YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ulu Öndər Heydər Əliyevin ümummilli məqsədlər naminə fəaliyyəti Onun zəngin həyat yolunun parlaq və unudulmaz səhifələrini təşkil edir

Müsahibimiz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı

- Mübariz müəllim, bildiyimiz kimi mayın 10-da müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü tamam olur. Böyük öndərimiz Heydər Əliyevin müstəqil Azərbaycanın və xalqımız qarşısındakı misilsiz xidmətləri haqqında fikirlərinizi bilmək istərdik…

- Azərbaycanın dünyada və keçmiş sovetlər ittifaqında gedən proseslərin nəticəsində yenidən dövlət müstəqilliyini əldə etməsi xalqımızın həyatında mühüm tarixi hadisə oldu. Respublikamızda hakimiyyətdə olan qüvvələrin qarşısında milli birlik yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyətini formalaşdırmaq, bazar iqtisadiyyatını bərqərar etmək kimi mühüm vəzifələr dayanırdı. Xalqımızın dövlətçilik tarixinə, milli-mənəvi dəyərlərinə, demokratik siyasi sistemə keçid dövrünü yaşamış ölkələrin təcrübələrinə söykənən, mükəmməl elmi-nəzəri və praktiki əsasları olan dövlət siyasətinin aparılması vacib idi. Təəssüf ki, 1990-cı ilin əvvəllərində Azərbaycanda hakimiyyətdə olan qüvvələrin naşılığı və dövləti idarəetmə qabiliyyətlərinin olmaması nəticəsində respublikamız ağır sosial-iqtisadi və ictimai-siyasi böhranla üzləşdi. Xüsusilə, AXC-Müsavat hakimiyyətinin yarıtmaz kadr siyasəti aparması cəmiyyətdə hərc-mərcliyin baş alıb getməsinə gətirib çıxardı, Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalına şərait yaratdı. Ziddiyyətli xarakter daşıyan xarici siyasətin nəticəsində Azərbaycan beynəlxalq aləmdə təkləndi, dünya birliyində onun haqqında qeyri-ciddi dövlət obrazı formalaşdı. Ölkəmizin şimalında və cənubunda baş verən separatçı hərəkətlər dövlət müstəqilliyi üçün ciddi təhdidə çevrildi.

Xalqımız yaranmış ağır və mürəkkəb vəziyyətdən çıxış yolunu həmin dövrdə Naxçıvan Ali Məclisinin sədri olan görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsində görür və bu məqsədlə müxtəlif təşəbbüslərlə çıxış edirdi. İqtidarda olan qüvvələr isə ictimaiyyətin Heydər Əliyevə olan inamını, dahi şəxsiyyətin yüksək nüfuzunu və zəngin idarəçilik təcrübəsini qısqanclıqla qarşılayırdı. Sosial-iqtisadi, siyasi böhranın gündən-günə gərginləşməsinə və yaranmış vəziyyətdən çıxış yolunun tapılmamasına görə əhalinin bütün təbəqələri iqtidarın apardığı siyasətə kəskin etiraz etməyə başladılar. Onlar Azərbaycan hakimiyyətinin səriştəsizliyi ucbatından cəmiyyətdə xaos və anarxiyanın hökm sürdüyünü, ictimai-siyasi proseslərin nəzarətdən çıxdığını, vətəndaş qarşıdurmasının dərinləşdiyini, hüquqi, demokratik dövlət quruculuğu üçün real addımların atılmadığını bildirdilər.

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması milli birliyin təmin edilməsində mühüm tarixi hadisə oldu. Konstruktiv əməkdaşlıq və vətəndaş həmrəyliyi partiyanın ideoloji prinsiplərindən biri kimi göstərildi. Qeyd edildi ki, cəmiyyətin yeniləşməsi üçün vətəndaş həmrəyliyinə və konsensusa nail olmaq, dövlətçiliyin möhkəmlənməsinə maneçilik törədən qarşıdurmanı rədd edərək şəxsi, qrup maraqlarını aradan qaldırmaq vacibdir. Buna görə də vətəndaş həmrəyliyi üçün Azərbaycanda fəaliyyət göstərən mütərəqqi və sağlam mövqeyi olan ictimai təşkilatlarla, siyasi partiyalarla fəal və konstruktiv əməkdaşlıq etməli, milli maraqların qorunması naminə bütün səviyyələrdə ümumi mənafeləri uyğunlaşdırmalı, başqa əqidədə olanlarla vicdanlı və açıq dialoq aparılmalıdır.

