YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Milli mətbuatımız: tarix, ənənələr, müasir çağırışlar və trendlər

Müsahibimiz AZƏRTAC-n İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanov

Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan milli mətbuatının 145 illik yubileyi geniş qeyd olunur. Mətbuatımızın 145 illiyi həm də Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 100 illik yubileyinə təsadüf edir. Müsahibimiz AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti, ömrünün 45 ili mətbuatla bilavasitə bağlı olan Aslan Aslanovdur. Onunla söhbətə Prezidentin Sərəncamının əhəmiyyətindən, dövlətimizin başçısının mətbuata, jurnalistlərə diqqət və qayğısından başladıq.

- Milli mətbuatımızın 145 illiyi dünyanı cənginə alan koronavirus pandemiyası​ səbəbindən yaranmış gərgin dövrə təsadüf edir. Bu təhlükəli virusla mübarizə, pandemiyanın sosial-iqtisadi həyata təsirlərini azaltmaq, vəziyyətdən mümkün qədər az itkilərlə çıxmaq dövlət səviyyəsində böyük səylər, maliyyə resursları tələb edir. Bilirik ki, Azərbaycan Prezidenti vəziyyəti gecə-gündüz nəzarətdə saxlayır. Belə bir vaxtda mətbuatımızın yubileyinin dövlət səviyyəsində qeyd olunması ikiqat əlamətdardır, dövlətimizin başçısının mediaya diqqət və qayğısının bariz göstəricisidir. Yubiley münasibətilə silsilə tədbirlərin keçirilməsi, mətbuat işçilərinin mükafatlandırılması nəzərdə tutulur. 

Sərəncamın mətninə nəzər salsaq görərik ki, Prezident İlham Əliyev mətbuatın cəmiyyət həyatında rolunu, jurnalistlərin xidmətlərini çox yüksək qiymətləndirir. Sənəddə mətbuatımızın keçdiyi inkişaf mərhələləri lakonik əksini tapıb. Məsələn, qeyd olunur ki, 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşüb. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr verib, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərib. 

Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoydu, müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi, istiqlal ideyalarının yayılmasında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamağa başladı. Sonradan dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yarandı.

1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Bu siyasəti davam etdirən və yeni çalarlarla zənginləşdirən Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr isə milli mətbuatımızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması, vətəndaş cəmiyyəti quruculuğunda medianın rolunun yüksəlməsi ilə səciyyəvidir. Bu inkişaf jurnalistlərin indiki nəslinin gözü qarşısında baş verib.

- Sərəncamda müasir dövrün çağırışlarına, KİV-in qarşısında duran vəzifələrə də toxunulur. Bu barədə nə düşünürsünüz? 

- Doğrudan da, bu sənəd biz mətbuat işçiləri üçün həm də yol xəritəsidir. Hazırda ölkəmizdə sistemli, inqilabi səciyyə daşıyan islahatlar həyata keçirilir, şəffaflığa və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyalar tətbiq olunur, ictimai nəzarət və siyasi dialoq mühiti genişləndirilir. Belə bir taleyüklü məqamda müstəqil, fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan mediaya daha çox tələbat duyulur. Dövlətimizin başçısı tövsiyə edir ki, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Prezident bunun yolunu da göstərir: modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi. Bu meyarlar informasiya əsri adlandırılan XXI yüzillikdə zamanla ayaqlaşmağın yeganə yolu, medianın inkişafının əsas istiqamətləridir.

– Müasir  mətbuatımızın formalaşması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Siz, necə deyərlər, “jurnalistika mətbəxində”, hadisələrin mərkəzində olan media nümayəndəsi kimi həmin dövrü necə xatırlayırsınız?    

- Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlətdir. Demokratiyanın yolu isə söz, fikir və mətbuat azadlığından keçir. Odur ki, ötən əsrin 90-cı illərində mətbuatımızın qarşılaşdığı problemlər ulu öndərimiz Heydər Əliyevi düşündürməyə bilməzdi. Xüsusən senzura media üçün buxova çevrilmişdi. Ulu Öndər mətbuat sahəsində islahatlara başlamaq üçün münasib vaxt və şərait yaranmasını gözləyirdi. Bu, 1998-ci ildə baş verdi.

