YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Hökumətin qərarları vətəndaşların daha məsuliyyətli olmasına və pandemiya ilə mübarizənin daha da güclənməsinə xidmət edir

Müsahibimiz Milli Məclisin deputatı Müşfiq Məmmədli

- Müşfiq müəllim, Azərbaycan dövlətinin koronavirus pandemiyası ilə mübarizədə həyata keçirdiyi tədbirləri necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, Azərbaycan dövləti pandemiya ilə mübarizədə digər dünya ölkələrinə örnək olacaq addımlar atır. Bu addımlar bir neçə istiqaməti əhatə edir. Bilirsiniz ki, COVID-19 infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu ilin əvvəlindən zəruri qabaqlayıcı tədbirlərin görülməsinə başlanıb. İlk növbədə, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması və güc strukturlarının bu işə cəlb edilməsi istiqamətində adminstrativ tədbirlərin həyata kecirilməsi çox düzgün qərardır.

Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq  mart ayından sosial izolyasiya qaydaları tətbiq olunub və aprel ayının sonundan etibarən karantin rejimi yumşaldılmağa başlayıb. Səhiyyə sisteminin restruktizasiyası,  tibbi sənayenin inkişafı fonunda  COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradılıb, eləcə də modul tipli xəstəxanalar qurulub.

Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb, xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunub. Həmcinin, xaricdə təhsil almış həkimlərin bu mübarizəyə cəlb edilməsi də təqdirəlayiq haldır. Onu da qeyd etmək lazımdır ki, əhalinin maarifləndirilməsi, tibb işcilərinin səfərbər edilməsi istiqamətində Ümumdünya Səhiyyə Təşkilatı ilə koordinasiyalı fəaliyyət də effektiv vasitələrdən biridir.

Təbii ki, koronavirus pandemiyası hər bir ölkənin sosial-iqtisadi həyatına da özünün mənfi təsirini göstərib və göstərməkdədir. Bu baxımdan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiyanın ölkə iqtisadiyyatına və insanların sosial vəziyyətinə təsirini minimuma endirmək üçün mühüm tədbirlər həyata keçirilir. Belə ki, əhalinin sosial təminatının yaxşılaşdırılması və pandemiya zamanı iqtisadi fəal qurumların, aztəminatlı insanların qorunması istiqamətində sosial-iqtisadi paket həyata keçirilməkdədir.

Bütün bu addımlar bütün dünyanın aparıcı qurumlarının etiraf etdiyi “COVID-19”-la mübarizədə ugurlu  Azərbaycan modelinin meydana gəlməsinə səbəb olub.

- Bu mübarizədə ölkəmizin müvafiq beynəlxalq təşkilatlar və dövlətlərlə əməkdaşlığının əhəmiyyəti nədən ibarətdir?

- Əlbəttə ki, Azərbaycan bu prosesdə çox fəaldır. Azərbaycan pandemiyanın ilk günlərindən beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq şəraitində fəaliyyət göstərib. Bilirsiniz ki, Azərbaycan digər ölkələrlə bu məsələ ilə bağlı aktiv əməkdaşlıq edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiya ilə mübarizəyə həsr olunmuş videoformatda Zirvə görüşləri keçirilib. Azərbaycanın hər iki təşkilatın fəaliyyətdə olan sədri kimi təşkil etdiyi Zirvə görüşlərində  pandemiya ilə mübarizə yolları geniş müzakirə edilib və bu istiqamətdə vacib qərarlar qəbul olunub. Eyni zamanda, Azərbaycan ÜST və Qoşulmama Hərəkatı təşkilatına üzv olan ehtiyacı olan ölkələrə maddi və texniki dəstək göstərib.

Azərbaycan həmçinin,  qonşu ölkələrlə səhiyyə sahəsində sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməkdədir. Eləcə də, CİSCO təşkilatı ilə əməkdaşlıq yeni texnologiyaların tətbiqi istiqamətində Azərbaycan dövlətinin beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığın nümunələrindən biridir. Bütövlükdə, bu yöndə Azərbaycanın genişmiqyaslı fəaliyyəti və təşəbbüsləri dünya ölkələri, beynəlxalq təşkilatlar, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən çox yüksək qiymətləndirilir.

