YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan cəmiyyəti möhtəşəm birlik nümayiş etdirməkdədir

Müsahibimiz Milli Məclisin deputatı Sevinc Hüseynova

- Sevinc xanım, son günlər dövlət sərhədində təxribat törədən işğalçı Ermənistanın hərbi birləşmələrinə Azərbaycan Ordusu tərəfindən layiqli cavab verildi. İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev baş verən hadisələrlə bağlı fikirlərini bildirib. Bu barədə nə deyə bilərsiniz?

- Bilirsiniz ki, iyulun 12-dən başlayaraq işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınıb. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev baş verən bu hadisələrlə bağlı geniş şəkildə fikirlərini bildirib, ictimaiyyətə ətraflı məlumat verib. Cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd edib. Amma bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur.
Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Prezident İlham Əliyev son günlər ərzində baş vermiş hərbi toqquşmanı bizim növbəti şanlı qələbəmiz kimi səciyyələndirib. Dövlət başçısnın dediyi kimi, 2020-ci il 12 iyul əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur qonşu ən çirkin əməllərə əl ataraq yaşayış məntəqələrini atəşə tutub və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olub. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir.
Qeyd edim ki, Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqlarımızın itirilməsi isə dövlət başçısının dediyi kimi, 1990-cı illərin əvvəlində hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. Ancaq son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərib. Heç kimə sirr deyil ki, Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Bu məqama toxunan cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistanda xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Amma bu vədlərin heç birini yerinə yetirə bilmir. Belə ki, Ermənistanda bəzi kəndlər, şəhərlər boşalır. Bu isə işğalçı ölkənin nə qədər ağır durumda olduğunu və Paşinyan diktatura hakimiyyətinin əhalini düşdüyü ağır vəziyyətdən diqqətini yayındırmaq üçün bu cür təxribatlara əl atmasını göstərir.

- Hazırkı günlərdə Azərbaycan xalqı güclü birlik və həmrəylik nümayiş etdirir. Xüsusilə gənclərimiz orduda xidmət etmək üçün könüllü müraciətlər edirlər…

- İşğalçı Ermənistanın hərbi birləşmələri tərəfindən Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə hücumundan və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda bir daha güclü milli birlik və həmrəylik nümayiş etdirilir. Xalqımız, cəmiyyətimiz ümummilli məsələmiz olan torpaqlarımızın düşmənlərdən qorunması prosesində möhtəşəm birlik göstərməkdədir. Respublikamızın hər bir guşəsində xalqın Ali Baş Komandana, ordumuza dəstək aksiyaları keçirildi. Döyüşlər başlayandan biz xalqın coşğusunun necə yüksək olduğunu görürük. Ötən günlər ərzində respublikamızın hər bir guşəsində ordumuza dəstək aksiyaları keçirilir, torpaqlarımızın işğaldan azad edilməsi üçün vətəndaşların müraciətlərini eşidirik. Eyni zamanda, şəhidlərin ruhuna böyük ehtiram göstərilir.
Nazirlər Kabinetinin iclasında cənab Prezidentin çağırışı ilə bugünədək 2-3 gün ərzində 23 mindən artıq insan orduya getmək üçün rəsmi şəkildə müvafiq qurumlara müraciət edib və bu proses davam edir.
Onu da qeyd etməliyəm ki, iyulun 14-də axşam saatlarında Bakı şəhərində dövlətə və orduya dəstək aksiyası keçirilən zaman kiçik bir qrup təxribat edərək Milli Məclisin binasına hücum edib. Binaya daxil olaraq inzibati binaya maddi zərər yetiriblər. Əlbəttə ki, bu hadisə əvvəlcədən düşünülmüş bir təxribat olub, ermənilərin və ermənipərəst dairələrin maraqlarına hesablanıb. Onlar ölkə rəbərliyinə dəstəyin istiqamətini dəyişməyə cəhd ediblər. Şübhə yoxdur ki, bu təxribatda beşinci kolon əsas rol oynayıb. Ona görə də, bu cür hallar yolverilməzdir və təxribatçılar cəzalandırılmalıdır.

- Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti də bu məsələdə həmrəylik nümayiş etdirirərək birgə bəyanat imzalayıblar. Bu faktın əhəmiyyəti nədən ibarətdir?

- Belə bir günlərdə siyasi baxışlarından, yaşından, statusundan , cinsinden asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə edirlər. Təqdirəlayiq haldır ki, cəmiyyətin digər təbəqələri kimi ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların da mütləq əksəriyyəti öz mövqelərini bildiriblər. Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir kənara qoyaraq, həmrəylik nümayiş etdirib və Ali Baş Komandanın yanında olduqlarını bəyan ediblər.
Əslində, belə bir həmrəyliyin ifadə olunması cəmiyyətimizin çoxdan gözlədiyi məsələ idi. Ölkə ictimaiyyəti  siyasi rəqiblərin Vətən təhlükədə olduğu anda birlik və həmrəylik etdirmələrini çox yüksək dəyərləndirir. Yaranmış vəziyyətlə bağlı ölkədə fəaliyyət göstərən 43 siyasi partiyanın  sədri birgə bəyanat imzalayıb və bu, o deməkdir ki, Azərbaycandakı partiyaların mütləq əksəriyyəti vahid mövqedən çıxış edirlər. Birgə bəyanatdan da  göründüyü kimi siyasi partiyalar bəyan edirlər ki, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, dövlət başçısımızın  ətrafında sıx birləşiblər. “Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik”-deyə, bəyanatda vurğulanır.
Birgə bəyanatla yanaşı, bəzi müxalifət partiyalarının ayrı-ayrılıqda Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin bəyanat verərək Ali Baş Komandanımıza dəstək nümayiş etdirmələri də bu məsələdə milli birliymizin göstəricisi hesab olunmalıdır.
Siyasi partiyaların vəziyyəti düzgün dəyərləndirmələri və analiz etmələri, son hücumların məhz sərhəd zonasında baş verməsinin təsadüfi olmadığı, Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirmələri, Ermənistanın təcavüzünün təsdiq edilməsi baxımından da əhəmiyyətlidir. Dövlətimizə və ordumuza dəstək aksiyalarında müəyyən dairələrin təxribata cəhd göstərmələri isə  ermənilərin maraqlarına xidmət edir.  Belələrinə Azərbaycan cəmiyyətində yer yoxdur və xalqımız onları şiddətlə qınayır. Eyni zamanda, heç bir daxili və xarici siyasi amil Azərbaycan dövlətinin qətiyyətliyini, gücünü, Ali Baş Komandan-xalq həmrəyliyini poza bilməz. Azərbaycan xalqı hər şeyi görür, qiymət verir. Azərbaycan dövləti də xalqı ilə birlikdədir. Bütövlükdə isə,  siyasi partiyaların birgə bəyanatla çxış etməsi ölkəmizdə milli həmrəyliyin əyani göstəricisidir.