O dövrün siyasi-ictimai, hərbi mənzərəsinə nəzər salsaq, Heydər Əliyevin senzuranı niyə hakimiyyətə gəldikdən beş il sonra ləğv etdiyi aydın olar. Ermənilər bütün cəbhəboyu hücuma keçmişdilər, cənub bölgəsində separatçılıq hərəkatı baş qaldırmışdı, müəyyən xarici dairələr gizli və açıq təxribatlara əl atırdılar. Media işçiləri arasında səriştəsiz, bəzi hallarda isə bədxah qüvvələrin əlində alətə çevrilmiş insanlar az deyildi. Belə bir şəraitdə mətbuata hüdudsuz azadlıq verilməsi hələ kövrək olan müstəqilliyin əleyhinə işləyə bilərdi.

Heydər Əliyev dövlətçilik fəaliyyətinin təxminən 4-5 ilini ölkəni böhrandan çıxarmağa, daxili və xarici təhdidləri aradan qaldırmağa sərf etdi. Nəhayət ictimai-siyasi sabitliyi bərqərar edərək ölkə həyatının bütün sahələrində, o cümlədən mətbuat sahəsində islahatlara start verdi. Ulu Öndərin “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanının cəmiyyətdə necə güclü reaksiya doğurduğunu yaxşı xatırlayıram. Bəziləri senzuranın ləğvini radikal qərar hesab edir, təşviş keçirirdilər.

“Qlavlit”in ləğvindən istifadə edən müxalifət qəzetləri məmurlara hücuma keçdilər. Tənqid təhqirlə qarışdırılırdı. Nəticədə mətbuat-məmur münasibətləri gərginləşdi, məhkəmə çəkişmələri başladı. Təbii ki, Heydər Əliyev keçid dövrünün doğura biləcəyi problemləri əvvəlcədən görür və bunun labüd olduğunu bilirdi. Yadımdadır, müşavirələrin birində məmurlara müraciətlə deyirdi: Görürsünüz, məndən də yazırlar. Amma mən heç kimi məhkəməyə vermirəm.

Senzuranın ləğvinin doğurduğu ajiotaj tədricən ötüb keçdi, münasibətlər zamanın axarında yoluna düşdü.

Bundan bir müddət sonra institusional islahatlar başladı. Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, “Kütləvi informasiya vasitələri haqqında” Qanuna prinsipial dəyişikliklər edildi. Mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə aradan qaldırıldı. Nəhayət 2003-cü ildə Mətbuat Şurasının yaradılması ilə mətbuatın özünütənzimləmə metodu tətbiq olundu və beləliklə, cəmiyyət-media münasibətləri tədricən normallaşmağa başladı.

- Aslan müəllim, bəs 2003-cü ildən sonrakı dövr medianın inkişafı, jurnalistlərə diqqət və qayğı baxımından hansı yeniliklərlə xarakterikdir?  

- Bir qədər əvvəl qeyd etdim, Ulu Öndərimiz müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ilin çoxunu keçmiş quruluşun və iqtidarın ağır mirası ilə mübarizəyə, dərin siyasi, sosial-iqtisadi böhranın aradan qaldırılmasına, milli dövlətçiliyin əsaslarının formalaşdırılmasına sərf etməli oldu. Sonda Azərbaycanı geniş inkişaf yoluna çıxardı. 

Bugünkü Azərbaycan 17 il əvvəlki Azərbaycandan inanılmaz dərəcədə fərqlidir. 2003-ci ildən başlayaraq öz praqmatik, uzaq hədəflərə hesablanmış siyasəti ilə ölkəmizin bütün sahələrdə dinamik inkişafını təmin edən Prezident İlham Əliyev söz və mətbuat azadlığının genişləndirilməsi istiqamətində də davamlı, misilsiz addımlar atır. Dünyanın heç bir yerində dövlət mətbuata Azərbaycanda olduğu qədər yardım etmir. Yaxud Azərbaycandan başqa elə bir ölkə varmı ki, jurnalistlərə pulsuz ev tikib paylasın?

