YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda beynəlxalq konfrans işini davam etdirir

Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakı ilə Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilən yüksək səviyyəli beynəlxalq konfrans iyulun 1-də işini üçüncü plenar iclasla davam etdirir.

“Korrupsiyaya qarşı mübarizə sahəsində cinayət təqibi tədbirləri” mövzusundakı üçüncü plenar iclasa moderatorluq edən Avstriya Respublikası baş prokurorunun müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) prezidenti Gerhard YAROŞ konfransın əhəmiyyətindən danışmışdır.

İclasda Türkiyə Respublikasının baş prokuroru Hasan ERBİL “Korrupsiya cinayətlərinin səmərəli araşdırılması”, Lixtenşteyn Knyazlığının baş prokuroru Robert VOLNER “BMT-nin Korrupsiya əleyhinə Konvensiyası: Əmlakın qaytarılması təcrübədə necə tətbiq edilir”, Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin rəhbəri Saulius URBANAVİÇİUS “İxtisaslaşmış Antikorrupsiya Qurumları arasında beynəlxalq əməkdaşlıq”, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi, Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Antikorrupsiya Şəbəkəsi üzrə milli əlaqələndiricisi və GRECO-da nümayəndəsi, Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) İcraiyyə Komitəsinin üzvü Kamran ƏLİYEV “Korrupsiyaya qarşı mübarizədə ixtisaslaşdırılmış orqanlar: Azərbaycan təcrübəsi”, Malayziya Antikorrupsiya Komissiyasının kəşfiyyat şöbəsinin direktoru Azam bin BAKİ “Korrupsiya cinayətlərinin istintaqı zamanı cinayət prosesi iştirakçılarının müdafiəsi”, Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisinin Korrupsiyaya Qarşı Müstəqil Mübarizə Komissiyasının (ICAC) direktor katibi Raymond NG “Korrupsiyaya qarşı mübarizə: Honq-Konq təcrübəsi” mövzularında çıxışları nəzərdə tutulmuşdur.

Tədbirdə mövzu və çıxışlar ətrafında müzakirələr aparılacaq, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ədliyyə Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin baş məsləhətçisi, Böyük Britaniyanın GRECO-dakı nümayəndəsi xanım Fiona Salemin yekun məruzələri dinləniləcəkdir.

Üçüncü plenar iclas başa çatdıqdan sonra konfrans iştirakçıları 3 saylı “ASAN xidmət” mərkəzinin, Ali Məhkəmənin inzibati binalarında yaradılmış şəraitlə tanış olacaqlar.

Sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə tanışlıq səfəri təşkil ediləcək və burada konfransın bağlanış mərasimi olacaqdır.
“Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilən beynəlxalq tədbirə mətbuat konfransı ilə yekun vurulacaqdır.