YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Mehriban xanım Əliyeva: İdmanın inkişafı, Olimpiya dəyərlərinin təbliği Azərbaycanın siyasətinin prioritetlərindən biridir

"Beynəlxalq Olimpiya Komitəsi tərəfindən mükafata layiq görülmək və qədim yunan torpağında bu nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Bu gün sizin hamınızla birlikdə bu gözəl mərasimdə iştirak etmək məndə məmnunluq hissi doğurur. Beynəlxalq Olimpiya Akademiyasının prezidenti cənab İsidorosa və akademiyanın bütün üzvlərinə Olimpiya dəyərləri və prinsiplərinin təbliğində mənim fəaliyyətimə yüksək qiymət verdikləri üçün dərin minnətdarlığımı bildirmək istəyirəm". Bunu Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iyunun 16-da Afinada Beynəlxalq Olimpiya Akademiyasının "Olimpiya mükəmməlliyi" mükafatının təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.

Mehriban xanım Əliyeva daha sonra deyib: "Biz Azərbaycanda Olimpiya Akademiyasının Olimpiya dəyərlərinin qorunması, inkişafı və bütün dünyada paylaşılması işindəki nailiyyətlərini yüksək qiymətləndiririk. Biz birlikdə Azərbaycan gəncləri, eləcə də idmanla bağlı rəsmi şəxslər, Avropa gəncləri üçün təhsil proqramları hazırlamışıq. Biz "Bakı-2015" Təşkilat Komitəsinə dəstək göstərmək üçün birgə çalışırıq".

Mehriban xanım Əliyevanın sözlərinə görə, bu gün Azərbaycan Beynəlxalq Olimpiya Hərəkatının fəal üzvüdür: "İdmanın inkişafı, Olimpiya dəyərləri və ideallarının təbliği bizim ölkəmizin siyasətinin prioritetlərindən biridir. Müstəqilliyimizin bərpasından sonra biz Beynəlxalq Olimpiya Komitəsinin ölkəmizdə idmanın inkişafına verdiyi diqqəti həmişə hiss etmişik. Şəxsən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa bizim təşəbbüslərimizi dəstəklədiyi üçün təşəkkürümü bildirmək istəyirəm".

Mehriban Əliyevanın bildirdiyinə görə, müstəqil ölkə kimi Azərbaycan Olimpiya Oyunlarında 20 ildən az müddətdir ki, iştirak edir və oyunlardan oyunlara daha da çox medallar qazanan idmançılarımızın uğurları bizi fərəhləndirir: "Son Yay Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanmışlar ki, onlardan ikisi qızıl olmuşdur. Azərbaycan Yay Olimpiya Oyunları iştirakçıları arasında medalların sayına görə 30-cu, Avropa ölkələri arasında isə 15-ci yeri tutmuşdur. Biz, həmçinin idman infrastrukturunun inkişafına çoxlu sərmayə yatırırıq".

Mehriban xanım Əliyeva qeyd edib ki, son 10 il ərzində ölkəmizdə 50-dən çox müasir Olimpiya mərkəzi tikilib: "İdmançılarımızın uğurları, müasir idman infrastrukturu, idmançılara, idmanın inkişafına, idman ideyalarının təbliğinə göstərilən güclü dövlət dəstəyi, habelə ölkəmizin sürətli inkişafı 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi üçün Avropa Olimpiya Komitəsinin qərarına səbəb olan əsas amillərindən idi. Biz bu tarixi qərara görə Avropa Olimpiya Komitəsinə minnətdarıq. Baxmayaraq ki, Olimpiya Oyunlarının vətəni Avropa sayılır, digər qitələrlə müqayisədə Avropa Oyunları əvvəllər heç vaxt keçirilməmişdir.

Bizim üçün Avropa Oyunlarının təşkili milli qurur və məsuliyyət məsələsidir. Sizə onu deyə bilərəm ki, bu qərar Azərbaycan xalqı tərəfindən ciddi şəkildə dəstəklənmişdir. 2015-ci il ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi, sizi əmin edə bilərəm ki, biz Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi, idmançılar və nümayəndə heyətlərinin üzvləri, qonaqlar və yerli vətəndaşlar üçün mükəmməl şəraitin yaradılması istiqamətində əlimizdən gələni edəcəyik. Əminəm ki, Oyunlar dostluq və həmrəylik ab-havasında keçiriləcəkdir".


 

DİGƏR xəbərlər Arxiv