Dünya miqyasında analoqu olmayan dəstək və qayğı KİV-in iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılmasında, vətəndaş cəmiyyəti quruculuğunda medianın rolunun gücləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Buyurun baxın, özünü “hamıdan demokratik” hesab edən Qərb də baxsın: bu gün Azərbaycanda KİV-in - informasiya agentliklərinin, qəzet və jurnalların, televiziya və radioların ümumi sayı 5 mini, internet portallarının sayı 20 mini ötür. Əhalinin 80 faizi internet, 3 milyondan çoxu isə sosial şəbəkə istifadəçisidir.

Söz və mətbuat azadlığının başqa hansısa ölçüsü, meyarı varmı? Məncə, yoxdur. Bilən varsa, qoy desin.   

- Milli mətbuat tariximizdə AZƏRTAC-ın öz yeri və rolu var. O, Azərbaycanın ilk informasiya agentliyidir. Yüz ildir ki, aramsız olaraq dövrün salnaməsini yazır. Tarixdən başlayaq: AZƏRTAC necə və hansı zərurətdən yarandı?

- Yüz yaşlı agentliyin tarixinin dərin qatlarına enmək çox vaxt aparar. Bu tarix bir müsahibəyə sığışmaz. Maraqlananlar olsa, onlara aşağıdakı linklər bələdçilik edə bilər. https://azertag.az/xeber/AZARTAC_100_Bir_esrlik_yola_bes_ferqli_zaman_noqtesinden_baxis-1423733;

https://azertag.az/xeber/AZARTAC___yuz_illik_serefli_yol-1413057

İlk milli informasiya agentliyinin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi xidməti olmaqla, mətbuatımızın inkişafı istiqamətində atılan mütərəqqi addımlardan biridir. Təəssüf ki, AZƏRTAC müstəqil xəbər agentliyi kimi cəmi 58 gün fəaliyyət göstərə bildi – 1920-ci il martın 1-dən aprelin 28-dək. Lakin yaxşı mənada reallıq ondan ibarətdir ki, qalibiyyət və sarsıntıların, tənəzzül və tərəqqinin bir-birini əvəzlədiyi bir əsrlik yolun salnaməsini məhz AZƏRTAC yazıb və yazmaqda davam edir. İnternetin olmadığı uzaq və yaxın keçmişdə baş verənlər barədə onun yaydığı xəbərlər saralmış qəzet səhifələrində, müasir Azərbaycanın keçdiyi yol və qazandığı uğurlar isə agentliyin saytında arxivləşib.

Keçmiş SSRİ-nin tərkibində yaşadığımız 70 ili tarixdən silib ata bilmərik. Müstəqilliyimizi itirməyimizə, dövrün kəskin ziddiyyətlərinə baxmayaraq, AZƏRTAC-ın xəbər agentliyi kimi formalaşması, peşəkar kadr potensialının yaranması məhz həmin illərdə baş verdi. Bu haqda danışarkən dahi siyasətçi və dövlət xadimi Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illəri xüsusi qeyd etmək lazımdır. Ulu Öndərimiz hələ medianın indiki qədər inkişaf etmədiyi vaxtlarda mətbu sözün, informasiyanın səfərbəredici rolunu hamıdan yaxşı görürdü. Buna görə də mətbuata, jurnalistlərə fərqli münasibət bəsləyir, xüsusi həssaslıqla yanaşırdı.

