YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi dünya ölkələrinin həmrəyliyini gücləndirəcək

   Milli Məclisin deputatı Kamilə Əliyeva

- Kamilə xanım, bildiyimiz kimi Azərbaycan Prezidenti cənab İlham Əliyev koronavirus pandemiyası ilə mübarizə məsələləri ilə bağlı mühüm  təşəbbüslərlə çıxış edib. Bu təşəbbüslərin əhəmiyyəti nədən ibarətdir?

- Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə əhəmiyyətli təşəbbüslər irəli sürülür və bu istiqamətdə əməli işlər görülür. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianənin ayrılması və 30-dan artıq dövlətə humanitar yardımın göstərilməsi məhz bu qlobal həmrəyliyin nümunəsi kimi dəyərləndirilməlidir.

Bilirsiniz ki, pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla yanaşı, bir sıra sosial, iqtisadi və humanitar fəsadlar doğurub. Belə bir şəraitdə fraqmentar xarakterli tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa ehtiyac var ki, bu məqsədlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirilib.

Həmçinin Qoşulmama Hərəkatının sədri kimi dövlətimizin başçısının təşəbbüsü ilə may ayında Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edilib. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, bir sıra beynəlxalq təşkilatlar yüksək çinli nümayəndələr səviyyəsində təmsil olunub.

Hər iki Zirvə görüşündə koronavirus pandemiyasına qarşı mübarizədə səmərəli müzakirələr aparılıb, vacib qərarlar qəbul edilib.

- Dövlətimizin başçısının BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə  təklifi də beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir. Bu barədə nə deyə bilərsiniz?

- Koronavirus təkcə yoluxucu, qorxulu, ölümcül xəstəlik deyil, eyni zamanda, son dərəcə sarsıdıcı, ağır, humanitar təhlükələr yaradan, dövlətlərin məcburi özünütəcridinə yol açan pandemiyadır. Belə bir məqamda isə bütün dünyanın qəbul etdiyi liderin və ya liderlərin təşəbbüslərinə, həmrəylik çağırışlarına böyük ehtiyac duyulur. Prezident İlham Əliyev məhz elə liderlərdəndir ki, forsmajor durumlarda, çətin məqamlarda onun söylədiyi hər söz, hər kəlmə, irəli sürdüyü hər ideya bəşəriyyət tərəfindən qəbul olunur, hörmətlə qarşılanır, dəstək qazanır. Təsəvvür edin ki, koronavirusu dünya müharibəsi ilə müqayisə edirlər.

Qeyd etdiyiniz kimi, cənab Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb. Dövlətimizin başçısının bu təklifi Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb və xüsusi sessiyasının keçirilməsi ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlanıb.

Müvafiq prosedurlardan keçdikdən sonra 130 ölkə Azərbaycan Prezidentinin təşəbbüsünə rəsmi şəkildə dəstək verib. BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir.

- Sizcə, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi pandemiya ilə mübarizədə nə kimi töhfələr verəcək?

- Hazırda koronavirus pandemiyasının davam etməsi BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində dövlət və hökumət başçılarının təxirə salınmadan bir araya gəlməsinə, planetimizi bürüyən bu bəladan çıxış yollarını birgə müzakirə edilməsinə və həll yollarının tapılmasına həqiqətən də böyük tələbat var.

Ümid edirəm ki,  xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə müsbət töhfə verəcək. Bu məsələdə dünya ölkələrinin sıx əməkdaşlıq etməsi qaçılmaz reallıqdır.