərişlər özünün əməli nəticələri ilə meydana çıxıb. Baş Nazir tərəfindən son dərəcədə vacib və əhəmiyyətli olan "Tədbirlər Planı" təsdiqlənib və artıq həmin Plana da uyğun olaraq addımlar atılmaqdadır. Artıq birdəfəlik ödəmələrin verilməsinə başlanılıb, ilk olaraq da 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb. Bunun davamı da gələcək, çünki növbədə hələ on minlərlə insanımız var ki, onlar da çox yaxın günlərdə birdəfəlik ödəmələrlə təmin olunacaq, sevindiriləcəklər. Sahibkarlarla bağlı güzəştlərin, onların güzəştli kreditlərlə təmin olunmasının yaxın günlərdə şahidi olacağıq. Həssas ailə qrupuna daxil olanların ödənişli təhsil alan övladlarının təhsil haqlarından azad edilməsi an məsələsidir. Təhsil Nazirliyi bunun üzərində işləyir və yaxın günlərdə yüzlərlə, minlərlə ailə, tələbə bunun sevincini yaşayacaq. Həmçinin, vətəndaşların bank kreditlərinin ödənilməsi məsələsində güzəştlərin, dondurmaların olacağı nəzərdə tutulur. Mərkəzi Bankın sədri parlamentdəki çıxışında da bunun anonsunu verib və bunun özü də yüzminlərlə insanımızı mütləq şəkildə rahatladacaq, sevindirəcək.

Daha bir addım... Bugünlərdə növbəti Əfv Sərəncamı imzalanaraq, məhbusluq-məhkumluq həyatı yaşayan daha 176 insanımız əfv edilib, ailəsinə qovuşub, qovuşdurulub, yüzlərlə, minlərlə insanın sevincinə sevinc qatılıb. Hələ digər-xeyli sayda addımlar var ki, onların da atılması gözləniləndir və tam realdır. Bununla yanaşı, 6 modul tipli xəstəxananın təcili şəkildə tikilməsi ilə bağlı ölkə Prezidentinin Sərəncam verib və bunun üçün büdcədən 14,8 milyon (on dörd milyon səkkiz yüz min) manat vəsait ayrılıb. Və artıq Sərəncamın mürəkkəbi qurumamış bu istiqmətdə işlərə start verilib. Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97,0 (doxsan yeddi) milyon manat ayrılması barədə də ölkə Prezidenti tərəfindən daha bir mühüm Sərəncam imzalanıb.

Bəli, budur Azərbaycan insanına verilən qiymət, dəyər, ona göstərilən qayğı və diqqət, budur yüksək humanizm və insanpərvərlik, budur dövlətinin öz vətəndaşının yanında olması, vətəndaşın öz dövlətinin onun yanında olmasını hiss etməsi, duyması...Ölkə Prezidenti və Birinci xanım bu addımlarla bir daha Azərbaycan insanının, Azərbaycan vətəndaşının yanında olduqlarını göstəriblər və dünyaya nümunə, örnək olublar. Bunlara görə, həm dövlətimizə, həm də onun Ali Rəhbərinə-ölkə Prezidentinə və dünyanın şəfqət, mərhəmət simvoluna çevrilən əzizimiz Mehriban xanıma dərin təşəkkürlərimizi və minnətdarlıq duyğularımızı ifadə edir, onlara var olun, var olsunlar, Allah onları, ölkəmizi, dövlətimizi, millətimizi qorusun, deyirik!