Heydər Əliyevə qədər arxa planda qalan AZƏRTAC da həmin dövrdə istər respublika, istərsə də İttifaq miqyasında öncül mövqelərə çıxdı, SİTA-nın informasiya buraxılışlarını qəbul edib Cənubi Qafqaz respublikalarına ötürən mərkəzə çevrildi. Agentliyin əməkdaşları müxbir briqadalarının tərkibində xarici ölkələrə gedir, hadisə yerindən xəbərlər hazırlayıb göndərirdilər. Ulu Öndərimizin şəxsi nüfuzu hesabına AZƏRTAC-ın texniki təchizatı ilə bağlı  problemlər də tədricən həllini tapırdı. Müttəfiq respublikaların informasiya agentlikləri arasında Ukrinformdan sonra məhz AZƏRTAC kompüterlə təchiz edildi, öz maddi-texniki bazasına və yaradıcılıq potensialına görə SSRİ məkanında birincilər sırasına çıxdı.

Biz həm Ulu Öndərimizin, həm də Prezident İlham Əliyevin diqqətini, qayğısını həmişə hiss etmişik. Son 27 ildə böyük inkişaf yolu keçən AZƏRTAC ən müasir texnologiyalarla tam təmin olunub. Dövlətimizin başçısının Sərəncamına əsasən agentliyimiz üçün yeni bina tikilib və yaxın vaxtlarda kollektivimizin istifadəsinə veriləcək.

Hazırda agentliyimizin xaricdə 22 müxbir məntəqəsi fəaliyyət göstərir. Biz hər gün 8 dildə 600-650 informasiya hazırlayıb yayırıq. Materiallarımız, həmçinin dünyanın bir çox nüfuzlu, geniş izləyici auditoriyasına malik KİV-lərində yer alır. Bu, bizim son illərdə xarici həmkarlarımızla, beynəlxalq media qurumları ilə sıx əməkdaşlığımız sayəsində mümkün olub.

- Yeri gəlmişkən, agentliyinizin beynəlxalq əlaqələri barədə bir qədər ətraflı məlumat verərdiniz. Bu istiqamətdə fəaliyyət necə başladı, hansı mərhələlərdən keçdiniz?

- Bir dəfə Ulu Öndərimiz mənə dedi ki, AZƏRTAC beynəlxalq informasiya platformalarına çıxmalıdır, OANA-ya üzv olmalıdır. O vaxt bizdə hətta jurnalistlər arasında belə bir təşkilatın mövcudluğundan xəbərdar olanlar az idi. Heydər Əliyev isə nəinki bunu bilir, həm də bu təşkilata üzvlüyün vacibliyini dəyərləndirirdi. Biz 2004-cü ildə OANA-ya daxil olduq, 12 ildən sonra isə ona hətta rəhbərlik etdik.

Yəqin mənimlə razılaşarsınız ki, informasiyanın dünya siyasətində rolunun artdığı, sosial şəbəkələrin həyatımıza daxil olduğu bir vaxtda beynəlxalq media məkanında yer tutmaq heç də asan deyil. Bunun üçün davamlı iş aparmaq, ilk növbədə, etibarlı və dürüst xəbər qaynağı kimi tanınmaq, həmkarların inam və etimadını qazanmaq lazımdır.

Son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalamışıq, 150-dək agentliklə informasiya mübadiləsi aparırıq. Onların arasında bütün qitələrdən olan aparıcı agentliklər, məsələn, TASS (Rusiya), Sinxua (Çin), Anadolu (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), Kyodo (Yaponiya), Yonhap (Koreya Respublikası), TELAM (Argentina), SPA (Səudiyyə Ərəbistanı), Ukrinform (Ukrayna), BELTA (Belarus), Kazinform (Qazaxıstan) və digər nüfuzlu xəbər yayımçıları var. Biz, həmçinin Dünya Xəbər Agentlikləri Konqresi Şurası və Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində Associated Press, Reuters, Press Association, DPA agentlikləri ilə sıx əməkdaşlıq edirik.

2004-cü ildə OANA-ya, 2008-ci ildə EANA-ya üzv qəbul edilən AZƏRTAC, eyni zamanda, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir. Biz bütün beynəlxalq və regional media qurumlarında fəal təmsil olunmağa çalışırıq. Məsələn, təkcə pandemiya dövründə EANA-nın üç vebinarında iştirak edərək öz təcrübəmizi avropalı həmkarlarımızla bölüşmüş, fikir mübadiləsi aparmışıq. 

