YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Həsənov: Azərbaycan Silahlı Qüvvələrinin adı dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları sırasında çəkilir

«Silahlı Qüvvələrimizin hazırkı vəziyyəti tam döyüş qabiliyyətlidir. İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Orduda aparılan islahatlar onun əməliyyat, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə yeni şərait yaratmışdır. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, müstəqil dövlətin güclü ordusu olmalıdır». Bu fikirləri Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzərTAc-a müsahibəsində deyib.

Z.Həsənov bildirib ki, güclü ordu müstəqil və suveren dövlətin dayağı və əsasıdır, onun onurğa sütunudur. Onun sözlərinə görə, Ulu öndər xüsusi olaraq qeyd edirdi ki, Azərbaycan Silahlı Qüvvələri 1918-ci ildə yaradılmış Cümhuriyyət Ordusunun varisidir.

«Məhz Ümummilli lider Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. Bu tarixin Silahlı Qüvvələr Günü elan edilməsi Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası və tarixilik baxımından böyük əhəmiyyətə malikdir»- deyən, müdafiə naziri qeyd edib ki, 1993-cü ilin iyun ayınadək nizami Silahlı Qüvvələrimiz tam yaradılmamışdır. Bu, yalnız Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra mümkün olmuşdur.

«Bu gün biz bu tarixi həqiqəti bir daha etiraf etməliyik ki, Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan Silahlı Qüvvələri quruculuğunun və eyni zamanda, hərbi təhsil müəssisələrinin yenidən yaradılmasının başlanğıcı olmuşdur. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir.

Silahlı Qüvvələrin potensialının artırılmasının əsasında dövlətimizin və onun rəhbərliyinin göstərdiyi diqqət və qayğı dayanır. Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Qısa zamanda hərbi büdcəmiz 20 dəfədən çox artmışdır.

Son on il ərzində əldə edilmiş silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan arasında hərbi sahədəki pariteti bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişmişdir. Eyni zamanda, Azərbaycanda hərbi sənaye kompleksinə aid onlarla müəssisə fəaliyyətə başlamışdır. Bundan əlavə, dövlətimiz Silahlı Qüvvələrimizin əsaslı surətdə gücləndirilməsi, qoşunların maddi-texniki təminatının keyfiyyətinin hərtərəfli və fasiləsiz yüksəldilməsi məqsədilə yeni silahların, texnikaların, trenajorların alınması, hərbi hissələrə verilməsi istiqamətində işlər aparır. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələrinin adı dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları sırasında çəkilir»- deyə, müdafiə naziri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv