YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Con Şan: Azərbaycan Cənubi Qafqazda Çinin vacib tərəfdaşıdır

Xəbər verdiyimiz kimi, noyabrın 26-da Pekində Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 5-ci iclası keçirilib.

İki ölkə arasında iqtisadi və ticarət münasibətlərinin daha da genişləndirilməsi üçün yaradılmış komissiyanın növbəti iclasının gündəliyində əsasən nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən Çindən Avropaya və əksinə istiqamətdə yüklərin daşınmasında nəqliyyat-logistika imkanlarından istifadə, kənd təsərrüfatı, enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayə qoyuluşu kimi məsələlər daxil idi.

Komissiyanın Çin tərəfdən həmsədri, kommersiya nazirinin müavini Con Şan ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Azərbaycanın Cənubi Qafqazda Çinin vacib tərəfdaşı olduğunu qeyd edən C.Şan dövlət başçılarının iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi ilə bağlı mövqelərinə istinad edərək, müvafiq qurumların bu istiqamətdə fəaliyyətini genişləndirməsinin vacibliyini vurğulayıb. Əlavə edib ki, bu istiqamətdə hökumətlərarası komissiyanın üzərinə böyük iş düşür.

Baş nazirin müavini, komissiyanın Azərbaycan tərəfdən həmsədri Abid Şərifov ölkəmizin son illər iqtisadi inkişafı barədə məlumat verərək, dünyada hökm sürən maliyyə-iqtisadi böhranına baxmayaraq Azərbaycanın stabil inkişafının təmin edildiyini diqqətə çatdırıb. Çin ilə münasibətlərin genişlənməsinin Azərbaycanın beynəlxalq əməkdaşlığında prioritet istiqamət olduğunu qeyd edən A.Şərifov ölkəmizdə Çin kapitalı ilə yaradılmış onlarla şirkətin iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiyini deyib. O, Azərbaycanın Avropa-Qafqaz-Asiya yük daşımaları dəhlizindəki əlverişli mövqeyindən istifadə etməklə nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsinin, kənd təsərrüfatı və alternativ enerji sahələri üzrə birgə müəssisələrin yaradılmasının, qarşılıqlı sərmayə qoyuluşunun artırılmasının, bu istiqamətdə Azərbaycanda yaradılmış sənaye və kimya parklarına Çin şirkətlərinin cəlb olunmasının hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.

İclasda enerji sahəsində əməkdaşlıq imkanlarından, o cümlədən alternativ və bərpa olunan enerji sahəsi üzrə birgə fəaliyyət, qarşılıqlı sərmayə qoyuluşları, sənaye və kənd təsərrüfatı sahəsində birgə müəssisələrin yaradılması, Azərbaycanda həyata keçirilən iqtisadi layihələrdə Çin şirkətlərinin daha geniş iştirak imkanları barədə məlumat verilib.

Tərəflər qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün əhəmiyyətini, bunun üçün müvafiq qurumların sahələr üzrə əlaqələrini intensivləşdirməsinin vacibliyini qeyd ediblər.

Sonda iclasın protokolu imzalanıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Çin Baş nazirinin müavini Van Yan ilə görüşü olub. İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunan görüşdə Hökumətlərarası Komissiyanın 5-ci iclasında müzakirə edilən məsələlərə və qəbul edilmiş qərarlara dair ətraflı fikir mübadiləsi aparılıb.

Çinin nəqliyyat naziri Yan Çuantan ilə görüşdə iki ölkənin nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər nəqliyyat sahəsində əməkdaşlığa dair razılaşdırılmaqda olan sənədlərə dair danışıqlar aparıblar.

Bundan başqa, Çinin Dəmir Yolları üzrə Dövlət Administrasiyasında Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib, ölkəmizin nəqliyyat-logistika potensialına, əlverişli tranzit imkanlarına dair təqdimat təşkil edilib.