1993-cü il iyunun 4-də Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalanda AXC-Müsavat hakimiyyəti həm xalqımızın israrlı tələbini, həm də özünün acınacaqlı aqibətini nəzərə alaraq Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilən Heydər Əliyev həmin gün parlamentin iclasındakı çıxışında qarşısında dayanan vəzifələri – dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi, cəmiyyətdə demokratik prinsiplərin və qanunçuluğun təmin olunması, bazar iqtisadiyyatının formalaşdırılmasını və s. göstərməklə yanaşı, həm də vətəndaş həmrəyliyinin zəruriliyini bildirdi. Heydər Əliyevin parlamentin Sədri, sonralar isə Azərbaycan Respublikasının Prezidenti kimi ümummilli vəzifələri yerinə yetirməsində daim vətəndaş həmrəyliyinə arxalanması mühüm rol oynamışdır ki, bu da müstəqil dövlət quruculuğu proseslərinin uğurla getməsini, cəmiyyətdə demokratik dəyərlərin özünə mühüm yer tutmasını, bazar iqtisadiyyatının inkişafını şərtləndirmişdir.

Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra dövlətin bütün sahələrində olduğu kimi, milli həmrəyliyin təmin edilməsi istiqamətində də yeni tarixi mərhələ başladı, vətəndaş sülhü dəyərli mənəvi-ideoloji sərvətlərdən biri oldu. Ümummilli Liderin apardığı siyasət ətrafında yaranmış milli həmrəylik öz təsdiqini Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönəlmiş təhdidlərin, ağır siyasi və iqtisadi böhranın aradan qaldırılmasında tapdı. 1990-cı ilin əvvəllərində respublikamızda vətəndaş müharibəsinin, ölkəmizin ərazi bütövlüyünün pozulmasına istiqamətlənmiş etnik-separatçı hərəkətlərin, dövlət çevrilişinə cəhdlərin və s. qarşısının alınmasında Heydər Əliyevin apardığı siyasətlə xalqımızın milli birliyinin vəhdəti mühüm rol oynamışdır. Dahi Öndər həmin dövrdə vəziyyəti xarakterizə edərək bildirirdi: “İndi respublikanın böhran vəziyyətində – iqtisadi böhran, ictimai-siyasi böhran, eyni zamanda ağır müharibə vəziyyətində hamımız birgə çalışmalı, birgə fəaliyyət göstərməli, həmrəylik – vətəndaş həmrəyliyi, milli həmrəylik nümayiş etdirməliyik. Mən bu həmrəyliyin yaranması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Heydər Əliyev böyük qətiyyəti və siyasi bacarığı ilə dövlət çevrilişləri cəhdlərinin, etnik-separatçı hərəkətlərin, xaricdəki anti-Azərbaycan dairələrin təxribatlarının qarşısını alarkən hamıya məlum oldu ki, ölkəmizin müstəqilliyini təhdid edənlər dövlət-xalq birliyinin zərbəsi ilə üzləşəcəkdir. Bununla bağlı həmin dövrdə Ümummilli Lider demişdir: “İndi Azərbaycan Respublikası üçün, Azərbaycanın dövlətçiliyi üçün milli həmrəylik, milli birlik, vətəndaş birliyi hava, su kimi lazımdır. Biz gərək torpaqlarımızı müdafiə edək, gərək işğal olunmuş torpaqlarımızı geri qaytaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edək, Azərbaycanın müstəqilliyini qoruyub saxlayaq. Ona görə də aramızda olan, ayrı-ayrı şəxsi mənafe güdən qüvvələrə xəbərdarlıq edirəm: bütün bu işlərindən əl çəksinlər, bunların heç bir nəticəsi olmayacaq, onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki xalq artıq ayılmışdır, ayağa qalxmışdır. Xalqın gücünün qarşısında heç bir qüvvə dayana bilməz. Mən də xalqın gücünə arxalanıram”.

- Müstəqilliyimizin ilk illərində yaranmış çətinliklərin qarşısının alınmasında Ulu Öndər Heydər Əliyevin liderliyi ilə milli həmrəylik amili nə dərəcədə rol oynadı?

