YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Əli Əhmədov Yeni Azərbaycan Partiyasının gəncləri ilə görüş kecirdi

Aprelin 4-də Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının Bakı, Sumqayıt şəhərləri və Abşeron rayon təşkilatlarının gəncləri ilə görüş keçirib.

Tədbirdə öncə dövlət himni sələndirilib. Həmçinin, torpaqlarımız uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov son vaxtlar cəbhə bölgəsində baş verən hadisələrin gənclər tərəfindən diqqətlə izlənildiyini bildirib. S.Orucov qeyd edib ki, son günlər Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vurur. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın güclü ordusu yaradılıb: «Bu ordu düşmənin layiqli cavabını verir. Biz Prezident, Ali Baş Komandan İlham Əliyevin əsgəri olmaqdan qürur duyuruq. Bu gün YAP-ın çoxminli gənc üzvləri  əlinə silah alıb döyüşə getməyə hazırdır».

Görüşdə YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin sədri Yapon Hacıyev, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin üzvü Günay İmanova, YAP Zəngilan rayon təşkilatı Gənclər Birliyinin üzvü Şənlik Əliyev, YAP Nəsimi rayon tşəkilatı Gənclər Birliyinin üzvü Nərgiz Məmmədova və YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin üzvü Cavanşir Yaşarlı çıxış edərək ordumuzun uğurlarından qürur duyduqlarını, Ali Baş Komandanın əmri ilə döyüşə getməyə hazır olduqlarını vurğulayıblar.

Tədbirdə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov belə görüşün keçirilməsinin əhəmiyyətli olduğunu bildirib. Onun fikrincə, cəbhə xəttində yaranmış vəziyyətlə əlaqədar gənclərin mövqeyi onların nə qədər vətənpərvər ruhda olmasının göstəricisidir. 700 min üzvü olan YAP-ın da  Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordusu olduğunu deyən Əli Əhmədov bu ordunun üzvlərinin torpaqlarımız uğrunda döyüşlərə hazır olduğunu bildirib. «Son günlər cəbhə xəttində baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Düşmən aldığı cavabı heç zaman unutmayacaq. Ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi Azərbaycan müharibə istəmir, amma torpaqlarımızın işğalı ilə də heç zaman barışmayacaq. Müharibə fəlakət, dağıntılar, faciələr, ölüm deməkdir. Azərbaycan yenidən müharibənin alovlanmasını istəmir. Amma sülh imkanları tükənərsə, bizim başqa variantımız yoxdur. Son döyüşlər nəticəsində yenə də şəhidlər verdik, Allahdan onlara rəhmət, yaxınlarına səbr diləyirik. Öz torpaqları uğrunda şəhid verən xalqı yenmək mümkün deyil. İnanırıq ki, biz torpaqlamızı, Qarabağı tezliklə işğaldan azad edəcəyik. Və bundan sonra heç kimin bu torpaqlarda gözü olmayacaq»- deyə, Baş nazirin müavini vurğulayıb.

YAP-ın gənclərinin Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə sadiq olduqlarını deyən Əli Əhmədov bu gənclərin torpaqlarımızın azadlığı uğrunda döyüşə getməyə hazır olduğunu qeyd edib. Onun fikrincə, bu, ölkəmizdə yüksək vətənpərvərliyə sahib olan gənc nəslin formalaşmasının göstəricisidir. YAP Sədrinin müavini Azərbaycanın daha da güclənməsi, ölkəmizin həqiqətlərinin dünyaya çatdırılması işində gəncləri hər zaman fəal olmağa çağırıb.

Tədbirdə YAP İcra katibinin müavinləri- Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iştirak edib.