YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan hökumətinin UNİCEF ilə işgüzar əməkdaşlığı bundan sonra da uğurla davam etdiriləcəkdir

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov BMT-nin Uşaq Fondunun (UNİCEF) nümayəndəliyinin ölkəmizdə fəaliyyət müddəti başa çatmaqda olan rəhbəri Mark Herevardla görüşmüşdür.

Görüşdə Baş nazirin müavini Əli Həsənov UNİCEF-in Azərbaycanda fəaliyyətə başladığı vaxtdan, xüsusilə son beş ildə bu beynəlxalq qurumun ölkəmizdəki nümayəndəliyinin rəhbəri kimi Mark Herevardın təmsil etdiyi təşkilat ilə Azərbaycanın birgə uğurlu fəaliyyəti, yaradılan işgüzar əməkdaşlıq istiqamətində səylərini yüksək qiymətləndirmişdir. Qeyd etmişdir ki, UNİCEF xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkün uşaqların hüquqlarının müdafiəsi, onların sağlamlıqlarının qorunması, təhsil problemlərinin həlli istiqamətində müvafiq proqramlar həyata keçirmişdir.

Bildirilmişdir ki, nümayəndəliyin ilk proqramları humanitar ehtiyacları və milli prioritetləri əhatə etsə də sonralar bu, müxtəlif illəri əhatə edən ölkə proqramları ilə əvəz olunmuş, Azərbaycan Respublikasının uşaqlarla bağlı dövlət siyasətinin, xüsusilə qaçqın və məcburi köçkün uşaqların sosial-müdafiə hüquqlarının təminatı sisteminin güclənməsinə töhfələrini vermişdir.

Dövlətimizin daxili siyasətində uşaq problemlərinin mühüm yer tutduğu bildirilən görüşdə vurğulanmışdır ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatların, o cümlədən UNİCEF-in yaxın tərəfdaşıdır. Bu əməkdaşlıq ölkədə uşaqların inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə və təcrübə mübadilələrinin aparılmasına təkan verir. UNİCEF ilə işgüzar əməkdaşlıq uşaqların inkişafına dəyərli töhfələr verməklə yanaşı, onların maraqlarının təmin olunmasına yönəlmişdir.

Rəhbərlik etdiyi qurumun fəaliyyətinin müsbət qiymətləndirilməsinə, UNİCEF tərəfindən həyata keçirilən layihələrə verilən dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən Mark Herevard Azərbaycanın uşaq hüquqlarının müdafiəsi sahəsində bir çox uğurlara imza atdığını demişdir. O, ötən müddətdə Azərbaycan ilə əməkdaşlığı, uşaq hüquqlarının müdafiəsində birgə və səmərəli səylər göstərilməsini yaxşı nümunə kimi dəyərləndirmiş və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirmişdir.

Baş nazirin müavini Əli Həsənov Mark Herevarda Azərbaycanda səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirmiş və Afrika ölkəsinin regional nümayəndəliyinə direktor müavini təyin olunması münasibətilə onu təbrik etmiş, gələcək fəaliyyətində uğurlar diləmişdir.

Görüşdə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Rəşid Mustafa da iştirak etmişdir.