- Heydər Əliyevin apardığı müdrik siyasət ölkəmizin üzləşdiyi çətinliklərdən xilas olması yolunda milli həmrəylik simvoluna çevrildi. Dahi şəxsiyyət ictimai rəydə belə bir fikir formalaşdırdı ki, keçmiş hakimiyyətlərdən miras qalmış problemlər xalqımızı ruhdan salmamalı, bu problemləri Vətənini sevən hər kəs həmrəylik göstərərək birgə şəkildə aradan qaldırmağa çalışmalıdır. Heydər Əliyev xalqımızın çoxəsrlik mili-mənəvi dəyərlərinin gələcək nəsillərə çatdırılmasında da vətəndaş həmrəyliyinin vacib olduğunu bildirirdi.

Heydər Əliyev böyük siyasi iradə və əzmkarlıqla üzərinə düşən vəzifələri yerinə yetirərək siyasiləşmiş hərbi qrupların zorakı, qanunazidd əməllərinin qarşısını aldı və onlar ədalət mühakiməsinə verildi. Ölkəmizdə bərqərar olan ictimai-siyasi sabitlik Heydər Əliyevin xalqımıza bəxş etdiyi böyük ərməğan oldu və bu amil cəmiyyətin bütün sahələrini əhatə edən inkişaf strategiyasının həyata keçirilməsinə şərait yaratdı. Heydər Əliyev bununla bağlı qeyd edirdi: “Əgər biz 1993-cü ildə vətəndaş müharibəsindən xilas olduqsa, 1994-cü ildə respublikamızı bir neçə dəfə dövlət çevrilişi cəhdlərindən xilas etdiksə, 1995-ci ildə bir neçə dövlət çevrilişinin qarşısını aldıqsa və cinayətkar qrupları aradan götürdüksə, respublikamızı bu cinayətkar qruplardan müəyyən qədər təmizlədiksə, xalqımızda ümumi həmrəylik, milli həmrəylik hissləri yarada bildiksə, gələcəyə böyük ümidlər bəsləməyə bizim haqqımız, əsasımız var. Məni sevindirən hal odur ki, artıq insanlar rahat yaşayırlar, bir-biri ilə mehribandırlar. Keçmiş illərdə olan o ədavət, qorxu, düşmənçilik hissiyyatları aradan götürülübdür. Əgər biz bunların hamısına nail olmamışıqsa da, ancaq çox irəliyə getmişik, çox şeylərə nail olmuşuq. Ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasının qəbul olunması və demokratik prinsiplər əsasında Azərbaycan Respublikasının ilk parlamentinin seçilməsi respublikamızın həyatında, xalqımızda milli həmrəyliyin, vətəndaş həmrəyliyinin, milli birliyin artıq mövcud olduğunu göstərir”. Ölkəmizdə ictimai-siyasi sabitlik yaradıldıqdan sonra silahlı yolla hakimiyyəti zəbt etməyə çalışanlar dağıdıcı niyyətlərini həyata keçirə bilmədilər, onlar əvvəlki dövrlərdən fərqli olaraq qarşılarında qanunlara əsaslanan dövlət hakimiyyətini gördülər. Bütün bunlar xalqımızda Azərbaycanın dövlət müstəqilliyinin sarsılmaz olduğuna böyük inam yaratdı.

Heydər Əliyev vətəndaş cəmiyyətinin inkişafı, ölkəmizin intellektual potensialının müstəqil dövlət quruculuğu proseslərinə cəlb olunması, sosial ədalət prinsipinə əməl edilməsi və insanlarda hakimiyyətə inamın möhkəmlənməsində milli birliyin əhəmiyyətini yüksək qiymətləndirmiş və bu yanaşma Azərbaycanın 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında öz əksini tapmışdır. Ali Qanunda ölkəmizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və qarşılıqlı fəaliyyət göstərmək kimi məqsədlərin bəyan edilməsi vətəndaş həmrəyliyinin bərqərar olması üçün hüquqi-siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Heydər Əliyevin müdrik siyasətinin nəticəsində qısa müddət ərzində hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının inkişafı və ordu quruculuğu yolunda mühüm addımların atılmasına başlanıldı. Genişmiqyaslı islahatların aparılması, elm, təhsil, mədəniyyət və ədəbiyyatın inkişafı sahəsində görülən işlər ölkə vətəndaşlarında dövlətçilik təfəkkürünün formalaşmasına mühüm təsir göstərdi.