Agentliyin həyatında ən əlamətdar hadisələrdən biri dörd il əvvəl baş verdi. 2016-cı ildə Prezident İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakı eyni vaxtda iki mötəbər beynəlxalq təşkilatın əsas forumlarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, OANA-nın XVI Baş Assambleyasına yüksək səviyyədə ev sahibliyi etdi, agentliyimiz bu qurumların rəhbəri seçildi. Bununla da Azərbaycanın və AZƏRTAC-ın adı dünya mətbuat tarixinə yazıldı. Mətbuat tariximizdə ilk dəfə idi ki, beş qitəni, 80 ölkəni və dünyanın 100-dən çox aparıcı xəbər agentliyini təmsil edən 200 media nümayəndəsi Bakıya toplaşmışdı. Prezident İlham Əliyevin konqresin açılışında geniş nitq söyləməsi, daha sonra iştirakçıların bir qrupunu qəbul etməsi bu qlobal forumlara xüsusi ahəng verdi, yaddaşlarda dərin iz qoydu.

Sözsüz ki, dünyanın ən böyük iki media qurumunun önəmli forumlarının Bakıda keçirilməsi müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisidir. AZƏRTAC-ın dünya informasiya məkanına inamla çıxması dinamik inkişaf edən Azərbaycana artan maraqla, ölkəmizin dünyada söz və nüfuz sahibinə çevrilməsi ilə şərtlənir. Xarizmatik lider olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müasirləşir və modernləşir. Ölkəmizdə aparılan inqilabi islahatlar, sosial-iqtisadi inkişaf modelləri dünyanın diqqətini cəlb edir. Dünyanın bir çox informasiya nəhənglərinin Azərbaycanın milli agentliyi ilə əməkdaşlığa artan marağı təbii ki, ölkəmizin bu və digər uğurlarından qaynaqlanır. Məsələn, Çinin ingilisdilli “China Daily” qəzetini götürək. Ümumilikdə, 100 milyondan çox çap və onlayn abunəçisi olan “China Daily” son bir neçə ayda öz saytında AZƏRTAC-ın iki böyük həcmli analitik məqaləsini yayıb. Beləliklə, Yer kürəsində milyonlarla insan Prezident İlham Əliyevin yürütdüyü siyasət, ölkəmizdə həyata keçirilən islahatlar barədə ilk mənbədən ətraflı məlumat əldə edib.

Bu barədə söhbətə bir faktla yekun vurmaq istərdim: ötən il AZƏRTAC-ın üzv olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi milli informasiya agentliklərinin saytlarında Azərbaycan həqiqətlərinə, ölkə həyatının bütün sahələrində qazanılan uğurlara, yeniliklərə dair 15 minə yaxın xəbəri, videosu və fotosu yayılıb.

– Siz Ulu Öndərimizin xarici səfərlərini işıqlandıran media qrupunda işləmisiniz. Heydər Əliyevin agentliyinizə, jurnalistlərə münasibətilə bağlı ən çox hansı məqamları qeyd etmək istərdiniz?    

- Bilirsiniz, mənim jurnalistlik fəaliyyətimin böyük hissəsi AZƏRTAC-la bağlıdır. Yüzillik yolun təxminən 30 ili gözümün önündə keçib. Odur ki, tam qətiyyətlə deyə bilərəm ki, Heydər Əliyev dövlət siyasətinin informasiya təminatında AZƏRTAC-a üstünlük verir, ona etibar edirdi. Bunun təsdiqi kimi bir çoxlu qərarları, sərəncamları misal çəkə bilərəm. Amma hesab edirəm ki, həmin sənədlərdən təkcə biri bu barədə təsəvvür yaratmaq üçün kifayət edər. Ulu Öndər respublika rəhbərliyinə qayıdışından az sonra – 1995-ci il martın 3-də agentliyin yenidən təşkil edilməsi haqqında Fərman imzaladı. AZƏRTAC-a dövlət informasiya orqanı statusu verildi, yetərincə büdcə vəsaiti ayrıldı.

