YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Komissiyası Azərbaycanı öz Enerji Birliyində görmək istəyir

Azərbaycanın Energetika Nazirliyi ilə Avropa Komissiyasının Enerji Birliyi arasında protokol imzalanacaq.

Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu barədə energetika naziri Natiq Əliyevin Avropa Komissiyasının Enerji Birliyi katibliyinin direktoru Yanez Kopaçla keçirdiyi görüşdə razılığa gəlinib. Görüşdə enerji sahəsində əməkdaşlıq məsələlərinin hazırkı səviyyəsi və gələcək perspektivləri müzakirə olunub. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun önəmi vurğulanaraq, “Cənub qaz dəhlizi”nin əhəmiyyətindən və layihənin icrasının uğurlu gedişatından bəhs edilib.

Bildirilib ki, neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycanın iqtisadiyyatı inkişaf edir və enerji layihələri icra olunur. N.Əliyev Azərbaycanın yanacaq-enerji resurslarına olan tələbatını tam ödəyərək neft məhsulları ilə yanaşı qaz və elektrik enerjisinin ixracını da həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, hazırda enerji sektorunun əsas prioritetlərindən biri elektrik enerjisi ilə bağlı itkilərin azaldılması və enerji səmərəliliyinə nail olmaqdır. Energetika Nazirliyi tərəfindən hazırlanmış “Enerji resurslarından səmərəli istifadə və son tələbatçıların enerji effektivliyi üzrə Dövlət Proqramı (2015-2025-ci illər)” və “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2015-2025-ci illər) üzrə Dövlət Proqramı” layihələrinin hazırlanması üzrə görülmüş işlər barədə də məlumat verilib. Qeyd edilib ki, bu istiqamətdə Avropa Komissiyasının Enerji Birliyinin tövsiyələri və köməyindən bəhrələnmək faydalı olar.

Avropa Komissiyasının Enerji Birliyi katibliyinin direktoru Yanez Kopaç isə enerji səmərəliliyi sahəsində qanunvericilik bazasının hazırlanması və təkmilləşdirilməsinə texniki dəstək göstərməyə, İNOGATE regional enerji proqramı çərçivəsində yeni mərhələdə əməkdaşlığın inkişaf etdirilməsinə və islahatların aparılmasına kömək etməyə hazır olduqlarını bildirib. Avropa İttifaqının daxili enerji bazarının genişləndirilməsi məqsədilə 2006-cı ildə təsis edilmiş Enerji Birliyində tam hüquqlu və müşahidəçi qismində ölkələrin iştirakı mövzusuna da toxunan Y.Kopaç Azərbaycanı da gələcəkdə bu sırada görməkdən məmnun olacağını diqqətə çatdırıb.

Müzakirələr əsasında gələcəkdə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Enerji Birliyi arasında Protokol”un imzalanmasına hazırlıq barədə razılıq əldə olunub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.