YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Sian şəhərində Şaansi avtomobil zavodu ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Çinin Sian şəhərində Şaansi avtomobil zavodu ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, bu müəssisə Çində avtobus, ağır tonnajlı, orta, yüngül, mini yük avtomobilləri, mühərriklər, ehtiyat hissələri, habelə hərbi avtomobillər istehsal edən iri müəssisələrdən biridir. 1968-ci ildə yaradılmış zavodun hazırda 23 min işçisi var.

İstehsal prosesinə baxan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, müəssisənin buraxdığı yük maşınları “SACHMAN”, avtobusları isə “Eurostar Bus” brendləri altında dünyanın 90-dan çox ölkəsində, o cümlədən Azərbaycanda satılır. Şirkətin xaricdə 41 ofisi və 310 servis mərkəzi fəaliyyət göstərir. “SACHMAN” yük avtomobilləri Almaniyanın “MAN” şirkəti ilə birgə əməkdaşlıq sayəsində istehsal edilir.

Şaansi avtomobil zavodunun daxil olduğu “Shaanxi Automobile Group Co. Ltd” ümumilikdə 10 törəmə şirkəti özündə birləşdirir. Onların hamısı Şaansi vilayətində yerləşir. Şirkət avtobus və yük maşınları ilə yanaşı, digər yük avtomobil istehsalçıları üçün hissələr də buraxır. Çinin avtomobil sənayesində xüsusi payı olan bu şirkət ötən müddətdə 600 mindən çox müxtəlif təyinatlı avtomobil istehsal edib.

Şirkətin Sian şəhərindəki texnoparkında yük avtomobilləri, avtomobil şassisi və mühərrik zavodları, texniki, satış mərkəzləri fəaliyyət göstərir. Şaansi avtomobil zavodu hazırda Çinin və Asiyanın ən böyük 500 şirkəti siyahısındadır.

X X X

Bununla da Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sian şəhərinə səfərini başa çatdıraraq paytaxt Pekinə yola düşdü. Sian beynəlxalq aeroportunda dövlətimizin başçısını şəhərin rəsmi şəxsləri yola saldılar.

 

DİGƏR Xəbərlər Arxiv