YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Ələsgərov: Azərbaycanda “ASAN Xidmət”in fəaliyyət göstərməsi korrupsiya hallarını tam istisna edir

“Korrupsiyaya qarşı mübarizə Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətidir”. Bunu “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib. /APA/

F. Ələsgərov bildirib ki, müstəqil Azərbaycanın korrupsiyaya qarşı mübarizə tarixi çox qədim olmasa da bir sıra çətinlik və mərhələlərdən keçib: “Sovet İttifaqı dağıldıqdan sonra 1991-ci ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericilik bazası olmayıb. İqtisadi cəhətdən tənəzzülə uğramış ölkəmiz eyni zamanda Ermənistan tərəfindən təcavüzə məruz qalıb, ərazilərimizin 20 faizi işğal edilib. Belə ağır şəraitdə Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində siyasi sabitliyə əsaslanan hüquqi dövlət qurulub. Bu gün Azərbaycanda daha yüksək hədəflərə nail olmaq üçün tədbirlər görülür, korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilir. Korrupsiyaya qarşı mübarizə üzrə komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşdırılmış qurumlar bu sahədə dövlət siyasətinin formalaşdırılmasında, həmçinin cinayət təqibinin həyata keçirilməsində davamlı fəaliyyət göstərir. Azərbaycanda “ASAN Xidmət”in fəaliyyət göstərməsi korrupsiya hallarını tam istisna edir və vətəndaşların dövlət qurumlarına etimadını artırır. Korrupsiyaya qarşı mübarizə sahəsində biz beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmuşuq”.