Mənə Ulu Öndərimizin 1993-cü il iyunun 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında xarici diplomatlarla keçirdiyi ilk görüşündən başlayaraq, dövlət və hökumət başçıları, yüksək səviyyəli nümayəndə heyətləri ilə, demək olar, bütün görüşlərini, xarici səfərlərini, apardığı danışıqları işıqlandırmaq xoşbəxtliyi nəsib olub. Ulu Öndər nə yazdığımla, necə yazdığımla şəxsən maraqlanır, istiqamət və tövsiyələr verirdi.

Onu da qeyd edim ki, Azərbaycan mətbuatında siyasi publisistika janrının əsasları 1993-cü ildən başlayaq Heydər Əliyevin hakimiyyəti illərində qoyuldu. Ulu Öndərimizin ən müxtəlif mövzulardakı çıxış və nitqləri fikrin ifadə tərzi, səlis və təmiz dili, aydın məntiqi baxımından siyasi publisistikanın bənzərsiz nümunələridir. Biz bitkin publisistik əsər təsiri bağışlayan bu çıxışları şifahi nitqdən yazılı mətnə çevirərək mətbuata, radio və televiziyaya göndərirdik. Ulu Öndər nitq və çıxışlarının mətbuat üçün hazırlanan mətnlərini şəxsən nəzərdən keçirir, redaktə xarakterli düzəlişlər edirdi. Yadımdadır, gecəyarısı zəng vurur, hansısa sözü, yaxud cümləni dəyişməyi tapşırırdı.

Xarici səfərlərdə Prezidenti müşayiət edən həmkarlarım da təsdiqləyərlər ki, Heydər Əliyev bizə jurnalistika dərsi, ustad dərsləri keçirdi: informasiyanı nədən başlamaq, əsas məqamı və faktı ikinci dərəcəlidən necə seçmək lazım gəldiyini səbirlə izah edirdi. Biz jurnalistikanın, xüsusən siyasi publisistikanın müasir standartlarını, dövlət başçısının fəaliyyətini lazımi səviyyədə işıqlandırmağın incəliklərini Heydər Əliyev məktəbindən beləcə zərrə-zərrə öyrənirdik.

Ənənələr davam edir və  müasir dövrdən irəli gələn yeni çalarlarla zənginləşdirilir. Agentliyimiz Prezident İlham Əliyevin çıxış və nitqlərini, görüşlərini, xarici ölkələrə və bölgələrə səfərlərini, apardığı danışıqları bütün təfərrüatı ilə işıqlandırır, miqyasından və həcmindən asılı olmayaraq, elə həmin gün oxucuya çatdırır. Bu, qeyd etdiyim kimi, AZƏRTAC-ın birbaşa funksiyasıdır və onun statusundan irəli gəlir.

Mətbuatımızın tarixinə nəzər salsaq görərik ki, hər dövrün öz çağırışları, trendləri olub. Sizcə, müasir dövrümüzdə KİV-in, jurnalistlərin qarşısında duran əsas vəzifələr nədən ibarətdir?

- Azərbaycan 30 ilə yaxındır Ermənistanla müharibə vəziyyətindədir. Düşmən bizə qarşı həm də informasiya müharibəsi aparır. Erməni təbliğat maşınının var gücü ilə yalan tirajladığı belə bir taleyüklü vaxtda Azərbaycan və Dağlıq Qarabağ haqqında tarixi həqiqətlərin dünyaya çatdırılması milli mətbuatımızın bir nömrəli vəzifəsi olmalıdır. Biz bunun ən ideal nümunəsini Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı gördük. Azərbaycan Prezidenti İlham Əliyev tarixi faktlara və təkzibolunmaz arqumentlərə söykənərək Ermənistanın baş naziri Nikol Paşinyanın yalan və uydurmalarını, saxta erməni mifini darmadağın etdi.

