YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinin atmalı olacağı cavab tədbirlərinin məsuliyyəti Ermənistanın üzərinə düşəcək

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar ifadə etdikləri narahatlıqları bölüşürük.

Aprelin 27-də axşam saatlarından başlayaraq aprelin 28-dək Ermənistan silahlı qüvvələri qoşunların təmas xətti boyunca iriçaplı minaatanlar və toplardan istifadə etməklə əsasən Ağdam və Tərtər rayonlarında sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutub.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında yer alıb.

Ermənistan tərəfinin beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki Azərbaycan əhalisini məsuliyyətsiz və hədəflənmiş şəkildə ağır silahlardan atəşə tutması nəticəsində Ağdam rayonunda bir nəfər mülki şəxs həlak olub, 7 nəfər isə yaralanıb. Bunun nəticəsində yalnız aprelin 27-dən 28-nə keçən gecə Tərtər və Ağdam rayonlarında 20-dən artıq mülkiyyətə və sosial obyektə ciddi zərər dəyib. Ümumiyyətlə, aprelin 2-dən başlayaraq Ermənistanın bu kimi əməllərinə görə təmas xəttinə yaxın yaşayış məntəqələrində dövlət və özəl mülkiyyətə ciddi ziyan vurulub.

Ermənistanın qoşunların təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisinə qarşı qəsdən canlı qüvvənin məhv edilməsi üçün nəzərdə tutulan kasetli mərmilərdən istifadə etməsi heç bir hərbi təyinat daşımır, yalnız mülki insanlar arasında kütləvi qırğın törədilməsinə xidmət edir. Bir hissəsi partlamayan kasetli mərmilərin hissəcikləri uzun müddət ərzində mülki insanların həyatı və mülkiyyəti üçün təhlükə mənbəyidir.

Ermənistan silahlı qüvvələrinin qeyri-insani vasitələrə əl ataraq mülki insanların qırğınının təkrar həyata keçirilməsi cəhdləri adi hal deyil, Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı həyata keçirdiyi planlı və sistemli terror siyasətinin tərkib hissədir.

Qoşunların təmas xətti boyunca Ermənistanın nəzarətində olan işğal edilmiş ərazilərdə mülki insanlara və obyektlərə zərərin dəyməsi barədə rəsmi Yerevanın iddiaları yalandır. Ermənistan tərəfinin işğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı həyata keçirdiyi etnik təmizləmə nəticəsində təmas xəttinin Ermənistanın nəzarətində olan hissələrində mülki insanlar yoxdur.

Aprelin 5-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri səviyyəsində əldə olunmuş atəşkəsə məhəl qoymayaraq, Ermənistan tərəfindən vəziyyətin gərginləşdirilməsi, mülki insanların və sosial obyektlərin qəsdən hədəfə alınması və münaqişənin həlli üzrə danışıqlardan imtina etməsi kimi təxribatçı əməlləri beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanmalı və pislənilməlidir.

Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təxribatlara hazırlaşması barədə hərtərəfli şəkildə məlumatlandırıb və xəbərdar edib.

Qoşunların təmas xətti boyunca yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi obyektlərinə qarşı atmalı olacağı cavab tədbirlərinin məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşəcək.

 

DİGƏR Xəbərlər Arxiv