YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər komissiyasının iclası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər komissiyasının iclası keçirilib. Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov gündəlikdəki məsələlər haqqında məlumat verib. İlk olaraq komissiyanın 2016-cı il ərzindəki iş planı təsdiq olunub. E.İbrahimov bildirib ki, dünyada baş verən maliyyə-iqtisadi böhran Azərbaycana təsirsiz ötüşməyib. Buna baxmayaraq, ölkəmizdə iqtisadi tənəzzül baş verməyib, müəyyən qədər artım əldə olunub. Komissiya sədri qeyd edib ki, bu artım inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrin uzun müddət əldə etmək istədikləri və nail olduqları orta artım sürəti həcmindədir. Onun sözlərinə görə, hazırda, sadəcə olaraq, neftin qiymətinin qısa müddət ərzində 4 dəfə aşağı düşməsi neft ölkəsi kimi bəzi layihələrin həyata keçirilməsində və daha geniş iqtisadi inkişafa nail olmağımızda gərginlik yaradıb.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin uzunmüddətli tərəqqisini stimullaşdıran sosial-iqtisadi siyasətinin uğurlarından bəhs edib, son 12 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb. Bu dövrdə 3,4 dəfə iqtisadi artım əldə edən Azərbaycanın qlobal iqtisadiyyatda mühüm rola malik nəhəng layihələrə müəlliflik etdiyini və beynəlxalq nüfuzunun xeyli yüksəldiyini bildirən nazir aparılan siyasətin sosialyönümlü olduğunu və hər bir vətəndaşın firavanlığına yönəldiyini vurğulayıb. Nazir diqqətə çatdırıb ki, qeyri-neft sektorunun genişlənərək ÜDM-də 70 faizə çatması, özəl sektorun iqtisadiyyatda payının 80 faizi keçməsi şəraitində 1,5 milyondan çox iş yeri yaradılaraq əmək bazarında sabitliyə nail olunub. Qlobal böhranla əlaqədar hətta Avropa İttifaqında işsizliyin 9,6 faizə yüksəldiyi halda, Azərbaycanda bu göstərici MDB-də ən aşağı səviyyəyə - 5 faizə enib. Son 12 ildə əhalinin gəlirləri 7 dəfə, adambaşına gəlirlər 6 dəfə artıb. 2003-cü illə müqayisədə işçilərə əmək ödənişlərinin ümumi məbləği 2015-ci ilin əvvəlinə olan məlumata əsasən, 6,6 dəfədən çox artıb. Orta aylıq əməkhaqqı 5,6 dəfədən çox, ötən ilin 11 ayında isə 4,5 faiz artaraq 462 manata çatıb.

O bildirib ki, dünyada böhran proseslərinin kəskinləşdiyi, regionda hərbi-siyasi vəziyyətin gərgin xarakter aldığı, geosiyasi risklərin artdığı, ölkəmizə xaricdən mənfi iqtisadi təsirlərin gücləndiyi 2015-ci ildə belə Azərbaycanın inkişaf dinamikası qorunub saxlanıb. Belə bir şəraitdə ötən il respublikada 1,1 faiz iqtisadi artıma nail olunması, o cümlədən qeyri-neft sənayesində 8,4 faiz artımın əldə edilməsi, əhalinin gəlirlərinin 5,7 faiz çoxalması, Azərbaycan iqtisadiyyatına daha 20 milyard dollar sərmayə qoyulması mühüm uğur kimi dəyərləndirilə bilər.

S.Müslümov Azərbaycan Prezidentinin güclü sosial siyasətinin ötən il də bütün sosial proqramların uğurlu icrasına şərait yaratdığını vurğulayıb. Qeyd edib ki, il ərzində orta hesabla 112 min 663 ailəyə (492 min 337 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ödənilib və bu yardımların bir ailəyə düşən orta aylıq məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz artaraq 152,6 manata çatıb. Ölkə əhalisinin 4,8 faizinə və ya 463 min nəfərə yaxın insana aylıq və birdəfəlik sosial müavinət, 54,6 min nəfərdən çox şəxsə Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilib. Müharibə əlilləri və şəhid ailələrinə 281 mənzil, gözdən əlillərə 132 mənzilli yaşayış binası, dövlət uşaq müəssisələrini bitirən və valideyn himayəsindən məhrum kimsəsiz gənclərə 120 mənzilli yaşayış binası təqdim olunub, müharibə əlillərinə 400 minik avtomobili verilib.

Nazir bildirib ki, dünya ölkələrində iqtisadi böhranla əlaqədar sosial sahə üzrə xərclər məhdudlaşdırıldığı halda, Azərbaycanda bu sahəyə dövlət qayğısı artmaqda davam edir. Diqqətə çatdırıb ki, ötən il dövlət büdcəsi xərclərinin 31,9 faizi (5665,9 milyon manat) məhz sosial təyinatlı xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) olub ki, bu da 2014-cü illə müqayisədə 3,4 faiz çoxdur.

S.Müslümov son vaxtlarda xarici mənfi iqtisadi təsirlərin güclənməsi, digər ölkələrdə milli valyutaların kəskin ucuzlaşması səbəbindən manatın devalvasiyaya məruz qaldığı şəraitdə də dövlət başçısının ilk növbədə əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsini hökumət qarşısında əsas vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Neftin qiymətinin dünya bazarında kəskin ucuzlaşması ilə bağlı dövlət büdcəsi gəlirlərinin azalmasına, bu səbəbdən bir sıra layihələr üzrə xərclərin azaldılmasına baxmayaraq, Prezident İlham Əliyev heç bir sosial proqramın qətiyyən təxirə salınmayacağını, bütün sosial proqramların davam etdiriləcəyini bəyan edib.

.