Prezidentimiz diplomatlara, eləcə də biz jurnalistlərə, sözün yaxşı mənasında, dərs verdi. Öz şəxsi nümunəsi ilə göstərdi ki, informasiya savaşında qətiyyətli olmaq, təkzibedilməz arqumentlərə əsaslanmaqla müdafiə taktikasından hücum taktikasına keçmək zamanıdır. Bunun nə qədər vacib olduğunu düşmənin Tovuz rayonu istiqamətində son hərbi təxribatı zamanı bir daha gördük. Ermənilər yalan məlumatlar yayaraq təqsiri Azərbaycanın üstünə atırdılar. Həmin günlərdə agentliyimizin üzv olduğu beynəlxalq media təşkilatlarının saytları və əməkdaşlıq etdiyimiz dünya KİV-ləri (təxminən 50 ölkənin 100-dək informasiya resursu) AZƏRTAC-ın materiallarına istinadla düşmənin bu hərbi təxribatı barədə xəbərlər yaydı, dünya ictimaiyyətini əsl həqiqət barədə məlumatlandırdı.

Son hadisələrin fonunda diqqəti daha bir mühüm məqama yönəltmək istəyirəm. Sərhəddə düşmənlə ağır döyüşlər getdiyi bir vaxtda vətənpərvər insanlar Azərbaycan Ordusuna və Ali Baş Komandan İlham Əliyevə öz dəstəyini ifadə etmək üçün meydanlara çıxdı. Bu, xalq-iqtidar birliyini nümayiş etdirən qürurverici mənzərə idi. Lakin bir qrup təxribatçı bu nəcib, vətənpərvər addıma kölgə salmağa, qanunsuz hərəkətlərə cəhd göstərdi. Biz bir jurnalist və vətəndaş olaraq antimilli qüvvələrə qarşı prinsipial mövqe tutmalı, sözümüzü daha cəsarətlə deməliyik.

Birinci vitse-prezident Mehriban Əliyevanın son hadisələrlə bağlı xalqımıza müraciəti bu baxımdan xüsusilə səciyyəvidir. Mehriban xanım müraciətində vurğulayır ki, hər birimizin borcu Azərbaycanın mövqeyini həm döyüş meydanında, həm də kompüter arxasında müdafiə etməkdir. Bir an da olsun unutmamalıyıq ki, uzun illərdir yaşadığımız qarşıdurma şəraiti artıq bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, eyni zamanda, informasiya məkanını əhatə edir. Sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın nəticəsinə təsir edən olduqca mühüm amilə çevrilir. Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd – çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır.

Birinci vitse-prezidentin müraciətində toxunulan bu mühüm məqamlar bu gün KİV-in fəaliyyətində prioritet istiqamətlər olmalıdır. Unutmaq olmaz ki, yaşadığımız informasiya əsrində söz də bir silah, jurnalist də bir əsgərdir. Biz bu məsuliyyəti hamılıqla dərk etməliyik, milli maraqlarımızın müdafiəsində dayanmaq üçün maksimum səfərbər olmalıyıq.

Zamanın digər mühüm çağırışı multimedia və videoxəbər istehsalıdır. AZƏRTAC-da videoxəbər xidməti 2010-cu il aprelin 22-də Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılıb. O vaxtdan 10 il keçib və videoformatın qlobal miqyasda trend olduğunu artıq hamı görür. AZƏRTAC regionda yeganə agentlikdir ki, 5 dildə (Azərbaycan, ingilis, rus, fransız və alman) videoxəbər yayır. Ölkəmizdə baş verən mühüm hadisələr, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın səfərləri, iştirak etdikləri tədbirlər, keçirdikləri görüşlər barədə videolar saytımızla yanaşı, “YouTube” kanallarımızda da yayılır. Videosaytımızda indiyədək minlərlə müsahibə və reportaj yerləşdirilib. Burada ölkə həyatının hər bir sahəsinə aid videomateriallar tapmaq mümkündür.

