YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin komitə iclasında bir sıra qanun layihələri müzakirə edilib

Aprelin 28-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. Komitənin sədri Əli Hüseynli iclasın gündəliyi barədə məlumat verib.

İclasda “Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, “İcra haqqında” Qanunda, Mülki Prosessual Məcəllədə dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə edilib. Bundan başqa, Cinayət, İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında, Azərbaycan və Türkiyə hökumətləri arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Sazişin təsdiq edilməsi barədə qanun layihələrinə baxılıb. Həmçinin “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İcra məmurları haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi” haqqında qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri nəzərdən keçirilib.

“Dövlət qulluğu haqqında” qanunun dövlət qulluğuna qəbul maddəsinə dəyişikliklər edilməsi, eləcə də qanuna 28-1 - Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi barədə yeni maddənin əlavə edilməsi təklif olunub.

Komitə sədri Ə.Hüseynli ölkəmizdə dövlət qulluğu sahəsində mövcud qanunvericilik bazasının və dövlət qulluğuna işə qəbul təcrübəsinin mütərəqqi olduğunu qeyd edib. Layihəyə əsasən, dövlət qulluğuna qəbul test imtahanı və müsahibədən ibarət müsabiqə əsasında aparılacaq. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün rübdə bir dəfədən az olmayaraq test imtahanları təşkil edəcək. Test imtahanından keçən şəxslərə qüvvədə olma müddəti 5 il olan sertifikat veriləcək. Qanuna uyğun olaraq şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala biləcək. Müsahibəni isə dövlət qulluğu vəzifəsinin aid olduğu orqan keçirəcək.

Müzakirələr zamanı deputatlar Azərbaycanda dövlət qulluğuna işə qəbulla bağlı test imtahanının şəffaf keçirildiyini və mütərəqqi proses olduğunu söyləyib, müsahibə prosesi ilə bağlı bəzi təkliflər səsləndiriblər.

İclasda Ali Məhkəmənin və Şirvan Apelyasiya Məhkəməsinin hakimlərinin təyin edilməsi məsələsinə də müsbət münasibət bildirilib.