YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov və Milli Məclisin deputatları Tərtər rayonunda olublar

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları Hadı Rəcəbli, Eldar İbrahimov və Hüseynbala Mirələmov mayın 28-də Tərtər rayonunda olub, əsgər və zabitlərlə görüşüb, Ermənistan silahlı bölmələrinin şiddətli artilleriya atəşi nəticəsində dağılmış evlərə baş çəkiblər.

Baş nazirin müavini, Milli Məclisin deputatları və Tərtər rayon rəhbərliyi əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar.

Mərkəzi meydanda aprelin əvvəllərində cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə fərqlənən hərbçilərlə görüş keçirilib.

Hərbi qulluqçuları 28 May – Respublika Günü münasibətilə təbrik edən Əli Əhmədov bildirib ki, apreldə cəbhədə baş verən hadisələr qəhrəman döyüşçülərimizin Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpa edilməsi naminə hər cür qəhrəmanlıq göstərməyə hazır olduğunu nümayiş etdirdi. Əsgərlərimizin qəhrəmanlığı, şücaəti, erməni təxribatına verdiyi layiqli cavab, eyni zamanda, Tərtər əhalisinin göstərdiyi dəyanət Azərbaycanı uzun illərdən bəri gözlədiyimiz qələbəyə yaxınlaşdırır. Azərbaycan xalqı öz hərbi qüvvələri ilə fəxr edə bilər. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqları azad edəcək.

Əli Əhmədov xidmətdə fərqlənən hərbçilərə hədiyyələr təqdim edib, hərbi qulluqçularla xatirə şəkli çəkdirib.

Sonra mərkəzi meydanda quraşdırılmış monitorda Tərtər Rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyinin birgə layihəsi olan “Qəhrəman Tərtərim” musiqili kompozisiyası nümayiş etdirilib.

Baş nazirin müavini və Milli Məclisin deputatları Ermənistan hərbi birləşmələrinin artilleriya zərbələri nəticəsində Tərtər şəhərində və Qapanlı kəndində dağılan evlərə baxış keçirib, ev sahibləri ilə görüşüblər.

Sakinlərlə söhbət zamanı Əli Əhmədov bildirib ki, cəbhədəki son döyüşlər zamanı tərtərlilər böyük qəhrəmanlıq göstəriblər. Onların bu qəhrəmanlığı, dəyanəti, ermənilərin atdığı mərmilərdən qorxmaması əsgərlərimizi daha da ruhlandırır.

Baş nazirin müavini erməni artilleriyasının zərbələri nəticəsində zərər çəkmiş bütün evlərin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yüksək keyfiyyətlə bərpa olunacağını diqqətə çatdırıb. O bildirib ki, zərərçəkmiş bütün evlər əvvəlkindən də yaxşı səviyyədə bərpa ediləcək.

Əli Əhmədov jurnalistlərə müsahibəsində bildirib ki, aprel ayında baş verən hadisələr Azərbaycan Ordusunun erməni təxribatlarına layiqli cavab verməyə hazır olduğunu göstərdi, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin, hərbçilərin əhval-ruhiyyəsinin kifayət qədər yüksək olduğunu təsdiq etdi. Azərbaycan Ordusu işğal altında olan bütün torpaqlarımızı Ali Baş Komandanın rəhbərliyi ilə azad etməyə hazırdır və qadirdir.

“Biz münaqişənin dinc yolla həll olunmasının tərəfdarıyıq. Amma bu şərtlə ki, işğal altında olan torpaqlar qeyd-şərtsiz azad olunsun, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Əgər bu şərtlər daxilində münaqişə öz həllini tapmasa, təbii ki, münaqişəni həll edən başlıca amil Azərbaycan əsgəri olacaq. Bu gün hər bir Azərbaycan vətəndaşı qəti əmindir ki, Ordumuz işğal altında olan torpaqları Ali Baş Komandanın rəhbərliyi ilə azad etmək iqtidarındadır. Azərbaycanın işğal altında olan torpaqlarının azad olunacağı gün uzaqda deyil” – deyə Əli Əhmədov bildirib.

Daha sonra nümayəndə heyəti ön xətdə xidmət edən əsgər və zabitlərlə görüşüb, onların xidmət şərait şəraiti ilə tanış olub.