Ümummilli Lider apardığı genişmiqyaslı islahatlarla ümumbəşəri təcrübənin və mütərəqqi dəyərlərin real həyatda öz təsdiqini tapmasına çalışmışdır. Heydər Əliyevin mövqeyinə görə, islahatların həyata keçirilməsinin vacibliyini bildirməklə onları tələm-tələsik şəkildə aparmaq yolverilməzdir. Ümumdünya tarixindən məlumdur ki, bir iqtisadi-siyasi sistemdən digərinə keçid mürəkkəb prosesdir və xeyli ziddiyyətlərlə müşahidə edilir. Problemlərin həllini nəzərdə tutan strateji fəaliyyət istiqamətləri müəyyən olunmadığı halda cəmiyyətdə sosial narazılıq yaranır ki, bu da islahatların uğursuzluğuna gətirib çıxarır. Buna görə də Heydər Əliyev islahatların radikal yolla deyil, cəmiyyətin və ictimai şüurun inkişaf qanunauyğunluqlarını nəzərə alaraq tədricən aparılmasına üstünlük vermişdir. Ümummilli Lider demokratik siyasi sistemin təşəkkül tapması, formalaşması və inkişafında vətəndaş həmrəylinin rolunu yüksək qiymətləndirirdi. Onun apardığı siyasətin hüquqi dövlətlə demokratik siyasi sistem arasındakı bağlılığı təmin etməsi müstəqil dövlət quruculuğu prosesinin demokratik normalar əsasında getməsini şərtləndirmişdir. Bu sahədə həyata keçirilmiş siyasətin məqsədləri sırasında hakimiyyət institutlarının normal fəaliyyətini təmin etmək və çoxpartiyalı siyasi sistem formalaşdırmaq mühüm yer tutur.

Ümummilli Liderin xalqımız qarşısında ən mühüm tarixi xidmətlərindən biri vətəndaş sülhünü və həmrəyliyini təmin edən, azərbaycançılıq məfkurəsinə əsaslanan milli ideologiyanı formalaşdırıb inkişaf etdirmək olmuşdur. Heydər Əliyev hələ sovet dövründə respublikamıza rəhbərlik edərkən azərbaycançılıq ideyasının ictimai fikirdə özünə mühüm yer tutması üçün ciddi addımlar atmışdır. Onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, Azərbaycan SSR-nin 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması barədə maddənin öz əksini tapması və s. milli mənlik şüurunun inkişafında mühüm rol oynamışdır. Eyni zamanda, 1970-80-ci illərdə azərbaycançılığın inkişafı üçün respublikada lazımi ictimai mühitin yaradılmasından xalqımızın görkəmli şair və yazıçıları, tarixçiləri, dilçiləri bəhrələnərək çoxsaylı əsərlər yaratmışlar ki, bu da milli həmrəylik və özünüdərk prosesinə böyük təsir göstərmişdir. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən milli birliyin və vətəndaş həmrəyliyinin cəmiyyətdə özünə dərin kök salması üçün müdrik addımlar atmışdır. Onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul etməsi azərbaycançılıq məfkurəsinin təbliği və ümumxalq birliyinin təmin edilməsi baxımından böyük tarixi əhəmiyyət daşıyır.

- Siz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasına toxundunuz. Bu ideologiyanın  cəmiyyətin bütövləşməsini, ümumxalq birliyini təmin edən faktor kimi rolunu necə xarakterizə etmək olar?

- Ulu Öndər Heydər Əliyev Azərbaycan vətəndaşlarını vahid amal və məqsəd ətrafında birləşdirən azərbaycançılıq ideyasını milli ideologiya səviyyəsinə qaldırdı. Bu ideologiya cəmiyyətin bütövləşməsini, vətəndaş həmrəyliyini və ümumxalq birliyini təmin edən mühüm faktor oldu. Dahi Öndər azərbaycançılıq ideyasına əsaslanmaqla müxtəlif ictimai-siyasi qüvvələr, dini-etnik konfessiyalar, mədəniyyətlər arasında konstruktiv əməkdaşlığın və həmrəyliyin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət aparmağa başladı. Azərbaycançılığın ictimai fikirdə aparıcı yer tutmasının və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilməsinin əsas səbəbi onun xalqımızın tarixi keçmişi, bu günü və gələcəyi ilə sıx şəkildə bağlı olmasından irəli gəlir. Bu baxımdan milli birlik və vətəndaş həmrəyliyi həm də zəngin mənəvi-əxlaqi dəyərlərin, mədəniyyətin qorunub saxlanmasında və inkişafında mühüm önəm daşıyır. Milli maraqlarla azərbaycançılıq arasındakı vəhdət dövlət müstəqilliyinin möhkəmlənməsində və ölkəmizin mütərəqqi inkişafında özünəməxsus yer tutur, birgəyaşayışın vacibliyini əks etdirən baxışlar formalaşdırır.

