YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Belə təəssürat yaranır ki, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu bütün səylərini Dağlıq Qarabağdakı separatçı qurumun təhlükəsizliyinin təmin edilməsinə yönəldiblər

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov son günlər cəbhə bölgəsində yaranmış vəziyyəti şərh edərkən bildirmişdir: “ Təəssüflə qeyd etmək olar ki, bu günlər ərzində beynəlxalq təşkilatlar, o cümlədən də bilavasitə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu, bu quruma daxil olan dövlətlər Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal altında olan ərazilərindən yaşayış məntəqələrini ağır silahlarla intensiv şəkildə atəşə tutmasına və bunun nəticəsində dinc sakinlərin həlak olmasına heç bir münasibət bildirməyiblər. Halbuki, aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun ardıcıl təxribatlarına layiqli cavabı və bunun nəticəsi olaraq işğal altındakı bəzi əraziləri azad etməsi əksər beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin çevik reaksiyasına səbəb oldu. Bütün müraciətlər və bəyanatlarda hərbi əməliyyatların dayandırılması, atəşkəsin bərpa olunması ilə bağlı fikirlər səsləndirildi.

Hazırkı vəziyyətdə bu qurumların susqunluğu belə bir qənaətə gəlməyə əsas verir ki, beynəlxalq təşkilatlar, ələlxüsus da ATƏT-in Minsk qrupu bütün səylərini Dağlıq Qarabağdakı separatçı qurumun və ona rəhbərlik edən hərbi cinayətkarların təhlükəsizliyinin təmin edilməsinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mövcud status-kvonun qorunub saxlanmasına yönəldiblər. Hesab edirik ki, bununla Azərbaycana qarşı ikili standartların ən açıq forması tətbiq olunur, Azərbaycan xalqına, beynəlxalq hüquqa və ədalət prinsipinə hörmətsizlik nümayiş etdirilir.

Beynəlxalq birlik, ATƏT və digər təşkilatlar işğalçı Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı yönəlmiş bu addımlarına son qoyulması üçün qətiyyətli tədbirlər görməlidirlər.

Azərbaycan Ermənistan rəhbərliyinin və bu ölkənin silahlı qüvvələrinin növbəti təxribatlarına, yaşayış məntəqələrinin dağıdılmasına, dinc sakinlərin qətlə yetirilməsinə dözmək niyyətində deyil. Beynəlxalq ictimaiyyət bundan sonra da susqunluğunu davam etdirəcəyi təqdirdə, Azərbaycan dinc əhalini müdafiə etmək və təxribatlara son qoymaq üçün qətiyyətli tədbirlər görməyə məcbur olacaq. Bundan sonra yaranmış vəziyyətin məsuliyyəti bilavasitə Ermənistanın və onun təxribatlarını susqunluqla qarşılayanların üzərinə düşəcək.”

 

DİGƏR Xəbərlər Arxiv