Müasir dövrdə sosial şəbəkələr və mobil texnologiyalar tandemi informasiya işinə çox güclü təsir göstərir. Xəbər agentliyi olaraq, bu iki texnoloji tendensiyanı diqqətdə saxlayırıq. Bütün veb-resurslarımızın əlçatan və istifadəçi üçün rahat olmasını təmin etmişik. Bunun nəticəsidir ki, son bir ildə mobil cihazlar vasitəsilə bizim informasiya resurslarına müraciət 50 faiz, videolara baxış isə 75 faiz artıb. “YouTube” kanallarımızda videoxəbərlərə baxışların 83 faizi mobil cihazların payına düşür. Agentliyimizin veb-resurslarında, sosial şəbəkələrdəki səhifələrində və üzvü olduğu beynəlxalq media təşkilatlarının portallarındakı xəbər, foto və videolarına müraciətlərin sayı 73 faiz yüksəlib.

- Son olaraq, informasiya bazarında rəqabət, feyk xəbərlər problemi, jurnalist məsuliyyəti barədə fikir və mülahizələrinizi bölüşməyinizi xahiş edirik. AZƏRTAC-ın rəqabətqabiliyyətliliyi nə ilə şərtlənir? 

- İnformasiya güclü silahdır. O, müsbət mənada səfərbəredici təsirə, mənfi mənada dağıdıcı gücə malikdir. Məkrli niyyət güdən xəbər xalqları, dinləri, mədəniyyətləri üz-üzə qoya, münaqişələr, qarşıdurmalar yarada bilər və yaradır. Təsadüfi deyil ki, feyk xəbərlər bu gün dünyanı narahat edən qlobal problemə çevrilib.

Mətbuat azadlığı, İKT-nin yaratdığı hədsiz imkanlar həyatımızda çox şeyi dəyişib. Amma  informasiyanın yüz il əvvəl olduğu kimi, bu gün də dəyişməz meyarları var. Bu, xəbərin dürüstlüyü, obyektivliyi və qərəzsizliyidir. İnformasiya bazarındakı kəskin rəqabətə baxmayaraq, AZƏRTAC bu prinsiplərə daim sadiqdir. Biz heç vaxt yoxlanılmamış, dəqiqləşdirilməmiş xəbər yaymırıq, sensasiya, yaxud süni reytinq arxasınca qaçmırıq. Əvəzində qazancımız oxucu inamı və etibarıdır.

İnternet xəbər məkanını qloballaşdırıb. İndi dünyanın istənilən nöqtəsində istənilən saytı izləmək mümkündür. Az qala səmadakı ulduzların sayı qədər olan saytlar arasında parlamaq, diqqət çəkmək heç də hər agentliyə nəsib olmur. AZƏRTAC bu baxımdan uğur qazansa da, bununla kifayətlənmir, Azərbaycan həqiqətlərini dünyaya daha çox çatdırmaq üçün səylərini daim artırır.

Yeniləşmək və yenə də yeniləşmək - bu gün üçün də, gələcək üçün də hədəfimiz budur.

Jurnalistin məsuliyyətinə gəlincə, ətrafda yalanın, saxta informasiyanın miqdarı artdıqca, bu məsuliyyət hissi adekvat olaraq güclənməlidir. Jurnalist, əgər o başqa məqsədlər güdmürsə, yalanı həqiqi informasiyadan ayırmağı bacarmalıdır. KİV əməkdaşı müasir texnologiyalara mükəmməl yiyələnməli, informasiyanı istehlakçıya çatdırmağın müasir üsullarını incəliklərinə qədər bilməlidir. Jurnalistin dünya görüşü çox geniş olmalıdır. Məsələn, eyni bir KİV-in nümayəndəsi Prezidentin fəaliyyətini işıqlandırarkən bu gün metallurgiya zavodu, sabah kənd təsərrüfatı, birisi gün kosmos haqqında yazır. Buna görə də əziyyətə qatlaşıb dərhal müəyyən sahələr üzrə bekqraund etməlidir. O, bunu ən qısa müddətdə etməyi bacaran ekspert olmalıdır.

Fürsətdən istifadə edərək öz qələmi və sözü ilə xalqımıza, dövlətçiliyimizə, milli maraqlarımıza xidmət edən həmkarlarımızı peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.