Azərbaycançılıq ideyası ölkəmizdəki dini-etnik qrupların maraqlarına cavab verən, onların qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən milli həmrəylik mənbəyidir. Heydər Əliyev milli və dini münasibətləri demokratik prinsiplər çərçivəsində, konstitusion normalar əsasında tənzimləyərək, vicdan azadlığının təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirmişdir. Ümummilli Liderin fəaliyyətində belə bir prinsip özünə mühüm yer tutmuşdur ki, azərbaycançılıq məfkurəsi ölkəmizdəki xalqların, dini konfessiyaların nümayəndələrinin vətəndaş həmrəyliyi şəraitində yaşamasında, onların mənəvi dəyərlərinin qorunmasında, Azərbaycan dövlətinin ətrafında səfərbər olmasında böyük tarixi-siyasi əhəmiyyət daşıyır. Heydər Əliyev mütərəqqi İslam dəyərlərinin cəmiyyətdə özünə yer tutması ilə yanaşı, həm də digər dini-etnik qruplara məxsus olan mədəni müxtəlifliyin təmin olunması üçün tolerant mühitin yaradılmasını təmin etmişdir.

Heydər Əliyev milli münasibətlərə etnik millətçilik nöqteyi-nəzərindən yanaşmanı qəbul etməyərək, dövlət-millət anlayışına keçidin bünövrəsini qoydu. Milli münasibətlərin ölkəmizin tarixi, siyasi və mədəni reallıqlarından çıxış edilərək tənzimlənməsi milli-etnik mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşlarının müstəqil dövlət quruculuğu proseslərində fəal iştirakına böyük stimul verdi. Bütün xalqların və millətlərin, dini konfessiyaların nümayəndələri dostluq və humanizm prinsipinə əsaslanaraq vətəndaş həmrəyliyinin möhkəmlənməsində yaxından iştirak etməyə başladılar. Onlar daxili və xarici siyasi dairələrin Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönəlmiş cinayətkar əməllərinə qarşı həmrəy və mütəşəkkil şəkildə kəskin etirazlarını bildirdilər.

Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını milli-mənəvi dəyərlərə sadiq olan, təşəbbüskarlığı ilə ictimai həyatda fəal rol oynayan, ölkəmizdə və dünyada baş verən prosesləri obyektiv şəkildə qiymətləndirməyi bacaran, Vətənini və xalqını sevən insanlar kimi görmək istəyirdi. Buna görə də onların hərtərəfli inkişafı üçün cəmiyyətdə sosial rifah halının yüksəldilməsini, demokratik dəyərlərin özünə mühüm yer tutmasını dövlətin əsas vəzifələrindən hesab edirdi. Bu istiqamətdə siyasət aparılarkən nəzərə alınırdı ki, demokratik dövlətin siyasi və iqtisadi baxımdan inkişaf etməsi qanunçuluğun və ictimai-siyasi sabitliyin təmin olunmasına təsir göstərməklə yanaşı, həm də vətəndaş birliyinin və milli həmrəyliyin möhkəmlənməsində xüsusi yer tutur.

Heydər Əliyevin Azərbaycan tarixində ilk dəfə olaraq xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım ataraq Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsini yaratması milli həmrəyliyin möhkəmlənməsində böyük əhəmiyyət daşıyır. Soydaşlarımız bu hadisənin mühüm olduğunu bildirərək dövlətimizin onlara dayaq olmasını qürur hissi ilə qarşıladılar. Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı orada yaşayan azərbaycanlılarla görüşlərində milli birliyin vacibliyini onların nəzərinə çatdırmış, bu məsələ ilə bağlı diaspor təşkilatlarının üzərinə ciddi vəzifələr düşdüyünü qeyd etmişdir. 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi xalqımızın milli ideologiya ətrafında sıx birləşməsində yeni mərhələnin əsasını qoymuşdur. Qeyd edək ki, vətəndaş həmrəyliyi xarici ölkələrdəki soydaşlarımızın mili-mədəni hüquqlarının, beynəlxalq konvensiyalardan irəli gələn haqlarının qorunmasında, yaşadıqları dövlətlərin siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etmələrində xüsusi yer tutur.

