YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Hazırda nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə çalışanların 40 faizə yaxını qadınlardır

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 8 Mart - Beynəlxalq Qadınlar bayramı münasibəti ilə tədbir keçirilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan qadınının həmişə cəmiyyətin həyatında fəal iştirakı və yüksək mənəvi-əxlaqi keyfiyyətləri, milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilərək dərin hörmət və ehtiramın ünvanı olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi hərtərəfli və demokratik inkişafın səciyyəvi səhətlərindən biri də bu inkişaf proseslərində qadınların fəal iştirakına şərait yaradan məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsidir. Bunun nəticəsidir ki, ölkədə  ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda qadınların rolu getdikcə artır: “Digər sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial təminat sistemində çalışanların da mühüm bir hissəsini qadınlar təşkil edir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə çalışanların 40 faizə yaxını qadınlardan ibarətdir. Ötən il və cari ilin keçən dövründə nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə işə qəbul edilənlərin  30 faizdən çoxunu da qadınlar təşkil edib”.

Nazir bildirib ki, qadın hüquqları ilə bağlı mütərəqqi beynəlxalq konvensiyalara qoşulan Azərbaycan qadınlarla bağlı milli və ümumbəşəri dəyərlərə əsaslanan dolğun qanunvericilik bazasına malikdir. Ölkənin əmək qanunvericiliyində qadınlarla bağlı əlavə təminat və güzəştlər nəzərdə tutulub, o cümlədən qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər müəyyən edilib. Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi və s. qadağan olunub: “Ölkənin sosial təminat sisteminin mühüm bir istiqaməti çoxuşaqlı analara yönəlib. Əmək pensiyası və sosial müavinətlər haqqında qanunvericilikdə çoxuşaqlı qadınlar üçün bir sıra güzəştlər əksini tapıb. Eyni zamanda Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağı aylıq sosial müavinətlə təmin olunur”.  

S.Müslümov aktiv məşğullluq tədbirlərinin əhatə etdiyi şəxslərin də bir hissəsinin məhz qadınlar olduğunu qeyd edib: “Keçən il nazirlik tərəfindən münasib işlə təmin olunanların 36 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin 42 faizi, haqqı ödənilən ictimai işlərə göndərilənlərin 21 faizi qadınlar olub”. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışan qadınların öz vəzifələrini daim layiqli şəkildə yerinə yetirdiklərini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək və sosial təminat sisteminin təkmilləşdirlməsi işlərinə öz töhfələrini verdiklərini vurğulayan S.Müslümov onlara və onların simasında bütün Azərbaycan qadınlarına təbriklərini və xoş arzularını ifadə edib.

Daha sonra nazirliyin aparatında çalışan və səmərəli fəaliyyətləri ilə seçilən qadınlara bayram hədiyyələri təqdim edilib.

 

DİGƏR Xəbərlər Arxiv