- Ölkəmizdə xüsus karantin rejimi yumşaldıqdan sonra təəssüf ki, bir çox vətəndaşlar Operativ Qərargahın tövsiyələrinə əməl etmədilər. Bu səbəbdən də, son vaxtlar infeksiyaya yoluxma halları artmağa başlayıb. Bundan sonra, hökumət yenidən müəyyən qərarlar verməyə məcbur oldu. Eləcə də, Milli Məclis tərəfindən bu məsələ ilə bağlı cərimələrin tətbiq olunması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi. Sizcə, verilən bu qərarlar nə dərəcədə effektli olacaq?

- Əvvəlki atılmış addımlar Azərbaycana imkan verdi ki yoluxmaların kütləviliyini və intensivliyini azaltmaq hesabına səhiyyə sistemini pandemiya ilə mübarizəyə səfərbər etsin. Belə ki, infeksiya ilə bağlı ilkin hallar üzə çıxdığı andan etibarən ölkəmizdə atılan addımlar, reallaşdırılan sosial izolyasiya tədbirləri nəticəsində xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayının minimuma endirildiyi, ölkəmizdə ölüm hallarının çox aşağı səviyyədə olduğu, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayının isə yeni yoluxma hallarının sayını kəskin üstələdiyi hər kəsə məlumdur.

Lakin qeyd etdiyiniz catışmazlıqlar sonrakı məhdudiyyətlərin tətbiqini vacib etdi. Təəssüflə qeyd etməliyik ki, xüsusi karantin rejiminin yumşaldılmasının ardından ölkəmizdə bu infeksiyaya yoluxma halları yenidən artıb. Bunun başlıca səbəbi isə vətəndaşların məsələyə, necə deyərlər, qeyri-ciddi yanaşmasındadır. Daha doğrusu, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından birbaşa asılıdır. Rəsmi qurumların da açıqladığı kimi, fiziki məsafənin gözlənilməməsi, tibbi maskalardan istifadə olunmaması, növbələrin gözlənilməməsi, bütün bunlar son günlərdə ölkədə koronavirusun sürətli yayılmasının əsas səbəbidir. Son günlərdə yoluxma sayının artması yenidən bəzi qadağaların tətbiqi məsələsini gündəmə gətirdi və hökümət bu istiqamətdə müəyyən qərarlar qəbul etməyə məcbur oldu.

Onu da qeyd edim ki, pandemiya şəraitində təhlükəli virusdan qorumağın ən effektiv üsulu tibbi maskalardan istifadə etməkdir. Çünki tibbi maska həm COVİD-19 daşıyıcılarının ətrafa virus yaymalarının qarşısını alır, həm də onlarla təmasda olan, yaxın məsafədə dayanan insanların burun, ağız və müəyyən dərəcədə də üz nayihələrinə virus düşməsinə imkan vermir. Bütövlükdə hesab edirəm ki, hökumət tərəfindən qəbul edilən qərarlar çox vacibdir və vətəndaşları virusdan qorumağa xidmət edir. Bu qərarlar insanlarımızın daha məsuliyyətli olmasına və pandemiya ilə mübarizənin daha da güclənməsinə kömək edəcəkdir.

- Müşfiq müəllim, bu prosesdə maarifləndirmə işlərinin önəmi, vətəndaş məsuliyyəti  ilə bağlı fikirlərinizi də bilmək istərdik...

- Bəzi vətəndaşlarımız sosial şəbəkələrdə yayılmış yanlış informasiyaların təsiri altında pandemiya təhlükəsinə bir qədər real olmayan və inamsız münasibət göstərirdilər.Mən düşünürəm ki, bu baxımdan maarifləndirilmə cox önəmlidir. Vətəndaşlarımız özlərini, ətrafındakıları və yaxınlarını qorumaq ücün dövlət orqanlarının, səhiyyə işcilərinin və Operativ Qərargahın bütün qərarlarına hərfiyyən riayət etməlidirlər.

Biz öz məsuliyyətli addımlarımızla özümüzlə yanaşı, müstəqil dövlətimizi pandemiya ilə əlaqədar olan təhlükələrdən qorumuş olarıq.