Heydər Əliyev xalqımızın yüksək ideallar ətrafında birləşməsində, dövlətimizin inkişafı naminə dünya azərbaycanlıları arasında həmrəyliyin möhkəmlənməsində milli-mənəvi dəyərlərin oynadığı rolu daim yüksək qiymətləndirmişdir. Heydər Əliyev bildirirdi ki, Azərbaycanın milli ideologiyasının konsepsiyası xalqımızın tarixi keçmişini, milli adət-ənənələrini, dilini, dinini və mədəniyyətini özündə əks etdirməlidir. Ulu Öndərin “Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri vətəndaş həmrəyliyi üçün milli mənsubiyyətin və tarixi köklərə bağlılığın əhəmiyyətini göstərir. Heydər Əliyevin siyasətində öz dövlətini sevən, onu qorumağı və bütün dünyada layiqincə tanıtmağı, təmsil etməyi bacaran gənc nəslin formalaşdırılmasına böyük önəm verilir. Buna görə də Ümummilli Lider çıxışlarında gənc nəslin milli adət-ənənələrə və mədəniyyətə sadiq olmasının, onları sevməsinin, bununla yanaşı dünya mədəniyyətini bilməsinin vacibliyini qeyd edirdi.

- Ulu Öndər Heydər Əliyev mütərəqqi ideyaları ilə cəmiyyətdə mənəvi birliyin inkişafına səbəb olmuşdur...

- Heydər Əliyev dünyada gedən geosiyasi proseslərə obyektiv şəkildə yanaşaraq, xalqımızın dünya sivilizasiyasında özünütəsdiqi məsələsini həmişə diqqət mərkəzində saxlamışdır. Xüsusilə, qloballaşmanın dövlətlərin inkişafına, ərazi bütövlüyü və idarəetmə sistemlərinə, iqtisadi-siyasi inteqrasiyaya və s. göstərdiyi təsiri nəzərə almışdır. Ümummilli Liderin siyasəti milli mənlik şüurunun inkişafına mühüm təkan vermişdir. Dövlətçilik, vətənçilik kimi prinsiplərin real həyatda öz təsdiqini tapmasına nail olmaq Heydər Əliyevin siyasətinin əsas xüsusiyyətlərindən biridir. Tarixi-mənəvi dəyərlərdən qaynaqlanan bu siyasət Vətən, millət və milli dövlət anlayışlarını vəhdətdə götürür.

Ümummilli Liderin ictimai-siyasi proseslərdə aparıcı mövqe tutmaq, həmrəylik yaratmaq kimi bacarıqları cəmiyyətdə ona böyük nüfuz qazandırmışdır. Respublikamızda keçirilmiş parlament və prezident seçkilərində Heydər Əliyevin əldə etdiyi qələbələr seçicilərin ona olan böyük inam və rəğbəti ilə bağlı olmuşdur. Xalqımız Heydər Əliyevi ona görə dəstəkləmişdir ki, Ümummilli Liderin ideya və baxışları ictimai tələblərə tam şəkildə cavab vermişdir. Bütün bunlar göstərir ki, siyasi liderin cəmiyyətdə böyük nüfuza malik olması üçün onun ümummilli mənafeləri üstün tutması, xalqı düşündürən məsələlərə böyük həssaslıqla yanaşması vacib şərtdir. Heydər Əliyevin seçki platformalarında milli maraqların mükəmməl şəkildə öz ifadəsini tapması xalqımız tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkəmizdə və dünyada gedən proseslərə obyektiv mövqedən yanaşması, ictimai şüurda baş verən dəyişiklikləri daim diqqət mərkəzində saxlaması nəticəsində Heydər Əliyev qarşısına qoyduğu məqsədlərə nail olmuşdur.

Heydər Əliyev mütərəqqi ideyaları ilə cəmiyyətdə mənəvi birliyin inkişafına səbəb olmuşdur. Onun siyasətinin realist xarakter daşıması, xalqımızın mənəvi-intellektual potensialından çıxış etməsi, özündə daşıdığı prinsiplər milli inkişaf üçün siyasi-ideoloji bünövrə olmuşdur. Dahi şəxsiyyətin fəaliyyətini səciyyələndirən xüsusiyyətlərdən biri insanları ümummilli maraqlar ətrafında səfərbər etmək üçün ictimai rəyə güclü təsir göstərmək qabiliyyətinin olmasıdır.

