YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsidir

Müsahibimiz YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov

Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Ölkəmiz bütün sahələrdə davamlı uğurlar qazanaraq öz gücünü daha da artırır. Azərbaycanın 29 ilə yaxın müddəti əhatə edən müstəqillik tarixinə nəzər saldıqda görürük ki, respublikamız heç də bugünkü yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb. Müxtəlif situasiyalarla üzləşən ölkəmizin müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafı, hər şeydən əvvəl, məhz lider amili ilə bağlı olub. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb. Bu gün isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib.

Ümumiyyətlə, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ikinci ilinə təsadüf edən Qurtuluş Günü ilə əlaqədardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Heç şübhəsiz, XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və davamlı uğurlara yol açılması bu gün harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır. Çünki bu yol hər günü Azərbaycanın tarixinə mühüm uğur səhifəsi kimi yazır. Məhz bunun nəticəsidir ki, ölkəmizin ötən 27 ildə əsrə bərabər inkişaf yolu keçməsi beynəlxalq səviyyədə də etiraf olunur və yüksək dəyərləndirilir.

Bütün bu məsələləri daha yaxşı nəzərdən keçirmək üçün hazırkı reallıqların fonunda həmin tarixi dövrün proseslərinə və onların nəticələrinə  xüsusi diqqət yetirmək lazımdır. 

1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan ilk illərdə olduqca mürəkkəb situasiya qarşısında idi. İstər ölkə daxilində dövlət idarəçiliyinin düzgün təşkil olunmaması, istər kəskin sosial-iqtisadi problemlər, istərsə də  qeyri-sabitlik, xaos və qarşıdurmalarla müşayiət olunan proseslər ölkənin başlıca reallıqlarını təşkil edirdi. Hətta ordu və dövlət quruculuğu istiqamətində hər hansı bir əhəmiyyətli addımlar atılmır, daxili çəkişmələr nəticəsində Azərbaycan vətəndaş müharibəsi astanasında idi, separatizm baş qaldırmışdı, bədxah qonşularımızın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkar siyasəti davam edirdi. Həmin dövrdə daxildəki bəzi qüvvələr hakimiyyətə gəlmək üçün müxəlif xarici kəşfiyyat orqanları ilə işbirliyi edərək ölkəmizin müstəqilliyinə qarşı çıxırdılar. Siyasi partiyaların silahlı dəstələrə malik olması, ayrı-ayrı kriminal dəstələrin yaradılması, ictimai-siyasi sabitliyin olmaması Azərbaycanı süqutun astanasına gətirib çıxarmışdı.  Milli maraqlardan uzaq mövqe tutan səriştəsiz insanların hakimiyyətdə olması həm ölkə daxilində hərc-mərcliyin, xaosun, ciddi böhran və tənəzzül meyillərinin yaranmasına səbəb olmuşdu, həm də erməni təcavüzü ilə üzləşən Azərbaycan çarəsiz vəziyyətdə qalmışdı.

Həmin dövrdə hakimiyyəti qəsb etmiş AXC-Müsavat cütlüyü isə Azərbaycanı, sözün əsl mənasında, ayrı-ayrı xarici qüvvələrin “döyüş meydanı”na çevirmiş, ölkədə xaos və anarxiya idarəolunmaz həddə çatmışdı. Belə şəraitdə separatizm meyilləri baş qaldırmağa başlamışdı. Artıq ölkənin bir sıra ərazilərində - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi. Beləliklə, Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi.

Belə bir situasiyada xalqımız 1993-cü ildə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Azərbaycanda davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub saxlamaq etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək niyyətlərinin puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın böyük etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev milli maraqlara xidmət edən qərarları və addımları ilə ölkədə milli həmrəyliyi, sabitliyi və inkişafı təmin etdi. Xüsusi olaraq söyləkəmək yerinə düşər ki, bu seçkilər ölkədə keçirilmiş ilk demokratik prezident seçkiləri idi. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni Öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə qeyd etmişdi. Məhz bu cür oldu, Ümummilli Lider xalqın, dövlətin mənafeyini əks etdirən fəaliyyəti ilə ümidləri doğrultdu.

Beləliklə, Azərbaycanın müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən Ulu Öndər Heydər Əliyev, sözün əsl mənasında, xilaskar, qurucu lider rolunu oynadı. Nəticədə ötən dövrə nəzər saldıqda bir daha aydın olur ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir.

Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlət başçısı kimi fəaliyyətə başladığı gündən görəcəyi işlərin prioritetlərini açıqlayan, “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm”,-söyləyən cənab İlham Əliyev atdığı hər addımında bu vədinə sadiqliyini nümayiş etdirir. Onun rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.

Əminliklə söyləmək olar ki, Azərbaycan dövləti bundan sonra da öz inkişafını davam etdirməyə, istənilən şəraitdə xalqının təhlükəsizliyini təmin etməyə qadirdir. Çünki ölkəmizin cənab İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən dövlət başçısı var. Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış Liderə - dövlət başçısı İlham Əliyevə güvənir, Onun siyasətini tam dəstəkləyir.