YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sığorta-pensiya sistemində həyata keçirilən davamlı islahatlar əlil pensiyaçıların etibarlı sosial müdafiəsini təmin edib

3 dekabr-Beynəlxalq Əlillər günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sığorta-pensiya sistemində həyata keçirilən davamlı islahatlar əlil pensiyaçıların etibarlı sosial müdafiəsini təmin edib. Əhalinin pensiya təminatında yeni sistemin tətbiqi dövründə əlilliyə görə əmək pensiyası alanların pensiyalarının əhəmiyyətli artımı baş verib. Belə ki, ölkə üzrə əlilliyə görə əmək pensiyası alanların pensiyalarının orta aylıq məbləği 01 yanvar 2006-cı il tarixə 32,3 manat olduğu halda,  1 dekabr 2015-ci il tarixə  bu məbləğ 149,09 manata çatıb. Hazırda I qrup gözdən əlillərin pensiyalarının orta aylıq  məbləği isə 257,35 manat təşkil edir.

Məlumatı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektoru yayıb.

2006-cı ilin 1 yanvarından qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar yer alıb. Qanunda əlilliyə görə əmək pensiyası növü xüsusilə fərqləndirilərək, bu kateqoriyadan olan vətəndaşlara xüsusi güzəştlər tətbiq edilib. Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub.

Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilib. Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Qanunun 19-cu maddəsinə əsasən əmək pensiyasının baza hissəsinin üzərinə I qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində, həmçinin öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5% məbləğində əlavələr hesablanır. Bu əlavələr 1 yanvar 2006-cı ilədək mövcud olmuş əvvəlki pensiya sistemi ilə təyin olunmuş əmək pensiyalarının da üzərinə yenidən hesablanıb.

Ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlillərin pensiyalarının vaxtında ödənilməsi təmin olunub.