Heydər Əliyev vətəndaş həmrəyliyi şəraitində əhalinin bütün təbəqələri ilə tez-tez görüşlər keçirmiş, ölkəmizin inkişafı ilə bağlı görülmüş işləri və qarşıda dayanan vəzifələri onların nəzərinə çatdırmış, irəli sürülən təkliflərə böyük diqqətlə yanaşmışdır. Bununla bağlı Heydər Əliyev demişdir: “Bizim bütün proqramlarımız xalq tərəfindən dəstəklənir. Əks təqdirdə onların heç biri həyata keçirilə bilməzdi. Əgər bu dəstək olmasaydı, əgər həmrəylik olmasaydı, bizim təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bunların heç birini edə bilməzdik. Azərbaycanın müasir tarixi, bizimlə eyni taleyi yaşayan digər ölkələrin tarixi onu göstərir ki, harada iqtidar tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən dəstəklənirsə, orada həm həmrəylik var, həm sabitlik, həm də inkişaf var”.

Heydər Əliyevin ümummilli məqsədlər naminə geniş xalq kütlələrini öz arxasınca aparmağı bacarması onun zəngin həyat yolunun parlaq və unudulmaz səhifələrini təşkil edir. Ümummilli Lider xalqımızın taleyində böyük dəyişikliklər yaradan tarixi missiyanı yerinə yetirməsi, mürəkkəb vəziyyətlərdə doğru qərarlar qəbul etmək bacarığı, başqalarının fikirlərinə hörmətlə yanaşması və yüksək işgüzarlığı ilə insanların dərin rəğbətini qazanmışdır. Heydər Əliyev cəmiyyətin inkişafına stimul verən mütərəqqi ideyaların reallaşmasında milli həmrəyliyin mühüm rol oynadığını bildirmiş, dövlətin və xalqın əleyhinə yönəlmiş istənilən fəaliyyətə qarşı barışmaz mövqe tutmuşdur.

- Ümummilli Lideimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi siyasətin uğurları barədə nə deyə bilərsiniz?

- Milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması ilə bağlı Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz dünyada fərqli dini sivilizasiyaların qovuşduğu tolerant məkan, milli birlik şəraitində yaşayan dövlət kimi tanınır. Bunun nəticəsidir ki, transmilli enerji-nəqliyyat layihələrinin birgə həyata keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərə dünyanın müxtəlif dövlətləri fəal şəkildə qoşulur.

Doğma Vətənini sevən hər bir azərbaycanlı Prezident İlham Əliyevin xalqımızın maraqlarına söykənən siyasətini dəstəkləyir və ona həmrəy olduğunu bildirir. Ölkəmizin müstəqilliyi və suverenliyinin möhkəmlənməsi, insanların ləyaqətli həyat şəraitində yaşamasının təmin edilməsi sahəsində Azərbaycan Prezidentinin göstərdiyi fəaliyyətlə vətəndaş həmrəyliyi arasında sıx əlaqə vardır. Milliyyətindən asılı olmayaraq hər kəsin hüquqlarının qorunması, müxtəlif xalqların mədəniyyətlərinin və adət-ənənələrinin inkişafına şərait yaradılması vətəndaş həmrəyliyini möhkəmləndirən faktorlar kimi çıxış edir. Bununla bağlı Prezident İlham Əliyev demişdir: “Cəmiyyətimizdə milli birlik, sosial həmrəylik güclənir. Vətəndaşlarımızın nikbin əhval-ruhiyyəsi, sabaha inam hissi artır. Əhalinin ən müxtəlif təbəqələri, sosial qrupları arasında əməkdaşlıq və həmrəylik möhkəmlənir”.

Prezident İlham Əliyevin apardığı siyasətlə xalımızın həmrəy olması real həyatda dəfələrlə öz təsdiqini tapmışdır. 2016-cı ilin Aprel döyüşləri zamanı hər birimiz bunun bir daha şahidi olduq. Azərbaycanın düşmənlə təmas xəttində yerləşən mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalanda milli ordumuz əks-hücum əməliyyatı ilə düşmənin təxribatlarının qarşısını aldı və bu hadisə xalqımızın tarixinə Aprel döyüşləri kimi daxil oldu. Həmin döyüşlər milli ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi, ölkəmizin hektarlarla ərazisi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistanın işğalından azad olundu, əldə edilmiş qələbə xalq-dövlət birliyini daha da möhkəmləndirdi.

