YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın muğam haqqında məqaləsi “İRS” jurnalının Çin dilində nəşr olunan növbəti nömrəsində dərc edilmişdir

“İRS” jurnalının Çin dilində nəşr olunan növbəti (ikinci) nömrəsi (“İRS-Yichan”) çapdan çıxmışdır. Azərbaycan həqiqətlərinin tanıdılması, ölkəmizin tarixi və mədəniyyəti haqqında çinli oxucuların daha dərindən məlumatlandırılması məqsədilə ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyinin və “İRS” jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə nəşr olunan jurnalın növbəti sayı da nəfis tərtibatda diqqəti cəlb edir.

Jurnalın bu nömrəsində xalqımızın muğam mədəniyyətinə qayğısının və diqqətinin təcəssümü olaraq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında müfəssəl məqaləsi Çinli oxuculara təqdim edilmişdir.

Məqalədə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş muğam sənəti, Azərbaycan muğam məktəbi və onun görkəmli nümayəndələri haqqında geniş məlumat verilir. Azərbaycan muğam sənətinin mühüm tərkib hissəsi olan Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı danışılır. Qeyd olunur ki, Qarabağ muğam məktəbinin yetirmələri olan Cabbar Qaryağdıoğlu, Bülbül, Keçəçi oğlu Məhəmməd, sonrakı dövrlərdə Xan Şuşinski, Zülfü Adıgözəlov, Seyid Şuşinski, Yaqub Məmmədov və digər böyük xanəndələr muğam sənətimizdə silinməz izlər qoymuşlar. Müəllif yazır ki, Qarabağ muğam məktəbini təmsil edən ifaçıların böyük əksəriyyəti Şərqin musiqi konservatoriyası hesab olunan Şuşa şəhərində dünyaya gəliblər.
Bundan başqa, jurnalda baş redaktor Musa Mərcanlının Azərbaycan Xalq Cümhuriyyəti, tarix elmləri doktoru Arif Mustafayevin Xınalıq kəndi, onun tarixi və sakinləri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədovanın Azərbaycan Demokratik Respublikasının əsas nailiyyətləri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun Azərbaycanda ordu quruculuğu, Azərbaycanın Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun armudu stəkanda çay mədəniyyəti, tarix üzrə fəlsəfə doktoru Ətiqə İzmayılovanın Azərbaycanın qadın zərgərlik bəzək əşyaları haqqında məqalələri yer almışdır. Jurnalda, həmçinin Çin Sosial Elmlər Akademiyasının Rusiya, Mərkəzi Asiya və Şərqi Avropa Araşdırmaları İnstitutunun baş elmi işçisi Yanq Cinin Azərbaycana səfərinin təəssüratları haqqında məqalə də çap olunmuşdur.

“İRS-Yichan” jurnalının nüsxələri Çinin elmi tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndərilmişdir.