YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Gəncədə “Nizami” yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncəyə səfəri çərçivəsində 35/6 kV-luq “Nizami” yarımstansiyasının açılışında iştirak edib.

“Azərişıq” ASC yaradıldıqdan sonra regionlardakı elektrik şəbəkələrinin mövcud vəziyyətinin qısa müddətdə hərtərəfli təhlili aparılaraq, ölkənin sosial-iqtisadi inkişaf strategiyasına və müxtəlif vaxtlarda qəbul edilmiş Dövlət proqramlarına uyğun olaraq, istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz edilməsi üçün bütün regionları əhatə edən dörd hissədən ibarət “İnkişaf və Yenidənqurma Proqramı” hazırlanaraq icrası uğurla həyata keçirilir. Hazırda bütün şəhərlərdə, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə yararsız, istismar müddəti başa çatmış transformatorların yenilənməsi, müasir tipli avadanlıqla təchiz edilməsi prosesi gedir. İlkin olaraq, ölkə üzrə komplekt transformator məntəqələri quraşdırılır ki, onlar da həm görünüşünə, həm də texniki göstəricilərinə görə əvvəlkilərdən tamamilə fərqlənir. Gəncədə 35/6 kV-luq “Nizami” yarımstansiyasının inşası da son illərdə ölkəmizin regionlarının elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlı olduğunu nümayiş etdirir.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev məlumat verdi ki, Gəncənin böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi, 35 kV-luq elektrik şəbəkələri ilə əlaqələndirilməsi məqsədilə 35/6 kV-luq “Üzgüçülük” yarımstansiyasının yerində müasir tipli tam qapalı 35/6 kV-luq yeni “Nizami” yarımstansiyası tikilib. Yarımstansiyanın tikintisinə 2015-ci ilin aprelində başlanılıb. Yeni yarımstansiya 6 mindən çox abonentin elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdıracaq. Ümumi sahəsi 1700 kvadratmetr olan yarımstansiyada 35/6 kV-luq iki transformator və 35/6 kV-luq qapalı paylayıcı avadanlıq quraşdırılıb.

Burada həm də Gəncə Şəhər Elektrik Şəbəkəsinin inzibati binası yerləşir. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən guşə yaradılıb. Yarımstansiyada və inzibati binada 80-ə yaxın işçi çalışacaq.

Qeyd olundu ki, yeni yarımstansiya şəhərin mərkəzi hissəsində mövcud elektrik yüklərinin, eləcə də perspektivdə on il ərzində yaranacaq yüklərin qarşılanmasını təmin edəcək. Yeni yarımstansiya şəhərin ən mühüm obyektlərini və 6000-dən çox olan əhali sektorunu elektrik enerjisi ilə təmin edəcək. Yarımstansiyanın tikintisi və Gəncə şəhərində 3 ədəd 110 kV-luq “Az.KTA”, “Gəncə-1” və “Bağmanlar” yarımstansiyalararası 35 kV-luq elektrik şəbəkələri vasitəsilə əlaqələndirilməsi 35 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılmasına səbəb olub. Bu da öz növbəsində şəhərin mərkəzi hissəsinin elektrik təchizatının dayanıqlılığını və etibarlılığını təmin edəcək. Yarımstansiya müasir standartlara cavab verən avadanlıq, eleqaz və vakuum tipli açarlarla təchiz edilməsi ilə yanaşı, məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. Yarımstansiyada xaricdə və yerli müəssisələrdə istehsal olunan elektrik avadanlığı, müasir elektron tipli rele mühafizəsi və avtomatika sistemi, respublikada istehsal olunmuş güc transformatorları quraşdırılıb. Burada şəbəkə işçiləri və növbətçi heyət üçün müvafiq otaqlar inşa edilib, yanğına qarşı xəbərdarlıq sistemi, yanğından mühafizə hovuzları yaradılıb. Gəncənin qədim şəhərsalma ənənəsinə uyğun olaraq tikilən yarımstansiyanın birinci mərtəbəsi kərpicdən olmaqla xüsusi memarlıq üslubunda inşa edilib. İnşaat işləri zamanı 900 metr uzunluğunda asfalt yol salınıb, ətraf abadlaşdırılıb, yaşıllıq zolaqları yaradılıb.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Diqqətə çatdırıldı ki, yarımstansiya şəhərin qədim şəhərsalma ənənəsinə uyğun olaraq birinci mərtəbə kərpicdən olmaqla xüsusi memarlıq üslubunda inşa edilib. Regionda gedən yenidənqurma işlərinə uyğun olaraq, müvafiq şəbəkədə çalışan kadrların təkmilləşdirilməsi, onların ixtisasının artırılması və yenidən hazırlanması üzrə fəaliyyəti təmin etmək məqsədilə Gəncədə yeni tikilmiş “Nizami” yarımstansiyasında “Azərişıq” ASC-nin Qərb Regional Tədris Mərkəzi yaradılıb. Mərkəzdə 6/0,4 kV-luq paylayıcı sistem, rele mühafizəsi və avtomatika, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, uçota nəzarət sayğaclarının test və idarəetmə sistemləri, kabel armaturlarının quraşdırılması, istismarı və təmiri, elektrik avadanlığının sınağı və diaqnostikası, digər təcrübə bölmələri var. Tədris Mərkəzi elektroenergetikanın müxtəlif ixtisas sahələrini əhatə edən yeni dərs vəsaitləri, eləcə də şəbəkəyə tətbiq olunan müasir avadanlığın xarakteristikası və iş prinsipi üzrə metodik praktikumlarla təmin olunub. Yeni yaradılan Tədris Mərkəzindən qərb regionu ilə yanaşı, şimal-qərb və Mərkəzi Aran regionlarının əməkdaşları da yararlana biləcəklər.