Vətəndaş həmrəyliyinin bariz təzahürü koronavirus pandemiyasına qarşı mübarizədə Prezident İlham Əliyevin apardığı siyasətin xalqımız tərəfindən fəal şəkildə dəstəklənməsində bir daha özünü göstərdi. Azərbaycan Prezidentinin bu sahədə atdığı addımlar qlobal yanaşma ilə milli dəyərlərin vəhdətinə, yüksək vətənpərvərlik missiyasına söykənərək, qarşıya qoyulmuş məqsədlərə nail olunmasında böyük əhəmiyyət daşıyır. Dövlət siyasətinə dəstəyin əsasında onun ümummilli mənafeyi, ictimai tələbləri, insanları narahat edən və düşündürən məsələləri özündə dolğun şəkildə əks etdirməsi dayanır. Koronavirusla bağlı ölkəmizin həssas dövr yaşadığı bir vaxtda hakimiyyətlə xalq birliyinin mövcud olması yoluxucu xəstəliyə qarşı mübarizədə xüsusi əhəmiyyət daşıyır ki, bunun da ciddi əsası vardır. Çünki Prezident İlham Əliyevin apardığı siyasətin əsas prinsiplərindən birini vətəndaş həmrəyliyinin təmin olunması təşkil edir. Azərbaycan Prezidentinin öz çıxışlarında problemin ciddiliyini əhalinin nəzərinə çatdıraraq, “Biz birlikdə güclüyük!” fikrini irəli sürməsi milli birliyin, xalq-dövlət vəhdətinin parlaq ifadəsidir.

Prezident İlham Əliyevin liderliyini səciyyələndirən qətiyyətli siyasi iradə və məqsədyönlülük, hər bir fərdin, sosial qrupun və bütövlükdə cəmiyyətin maraqlarının nəzərə alınması kimi keyfiyyətlər onun apardığı siyasət ətrafında milli birliyi möhkəmləndirir. Dövlətin bütün sahələrində uğurların əldə edilməsində Azərbaycan Prezidentinin yüksək idarəçilik qabiliyyəti və mükəmməl iş təcrübəsi, vətəndaş həmrəyliyinə sadiqliyi mühüm rol oynayır. Siyasi barışığın, vətəndaş sülhünün təmin olunması, müxtəlif ictimai-siyasi qüvvələr arasında etimad mühitinin formalaşdırılması sahəsində Prezident İlham Əliyevin atdığı addımlar ictimai fikirdə onun haqqında uzaqgörən və ədalətli lider obrazını yaradır. Azərbaycan Prezidenti dövlətin idarə olunmasında cəmiyyətin ictimai-siyasi həyatında vətəndaşların yaxından iştirakının təmin edilməsi, konstruktiv, sağlam mövqe tutan ictimai-siyasi qüvvələrlə dialoqun aparılması kimi məsələlərə böyük əhəmiyyət verir.

Qeyd edək ki, Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə vətəndaş həmrəyliyinin və milli birliyin möhkəmlənməsinə öz töhfəsini verməkdədir. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə elm və təhsil, səhiyyə, mədəniyyət, sosial məsələlər, idman, ətraf mühitin qorunması, informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində həyata keçirilən layihələri xalqımız böyük rəğbət hissi ilə qarşılayır. Nəinki Azərbaycanın, eləcə də xarici dövlətlərin vətəndaşları Fondun ölkəmizdə və beynəlxalq miqyasda göstərdiyi xeyriyyəçilik və humanitar fəaliyyəti yüksək qiymətləndirirlər. Vətəndaş cəmiyyətinin inkişafı, mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin ictimai həyatda özünə mühüm yer tutması istiqamətində gördüyü işlər Fondun Heydər Əliyevin adını daşımağa layiq olduğunu bariz şəkildə sübut edir.

Yuxarıda göstərilənlərdən aydın olur ki, vətəndaş sülhünün və həmrəyliyinin möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin apardığı siyasətin əsas məqsədlərindən biri olmuş, bu sahədə görülmüş işlər ölkəmizin mütərəqqi yolla inkişafında mühüm rol oynamışdır. Görkəmli dövlət xadiminin əldə etdiyi tarixi nailiyyətlər Azərbaycanın gələcək inkişafının təməlində dayanmışdır. Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində milli həmrəylik ictimai həyatın ayrılmaz tərkib hissəsi olmuşdur. Dövlət-xalq birliyi ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-mədəni sahələrində mühüm uğurların əldə edilməsinin əsasında dayanır. Prezident İlham Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri həm də onun vətəndaş həmrəyliyi və milli birliyin möhkəmləndirilməsi istiqamətində apardığı mütərəqqi siyasətdə təcəssüm edir.