YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Əsgərov: Bu ilin beş ayı ərzində dəmir yolunun bütün iqtisadi göstəriciləri yerinə yetirilib

«Azərbaycan Dəmir Yolunun inkişafının ən sürətli və parlaq dövrü Ulu öndər Heydər  Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə edir. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa sürətli təkan verildi». Bu fikirləri yap.org.az saytına  «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin  sədri Arif Əsgərov deyib.

A.Əsgərov bildirib ki, 1969-2003-cü illəri Azərbaycan Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir. Onun sözlərinə görə, ölkəmizin beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesinin təməl prinsipləri Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.

«Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 6 iyul 2010-cu ildə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında” Sərəncam imzaladı. Hazırda Sərəncamdan irəli gələn vəzifələrin icra olunması istiqamətində gərgin iş gedir. Ölkə polad magistralının çoxminlik kollektivi öz iş sahələrində vicdanlı və məhsuldar əmək nümayiş etdirməklə həm iqtisadiyyatın dirçəlməsinə, həm də əhalinin sosial rifahının yüksəlməsinə layiqli töhfələr bəxş edirlər. Təsadüfi deyil ki, bu ilin beş ayı ərzində də  dəmir yolunun bütün iqtisadi göstəriciləri yerinə yetirilmişdir. Dəmir yolu Heydər Əliyevin təşəbbüsü ilə dirçəldilən qədim İpək Yolu marşrutu ilə keçən Qərb-Şərq nəqliyyat dəhlizinin ahəngdar işləməsini təmin etməklə bu gün “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşması proqramında da yaxından iştirak edir. Önəmli haldır ki, ölkə başçısı İlham Əliyev tərəfindən dəstəklənən Bakı-Tbilisi-Qars yeni  dəmir yolu bağlantısının reallaşması isə həm qardaş Türkiyə ilə dəmir yolu əlaqələrinin yaranmasına, həm də ölkə iqtisadiyyatının daha da dirçəlməsinə müsbət təsir göstərəcək»- deyə, A.Əsgərov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv